Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4647/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən azyaşlı uşaqları – xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X8 anadan olmuşdur. Sonra hər iki uşaq onun yanında saxlanılmaqla Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 4724/2019 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Daha sonra Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-450/2023 nömrəli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 48 saylı mənzil üzərində 1/2 hissədə onunla cavabdeh arasında payları müəyyən olunmuşdur. Hal-hazırda onun başqa yaşayış yeri yoxdur. Məcburiyyət qarşısında qalaraq, azyaşlı uşaqları ilə birlikdə kirayədə yaşayır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun müddət yaşadığı evdən istifadə etmək hüququndan qanunsuz olaraq məhrum olmuşdur. Ona görə də məcburiyyət qarşısında qalaraq həmin evə köçürülməsi tələbi ilə məhkəməyə müraciət edir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə alınmasını xahiş etmişdir. Ərizəyə cavabdehin məhkəmə iclasında iştirakına mane olan üzrlü halları təsdiq edən heç bir sübut əlavə edilmədiyindən məhkəmə cavabdehin üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etmədiyi nəticəsinə gəlmiş, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 4724/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X4 ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 3446 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 anaları X1 yanında qalmaları, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2019cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 450/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 48 saylı mənzil üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh pay hüquqlarının tanınması qət edilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 48 nömrəli mənzil üzərində xx.xx.2024-cü il tarixdə 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı payları müəyyən edilmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 364/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2019-cu ilin avqust ayından hal-hazıra kimi iddiaçı Cavabdeh ödədiyi 18919.88 manat pulun yarısı, 9459.94 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçıya ödənilməsi, cavabdeh İddiaçı Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyə münasibətdə 1/2 hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qiymətləndirmə xidmətinə görə 300 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
İşin faktiki halları.
9. İddiaçı və Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. Onların birgə nikahından iki uşaq - xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 doğulmuşdur.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, həmçinin birgə nikahdan doğulmuş uşaqların analarının yanında qalmaları, uşaqların saxlanılmaları üçün atadan aliment tutulması qət edilmişdir.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 48 saylı mənzil üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh pay hüquqlarının tanınması qət edilmişdir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
15. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının uşaqları ilə birlikdə köçürülməsini tələb etdiyi ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzil onun cavabdehlə birgə nikahı dövründə əldə edilmiş və məhkəmə qətnaməsi ilə həmin mənzil üzərində 1/2 hissədə iddiaçının, 1/2 hissədə isə cavabdehin payı müəyyən edilmişdir. Yəni iddiaçı həmin mənzilin 1/2 hissəsi üzərində mülkiyyət hüququna malikdir.
16. Tərəflərin mənzil üzərində payları müəyyən edilsə də, bu paylar ayrılmamışdır. Belə olan halda iddiaçının ümumi paylı mülkiyyətdə olan həmin mənzil üzərində sahiblik və istifadə hüququ ümumi qaydada – cavabdehlə bərabər həcmdə təmin edilməlidir. Nəzərə alınmalıdır ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Bu baxımdan mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin mənzildən istifadə və sahiblik etməsi iddiaçının bu hüquqlarını məhdudlaşdırmamalıdır. Odur ki, iddiaçı paylı mülkiyyətçisi olduğu mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur.
17. Həmçinin o da qeyd edilməlidir ki, iddiaçı mənzilə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə köçürülməyi tələb etmişdir. İş materiallarından görünür ki, məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahından doğulan hər iki uşağın iddiaçının yanında qalmaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Odur ki, iddiaçı ilə birlikdə onun yetkinlik yaşına çatmayan uşaqlarının da mübahisəli mənzilə köçürülməsi təmin edilməlidir.
Məhkəmə xərcləri.
18. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, İddiaçı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilə köçürülməli, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilə köçürülsün. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödəniməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva