Məhkəmə qərarları › İş №2(010)-4695/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4695/2024

26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4695/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi (vəkili) X2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1990-cı il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1942-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuşdur. Təxminən 1953-1961-ci illərdə Dmanisi rayonunun Muğanlı kənd orta məktəbində təhsil almış, 8-ci sinfi bitirmiş, daha sonra təhsilini davam etdirməmişdir. 1961-ci ildə Ömərov Yusi(u)b Səməd oğlu ilə ailə qurmuş, xx.xx.1966-cı il tarixdə isə onunla nikaha daxil olmuşdur. Nikahları xx.xx.1966-cı il tarixdə Dmanisi rayonu Muğanlı kənd soveti tərəfindən 16 nömrəli aktla qeydə alınmışdır. Nikaha daxil olduqdan sonra ərizəçi Dmanisi rayon İcraiyyə Komitəsinin Daxili İşlər Orqanı tərəfindən SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. Həmin nikahdan onların səkkiz uşağı doğulmuş, onlardan yeddisi Azərbaycan Respublikasının vətəndaşıdır. X24(u)b Səməd oğlu xx.xx.1937-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub, o, Azərbaycan Respublikasının vətəndaşı olub. 2010-cu ildə Bakı şəhərində vəfat edib. Qızı Osmanova (Omarova) Solmaz Yusub qızı xx.xx.1963-cü il tarixdə Gürcüstan SSR- nin Dmanisi rayonunda anadan olub. o. Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 1 ünvanında yaşayır. Bakı şəhəri 99 saylı tam orta məktəbdə texniki işçi vəzifəsində çalışır. X7 xx.xx.1966-cı il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olub, o, Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 3 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. Qızı Əliyeva (Omarova) Lilpar Yusub qızı xx.xx.1968-ci il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olub. O, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsdir, hazırda ünvan 4 ünvanında yaşayır. Qızı Osmanova (Omarova) Qızılgül Yusub qızı 17 noyabr 1970-ci ildə Gürcüstan SSR-nin Dmanisi rayonunun Muğanlı kəndində anadan olub, o. Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Şamaxı rayonunun Günəşli kəndində yaşayır. X3 xx.xx.1972-ci il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olub, o, Gürcüstan Respublikasının vətəndaşıdır, hazırda Gürcüstan Respublikasının Dmanisi rayonunda yaşayır. X4 xx.xx.1974-cü ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. O, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda. ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır, lakin faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayır, fərdi əməklə məşğuldur. X5 xx.xx.1976-cı il tarixdə Gürcüstanın Dmanisi rayonunda anadan olub, o, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yaşayır. X8 xx.xx.1980-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub, o, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 7 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. 1975-ci ilin dekabr ayından 1989-cu ilin iyul ayına qədər Dmanisi rayonunun Muğanlı kənd sovxozunda “fəhlə” vəzifəsində çalışmış. 1989-cu ilin iyul ayından 1990-cı ilin iyun ayına qədər Dmanisi rayonunun Saatlo kənd sovxozunda “südçü” vəzifəsində çalışmışdır. xx.xx.1990-cı il tarixdə ailə üzvləri ilə birlikdə Gürcüstanda yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq daimi yaşamaq məqsədilə Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxtdan etibarən daimi olaraq Azərbaycanda yaşayır. Hazırda o, ünvan 8 ünvanında yaşayır. O, doğum haqqında şəhadətnaməsinin olduğunu xatırlamır. SSRİ nümunəli pasportunu isə Azərbaycana gəldikdən sonra naməlum şəraitdə itirmişdir. Həmin vaxtdan sonra heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Bu səbəbdən də. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsi ilə Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinə sorğu vermişdir. Həmin sorğuya Gürcüstan Respublikası Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 77/206710 nömrəli cavab məktubunda bildirilmişdir ki, ərizəçi barəsində doğum akt qeydi aşkar edilməmişdir. Bundan sonra o, doğum faktımın müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4475/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun- Ərizəçi xx.xx.1942-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunun Muğanlı kəndində doğulması faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında onun doğum faktı Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qeydiyyata alındı və o, buna müvafiq olaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. O, 1990-cı ildən Azərbaycan Respublikasının ərazisində yaşasa da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmişdir. Gürcüstan Respublikasının isə vətəndaşı hesab edilmir. Beləki. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətim tanınmamışdır. Bundan başqa, Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 01/103308 nömrəli arayışdan görünür ki, o, Gürcüstan Respublikasının da vətəndaşı hesab edilmir. Hazırda ərizəçinin 82 yaşı var, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi olmadığı üçün o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır. O, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinə yardım edilməsini xahiş etmişdir. DMX ərizəçinin müraciətinə xx.xx.2024-cii il tarixli, 3-37/2-Ö-5348-26-1 - 08-7321/2024 nömrəli məktubla cavab vermişdir ki, qeyd olunan faktın məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi üçü Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. O, 1990-cı ildən etibarən Azərbaycan Respublikasının ərazisində daimi yaşasa da, qeydiyyatsız yaşadığı üçün onun Azərbaycanda daimi yaşadığını təsdiq edən sənədi yoxdur. Bu səbəbdən də bu vaxta qədər Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir. O, eyni zamanda, doğulduğu ölkənin də vətəndaşı hesab olunmur. O, heç bir ölkənin vətəndaşı deyil, onun vətəndaşlığı olmayan şəxs statusunu təsdiq edəcək sənədi də yoxdur. Onun Azərbaycanda daimi yaşamasını və vətəndaşlığı olmayan şəxs olduğunu təsdiq edən sənədi olmadığı üçün o, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldıra bilmir. Belə ki, Azərbaycan Respublikasının 31 may 1996-cı il tarixdə ratifikasiya etdiyi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Birləşmiş Millətlər Təşkilatının 30 avqust 1961-ci il tarixli Konvensiyasına əsasən, razılığa gələn dövlətlər öz ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilmiş şəxslərə öz vətəndaşlıqlarını verməlidirlər. Onunda Azərbaycan Respublikasının vətəndaşlığına qəbııi edilməsi üçün Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşaması və vətəndaşlığı olmayan şəxs olduğum təsdiq edilməlidir. O, isə bu faktları təsdiq edən sənədləri heç bir qaydada ala bilmir. Vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktını ona verilmiş vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təsdiq edir. Mənim vəziyyətimdə olan şəxslərin isə daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təmin edilməsi səlahiyyətini qanunvericilik heç bir orqana həvalə etməyib. Bu səbəbdən də o, 1990-cı il tarixdən hal-hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində vətəndaşlığı olmayan şəxs kimi daimi yaşaması faktını təsdiq edən sənədi heç bir qaydada ala bilmir. Belə ki, o, 1990-cı ildə Azərbaycana Gürcüstan dövləti tərəfindən verilmiş SSRİ vətəndaşının pasportu ilə gəlmişdir. Azərbaycana gəldikdən sonra isə o, həmin pasportunu naməlum şəraitdə itirmişdir. Həmin vaxtdan sonra o, nə Azərbaycan dövləti tərəfindən, nə də Gürcüstan dövləti tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilmişdir. Hazırda o, nə Gürcüstan Respublikasının, nə də ki, Azərbaycan Respublikasının vətəndaşı hesab edilir. Göründüyü kimi, o, Azərbaycan Respublikasının ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilmişdir. Azərbaycan Respublikası qanunvericiliyi isə 1992-ci ilin yanvarın 1-dən sonra Azərbaycan Respublikasının ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilən şəxslərin sənədləşdirilmə (vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə təmin edilmə) qaydasını müəyyən etmədiyi üçün ona Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə İdarəsi tərəfindən şəxsiyyət vəsiqəsinin verilməsi də mümkün olmur. Belə ki. “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatanadək və 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına verilir. Qanunvericilik 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə verilməsini nəzərdə tutur. O, isə Azərbaycan Respublikasında 1992-ci ilin yanvarın 1-dək daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxs olmadığından qanunvericilik ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 16 yaşma çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin verilməsini nəzərdə tutmayıb. Göründüyü kimi, qanunvericilik norması ona və onun vəziyyətində olan şəxslərin Azərbaycan Respublikası ərazisində qanuni yaşaması üçün heç bir qayda müəyyən etməyib. Məhkəmə iclasında dindirilən Ərizəçi nümayəndəsi (vəkili) X6 ərizəsinin məzmununa uyğun çıxış edərək ərizənin təmin edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X9 izahatında göstərmişdir ki, Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı tələbinə dair mülki işlə tanışdırlar. İş materialında olan sənədlər onları qane edir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlanmış müraciətdə bildirilir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1- ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Eyni zamanda, bildirmək lazımdır ki, (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı şəxsin ölkə ərazisindən kənara girişçıxışı qeydə alınmamışdır. Lakin, AR DSX-yə sorğunun göndərilməsi məqsədəuyğun olardı. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin (faktiki hala görə Gürcüstan) vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd təqdim edilməsini; 2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə şəxsin ölkə ərazisindən giriş-çıxışının qeydə alınıb-alınmaması barədə sorğunun göndərilməsini; 1-ci və 2-ci bənd üzrə müvafiq sənədlərin elektron məhkəmə sisteminə əlavə edilməsini; 1-ci bənddə göstərilən sənəddə vətəndaşlığının olmaması və 2-ci bənddən giriş-çıxışının olmaması təsdiqlənəcəyi halda şəxs ərizəsinin təmin olunmasına tərəfimdən etiraz olunmadığı nəzərə almaqla müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin Ərizəçi ünvanlanmış məktubundan görünür ki, Ərizəçin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-37/1-Ö- 5348-26-1/2024 daxilolma nömrəli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və Ərizəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı ilə aidiyyəti üzrə məlumat verilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Odur ki, 1990-cı il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1942-ci ildə Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuşdur. Azərbaycan Respublikası DMX-nin X1 İdarəsinin arayışından görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 1 yanvar 1942-ci il təvəllüdlü Shafiqa Omarovaya (himayə sənədi № ***-*******1) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 15 may 2024-cü il tarixindən 31 may 2025-ci il tarixinədək ünvan 9 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DMX-nin xx.xx.2024-cü il tarixli ******* saylı Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarından görünür ki, vətəndaşlıq məsələləri baş idarəsində 01 yanvar 1942-ci il təvəllüdlü Ərizəçin 20 fevral 2024-cü il tarixli 53195/m daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğusuna baxılaraq, 01 yanvar 1942-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1942-ci il təvəllüdlü Ərizəçi 1990-2001-ci il tarixlərdə dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkanımız xaricindədir. Bununla yanaşı, Ərizəçi xx.xx.2002-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Dmanisi rayon Muğanlı kənd sovetliyinin xx.xx.1966cı il tarixdə verilmiş evlənm haqqında şəhadətnamədən görünür ki, X16 ilə Ərizəçi arasında nikah xx.xx.1966-cı il tarixdə bağlanmışdır. Gürcüstanın Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışından görünür ki, Gürcüstanın Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə öz dərin hörmətini bildirərək, xx.xx.2024-cü il tarixli, №3- 16-14/2-2754/2024 müraciətinizə cavab olaraq məlumat verir ki, Dövlət Xidmətlərinin İnkişafı Agentliyində olan məlumata əsasən, Ərizəçi (d/t.: xx.xx.1942-ci il) Gürcüstan vətəndaşı hesab olunmur. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1942-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonunun Muğanlı kəndində anadan olmuşdur. Ərizəçi 1990-cı ildə Azərbaycan Respublikasına gəlmişdir. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin ərizəçiyə məsələnin həlli ilə bağlı rayon məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda məhkəmə müəyyən edir ki, ərizəçi nə Azərbaycan Respublikasının, nə də Gürcüstan Respublikasının vətəndaşı deyil. Hazırda ərizəçinin vətəndaşlıqla bağlı müraciət etməsi üçün onun Azərbaycan Respublikası ərazisində 1990-cı ildən bu günədək daimi yaşama faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi milliyyətcə azərbaycanlıdır. Beləliklə də, məhkəmədə müəyyən edilmişdir ki, ərizəçi faktiki olaraq 1990-cı ildən hazırki vaxta kimi fasiləsiz olaraq Azərbaycan Respublikasının Bakı şəhərində yaşayır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, xx.xx.1942-ci il təvəllüdlü Ərizəçi 1990-cı il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşı olmaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217, 307-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1942-ci il təvəllüdlü Ərizəçi 1990-cı il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar