Məhkəmə qərarları › İş №2(010)-4772/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4772/2022

15.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4772/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərc” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərc” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlə birgə nikahdan xx.xx.2022-ci ildə doğulmuş Məlahət adlı uşağın saxlanması üçün hər ay Cavabdeh 250 manat sabit pul məbləğində alimentin, uşaq üç yaşına qədər hər ay 150 manat maddi yardımın və habelə uşağın doğulması zamanı ona və uşağa çəkilmiş xərc kimi 4000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən Cavabdeh ilə 2021-ci ildə oktyabr ayının 15-də nikaha daxil olmuşam. Nikahdan xx.xx.2022-ci il təvəllüdlü Məlahət adlı qızımız doğulmuşdur. Cavabdeh ilə nikah münasibətlərimiz pisləşdiyi üçün hazırda valideynlərimin yanında yaşayıram. Cavabdeh uşağın doğulması ilə bağlı xərclərdə iştirak etməkdən boyun qaçırmışdır. Bütün xərcləri mən valideynlərimin köməyi ilə ödəmişəm, habelə cavabdeh uşağın saxlanılmasında iştirak etmir və mənə də maddi yardım göstərmir. Cavabdehlə nikahımızdan doğulmuş uşağın 2 ayı tamam deyildir. Uşaq çox körpə olduğu üçün mən işə gedib öz ehtiyaclarımı təmin edə bilmirəm. Hazırda hesab edirəm ki, uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatana qədər ayda 250 manat aliment, mənə uşağın 3 yaşı tamam olana qədər ayda 150 manat maddi yardım, habelə uşağın doğulması ilə bağlı xərclənmiş 4000 manat həkim xərcləri və digər xərclər (nəqliyyat, qidalanma, dərmanlar və s.) Cavabdeh tərəfindən mənə ödənilməlidir”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh polis serjantı işləyir. Lakin o, iddiaçı ilə birgə nikahından doğulmuş uşağın saxlanılması üçün heç bir maddi yardım etmir. Qızı olan iddiaçı hazırda qardaşının evində qalır və onun qazi kimi aldığı təqaüdlə dolanır. Bu səbəbdən hesab edir ki, cavabdehdən tələb edilən məbləğdə aliment tutulmalıdır. Əlavə xərclə bağlı qeyd edir ki, iddiaçı uşağı ona görə dövlət xəstəxanasında dünyaya gətirə bilməmişdir ki, doğuş ərəfəsində uşağın cifti boğazına dolanmış olduğundan bütün xəstəxanalar doğuşu aparmaqdan imtina etmiş, onlar da çətinliklə bu özəl xəstəxananı tapa bilmişlər. Bu səbəbdən uşağın doğuşuna çox xərcləri çıxmışdır. Hesab edir ki, həmin xərclər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya hər ay 193 manat aliment və uşağın üç yaşa qədər iddiaçının özünə 50 manat əlavə aliment ödəməyə etiraz etmir. Lakin uşağın doğuş xərci ilə bağlı hissədə iddianı qəbul etmir. Ona görə ki, o özü Daxili İşlər Nazirliyi əməkdaşıdır və iddiaçını da DİN-in 2 saylı poliklinikasına qeydiyyata aldırmışdır. Əgər iddiaçı uşağı özəl xəstəxanada yox, dövlət xəstəxanasında dünyaya gətirsə idi, icbari sığorta bütün doğuş xərcini qarşılayacaqdı. Lakin iddiaçı uşağı özəl xəstəxanada dünyaya gətirməyə üstünlük vermişdir. Belə olan halda isə həmin xəstəxanaya çəkdiyi xərci ondan tələb edə bilməz. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qismən qəbul edərək bildirdi ki, cavabdeh alimentlə bağlı hissədə iddia tələbi ilə qismən razıdır. Belə ki, o, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat, uşağın üç yaşına qədər isə 50 manat aliment ödəməyə etiraz etmir. Lakin əlavə xərclə razı deyil. Ona görə ki, doğuş xərci icbari tibbi sığorta təminatına daxildir. Yəni, iddiaçı istəsə idi, uşağı heç bir xərc çəkmədən dünyaya gətirə bilərdi. Buna baxmayaraq, iddiaçı uşağı özəl xəstəxanada dünyaya gətiribsə, həmin xəstəxanaya ödənilmiş pulun cavabdehdən tutulması əsassızdır. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.

İş materialları.

6. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 465428 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X6 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2306 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Məhərrəmova soyadı verilmişdir.

7. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, AZ-İV seriyalı, 783474 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X2 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 3842 nömrə ilə qeyd edilmişdir.

8. xx.xx.2022-ci il tarixli, N17537 nömrəli çekdən görünür ki, keysəriyyə əməliyyatı üçün 1300 manat məbləğində pul vəsaiti “X3 2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir.

İşin faktiki halları.

9. İddiaçı və Cavabdeh xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X2 doğulmuşdur. Hazırda tərəflər faktiki olaraq ayrıdır və iddiaçı öz yanında qalan uşağın saxlanılması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment, uşağın üç yaşına qədər 150 manat aliment, uşağın doğulmasına çəkilmiş 4000 manat məbləğində əlavə xərcin tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etmiş, cavabdeh və nümayəndəsi (vəkili) isə iddianı qismən qəbul etmişdir. Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Maddə 86. Ərdən (arvaddan) və ya keçmiş ərdən (arvaddan) digərinə məhkəmə qaydasında tutulan alimentin miqdarı. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

12. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

13. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı.

Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

15. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

16. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

19. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından bir uşaq doğulmuşdur və bu uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.

20. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (193 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır.

21. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə belə nəticəyə gələrkən nəzərə alır ki, iddiaçı uşağın saxlanılması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment tutulmasını tələb etsə də cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğdən daha artıq məbləğdə aliment tutulmasının zəruriliyini əsaslandıra bilməmişdir.

22. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır.

23. Həmçinin, nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

24. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X1 üç yaşına qədər öz xeyrinə 150 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir.

25. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin yuxarıda istinad edilmiş normalarından göründüyü kimi dairəsi qanunla müəyyən edilmiş konkret hallarda ər-arvadın bir-birini saxlamaq, bir-birinə maddi cəhətdən kömək etmək, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş yoxdursa, digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Lakin bunun üçün digər tərəfin ərini (arvadını) saxlamaq üçün zəruri vəsaitə malik olduğu müəyyən edilməlidir.

26. Hazırkı işdən görünür ki, İddiaçı Mürsəl qızı əri olan Cavabdeh 150 manat sabit pul məbləğində alimenti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2.2-ci maddəsində müəyyən edilmiş əsasla (hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad) tələb edir. Lakin iddiaçı tərəfindən cavabdehin bu alimenti ödəməyə zəruri vəsaiti olmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bununla belə, məhkəmə iclasında iştirak etmiş cavabdehin izahatından göründüyü kimi o, uşağın üç yaşına qədər iddiaçıya 50 manat məbləğində aliment ödəməyə razıdır. Bu isə o deməkdir ki, cavabdehin öz izahatı əsasında onun arvadına aylıq 50 manat məbləğində aliment ödəməyə zəruri vəsaiti olması nəticəsinə gəlmək mümkündür. Lakin cavabdehin bundan daha artıq məbləğdə aliment ödəməyə zəruri vəsaiti olmasına dair iş materiallarında heç bir sübut yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, uşağın üç yaşına qədər cavabdehdən iddiaçının xeyrinə cavabdehin iddianı bu hissədə qəbul etdiyi həcmdə (50 manat sabit pul məbləği) aliment tutulması işin faktiki hallarına və ananın mənafeyinə uyğundur.

27. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həm uşaq, həm də ana üçün alimentin tutulmasına bu iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2022-ci il tarixdən başlanmalıdır.

28. Daha sonra, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən uşağın doğulması zamanı çəkilmiş 4000 manat məbləğində əlavə xərcin tutulmasını tələb etmişdir.

29. Məhkəmə əlavə xərc hissəsində də iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş çekdən görünür ki, xx.xx.2022-ci il tarixdə “keysəriyyə əməliyyatı” təyinatı ilə “X3 2” MMC-nin hesabına 1300 manat məbləğində ödəniş edilmişdir. Bu qəbzdə göstərilmiş ödəniş tarixinin tərəflərin birgə nikahından doğulmuş uşağın doğumundan 2 gün sonra olmasını və iddiaçının nümayəndəsi tərəfindən təqdim edilməsini nəzərə alan məhkəmə ödənilmiş bu pulu tərəflərin birgə nikahından doğulmuş uşağın doğuşu ilə əlaqədar çəkilmiş xərc kimi qəbul edir. Həmçinin, cavabdeh tərəf də iddiaçının uşağın doğuşu ilə bağlı xərc çəkməsini mübahisələndirməmişdir. Cavabdehin mübahisələndirdiyi hissə iddiaçının bu xərci çəkməsinə zərurət olmaması ilə bağlıdır. Belə ki, cavabdeh iddia edir ki, uşağın doğuş xərci tibbi sığorta tərəfindən qarşılandığı halda iddiaçı buna zərurət olmadan uşağı özəl xəstəxanada dünyaya gətirərək, doğuşla bağlı xərc çəkmişdir.

30. Məhkəmə ilk növbədə razılaşır ki, “klassik keysəriyyə kəsiyi əməliyyatı (keysəriyyə kəsiyi əməliyyatı və dölün çıxarılması)” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxildir. Bununla belə nəzərə alınmalıdır ki, icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinə hələ yeni – 2021-ci ilin aprel ayından etibarən başlanmışdır. Həmçinin, vətəndaşların uşaq dünyaya gətirən zaman icbari tibbi sığortadan yararlana bilməsi üçün həkimin göndəriş vərəqəsi olmalıdır. Bu baxımdan iddiaçının uşağı özəl xəstəxanada dünyaya gətirməsinin obyektiv səbəbləri də ola bilər. Məsələn, yeni tətbiq olunan icbari tibbi sığortadan məlumatsızlıq, icbari tibbi sığortanın tətbiqi zamanı yaranan müəyyən növbələr, göndəriş vərəqəsinin obyektiv səbəbdən vaxtında alına bilməməsi, əməliyyatın riskli olması ilə əlaqədar təcili baş tutmasına qəfil zərurət və s.). Elə məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi də ana bətnindəki uşağın ciftinin boynuna dolanmasına görə müraciət etdikləri bütün xəstəxanaların əməliyyatdan imtina etdiyini bildirmişdir. Bu baxımdan cavabdehin sırf bu əsasla özünü uşağın doğulması ilə bağlı çəkilmiş əlavə xərcdən azad hesab etməsi düzgün deyil.

31. Buna baxmayaraq, məhkəmə iddiaçının cavabdehdən uşağın doğulması ilə bağlı çəkilmiş əlavə xərcə görə 4000 manat məbləğində pul tələb etməsi ilə qismən razılaşmır. Ona görə ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdən uşağın doğumuna 1300 manat məbləğində xərc çəkildiyi görünür. Qalan xərcləri təsdiq edən mötəbər sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

32. Eyni zamanda, iddiaçı doğuş zamanı çəkilən xərclərin hamısını cavabdehdən tələb etsə də uşağın doğulması zamanı çəkilmiş xərc hər iki valideyn tərəfindən qarşılanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən əlavə xərc kimi uşağın doğulması zamanı iddiaçı tərəfindən çəkildiyi sübut edilmiş xərcin yarısı olan 650 manat məbləğində pul tutulması işin hallarına daha uyğundur.

Məhkəmə xərci.

33. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən əlavə xərc üçün 75 manat məbləğində dövlət rüsumu ödəmiş, aliment tələbi ilə bağlı hissədə isə dövlət rüsumu ödəməkdən azad edilmişdir.

34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia tələbinin əlavə xərclə bağlı hissədə təmin edilmiş hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, alimentlə bağlı iddianın təmin edilmiş hissəsinə ((193+50)x12=2916 manat) mütənasib olan 49.16 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

35. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat və uşaq üç yaşına çatana qədər saxlanılması üçün 50 (əlli) manat olmaqla, cəmi 243 manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh tutularaq İddiaçı ödənilməli, Cavabdeh 650 manat əlavə xərc tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 49.16 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, qətnamə aliment hissəsində dərhal icra edilməlidir.

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat və uşaq üç yaşına çatana qədər saxlanılması üçün 50 (əlli) manat olmaqla, cəmi 243 (iki yüz qırx üç) manat sabit pul məbləğində aliment xx.xx.2022ci il tarixdən başlayaraq, Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 650 (altı yüz əlli) manat əlavə xərc tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 49.16 manat (qırx doqquz manat on altı qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar