Məhkəmə qərarları › İş №2(010)-4728/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4728/2024

24.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4728/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı1 nümayəndəsi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən həyətdəki mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən həyət evi İdris Baba oğlundan qalan mülkdür. Həyətdə ayrı-ayrılıqda 3 ev mövcuddur. Biri cavabdehin, biri X4, digəri isə mərhum X7 tərəfindən iddiaçılar üçün inşa edilmişdir. Sonradan iddiaçılarda olan məlumata görə, cavabdeh özünə aid olan hissə üçün çıxarış almış və iddiaçılarla arasında olan hasarı sökərək iddiaçıları yeganə evləri olan yaşadıqları mənzildən qovmuşdur. İddiaçıların başqa yaşayış yeri yoxdur və ona görə də hazırda kirayədə qalırlar. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı1 nümayəndəsi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, iddiaçılar iddia ərizəsində qeyd olunan mənzilə köçərək hazırda həmin mənzildə yaşayırlar. Odur ki, iddia tələbinin təmin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Bakı şəhəri Suraxanı rayonu üzrə bölməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 1460 nömrəli arayışdan müəyyən olunur ki, Füzuli rayonundan məcburi köçkün İddiaçı2 İddiaçı1, X6 və X2 ibarət ailə tərkibi ilə birlikdə ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı2 tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçıların nümayəndəsi və vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi, İddiaçı2 nümayəndəsi və vəkili izahatında qeyd etmişdir ki, iddiaçılar müəyyən müddət mübahisə predmeti olan mənzildə yaşasalar da, hazırda iddiaçılar yaşadığı mübahisəli evdən məhrum edilmişdirlər. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıların tələbi mübahisə predmetinə hər hansı əşya hüququnun tanınması deyil, məhz məhrum olduğu mənzilə köçürülməsindən ibarətdir. Cavabdeh məhkəmənin əvvəlki iclasında iştirak edərək iddiaçıların mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülərək hazırda həmin evdə yaşadıqlarını, bununla bağlı ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etdiyini bildirmişdir (xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının video-audio yazısının 00:42 – 00:54-cü dəqiqələri). İddia tələbinin tam və ya qismən etiraf edilməsini tənzimləyən və yuxarıda qeyd olunmuş prosessual normalardan göründüyü kimi, iddianı etiraf etmək cavabdehin hüququdur. Cavabdeh iddianı etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırmalıdır: 1) onun qanuna uyğun olub-olmamasını, 2) hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozub-pozmamasını. Yalnız bu hallar və ya onlardan hər hansı biri mövcud olduqda məhkəmə cavabdehin etirafını qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərərfindən təsdiq edilir, məhkəmə iddaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda, iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmışdırsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanunazidd hesab edilə bilməz. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı2 hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı2 xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 31 nömrəli fərdi yaşayış evinə köçürülməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı2 ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 31 nömrəli fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar