Məhkəmə qərarları › İş №2(010)-4480/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4480/2025

02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4480/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi X6 qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi iş stajı faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda ferma gözətçisi işləməyinə dair hüquqi faktın müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, - Ərizəçi 2023-cü ilin sentyabr ayında güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və müraciətinə imtina cavabı almışdır. O, xx xxx 1969-cu ildə anadan olmuşdur. Əmək fəaliyyətinə doğulduğu Kürdəmir rayonunun “Şirvan” kolxozunda başlamışdır. xx.xx.1984-cü il tarixdə “Şirvan” kolxozunun fermasında gecə gözətçisi kimi əmək fəaliyyətinə başlamış və xx.xx.1986-cı il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir (2 il 1 ay 24 gün). xx.xx.1986-cı il tarixdə Bakı Neft Texnikumunun əyani şöbəsinə daxil olmuşdur. Hərbi xidmətə çağırıldığı üçün təhsil müəssisəsi akademik məzuniyyət verməklə xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasında SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir (2 il). xx.xx.1989-cu il tarixdə yenidən təhsilini davam etdirmiş və xx.xx.1991-ci il tarixdə texnikumu bitirmişdir (2 il 4 ay 8 gün). xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixlərindək 3 saylı Neft və qazçıxarma sexinin neft və qaz hasilatı üzrə operator vəzifəsində işləmişdir (13 il 01 ay 03 gün). xx.xx.2004-cü il tarxdən xx.xx.2006-cı il tarixədək 3 saylı Neft və qazçıxarma sexinin neft və qazçıxarma üzrə usta vəzifəsində işləmişdir (01 il 05 ay 00 gün). Beləliklə, xx.xx.2006-cı il tarixə qədər güzəştli şərtlərlə iş stajı 14 il 06 ay 03 gün, ümumi iş stajı isə 21 il 04 gündür. Cavabdeh tərəfindən onun “Şirvan” kolxoxunda işlədiyi xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövr mübahisələndirilmişdir. O da, Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021 -ci il tarixdən tanınaraq, təyin edilməsi, eləcə də pensiyasının həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 04.2024cü il tarixli, 2-1(112)-4281/2024 saylı qərarı ilə iddia təmin edilərək Ərizəçi xx.xx.1984xx.xx.1986-cı il tarixləri arasındakı dövrdə kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixdən tanınaraq, təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh həmin qərardan şikayət versə də, Bakı Apellyasiya Məhkəməsi Bakı İnzibati Məhkəməsinin qərarını qüvvəsində saxlamışdır. Sonra cavabdeh Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermiş və Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək iddianın rədd edilməsi barədə qərar çıxarmışdır. Bu səbəbdən də o, iş stajının müəyyən olunması üçün Süraxam Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrlərdə o, orta məktəbin 9- 10-cü sinifində təhsil almaqla bərabər ailə vəziyyəti ilə əlaqədar günün ikinci yarısında kolxozun fermasında gözətçi işləyirdi. Bakı Neft Texnikumuna imtahan verdiyi zaman işdən işdən çıxmalı olmuşdur. 11 avqust 1986-cı il tarixdə texnikuma qəbul olmuş, sonra həqiqi hərbi xidmətə çağrılmış, qayıtdıqdan sonra təhsilini davam etdirmiş və məktəbi bitirdikdən sonra xx.xx.1991-ci il tarixdən tarixlərindən 3 saylı Neft və qazçıxarma sexinin neft və qaz hasilatı üzrə operator vəzifəsində işləməyə başlamışdır. Hal-hazırda da “Neft Daşları”nda işləyir. Kolxozdan işdən çıxdıqda ona əmək kitabçası açılmamışdır. Onun bu haqda məlumatı olmamışdır. Ona məxsus əmək kitabçası “Şirvan” kolxozunun idarə binası yandıqdan sonra açılıb. Belə ki, kolxozun idarə binası yanan zaman artıq kolxoz ləğv olunmuşdur. Şirvan kolxozunın adı belə kəndin üzrindən götürülmüş, kənd özünün əvvəllki Muradxan kəndi adı saxlanılmışdır. Kolzoxun yerində isə “Muradxan birgə təsərrüfatı” yaradılmışdır. Həmin təsərrüfatın sədri isə X4 idi. Şirinov Şirin həmin təsərrüfatı yaradanda kolxozun əsasında yaradıb və kolxoza dair müvafiq sənədlər seyfdə olub. Hansı ki, kolxozun ümumi yığıncağının qərarları, əmr kitabları və yazılmamış əmək kitabçalarının bir qismi seyfdə olmuşdur. Yanğından sonra kolxozda işləyən əmək kitabçasını almayan şəxslər Şirinov Şirinə müraciət etmişdilər. O da, kimin əmək kitabçasında əvvəlcədən qeydiyyat aparılıbsa onun əmək kitabçasını həmin şəxslərə vermiş, kimin əmək kitabçasında qeydiyyat aparılmayıbsa, kolxozun keçərli sənədlərində adı varsa onlara yeni əmək kitabçasında qeydiyyat apararaq həmin şəxslərə təqdim etmişdir. Ona da əmək kitabçasını rəhmətlik atası X1 müraciət edərək almışdır. 2023-cü ilin sentyabr ayında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlər və kolxozda işləməyinə dair kolxozun idarə binası yanandan sonra ona yazılmış əmək kitabçası da təqdim etməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh ona pensiya təyin edilməsindən imtina etmişdir. Sonra o, Kürdəmir Rayon Dövlət arxivinə müraciət etmişdir. Lakin arxiv tərəfindən verilən 28 iyul 2023-cü il tarixli 3-48-25/2-/21/2023 nömrəli arayışda həmin dövrə dair sənədlərin sözügedən arxivə təhvil verilmədiyi qeyd olunmuşdur. Eyni zamanda işlədiyi Şiravan adma kolxozda yanğın hadisəsinin baş verməsi ilə əlaqədar Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinə müraciət etmiş və “Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsi”nin ona göndərdiyi 31 avqust 2023-cü il tarixli 3-18-215/2-R-401- 37/23 nömrəli arayışda “Şirvan” adına kolxozun binasında xx.xx.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi, yanğın nəticəsində idarə binasının yanaraq tamamilə məhv olduğu qeyd olunmuşdur. Bütün bunları nəzərə alaraq, qeyd edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun təmin olunması üçün iş stajının hüquqi faktla müəyyən olunmasına zərurət yaranmışdır. Maraqlı şəxsin etirazı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə etiraz məktubu ünvanlayaraq, icraatda olan Ərizəçi "iş stajı faktının müəyyən edilməsi tələbinə dair 2(010)-4480/2025 nömrəli mülki iş üzrə ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edəsini xahiş etmişdir. Tərəflərin izahatları. Əvvəlki məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək bildirmişdir ki, ərizəçi Dost xidmətinə müraciət etmişdir və imtina cavabı almışdır. Kolxozda işlədiyi müddət etibarlı hesab edilməmişdir. Bununla bağlı İnzibati Məhkəməyə müraciət etmişdirlər. İnzibati və Apellyasiya Məhkəmələri iddialarını təmin etmişdir. Ali Məhkəmə təqdim edilən arayışı şübhə altına almış və iddialarını rədd etmişdir. Kolxozda 1998ci ilin aprel ayında yanğın olmuşdur, əmək kitabçası isə may ayında yazılmışdır. Ona görə xüsusi icraat qaydasında müraciət etmişdirlər. Əvvəlki məhkəmə iclasında maraqlı şəxs AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirmişdir ki, ərizəçinin təsdiq etmək istədiyi müddət 1984-1986-cı illəri əhatə edir. Bununla bağlı inzibati iş olmuşdur. Xüsusi icraat qaydasında sənəd olmadığı halda baxıla bilər. Əmək kitabçası mövcuddur. 1998-ci ildə əmək kitabçası açılmışdır, 1984-1986-cı illər barədə əmək kitabçasına qeyd olmuşdur. Yekun olaraq Ali Məhkəmə iddianı rədd etmişdir. Ciddi şübhə altına aldığını nəzərə alaraq birinci instansiya məhkəməsi bu faktı təsdiq edə bilməz. Belə tələblə müraciət etməsi əsassızdır. Şəxsin sənədi var və həmin illər üzrə qeyd də var. Bu səbəbdən hesab edir ki, həmin dövrün təsdiq edilməsinə ehtiyac yoxdur. Ali Məhkəmənin qərarında tövsiyə olaraq hüquqi əhəmiyyətli fakt olaraq baxıla bilməsi qeyd olunsaydı etiraz etməzdilər. Qeyd edir ki, tələb təmin olunsa belə inzibati iş üzrə qəbul olunmuş Ali Məhkəmənin qərarını üstün tutacaqlar. Şahidlərin ifadələri. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ərizəçinin maaş məsələsi ilə əlaqədar gəlmişdir. Qeyd edir ki, o, 1975-1996-cı illərdə o kolxozda traktorist işləmişdir. Ərizəçi də 1984-1986-cı illərdə qarovul işləmişdir. Bildirir ki, ərizəçi onun qapı qonşusu olmuşdur. Məktəbi bitirəndə kolxoza gəlmiş, 2 il orada işləmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ərizəçinin işi ilə əlaqədar gəlmişdir. Bir çox belə işlərdə şahidlik etmişdir. İdarə yandığından, sənədlər məhv olmuşdu. O illərdə hər kəs kolxozda işləyirdi. Mayısın orada işləməsi faktdır. Bildirir ki, ərizəçi qonşusu olmuşdur. Ərizəçi kolxozda qaravul kimi işləmiş, ferma müdiri ərizəçiyə maaş yazmışdır. İş materialları. AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-246648/2023 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubdan görünür ki, Ərizəçi tərəfindən Mərkəzi Filiala təqdim edilən AZE ******* nömrəli əmək kitabçası araşdırılarkən 41- 43-cü səhifələrdə xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügedən səhifələrdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratmışdır. Bundan başqa, 41-ci səhifədə əmək kitabçasının xx.xx.1998-ci il tarixində açıldığı göstərilsə də, “Kürdəmir Rayon X2 31 avqust 2023-cü il tarixli 3-18-215/2-R-401-37/23 nömrəli arayışda “Şirvan” adına kolxozun idarə binasında xx.xx.1998-ci il tarixində yanğın hadisəsinin baş verdiyi, yanğın nəticəsində idarə binasının tamamilə yanaraq məhv olduğu qeyd olunmuşdur. Eyni zamanda, Kürdəmir Rayon Dövlət arxivinin Ərizəçi dair 28 iyul 2023-cü il tarixli 3-48-25/2-/21/2023 nömrəli arayışında həmin dövrə dair sənədlərin sözügedən arxivə təhvil verilmədiyi qeyd olunmuşdur. Göstərilən səbəblərdən də həmin dövrü Ərizəçi iş stajınıza daxil etmək mümkün olmadığından, 1 yanvar 2006-cı il tarixinədək Ərizəçi ümumi iş stajı 20 ildən az (18 il 10 ay 10 gün {xx.xx.1986xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il və xx.xx.1991xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir Rayon Dövlət Arxivi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Kürdəmir rayon Dövlət Arxivi tərəfindən 3-48-25-2-121/2023 nömrəli 28 iyun 2023-cü il tarixli Arxiv Arayışında "Şirvan" adına kalxozun arxiv sənədləri Arxiv İdarəsinə təhvil verilmədiyi Arayışda bildirilmiş, bu səbəbdən Ərizəçi müraciətində bildirdiyi 1984-1986-cı illərdə işləməsi faktı təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dymx Kürdəmir Rayon Dövlət X2 xx.xx.2023-cü il tarixli, 3-18-215/2-R-401-37/23 nömrəli arayışdan görünür ki, həqiqətən də, Kürdəmir rayon Muradxan kəndi “Şirvan” adına kolxozunun idarə binasında xx.xx.1998-ci ildə 05-00 radələrində yanğın hadisəsi baş vermiş, yanğın nəticəsində idarə binası tamamilə yanaraq məhv olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Kürdəmir rayon "Şirvan" adına kalxozun şəxsi hesabına dair arxiv sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. HЗ № ******* saylı Hərbi Biletinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-xx.xx.1989-cu illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Ərizəçi xx.xx.1998-ci il tarixli АЗЕ № ******* nömrəli Kolxozçunun əmək kitabçasının surətindən görünür ki, “Şirvan” kolxozunun fermasında xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək - gecə gözətçisi vəzifəsində çalışmışdır. Ərizəçi ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1991-ci ildən xx.xx.2004-cü ilədək 3 saylı Neft və Qazçıxarma sexində - neft və qaz hasilatı üzrə operator vəzifəsində çalışmışdır. SOCAR, Azneft İB-nin “Neft Daşları” NQÇİ-ni 3 saylı neft və qazçıxarma sahəsi tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, Ərizəçi xx.xx.1991-ci ildən xx.xx.2004-cü ilədək 3 saylı Neft və Qazçıxarma sexinin neft və qaz hasilatı üzrə operator vəzifəsində çalışmış, işlədiyi vəzifə üzrə sosial sığorta stajı 13 il 01 ay 03 gün təşkil etmişdir. SOCAR, Azneft İB-nin “Neft Daşları” NQÇİ-ni 3 saylı neft və qazçıxarma sahəsi tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, Ərizəçi xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək 3 saylı Neft və Qazçıxarma sexinin neft və qaz çıxarma üzrə ustası vəzifəsində çalışmış, işlədiyi vəzifə üzrə sosial sığorta stajı 01 il 05 ay 00 gün təşkil etmişdir. НТ-İ № 566892 nömrəli diplomun surətindən görünür ki, X5 1986-cı ildə Bakı Neft Tenikumuna daxil olmuş və 1991-ci ildə məzun olmuşdur. Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 486 nömrəli arayışdan görünür ki, 1969-cu il təvəllüdlü Ərizəçi həqiqətən, 04.1987-ci il tarixdən xx.xx.1989cu il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika kolleci tərəfindən verilmiş xx.xx.2021 il tarixli, 328 nömrəli arxiv arayışından görünür ki, Ərizəçi həqiqətən, 11 avqust 1986-cı il tarixində 435 saylı əmrlə Bakı Neft texnikumunun əyani şöbəsinə qəbul olunmuş, 26 iyun 1987-ci il tarixində 417 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmiş, 06 sentyabr 1989-cu il tarixində 476 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə şöbəyə bərpa edilmiş və 11 may 1991-ci il tarixində 183 saylı əmrlə “Neft və qaz quyularının istismarı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “neftçi texnik” ixtisas dərəcəsi və ИТ-İ № 566892 saylı diplom verilmişdir. Diplom blankı yazılarkən məzunun adı Mayis deyil, səhvən Mais yazılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1769/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 12 fevral tarixli, 2- 1(103)-283/2025 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbi təmin olunmaması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Şahid2 xx.xx.1979-cu il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, “Şirvan” kolxozunda xx.xx.1980-ci ildən xx.xx.1997-ci ilədək ayrı-ayrı vəzifələrdə çalışmışdır. İş materiallarına əlavə olunmuş Şahid1 xx.xx.1998-ci il tarixli АЗЕ № ******* nömrəli Kolxozçunun əmək kitabçasının surətindən görünür ki, o, “Şirvan” kolxozunda xx.xx.1975-ci ildən xx.xx.1992-ci ilədək - traktorçu vəzifəsində çalışmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 306. Xüsusi icraat işlərinə baxılması qaydası 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.... 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ... 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Əmək Pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, Ərizəçi məhkəməyə onun xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək “Şirvan” kolxozunda ferma gözətçisi işləməsi faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Ərizədə həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu onunla əsaslandırmışdır ki, kolxozdan işdən çıxdıqda ona əmək kitabçası açılmamışdır. Onun bu haqda məlumatı olmamışdır. Ona məxsus əmək kitabçası “Şirvan” kolxozunun idarə binası yandıqdan sonra açılıb. Belə ki, kolxozun idarə binası yanan zaman artıq kolxoz ləğv olunmuşdur. Şirvan kolxozunın adı belə kəndin üzrindən götürülmüş, kənd özünün əvvəllki Muradxan kəndi adı saxlanılmışdır. Kolzoxun yerində isə “Muradxan birgə təsərrüfatı” yaradılmışdır. Həmin təsərrüfatın sədri isə X4 idi. Şirinov Şirin həmin təsərrüfatı yaradanda kolxozun əsasında yaradıb və kolxoza dair müvafiq sənədlər seyfdə olub. Hansı ki, kolxozun ümumi yığıncağının qərarları, əmr kitabları və yazılmamış əmək kitabçalarının bir qismi seyfdə olmuşdur. Yanğından sonra kolxozda işləyən əmək kitabçasını almayan şəxslər Şirinov Şirinə müraciət etmişdilər. O da, kimin əmək kitabçasında əvvəlcədən qeydiyyat aparılıbsa onun əmək kitabçasını həmin şəxslərə vermiş, kimin əmək kitabçasında qeydiyyat aparılmayıbsa, kolxozun keçərli sənədlərində adı varsa onlara yeni əmək kitabçasında qeydiyyat apararaq həmin şəxslərə təqdim etmişdir. O, pensiya almaq üçün AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavab olaraq ona bildirilmişdir ki, onun AZE ******* nömrəli əmək kitabçası araşdırılarkən 41-43-cü səhifələrdə xx.xx.1984-xx.xx.1986-cı il tarixləri arasındakı dövrə aid qeydlərdə mürəkkəbin rəngi və sözlərin yazılışının eyni olması və sözügedən səhifələrdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratdığından, bundan başqa Kürdəmir Rayon Dövlət arxivinin Ərizəçi dair 28 iyul 2023-cü il tarixli 3-48-25/2-/21/2023 nömrəli arayışında həmin dövrə dair sənədlərin sözügedən arxivə təhvil verilmədiyi qeyd olunduğundan həmin dövrü Ərizəçi iş stajına daxil etmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, şahid ifadələrindən göründüyü kimi, Ərizəçi şahidlər – Şahid1 və Şahid2 Ağaməmməd oğlu ilə eyni dövrlərdə “Şirvan” kolxozunda işləmişdir. Şahidlərin ifadələri iş materiallarında olan şahidlərin 1979-cu ildən 2009-cu ilədək və 1975-ci ildən 2008-ci ilədək olan dövrləri əhatə edən əmək kitabçalarının surətləri ilə təsdiqlənir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən güzəştli şərtlərlə pensiya təyinatından imtina ilə bağlı ərizəçiyə imtina məktubunun göndərilməsi ərizəçini hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Belə ki, “Şirvan” kolxozunun idarə binası yandığında görə binadakı bütün sənədlər məhv olmuş, daha sonra ərizəçiyə yeni əmək kitabçası açılmışdır. Göründüyü kimi, ərizəçinin əmək fədliyyəti barədə sənədlərin məhv olması ərizəçinin təqsiri nəticəsində deyil, fövqəladə hadisə səbəbindən baş vermişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışında Kürdəmir rayon "Şirvan" adına kalxozun şəxsi hesabına dair arxiv sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilmədiyi qeyd olunmuşdur. Bununla da, həmin sənədlərin Milli Arxiv İdarəsində olmadığı məlum olur. Məhkəmə eyni zamanda qeyd edir ki, maraqlı şəxs AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən ünvanlanmış ərizəçinin “iş stajı faktının müəyyən olunması” tələbinə dair ərizəsinin təmin olunmaması barədə etirazı əsaslı deyildir. Belə ki, maraqlı şəxs həmin etirazda Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixl 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsaslansa da, nəzərə alınmalıdır ki, həmin qərar ləğv olunmuşdur. Həmçinin, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, ərizə baxılmamış saxlanılır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edilir. Lakin, etirazın mətnində hüquq haqqında mübahisə olmadığından, maraqlı şəxsin etirazı əsassız hesab edilir. Belə olan halda, Ərizəçi xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək “Şirvan” kolxozunda ferma gözətçisi işləməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək “Şirvan” kolxozunda ferma gözətçisi işləməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək “Şirvan” kolxozunda ferma gözətçisi işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar