Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4406/2021 21.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas kаtibliyi ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onların İddiaçı2 azyaşlı uşaqları ilə birlikdə ünvan 1 saylı evin yanında tikilmiş nömrəsiz evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə 01.03.2005-ci ildə rəsmi nikaha girərək ailə qurmuş, bu nikahdan üç övladları doğulmuşdur. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1668/2021 saylı qətnaməsi ilə aralarında olan nikah rəsmi qaydada pozulmuşdur. Onlar cavabdehlə Samir Əliyev küçəsi, döngə 23 saylı evin yanında tikilmiş nömrəsiz evdə yaşayırlar. X1 da azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Lakin hal-hazırda cavabdeh onları evdə yaşamağa qoymur. Öz haqqı olan evdə o və qızı yaşaya bilmirlər. Başqalarının qapısında qalırlar. Cavabdeh qapını bağlayıb onları evə buraxmır. Bu barədə 102 xidmətinə zəng də vurmuşlar. Polislər gedəndən sonra yenə onları küçəyə ataraq evə buraxmamışdır. Halbuki, evi birgə nikah dövründə almışlar. Onların həmin evdən başqa yaşayış yerləri yoxdur. Belə ki, o və övladları cavabdehlə birgə eyni ünvanda yaşamış, onunla həmin ünvanda birgə təsərrüfat aparmışdır. Qeyd edilən yaşayış evi onun daimi yaşayış yeri olmuş, onun da həmin evdən istifadə hüququ olmuşdur. Lakin cavabdeh onları artıq bir neçə vaxtdır ki, evdən qovmuş, mənzilə daxil olmalarına icazə verməmişdir. Onlar maddi və mənəvi əziyyət çəkirlər, çox çıxılmaz vəziyyətdədirlər. Cavabdeh isə onları yaşadıqları evə buraxmır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı1 bildirmişdir ki, Cavabdeh onu evində yaşamağa qoymur. Halbuki, bu ev özbaşına tikili olsa da birgə nikahları dövründə tikilmişdir və illərdir bu evdə yaşayır. Onun buradan başqa yaşamaq üçün heç bir yeri yoxdur. Qızı İddiaçı2 isə ailə qurub evdən getmişdir. Lakin cavabdeh onun da evə girməsinə icazə vermir. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçılar məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı1 hazırda evdədir. Onunla arasında olan nikah münasibətləri pozulsa da o, həmişə bu evdə yaşamışdır. İddiaçı ilə 10 ildən çoxdur ki, danışmır, lakin onu heç vaxt evdən qovmamışdır. Onun iddia ərizəsində qeyd etdiklərinin hamısı yalandır. Digər qızı isə ailə qurduqdan sonra Gəncə şəhərinə köçmüşdür və həmin vaxtdan da ailəsi ilə birlikdə orada qalır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 06.07.2021-ci il tarixdə verilmiş 1214 nömrəli arayışdan görünür ki, X3 Bakı şəhəri, Samir Əliyev küçəsi, döngə 23 saylı evin yanında tikilmiş fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli, 2(010)-1668/2021 saylı qətnaməsindən görünür ki, qətnamə ilə İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış və Kirovabad şəhər nikah evində 48 sayla qeydə alınmış 16.01.1987-ci il tarixli nikahın pozulması qət edilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 16.12.2017-ci il tarixdə verilmiş AZ-İİ 241662 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 və X4 arasında 16.12.2017-ci il tarixdə nikah bağlanılmış, bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 16.12.2017-ci il tarixdə 4233 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 15.03.2018-ci il tarixdə verilmiş AZ-İV 088283 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 (atası X5, anası İddiaçı2) 02.03.2018ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 15.03.2018-ci il tarixdə 1412 nömrə ilə qeyd edilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 07.10.2019-cu il tarixdə verilmiş AZ-İV 357687 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 (atası X5, anası İddiaçı2) 26.09.2019cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 07.10.2019-cu il tarixdə 6338 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı1 və Cavabdeh nikahları dövründə ünvan 1 ünvanında nömrəsiz fərdi yaşayış evində yaşamışlar. Həmin yaşayış evi dövlət reyestrində qeydiyyata alınmamışdır və hazırda da ev üzərində heç kimin mülkiyyət hüququ rəsmiləşdirilməmişdir. Ev tikilən vaxtdan İddiaçı1 cavabdehlə birlikdə həmin ünvanda yaşamış, digər iddiaçı isə ailə qurub evdən köçmüşdür. Hazırda iddiaçılar həmin özbaşına tikiliyə köçürülmək istəyirlər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə birinci və ikinci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Hazırkı işdə İddiaçı1 münasibətdə birinci və ikinci hallar mövcuddur, yəni İddiaçı1 köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Məhkəmə iddiaçını evdən məhrum etmədiyini, onun faktiki olaraq evdə yaşamaqda davam etdiyini bildirən cavabdehin diqqətinə çatdırır ki, iddiaçının yaşadığı evdən məhrum edilməsi dedikdə yalnız onun evdən birdəfəlik çıxarılması və evə girişinə ümumiyyətlə icazə verilməməsi başa düşülmür. İddiaçının müəyyən müddətə evdən çıxarılması, sonra yenə evə buraxılması, bu halın mütəmadi xarakter alması da evdən məhrum edilmə hesab edilir. Bu mənada İddiaçı1 münasibətdə yuxarıda qeyd edilmiş şərtlərdən ilk ikisi mövcuddur. Ona görə də üçüncü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırkı işdən isə görünür ki, iddiaçının köçürülmək istədiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququ rəsmiləşdirilmədiyindən həmin ev özbaşına tikilidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Yəni həmin ev özbaşına tikili olduğundan Cavabdeh həmin evin mülkiyyətçisi deyil. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsa idi (evdə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarından biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Məsələn, özbaşına tikinti işləri aparmış şəxs orada yaşayan, lakin istifadə hüququ olmayan şəxsi özbaşına tikilidən çıxarmaq istəyirsə, əvvəlcə tikiliyə mülkiyyət hüququ əldə etməlidir. Ölkədə özbaşına tikililərin sayı çox olduğundan özbaşına tikilidə yaşayan şəxslərin də sayı çoxdur, bu səbəbdən özbaşına tikililərdə yaşayan şəxslərin orada yaşamaqdan məhrum edilməsi faktlarının sayı artır. Halbuki, özbaşına tikinti aparmış şəxs ora mülkiyyət hüququ əldə edə bilsə, həmin tikili ya nikah dövründə əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılacaq (Mülki Məcəllə, maddə 225), yaxud onunla həmin tikilidə yaşayan arvadı (əri), uşaqları, valideynləri də tikiliyə istifadə hüququ əldə etmiş olacaq (Mülki Məcəllə, maddə 228.5; Mənzil Məcəlləsi, maddə 30), qanunsuz məhrum etmə baş verdiyi təqdirdə onların istifadə hüququ məhkəmədə müdafiə olunacaq. Bu məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola, özbaşına tikinti aparmış şəxsə (artıq qanunu pozmuş şəxsə) növbəti qanunsuzluqlar etməyə (özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarmağa və digər bu kimi hərəkətlər etməyə) əsas yarada bilər. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Hazırkı işdən görünür ki, Cavabdeh həmin evə hansısa hüququ yoxdur. Sadəcə olaraq cavabdeh qeyrimüəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək iddiaçını yaşadığı evdən məhrum etmişdir. Ona görə cavabdehin bu hərəkətinin qarşısı alınmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, evin özbaşına tikinti sayılması Konstitusiyanın 43cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. Lakin digər İddiaçı2 münasibətdə məhkəmə yuxarıda qeyd edilən üç şərtin (1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi) mövcud olduğu nəticəsinə gələ bilmir. Belə ki, İddiaçı2 bu evdə yaşasa da sonradan evdən ailə quraraq, könüllü şəkildə çıxıb getmiş, evdən hər hansı formada məhrum edilmə olmamışdır. Bu baxımdan məhkəmə iddianın İddiaçı2 münasibətdə təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi hazırda heç kimin mülkiyyətində olmadığından həmin evdə faktiki olaraq uzun müddət yaşamış İddiaçı1 yaşamaq hüququ var. Odur ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı1 ünvan 1 ünvanında yerləşən və Cavabdeh yaşadığı nömrəsiz evə köçürülməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı1 tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 10 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiа qismən təmin edilsin. İddiaçı1 ünvan 1 ünvanında yerləşən və Cavabdeh yaşadığı nömrəsiz evə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4406/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4406/2021
21.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver