Məhkəmə qərarları › İş №2(010)-442/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-442/2024

08.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-442/2024 08.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və uşağı - xx.xx.2021-ci il tarixində doğulmuş X1 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi əsassız olduğundan onun rədd edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. o, yəni, hazırki iddia tələbi üzrə iddaçı Cavabdeh ilə 20 avqust 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Onlar əvvəlcə normal yaşamış və azyaşlı qızı Asya Daşdəmirovanın 40 günündən sonra heç bir səbəb göstərmədən keçmiş həyat yoldaşı Cavabdeh yaşadıqları evi tərk edib başqa evə köçmüşdür. Sonra da nikahın pozulması tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-2987/2022 saylı qətnaməsi əsasında iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə 1748 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması qət edilmişdir. İddiaçı Cavabdeh onun ünvan 2 ünvanından çıxarılması ilə əlaqədar iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)- 2695/2023 saylı qətnaməsi əsasında idiaçı Cavabdeh İddiaçı qızma qarşı mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Kazım Nəbiyev tərəfindən İddiaçı adına verilmiş 1920 saylı xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə keçmiş həyat yoldaşı Cavabdeh dövlət vəsaiti hesabına daimi mənzillə təmin edilməyi barədə ünvanlanan müraciətə aidiyatı üzrə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun Hərbi Qulluqçularının Sosial Müdafiəsinin gücləndirilməsi tədbirləri barədə xx.xx.2011-ci il tarixli 569 nömrəli fərmanın tələblərinə əsasən Cavabdeh “Hövsan-2” yaşayış kompleksində 56-cı bina, giriş-l,mərtəbə- 7,mənzil- 1 ünvanında 4 otaqlı 98.99 m2 sahəli mənzillə təmin olunmuşdur. Mübahisəli məsələnin həlli ilə əlaqədar yerli məhkəmə orqanlarına müraciət etməyi məqsədəuyğundur. Hazırki mülki iş üzrə mübahisə predmeti olan yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ildən, yəni, Azərbaycan Respublikasının hazırkı Mülki Məcəlləsi qüvvəyə minəndən sonra, 2005-ci ilin mart ayından yuxarıda qeyd olunan fərdi yaşayış evinə köçdükdən və yaşamağa başladıqdan sonra yaranmışdır. Belə olan halda bu münasibətlərdən irəli gələn hazırki mübahisəyə Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələrinin tələblərinə ııyğun baxılmalıdır. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə, həmin dövrdə qüvvədə olmuş köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh nikahda olduqları zaman onlarla birlikdə yaşayırdı. Hərbi xidməti ilə əlaqədar cavabdehə Hövsanda 3 otaqlı ev verirdilər, lakin o razı olmamışdı. Birgə nikahdan Asya adlı övladları doğulduqdan sonra ona 4 otaqlı mənzil verilmişdir.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi. Əlavə olaraq qeyd etdi ki, mübahisə predmeti olan mənzil ona 2023-cü il tarixdə - iddiaçı ilə ailə münasibətləri pozulduqdan sonra dövlət tərəfindən hərbi xidmətdəki qüsursuz fəaliyyətinə görə verilmiş və mənzilin ödənişi dövlət tərəfindən edilmişdir. O, iddiaçı ilə boşandıqdan sonra əvvəlki həyat yoldaşı ilə yenidən rəsmi nikaha daxil olmuşdur. İddiaçıya övladının saxlanması üçün aliment ödəyir və həmin pul uşağın saxlanılması üçün yetərli məbləğdir.

İş materialları.

6.EZ ******* № li hərbi biletin surətindən görünür ki, Cavabdeh Mövsüm oğlu xx.xx.1993-cü ildə hərbi xidmətə başlamış, xx.xx.2020-ci ildə ordu sıralarından tərxis edilmişdir.

7. AZ-İİ seriyalı, 404719 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar.

8. AZ-İV seriyalı, 584335 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

9. AZ-İ seriyalı, 435305 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.

10. AZ-İİ seriyalı, 565670 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuşdurlar.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2695/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir.

12. AR MN Mənzil İstismar İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Ordusunun Hərbi Qulluqçularının Sosial Müdafiəsinin gücləndirilməsi tədbirləri” barədə xx.xx.2011-ci il tarixli 569 nömrəli fərmanın tələblərinə əsasən Cavabdeh “Hövsan-2” yaşayış kompleksində 56-cı bina, giriş-l,mərtəbə 7,mənzil 1 ünvanında 4 otaqlı 98.99 m2 sahəli mənzillə təmin olunmuşdur. Mübahisəli məsələnin həlli ilə əlaqədar yerli məhkəmə orqanlarına müraciət etməyinin məqsədəuyğun olduğu bildirilmişdir.

13. AN – İ seriyalı, ******* nömrəli və xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Azərbaycan ordusu küçəsi, ev 56, mənzil 1, Yeni qaydalarla : AZ 1089, ünvan 4 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının tərkib hissəsi olan ümumi sahəsi 98.99 kv.m ibarət daşınmaz əmlakı bu müqavilədə qeyd edilmiş məhdudiyyət şərtləri çərçivəsində Alıcı Cavabdeh mülkiyyətinə verilmişdir. Mənzilin dəyəri olan 84141.50 manat pul vəsaiti alıcı tərəfindən satıcıya bank vasitəsilə ödənilmişdir.

14. ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli ƏMDX DƏDKR X11 Çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Azərbaycan ordusu küçəsi, ev 56, mənzil 1, Yeni qaydalarla : AZ 1089, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 98.99 kv.m olan mənzil Cavabdeh mülkiyyətindədir.

15. 06 saylı Bakı ASAN XİDMƏT Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayışdan aydın olur ki Cavabdeh ailə tərkibi arvadı X3 (xx.xx.1976), qızı X4 (xx.xx.1999), oğlu X6 (xx.xx.2004), qızı X2r. (xx.xx.2021)

İşin faktiki halları.

16. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisə obyekti olan mənzil cavabdehə ordu sıralarında 15 il qüsursuz xidmət etdiyinə görə verilib. Mənzil güzəştli şərtlərlə, alqı-satqı müqaviləsi əsasında mülkiyyətə keçib. İddiaçı hazırki iddia tələbində cavabdehlə birgə nikahdan doğulan övladı ilə mübahisə obyekti olan mənzilə - Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələrini tələb edir. Tələbin əsası kimi o, cavabdehlə olan ailə münasibətlərinə əsaslanır və hesab edir ki, onun və övladının cavabdehə məxsus olan mənzilə köçüb yaşamaq hüquqları vardır. İddia tələbinin hüquqi əsasını Mülki Məcələnin 228-ci maddəsinin istifadə hüququ ilə bağlı müddəaları təşkil edir. Belə ki, iddiaçı tərəf hesab edir ki, qeyd edilən maddəyə əsasən, ailə üzvü kimi onun da mübahisəli mənzildə yaşamaq hüququ tanınmalıdır. Cavabdeh isə iddia tələbi ilə razı deyildir və etirazını onunla əsaslandırır ki, qeyd olunan mənzili o cavabdehlə ailə münasibətlərinə xitam verdikdən sonra əldə etmişdir və bu səbəbdən cavabdehin qeyd olunan mənzilə dair hər hansı bir hüququ yoxdur. Belə ki, cavabdeh həmin mənzil alınarkən onun ailə üzvü olmamış, o başqa şəxslə nikahda olmuşdur.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı. Qərarda qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

21. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu.

M a d d ə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ.

1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. 5.Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında. 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əkər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Məhkəmənin mövqeyi

23. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.

24. Məhkəmə ilk öncə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan xx.xx.2013-cü il tarixli Qərarına istinadən qeyd edir ki, iş materiallarının araşdırılması və tərəflərin izahatı ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Daha sonra tərəflər arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Deməli, tərəflər arasında mübahisəli hüquq münasibətləri xx.xx.2020-ci il tarixində yaranmış, xx.xx.2022-ci il tarixində isə sonlanmışdır. Cavabdeh xx.xx.2023-cü ildə Yusubova Sevinc adlı şəxslə yenidən nikaha daxil olmuşdur, hansı ki, sonuncu ilə cavabdeh, iddiaçı ilə nikaha daxil olmazdan qabaq da nikahda olmuşdur. Hazırkı mübahisə obyekti olan mənzil Cavabdeh tərəfindən daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında dəyəri dövlət tərəfindən ödənilməklə əldə edilmiş və həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrə əsasən, iddia tələbini AR Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları baxımından yoxladıqda, müəyyən edilir ki, tələbin hüquqi əsası yoxdur. Belə ki, iddiaçının mübahisəli mənzilə ailə qanunvericiliyinə əsaslanan istifadə hüququ yaranmamışdır. Tərəflər xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olsalar da, onlar arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsidə qeyd olunur ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Hazırda tərəflər arasında ailə münasibətləri yoxdur. Daha dəqiq deyilsə, mübahisəli mənzil alınarkən onlar arasında artıq ailə münasibətlərinə xitam verilmiş, cavabdeh başqa şəxslə nikahda olmuşdur. İddiaçının həmin mənzilin güzəştli şərtlərlə cavabdehə verilməsində də hər hansı bir rolu olmamışdır. Ona görə ki, işin hallarından göründüyü kimi, cavabdeh hərbi xidmətinə 1993-cü ildə başlamışdır. Başqa sözlə, cavabdeh qüsursuz xidmətinə görə güzəştli şərtlərlə mənzil almaq hüququnu iddiaçı ilə nikaha girənədək artıq əldə etmişdir. İddia tələbi Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından da əsaslı deyildir. Ona görə ki, məhdud əşya hüququ olan istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə istifadə hüququnu əldə edən şəxs arasında notarial razılaşma imzalanmalıdır. Hazırkı işin hallarından isə belə bir hal müəyyən edilmir. İddia tələbində qeyd edilənlər işin halları və mübahisəyə tətbiq eidlən maddi hüquq normalarının tələbləri baxımından öz təsdiqini tapmır. Bu baxımdan məhkəmə hesab edir ki, ididia tələbi qanuni və əsaslı hesab edilə bilməz.

Məhkəmə xərcləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. İddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

27. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

28. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar