Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-44/2024 20.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı “X1 Kompani S.A.” Şirkətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı “X1 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi
1. İddiaçı “X1 Kompani S.A.” Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 417819.00 m B 4475545.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** N°-li hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlliləri
2. “X1 Kompani S.A.” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X1 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X1 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X1 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, “X1 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququmuz mövcuddur. Son illər istifadəmizdə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması bizim qanunla qorunan hüquqlarımızı pozur və mənafelərimizə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, cavabdeh iddiaçının haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X1 Kompani S.A.” Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 417819.00 m B 4475545.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdı. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdi. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirik. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ev yeni tikilmişdir və cavabdeh tərəfindən hər hansı bir sənəd təqdim edilməmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, həmin fərdi yaşayış evində 1994-cü ildən yaşayır, evlə bağlı müvafiq sənədlər də, mövcuddur, kommunal ödənişlər də həyata keçirir. Sadəcə olaraq evin üzərini 4-5 daş hündürlüyündə qaldırmışdır.
İş materialları
5. “X1 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişdən görünür ki, Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X1 Kompani S.A” şirkəti fəaliyyət göstərir.
6. “X1 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə 4 saylı neftqaz çıxarma sexin ərazisində olan Yeni ünvan 1 ünvanında Cavabdeh tərəfindən 12000 kv.m olan sahədə təxminən 20 kv.m ölçüdə daş konstruksiyalı yarımçıq tikili və dam örtüyü işlərinin aparılması aşkar edilmiş, onun tərəfindən tikintiyə dair müvafiq sənəd təqdim edilməmiş və ona xəbərdarlıq edilməsinə baxmayaraq tikintini tamamlamış və dam örtüyünü vurmuşdur.
7. Yeni Suraxanı qəsəbəsi İHB-nın nümayəndəsi tərəfindən Suraxanı rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış xx.xx.1994-cü il tarixli məktubdan görünür ki, arasında Cavabdeh da adının olduğu qəsəbə vətəndaşlarına torpaq sahəsinin ayrılmasına dair sərəncam və akt verilməsinə kömək göstərilməsi ilə bağlı xahiş edilmişdir.
8. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeh yaşadığı ünvanda kommunal xidmətlərlə bağlı müvafiq ödənişlər və eyni zamanda torpaq sahəsi ilə əlaqədar vergi ödənişləri etmişdir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, torpaq sahəsi dörd tərəfdən mişar daş hasarla sərhədlənmişdir. Faktiki torpaq sahəsi 1700.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi daxilində yerləşir. (Suraxanı Oil)
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7514 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz Babayevin imzası ilə təsdiqlənmiş məktubda qeyd edilir ki, baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 1700.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi daxilində yerləşir. Eyni zamanda sahənin qeydiyyatı barədə məlumat aşkar olunmamışdır. (qərardadın 1-ci, 2-ci və 3-cü sualları üzrə). Baxış zamanı tikilinin yaxın ətrafında neft quyusu və işlək vəziyyətdə olan neft-qaz sənayesinə aid qurğu aşkar edilməmişdir. (qərardadın 4-cü sualı üzrə)
İşin faktiki halları.
11. Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 417819.00 m B 4475545.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən tikinti işlərinin aparılması işin mübahisəsiz halıdır. İddiaçı şirkət mübahisəli torpaq sahəsinə istifadə hüququna əsaslanaraq, özbaşına tikilinin sökülməsini və torpağın nümayəndəliyin sərəncamına qaytarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırır ki, həmin evi 1994-cü ildə almış, evlə bağlı sənədləri də mövcuddur. Cavababdeh, həmçinin bildirir ki, evi tam tikməyib, sadəcə 4-5 daş qaldırıb.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 33. Mənzil toxunulmazlığı hüququ. İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
13. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ.
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ.
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
18. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
19. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, faktiki torpaq sahəsi 1700.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi daxilində yerləşir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7514 saylı rəyi ilə də qeyd edilənlər təsdiq olunur. Məhkəmə qeyd edir ki, təqdim edilmiş ekspert rəyindən də göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçı Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarında olan Yeni Suraxanı qəsəbəsi, İHB-nın nümayəndəsi tərəfindən Suraxanı rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış xx.xx.1994-cü il tarixli, arasında cavabdehin də adının olduğu qəsəbə vətəndaşlarına torpaq sahəsinin ayrılmasına dair sərəncam və akt verilməsinə kömək göstərilməsi ilə bağlı xahiş məktubuna münasibətdə məhkəmə qeyd edir ki, bu sənəd mübahisəli tikili ilə bağlı hər hansı bir hüquq yaratmır. Ona görə ki, həmin sənədin əsasında mübahisəli torpaqla bağlı cavabdehə hər hansı hüquq yaradan sərəncam və ya digər hüquqmüəyyənedici aktın qəbulu müəyyən edilmir. Cavabdeh tərəfindən təqdim edilmiş kommunal ödənişlərlə bağlı qəbzlərə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdehin həmin ünvanda yaşayaraq kommunal xidmətlərdən isifadə etməsi müqabilində ödənişlər etməsi onun həmin torpaq sahəsinə dair hər hansı bir hüququnun mövcud olması anlamına gəlməməlidir. Ona görə ki, kommunal ödənişlərin edilməsi istifadə hüququnun yaranması üçün əsas deyildir. Məhkəmə xatırladır ki, prosessua lqanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (MPM, maddə 77) Cavabdeh mübahisəli torpaq sahəsi ilə bağlı məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmiş, yalnız yuxarıda qeyd edilənlərə və həmin ərazidə uzun müddət yaşaması faktına əsaslanmışdır. Qeyd edilməlidir ki, iddiaçı şirkətin, cavabdehin üzərində tikili inşa etdiyi torpaq sahəsinə istifadə hüququ mövcuddur. Bu hüquq müqavilə əsasında meydana gəlmişdir və dövlət tərəfindən qorunur. Bunun qarşılığında cavabdehin həmin sahəyə hər hansı hüququ müəyyən edilmir. İddiaçının yuxarıda istinad edilmiş maddi hüquq normalarının tələblərinə əsasən cavabdehə münasibətdə istifadəsində olan torpaq sahəsinin qanunsuz müdaxilədən qorumaq hüququ mövcuddur. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək və yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 417819.00 m B 4475545.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilən tikili özbaşına tikinti hesab edilməli və həmin tikilinin yerləşdiyi torpaq sahəsi “X1 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsinə qaytarılmalıdır.
Məhkəmə xərcləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. İddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının AZ02AİİB******************** nömrəli hesabına ödənilməli və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Məhkəmənin gəldiyi nəticə
22. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1, 417819.00 4475545.00 m C koordinatları üzrə yerləşən tikili özbaşına tikili hesab edilərək sökülməli və həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı "X1 Kompani S.A" Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yı̇ nin istifadəsinə qaytarılmalı, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının AZ02AİİB******************** nömrəli hesabına köçürülməli və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1, 417819.00 4475545.00 m C koordinatlar üzrə yerləşən tikili özbaşına tikili sayılaraq sökülsün və həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı "X1 Kompani S.A." Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasındakı Nümayəndəlı̇ yı̇ nin istifadəsinə qaytarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının AZ02AİİB******************** nömrəli hesabına köçürülsün. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov