Məhkəmə qərarları › İş №2(010)-4565/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4565/2021

09.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4565/2021 09.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh İsgəndərova (Nəbiyeva) Vəfa Əsgərpaşa qızının iştirakı ilə, İddiaçı cavabdeh İsgəndərova (Nəbiyeva) Vəfa Əsgərpaşa qızına qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İsgəndərova (Nəbiyeva) Vəfa Əsgərpaşa qızının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, döngə 5-də yerləşən 2 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, İsgəndərova (Nəbiyeva) Vəfa Əsgərpaşa qızı ilə 31 yanvar 1992-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra cavabdeh onun əmisinə məxsus ünvan 1 ünvanına gəlin köçmüşdür. Həmin zamanlar qeyd edilən yaşayış evi xüsusi mülkiyyət hüquqi ilə əmisi X1 məxsus olmuş, onlar həmin evdə müvəqqəti olaraq yaşamağa başlamışlar. 2003-cü ildən isə qeyd edilən fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi ilə onun adına keçmiş və həmin tarixdən Mülki Məcəllənin tələblərinə əsasən cavadehin onun ailə üzvü kimi qeyd edilən fərdi yaşayış evinə istifadə hüququ yaranmışdır. Bundan sonra cavabdehlə həmin ünvanda 2009-cu ilə qədər yaşamış, cavabdehin əxlaqsız hərəkətləri nəticəsində onların ailələri dağılmış, cavabdeh həmin zamandan evdən getmişdir. Cavabdeh İsgəndərova (Nəbiyeva) Vəfa Əsgərpaşa qızı bundan sonra heç bir zaman həmin evə qayıtmamış, 2013-cü ildə isə onların aralarında olan nikah məhkəmə qətnaməsinə əsasən ləğv edilmişdir. Cavabdehin 12 ildən artıq bir müddətə ona məxsus evdə yaşamamasına baxmayaraq, onun qeydiyyatı hələ də həmin evdə qalmışdır. Halbuki, artıq həmin ev onun daimi yaşayış yeri deyildir. Ona görə də hesab edir ki, cavabdehin istifadə hüququna xitam verilməlidir. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, döngə 5-də yerləşən 2 saylı fərdi yaşayış evi 2000-ci ildən əvvəl onun ailə üzvlərinə aid olmadığına görə, onun və cavabdehin həmin evə istifadə hüququ yaranmamış, qeyd edilən ev 2003-cü ildə onun xüsüsi mülkiyyətinə keçdikdən sonra isə həmin evə cavabdehin də istifadə hüququ yaranmışdır. Məhz, cavabdehin istifadə hüququ həmin evə 2000-ci ildən sonra və 2009-cu ildən əvvəl yarandığına görə, belə hesab edir ki, onunla İsgəndərova (Nəbiyeva) Vəfa Əsgərpaşa qızı arasında olan münasibətlərə Mülki Məcəllənin mənzilə istifadə hüququnu tənzimləyən normaları tətbiq edilməlidir. Cavabdeh İsgəndərova (Nəbiyeva) Vəfa Əsgərpaşa qızı artıq 12 ildir ki, başqa ünvanda yaşayır və onun harada yaşaması barədə heç bir məlumatı yoxdur. Cavabdehin onun evində qeydiyyatda qalması onun mülkiyyət hüququnu pozur, bəzi məsələlərdə onun icazəsi olmadan mülkiyyəti üzərində istədiyi kimi sərəncam verə bilmir. Bu baxımdan və eyni zamanda cavabdehin ümumiyyətlə onun mülkiyyətində olan evdən istifadə etməməsi baxımından belə hesab edir ki, onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, döngə 5-də yerləşən 2 saylı fərdi yaşayış evində qeydiyyatda qalması özü qanunsuzdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İsgəndərova (Nəbiyeva) Vəfa Əsgərpaşa qızı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı 1991-ci il tarixdə onu qaçırtmış və onunla 1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. 2009-cu il tarixdə İddiaçı ona və atasına bıçaqla xəsarət yetirdiyinə görə İddiaçı 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İddiaçı 2013-cü il tarixdə nikahın ləğv edilməsi ilə bağlı ərizə verdiyindən İddiaçı ilə aralarında olan nikah ləğv edilmişdir. Bundan sonra onun qaynanası ilə aralarında mübahisə yarandığından məcbur olaraq 2013-cü ildən həmin evdən çıxmış, bir müddət atası evdə, sonradan isə bu günkü tarixə kimi kirayə evdə yaşamışdır. O evdən məcbur olaraq çıxdığını qeyd edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 28.01.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İsgəndərova (Nəbiyeva) Vəfa Əsgərpaşa qızı ünvan 1-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 019339 seriyalı 14.02.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, döngə 5, 2 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına 41 nömrəli reyestr kitabının 6188 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında olan şəhadətnamədən görünür ki, İddiaçı ilə İsgəndərova (Nəbiyeva) Vəfa Əsgərpaşa qızı arasında olan nikaha 25 fevral 2013-cü il tarixdə xitam verilmiş, 18 may 2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin maddənin İV bəndinə əsasən heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd edilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qüvvədən düşmüş 1982-ci il Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yəni mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Təqdim olunmuş sübutlarla və tərəflərin verdiyi izahatlarla təsdiq olunur ki, cavabdeh İsgəndərova (Nəbiyeva) Vəfa Əsgərpaşa qızı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, döngə 5, 2 saylı fərdi yaşayış evinə 1992-ci ildən köçmüş, həm də həmin mənzilə qeydiyyata alınmaqla, 2013-cü ilə qədər orada yaşamışdır. Məhkəmə belə qənaətə gəlir ki, İsgəndərova (Nəbiyeva) Vəfa Əsgərpaşa qızı iddiaçı ilə birgə yaşamaqla, həmin zaman qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə müvafiq olaraq ailə üzvü kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən onunla bərabər istifadə etmək hüququnu əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İsgəndərova (Nəbiyeva) Vəfa Əsgərpaşa qızına qarşı Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, döngə 5, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh İsgəndərova (Nəbiyeva) Vəfa Əsgərpaşa qızına qarşı Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, döngə 5, ev 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar