Məhkəmə qərarları › İş №2(010)-4790/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4790/2021

01.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4790/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 10347.66 manat (on min üç yüz qırx yeddi manat altmış altı qəpik) və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında 17.10.2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış və Cavabdeh 17.10.2017-ci il tarixdən 16.10.2018-ci il tarixə kimi Cəmiyyətdə ət emalı sahəsində ekspeditor vəzifəsində işləmişdir. Daha sonra cavabdeh ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Cavabdeh 2017-2018-ci illərdə Cəmiyyətdə ekspeditor kimi çalışan zaman onun cəmiyyətdən aldığı malların qalıq borcları ödənilməmiş qalmışdır. Belə ki, qeyd olunan dövrdə Cavabdeh satışdan müxtəlif tarixlərdə müəyyən məbləğlərdə pulu Cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır, geri qalan 10347.66 manat (on min üç yüz qırx yeddi manat altmış altı qəpik) məbləğində pulu isə bu günə kimi ödəməmişdir. İddiaçı MMC tərəfindən dəfələrlə Cavabdeh şifahi və rəsmi qaydada xəbərdarlıq edilərək onun maddi məsuliyyətində olan 10347.66 manat məbləğində borc qalığın ödənilməsinin tələb edilməsinə baxmayaraq, Cavabdeh bu günə kimi heç bir ödənişi həyata keçirməmişdir. Həmin vəsait vaxtında qaytarılmış olsa idi, Cəmiyyət dövriyyədən xeyli fayda əldə etmiş olardı. Cavabdehin öhdəliklərini vaxtında icra etməməsi nəticəsində Cəmiyyətə xeyli miqdarda ziyan dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyib məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək İddiaçı MMC-nin hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş müddəti ötürdüyünü bildirmiş, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 17.10.2017-17.01.2018-ci il tarixlərində İddiaçı MMC-də əmək müqaviləsi üzrə ekspeditor işləmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 22.12.2017-ci il tarixdə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş, Cavabdehnnun İddiaçı MMC-də müddətsiz əmək müqaviləsi üzrə ekspeditor işlədiyi qeyd edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı 17.10.2017-ci il tarixli əmək müqaviləsinə 16.10.2018-ci il tarixli əmrlə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.a) tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Cavabdeh və İddiaçı MMC arasında bağlanılmış 14.10.2017-ci il tarixli “ticarət nümayəndəsinin (ticarət təmsilçisi) vəzifə öhdəliyi barəsində” müqavilədən görünür ki, İddiaçı MMC Azərbaycan Respublikasının ərazisində ət məhsullarının satışı fəaliyyəti ilə məşğul olan müəssisədir. Ticarət obyektləri ilə alqı-satqı müqavilələrinin bağlanması, həmin ticarət obyektlərində məhsulların yerləşdirilməsi və intensiv satışının təşkil edilməsi üçün İddiaçı MMC tərəfindən bu fəlaiyyətdə məşğul ola bilən şəxsləri, ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edərkən təlimatlandırılır və maddi-məsul şəxs kimi vəzifə öhdəliklərinin yerinə yetirilməsi barədə müqavilə bağlanır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 06.10.2020-ci il tarixli, 368 nömrəli pretenziyadan görünür ki, Cavabdeh Cəmiyyətə 10347.66 manat məbləğində borcunun olması barədə məlumat verilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh arasında 17.10.2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanılmış, bu müqaviləyə isə Cavabdeh İddiaçı MMC-də ekspeditor kimi işə başlamışdır. 22.12.2017-ci il tarixdə əmək müqaviləsində dəyişiklik edilərək müqavilənin müddətsiz bağlandığı qeyd edilmişdir. 16.10.2018-ci il tarixdə isə tərəflər arasında bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.a) bəndində göstərilən əsasla (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Hazırda İddiaçı MMC Cavabdeh MMCdə işlədiyi dövrdə MMC-yə 10347.66 manat borcunun yarandığını, bu borcun tələb edilməsinə baxmayaraq, ödənilmədiyi iddia edərək həmin borcun cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş bir illik müddətin ötürüldüyünü bildirib məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2 maddələri). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Hazırkı iş üzrə iddia müddətinin tətbiqinə dair ərizənin əsaslılığına qiymət verməzdən əvvəl məhkəmə Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərildiyi kimi iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, bütövlükdə tərəflər arasındakı münasibətlərin xarakterinə diqqət yetirilməsini zəruri hesab edir. Bununla bağlı olaraq ilk növbədə qeyd edilməlidir ki, hər nə qədər iddiaçı cavabdehlə aralarındakı münasibətləri borc münasibəti kimi xarakterizə edib cavabdehdən tələb edilən pulu “işçinin işəgötürənə vurduğu maddi ziyan” kimi yox, “borc” kimi tələb etsə də iş materiallarından görünür ki, tərəflər arasında əmək münasibətləri olmuş, Cavabdeh 17.10.2017 – 16.10.2018-ci il tarixləri arasında İddiaçı MMC-də ekspeditor işləmişdir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən İddiaçı MMC də məhz həmin dövrdə cavabdehin işçi kimi işəgötürənin kassasına təhvil verməyə borclu olduğu vəsaiti təhvil vermədiyinə görə, başqa sözlə, işçi kimi vəzifə öhdəliklərini lazımınca icra etmədiyinə görə bu vəsaiti məhkəmə qaydasında keçmiş işçisi olan cavabdehdən tələb etmişdir. Yəni, iddiaçının əsaslandırmasından fərqli olaraq, tərəflər arasında hər hansı borc münasibəti yox, işçi və işəgötürən arasında olan əmək münasibətlərinin olduğu və iddiaçının da keçmiş işçisinin ona vurduğu maddi ziyanı tələb etdiyi aşkardır. Belə olan halda hazırkı mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tətbiqi istisna edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; işəgötürənin kommersiya sirrini yaydıqda; işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202.1-ci maddəyə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, hazırkı iş üzrə ümumiyyətlə, iş materiallarından müəyyən edilmir ki, Cavabdeh İddiaçı MMC-də işlədiyi dövrdə hansısa təqsirli hərəkətlərə yol verərək işəgötürənə hansısa məbləğdə ziyan vurmuşdur. Belə ki, iş materiallarına yalnız başlığına əl yazısı ilə “Cavabdeh 7965” yazılmış bir cədvəl əlavə edilmiş, həmin cədvəldə yekun məbləğ kimi “10347.66” yazılmışdır. Bu cədvəlin içində isə tamamilə başqa-başqa bəndlər (ekspeditorlardan mədaxil, avtomobillərin təmiri, SAB OBA, ekspeditor faizləri və.) yerləşdirilmiş və hər bir bəndin qarşısında müəyyən rəqəmlər yazılmışdır. Hansı ki, ümumiyyətlə, məlum deyil ki, bu cədvəlin bəndlərində yazılanlar nədir, rəqəmlər nəyi ifadə edir, bütün bunların Cavabdeh ilə nə kimi əlaqəsi var. Yəni bu cədvəl əsasında nəinki Cavabdeh işçi kimi işəgötürən İddiaçı MMC-yə hansısa məbləğdə maddi ziyan vurduğu müəyyən edilir, hətta bu cədvəlin nəyi “təsdiq etdiyi”, Cavabdeh aidiyyəti olub-olmadığı belə aşkar edilmir. İş materiallarında olan digər sənədlər isə İddiaçı MMC və Cavabdeh arasında əmək müqaviləsi bağlandığını, dəyişdirildiyini və xitam verildiyini göstərir. Beləliklə, iş materialları ilə sübut edilmir ki, Cavabdeh İddiaçı MMC-də işlədiyi dövrdə işəgötürənə hansısa məbləğdə maddi ziyan vurmuşdur. Halbuki, bu sübutları məhkəməyə təqdim etmək iddiaçının vəzifəsi idi. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddianın əsaslılığını təsdiq edən heç bir sübut təqdim edilmədiyindən iddia təmin edilə bilməz. Bununla belə, cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edildiyi nəzərə alınaraq qeyd edilməlidir ki, hazırkı iş üzrə münasibətləri birbaşa tənzimləyən Azərbaycan Respublikasının Əmək Məcəlləsində bu tip iddialarla bağlı xüsusi iddia müddəti nəzərdə tutulmuşdur. Belə ki, iddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsiniin 5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Hazırkı işdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya vurulduğu iddia edilən maddi ziyanın hansı tarixdə vurulmuş olduğu müəyyən edilməsə də tərəflər arasında olan əmək münasibətlərinə 16.10.2018-ci il tarixdən xitam verilmişdir. Buna baxmayaraq, İddiaçı MMC işçinin vurduğu maddi ziyanla bağlı iddia ərizəsi ilə məhkəməyə əmək müqaviləsinə xitam verildiyi tarixdən üç ilə yaxın müddət keçdikdən sonra – 10.08.2021-ci il tarixdə müraciət etmiş, üstəlik, bu maddi ziyanın hansı tarixdə aşkar edildiyi, daha doğrusu, hansı üzrlü səbəblərdən üç ilə yaxın müddət ərzində aşkar edilmədiyi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda isə məhkəmə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş bir illik iddia müddətini ötürdüyü qənaətinə gəlir və hesab edir ki, iddia rədd edilməlidir. Nəzərə alınmalıdır ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş, iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı əmək münasibətlərindən yaranan mübahisə üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia təmin edilməməlidir. Eyni zamanda, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 30 manat məbləğində dövlətrüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar