Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4474/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, Rəşidov Xəzər Araz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 03.11.2004-cü il tarixində Ərizəçi Bakı şəhərində, ev şəraitində qız uşağının doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 03.11.2004-cü il tarixində Bakı şəhərində, ev şəraitində qız övladı dünyaya gəlmişdir. Lakin Xədicə ev şəraitində doğulduğundan onun əlində tibb müəssisəsindən verilən doğum faktını təsdiq edən sənəd olmamışdır. Buna görə də uşaq üçün doğum haqqında şəhadətnamə ala bilməmişdir. Bununla belə uşaq doğulduqdan sonra onu 29 saylı şəhər polklinikasının həkimi müayinə etmişdir və bu barədə onda müvafiq arayış vardır. Qızına doğum şəhadətnaməsi almaq üçün sonradan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 sylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.5.4-cü bəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında ərizədə qeyd edilənlərə uyğun məzmunda izahat verən Ərizəçi əlavə etdi ki, qızı Xədicə 03.11.2004-cü il tarixdə ev şəraitində dünyaya gəlmişdir. Qızının doğulduğu günü dəqiq bilir, çünki onun üçün xüsusi gündür. Uşağın atası ilə qonşuluqda görüb tanış olmuşdur. Həmin vaxt ona demişdir ki, subaydır və bundan sonra münasibətləri yaranmış, iki ilə yaxın birlikdə yaşamışlar. Lakin sonradan məlum olmuşdur ki, evlidir. Uşaq doğulan gün qonşusu ona zəng vurararaq qızının doğulduğunu bildirmiş, o da “mənə qız uşağı lazım deyil” deyərək uşaqdan imtina etmiş, həmin vaxtdan da heç vaxt uşaqla maraqlanmamışdır. Maddi imkanı olmadığına görə uşağı nə bağçaya, nə də məktəbə göndərə bilməmişdir. Hazırda qızının doğum haqqında sənədi olmadığından şəxsiyyət vəsiqəsi də yoxdur. Bu səbəbdən onun doğum faktının təsdiq edilməsi zəruridir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11.06.2021-ci il tarixli, 227-05/75 saylı məktubdan görünür ki, Ərizəçi 03.11.2004-cü il tarixində doğulmuş qızına doğum haqqında şəhadətnamənin verilməsindən onun doğum faktını təsdiq edən sənəd olmadığından imtina edilmiş, ona hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. 11 ədəd fotoşəkildən görünür ki, Ərizəçi və yanında azyaşlı qız uşağı müxtəlif məkanlarda və müxtəlif illərdə fotoşəkillər çəkdirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X1 bildirmişdir ki, Ərizəçi ilə 17-18 il bundan qabaq qonşu olmuş, onların evləri arasında hasar da olmadığından bir-birlərinə çox yaxın olmuşlar. 2004-cü ilin noyabr ayında – hava soyuq olduğu üçün ay yadında qalıb – işdən qayıdarkən ərizəçinin bacısı Naibə ona yaxınlaşaraq Arzu xanımın doğuş sancısının başladığını bildirmiş, ondan doğuşa kömək etməsini xahiş etmişdir. Onların maddı imkanı olmadığından xəstəxanaya gedə bilməmişlər və bu səbəbdən doğuş evdə baş tutmuşdur. Doğuşun həyata keçməsinə ərizəçinin bacısı ilə birlikdə kömək etmiş, su gətirmiş, doğuşdan sonra anaya yemək vermiş, ona bir müddət qulluq etmişdir. Həmin gün təxminən gecə saat 12-yə qədər orada qalmışdır. Uşaq doğulduqdan sonra atasını görməmişdir. Ola bilsin ki, həmin gün ona zəng vurub uşağı ilə bağlı məlumat verib, lakin bu dəqiq yadında deyil. Dəqiq bildiyi odur ki, uşağın atası uşaqdan imtina etmişdir. Onun adının Əli olduğunu və uşaq doğulana qədər hərdənbir ərizəçinin yanına gəlib-getdiyini bilmişdir. Lakin uşaqdan sonra bir daha onu görməmişdir. Bir müddət sonra isə o da həmin yerdən köçüb getmiş, ərizəçi ilə qonşuluq münasibətləri qalmamışdır. Məhkəmə iclasında şəxsiyyətini təsdiq edən sənəd olmadığından şahid qismində dindirilə bilməsə də bilavasitə doğum faktı müəyyən edilən şəxs olduğundan izahatı alınan, ərizəçinin qızı olduğunu və adının Xədicə olduğunu bildirən şəxs qeyd etdi ki, o, 2004-cü ilin noyabr ayının üçündə doğulmuşdur. Doğum haqqında sənədi olmadığından doğum tarixini ona anası demişdir. Atasını isə heç vaxt görməmişdir. Anasının dediyinə görə atası o doğulduqdan sonra qız uşağı istəmədiyini deyərək onları atıb getmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi 03.11.2004-cü il tarixdə qız övladı dünyaya gətirmişdir. Vaxtında uşağa doğum haqqında şəhadətnamə alınmamış, bu səbəbdən uşağın şəxsiyyətini təsdiq edən sənədin əldə edilməsi də hazırkı tarixədək mümkün olmamışdır. Hazırda ərizəçi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 03.11.2004-cü il tarixdə qızının doğulması faktının təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən və uşağın doğumunda iştirak edən şahid ərizədə qeyd edilənləri təsdiq etmişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. Həmin Məcəllənin 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. İşdən görünür ki, Ərizəçi məhkəmədən 03.11.2004-cü il tarixdə qızının doğulması faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, ərizəçinin qızının doğulması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Bu Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi 03.11.2004-cü il tarixdə Bakı şəhərində qızının doğulması faktı iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 03.11.2004-cü il tarixdə, Bakı şəhərində qız övladının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4474/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4474/2021
20.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver