Məhkəmə qərarları › İş №2(010)-4534/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4534/2022

12.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4534/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən artıq ödənilmiş vəsaitin (mənzil kirayəsi haqqının) cavabdehdən tutularaq dövlət büdcəsinə geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli sərəncamı ilə ehtiyata buraxılmış hərbi qulluqçu olan Cavabdeh ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş kimi uçota alınmış, güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmiş, ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada kompensasiya ödənilməsi təmin edilmişdir. Sonradan Cavabdeh dövlət vəsaiti hesabına mənzillə təmin olunmuş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli sərəncamı ilə əvvəlki (xx.xx.2019-cu il tarixli) sərəncam qüvvədən düşmüş hesab edilmiş, Cavabdeh yaşayış sahəsinə ehtiyacı olan vətəndaş kimi uçotdan çıxarılmış, ona mənzil kirayəsi xərcinin (kompensasiyanın) ödənişinin dayandırılması qərara alınmışdır. Hazırda isə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Cavabdeh onun mənzillə təmin olunduğu vaxtdan sonrakı aylar üçün ona ödənilmiş kompensasiya məbləğinin geri qaytarılmasını xahiş edir. İşin yuxarıda qeyd edilmiş hallarından göründüyü kimi iddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh barəsində əlverişli inzibati akt (maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt – “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 2) qəbul edilmişdir. İddiaçının hazırda cavabdehə qarşı qaldırdığı iddia da məhz həmin akt əsasında cavabdehin əldə etdiyi pulun geri qaytarılması ilə bağlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisə tərəflər arasındakı ümumi (publik) hüququn nizamasalma predmetinə aid olan münasibətlərdən törəmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarı). Məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən qaldırılmış hazırkı iddia tələbi üzrə münasibətlər inzibati orqanın hakimiyyət səlahiyyətlərinin subyekti kimi ona xas olan fəaliyyəti həyata keçirməsi ilə bağlı yaranmışdır və ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir. Bu baxımdan işə mülki məhkəmə icraatı qaydasında baxılması istisna edilir. Odur ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması. 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad edilmiş qərarında qeyd edilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Son olaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müracət edilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 170, 261-262-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar