Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4683/2024 13.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəmənin hakimi Talıbova Leyla Oruc qızı Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X1 Xidmətinə qarşı “İran İslam Respublikası vətəndaşının MMC-də qeyri-qanuni rəhbər vəzifəsində işləməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X1 Xidmətinə qarşı Məcid Ağapur adlı İran İslam Respublikası vətəndaşının Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-də qeyri-qanuni rəhbər vəzifəsində işləməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizənin mahiyyətindən göründüyü kimi ərizəçi Məcid Ağapur adlı İran İslam Respublikası vətəndaşının "xxxx" MMC-də qeyri-qanuni rəhbər vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 1.3-cü bəndində göstərilir ki: “Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Göründüyü kimi, ərizəçi başqa bir şəxsin Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A MMC-də qeyri-qanuni rəhbər vəzifəsində işləməsi faktının müəyyən edilməsini xahiş etmiş, lakin məhkəmə hesab edir ki, həmin tələbə məhkəmə qaydasında baxılması qeyrimümkündür. Belə ki, tərəf yalnız özünə münasibətdə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini tələb etmək hüququna malik olsa da, hazırkı halda isə özünün deyil, başqa bir şəxsin işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi şikayət formatı daşıyır və həmin tələbə məhkəmə qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 151.1, 153.2.1, 153.3-cü maddələrinə əsasən ərizələrin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır; ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir; hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunan qanunların tələbinə görə məhkəmə hesab edir ki, ərizəçi tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə izah edilməlidir ki, başqa bir şəxsin qanunsuz fəaliyyət göstərməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, Suraxanı rayon məhkəməsinin 2(010)-4683/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X1 Xidmətinə qarşı “İran İslam Respublikası vətəndaşının MMCdə qeyri-qanuni rəhbər vəzifəsində işləməsi faktının müəyyən edilməsi ” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə ərizənin geri qaytarılmasını nəzərə alıb, hesab edirəm ki, məhkəmə qərardadı qanuni qüvvəsini almadan ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Ərizəçi büdcədən geri qaytarılması mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X1 Xidmətinə qarşı “İran İslam Respublikası vətəndaşının MMC-də qeyri-qanuni rəhbər vəzifəsində işləməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, 889-li qəbz) dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4683/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4683/2024
13.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver