Məhkəmə qərarları › İş №2(010)-4779/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4779/2021

20.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4779/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək onların Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli Y/M, “V” massivi 15 saylı evin 8 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahat verərək bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı iş üzrə Cavabdeh övladlarıdır. X4 ilə Cavabdeh arasında nikah məhkəmə qaydasında pozulmazdan əvvəl iddiaçılar fasiləsiz olaraq həmin mənzildə uzun müddət yaşamışlar. Hər iki iddiaçı hal-hazırda da həmin mənzildə daimi pasport qeydiyyatındadırlar. İddiaçıların anası ilə cavabdeh arasında bağlanmış nikah rəsmi olaraq məhkəmə qaydasında pozularkən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddiaçıların analarının yanında saxlanılması qət edildiyindən və həmin vaxt yetkinlik yaşına çatmadıqlarından öz iradələrindən asılı olmayan səbəblərdən hazırda köçürülmək istədikləri evdən çıxmağa məcbur olmuşlar. Sonradan hər iki iddiaçı anasının yanında yaşamış və yetkinlik yaşına çatdıqdan sonra isə ali təhsil almaq üçün Azərbaycan Respublikasını tərk etmişlər. Lakin İddiaçı1 hələ də atasına məxsus evə dönə biləcəyini düşünmüş və bunu arzulamışdır. Hazırda hər iki iddiaçı təhsilini başa vuraraq Azərbaycan Respublikasına qayıtmışlar. İddiaçı1 başqa yaşayış ünvanı yoxdur, hazırda nənəsinə məxsus evdə qalır. O qeydiyyatda olduğu mənzilə köçüb yaşamaq istəsə də, cavabdeh onu həmin mənzilə köçüb yaşamağa imkan vermir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 eyni məzmunlu izahat verərək bildirmişdir ki, onun valideynləri boşandıqdan sonra o anasının himayəsində qalmışdır. Buna baxmayaraq o birinci sinifdə oxuyarkən atasına məxsus evdə yaşamış və həmin evdən məktəbə gedib- gəlmişdir. Sonradan anasının yanında qalaraq orta məktəbi bitirmişdir. O orta məktəbi bitirdikdən sonra 2015-ci ildən təhsilini davam etdirmək üçün Türkiyə Respublikasına getmiş və 2021-ci ilin yay aylarında Azərbaycan Respublikasına qayıtmışdır. Hal-hazırda o anası ilə birlikdə nənəsinə məxsus olan evdə yaşayır. O atası ilə həmin mənzilə köçməsi barədə danışıqlar aparsa da, cavabdeh buna heç bir əhəmiyyət verməmişdir. Buna görə də iddia tələbinin təmin olunması və qeydiyyatda olduğu həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə iddiaçıların və onun nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Binəqədi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1993-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X3r. İş materiallarına əlavə olunmuş Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1996-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X3r. İş materiallarına əlavə olunmuş Yaşayış yeri üzrə qeydiyyat haqında ******* saylı arayışdan müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli Y/M, “V” massivi 15 saylı evin 8 saylı mənzilində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Dşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 04.10.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli Y/M, “V” massivi 15 saylı evin 8 saylı mənzili Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 23.12.2002-ci il tarixli 1mk-3800/2002 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdeh X1 apellyasiya şikayəti təmin edilmiş və xx.xx.1993-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.1996-ci il təvəllüdlü İddiaçı2 anası X2 himayəsində saxlanılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası MM-nin 27.3-cü madddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 1996-cı il tarixdə yarandığından həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa catmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin ücüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından cıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köcürmək ixtiyarına malikdir. Həddi-büluğa catmamış uşaqların öz valideynlərinin yanına köcürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köcmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin tələbinə görə şəxsi yaşayış yeri–tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli Y/M, “V” massivi 15 saylı evin 8 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İddiaçılar İddiaçı1 və İddiaçı2 doğulduqları gündən həmin mənzilə yaşamışlar. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 23.12.2002-ci il tarixli 1mk- 3800/2002 saylı qətnaməsi ilə xx.xx.1993-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.1996-ci il təvəllüdlü İddiaçı2 anası X2 himayəsində saxlanılmışdır. İddiaçılar özlərindən asılı olmayan səbəbdən mübahisəli mənzildə yaşaya bilməmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli mənzildən istifadə hüququ yaranmış, lakin cavabdeh onların həmin mənzildə yaşamasına şərait yaratmamışdır. Məhkəmə hesab edir ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə müvafiq olaraq, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli Y/M, “V” massivi 15 saylı evin 8 saylı mənzilinə köçürülməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, ondan istifadə həmin mənzildə yaşamaqdan ibarətdir. Məhkəmə göstərilənlərə və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, iddiaçılar həmin evə köçürülməlidirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli Y/M, “V” massivi 15 saylı evin 8 saylı mənzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar