Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-440/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X4 və Cavabdeh X8 iştirakları ilə, İddiaçı cavabdeh X12 (üçüncü şəxs qismində cəlb edilmiş X9) qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X12 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəs., “AB” y/s, ev 16, mənzil 171-ə onun və qızı X10 yaşayış hüququnun tanınması; onun və azyaşlı qızı X10 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəs., “AB” y/s, ev 16, mənzil 171-ə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X14 ilə xx.xx.1997-ci ildə rəsmi nikah bağlayaraq evlənmişdir. Nikahları dövründə üç uşaqları doğulmuşdur. xx.xx.2006-cı il tarixdə doğulmuş X16 onun himayəsində yaşayır. İlk əvvəllər Sənan ilə aralarında mehriban ailə münasibətləri olmuşdur. Sonradan isə aralarında olan yaxşı münasibətlər pisləşməyə başlamışdır. Ona görə də nikahın ləğvi üçün Əkbərov Sənan məhkəməyə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun və cavabdeh X7 arasında xx.xx.1997-ci il tarixdə Saatlı rayon İcra Hakimiyyəti başçısının Azadkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış nikah pozulmuşdur. Birgə nikaha daxil olduqdan qısa bir müddət sonra birlikdə ünvan 1 ünvanında daşınmaz əmlak almışlar. Lakin sonradan ona məlum olmuşdur ki, həmin mənzil keçmiş həyat yoldaşının deyil, onun qardaşı Vəfanın adına rəsmiləşdirilmişdir. Buna baxmayaraq, o, bütün özünə məxsus əşyalarını da yerləşdirməklə qovulana qədər həmin mənzildə öz övladları ilə birlikdə yaşamışdır. Əkbərov Sənan ilə münasibətləri pozulduğu vaxtdan cavabdeh onu zorla həmin mənzildən qovmuşdur. O, indi hal-hazırda bir neçə vaxtdır ki, atası və yaxın qohumlarının (qardaşlarının) evində qalmalı olur. Ancaq onların evində onun yaşaması üçün daimi və normal şərait yoxdur. Buna görə də onun qalmağa yaşayır yeri yoxdur. Dəfələrlə yaşadığı evə getmək istəsə də cavabdeh buna imkan verməmişdir. Artıq valideynlərinin və yaxın qohumlarının qınaq obyektinə çevrilmişdir. Bütün bunlara görə də hesab edir ki, onun cavabdehlə birgə yaşadıqları evdə yaşayış hüququ var və həmin mənzildən istifadə qaydaları da məhkəmə tərəfindən müəyyən olunmalı və həmin mənzilə köçürülməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh onun keçmiş həyat yoldaşının qardaşıdır. Yoldaşı ilə mübahisəli mənzilə 2000-ci ilin əvvəllərində köçmüş, üç uşaqları ilə birlikdə yaşamağa başlamışlar. Mənzilə köçəndə ona evin yoldaşının adına olduğunu demişlər, sonradan evin yoldaşının adına yox, onun qardaşının adına olduğunu öyrənmişdir. Cavabdeh özü də 1-2 il onlarla birlikdə yaşamışdır. Onun yoldaşı Sənanla ailə münasibətləri pozulandan sonra cavabdeh onu bu mənzildən qovmuşdur. Halbuki, onun da həmin mənzildən istifadə hüququ var. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinə uyğun məzmunda izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X17 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının qeyd etdiklərinin hamısı yalandır. Belə ki, mənzili qanunla müəyyən edilmiş qaydada sənədləşdirərək öz adına almış, mənzil həmişə öz mülkiyyətində olmuşdur. Qardaşının ailəsinin yaşamağa evi olmadığına görə öz mənzili müvəqqəti yaşamaq üçün onlara vermişdir. Özü isə heç vaxt bu mənzildə yaşamamışdır. O da qardaşı kimi 1997-ci ildə evlənmişdir və öz ailəsi ilə başqa evdə qalmışdır. Əgər 1997-ci ildə evlənibsə və yaşamağa başqa evi varsa, nəyə görə gedib qardaşıgildə qalmalıdır ki? Onlarla heç vaxt birlikdə yaşamamışdır. Buradan görünür ki, iddiaçının qeyd etdikləri yalandır. Bundan başqa, mənzili 2019-cu ildə X2 və mənzil hazırda onun mülkiyyətindədir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs qismində işə cəlb edilmiş X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(055)-516/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X14 ilə cavabdeh İddiaçı arasında xx.xx.1997-ci il tarixdə Saatlı rayon İcra Hakimiyyəti başçısının Azadkənd kənd inzibati dairəsi üzrə nümayəndəliyində bağlanmış 19 saylı nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2006-cı ildə anadan olmuş X16 adlı uşağın anası – cavabdeh İddiaçı yanında qalması müəyyən edilmiş, iddiaçı X6 xx.xx.2006-cı ildə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində aliment tutulub cavabdeh İddiaçı xeyrinə ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4403/2019 saylı qətnaməsindən görünür ki, iddia rədd edilmiş, İddiaçı cavabdehlər X11 və X12 qarşı “əmlak və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqısı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67 m2, yaşayış sahəsi 38.6 m2 olan 3 otaqlı mənzil X17 tərəfindən X1. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X8 qardaşı X14 arasında xx.xx.1997-ci il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından üç uşaqları doğulmuşdur. xx.xx.1999-cu ildə cavabdeh X17 ünvan 2 ünvanında yerləşən mənzili daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən almış, mənzil onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Mənzili aldıqdan sonra X17 özü mənzildə yaşamamış, mənzili X14 və onun ailə üzvlərinin, eləcə də İddiaçı yaşaması üçün onların istifadəsinə vermişdir. Onlar həmin tarixdən aralarında olan nikahın pozulduğu 2019-cu ilə kimi bu mənzildə yaşamışlar. Cavabdeh X17 isə başqa mənzildə öz ailəsi ilə birlikdə yaşamış, onlardan ayrı təsərrüfat aparmışdır. Hazırda İddiaçı özünün və yetkinlik yaşına çatmamış qızının bu mənzildən istifadə hüququnun tanınmasını və mənzilə köçürülməsini xahiş etmişdir. Cavabdeh X17 isə iddianı qəbul etməyərək mənzilin həmişə öz mülkiyyətində olduğunu, müvəqqəti olaraq qardaşının ailəsinin burada yaşamasına icazə verdiyini, özünün isə başqa ailəsi olduğunu və heç vaxt onlarla yaşamadığını, hazırda isə mənzili başqasına satdığını bildirmişdir. Göründüyü kimi mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr ayına qədər yaranmışdır. Belə ki, cavabdeh X17 bu mənzili 1999-cu ilin iyul ayında almış, qısa müddət sonra iddiaçı və ailəsi mənzilə köçmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. (“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı). Eyni zamanda, hazırkı mübahisədən görünür ki, cavabdeh X17 İddiaçı və ailəsi mübahisəli mənzildə yaşamağa başlamazdan əvvəl mənzilin mülkiyyətçisi olmuşdur. Yəni hazırkı mübahisə yaşayış evinin mülkiyyətçisi olan cavabdeh və mənzildən istifadə hüququ olduğunu hesab edən iddiaçı arasında yaranmışdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Hazırkı işdən görünür ki, cavabdeh X17 bu mənzilin mülkiyyətçisidir, eyni zamanda iddiaçı və ailəsini öz mənzilinə o köçürmüşdür. Deməli, mübahisənin həll edilməsi üçün ilk növbədə İddiaçı və cavabdeh X8 artıq qüvvədən düşmüş Mənzil Məcəlləsinin mənasına görə ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir. Mənzil Məcəlləsinin 123-cü maddəsində mülkiyyətçinin ailə üzvlərinin bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər olduğu qeyd edilmişdir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göründüyü kimi, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. Həmin Məcəlləsinin 53-cü maddəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də ailə üzvləri sırasına daxil ola bilər.İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər. (“Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respubikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı) Hazırkı iş üzrə İddiaçı cavabdeh X8 qardaşının arvadı olmuşdur və bu mənada iddiaçı cavabdehə (mənzilin mülkiyyətçisinə) münasibətdə ailə üzvü olmamışdır. Həmçinin, tərəflər heç vaxt ailə üzvü kimi birlikdə yaşamamış, birgə təsərrüfat aparmamışlar. İddiaçı cavabdehlə 1-2 il birlikdə yaşadıqlarını bildirsə də o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh isə ailə üzvü kimi birlikdə yaşamaları ilə bağlı iddiaçının qeyd etdiklərini qəti şəkildə rədd etmiş, heç vaxt birlikdə yaşamadıqlarını qeyd etmişdir. Nəzərə alınmalıdır, bu hissədə sübutetmə yükü iddiaçının üzərinə düşür. Odur ki, iddiaçının bu mənzilə istifadə hüququ heç bir halda yaranmamışdır. Digər tərəfdən, İddiaçı cavabdehin qardaşı X7 həmin dövrdə ailə üzvü olsa da X14 bu mənzilin nə icarədarı (kirayəçisi), nə də mülkiyyətçisi olmuşdur. Eləcə də X14 cavabdehin qardaşı olsa da o, yuxarıda qeyd edilən ailə üzvləri kateqoriyasına daxil olmamışdır. Bu səbəbdən iddiaçı keçmiş ərini icarədar, özünü isə icarədarın ailə üzvü kimi qiymətləndirə, bu əsasla istifadə hüququnun tanınmasını tələb edə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı iddianı keçmiş ərinə qarşı yox, mənzilin mülkiyyətçisi olan X12 qarşı qaldırmışdır. Bu səbəbdən də mübahisə məhz bu iki tərəfin münasibətləri baxımından qiymətləndirilməlidir. Bu münasibətlərin araşdırılması nəticəsində isə müəyyən edilmişdir ki, mübahisə tərəfləri aralarında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunun mənasına görə ailə üzvü münasibətləri olmamışdır. Qeyd edilən bütün hallar iddiaçının yetkinlik yaşına çatmamış qızına da aiddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı və onun yetkinlik yaşına çatmamış qızı əvvəlki Mənzil Məcəlləsinə görə mənzilin mülkiyyətçisi olan X17 ilə mübahisəli mənzildə ailə üzvü kimi birlikdə yaşamadıqlarından onun həmin mənzildən istifadə hüququ yoxdur və bu mənzilə köçürülə bilməz. Odur ki, iddia əsassızdır və təmin edilməməlidir. Son olaraq məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216- 220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh X12 (üçüncü şəxs qismində cəlb edilmiş X9) qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-440/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-440/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver