Məhkəmə qərarları › İş №2(010)-48/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-48/2025

13.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-48/2025 13.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən onun mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki 0,06 ha torpaq sahəsi onun mülkiyyətindədir, bu haqda ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Torpaq sahəsini hasara alaraq qapı qoymuş və balaca bir əl damı kimi tikinti işi aparmışdır. Cavabdeh onun qardaşıdır və onun icazəsi olmadan həmin torpaq sahəsinə daxil olmuş və hazırda onu həmin ərazidən çıxartmaq mümkün deyildir. Bununla bağlı dəfələrlə valideyni ilə birlikdə onun yanına gedib torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh olan qardaşı əlinə bıçaq alaraq bildirmişdir ki, öldürsələr də, oradan çıxmayacaqdır. Beləliklə cavabdehin bu qanunsuz əməlləri onun mülkiyyət üzərində hüquqlarını kobudcasına pozmuş və məhdudlaşdırmışdır.

Tərəflərin izahatı.

3. İddiaçı iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki 0,06 ha torpaq sahəsi onun mülkiyyətindədir və bununla bağlı ona çıxarış da verilmişdir. Belə ki, onun qardaşı olan Cavabdeh qeyri-qanuni olaraq həmin torpaq sahəsini zəbt etmiş və orada tikilmiş balaca bir tikilidə yaşayır. Bununla bağlı o, dəfələrlə cavabdehdən həmin torpaq sahəsini boşaltması tələb etsə də, cavabdeh onu hədələyərək oradan çıxmayacağını bildirmişdir. Bu əsasla məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsində tikilmiş kiçik bir tikilidə yaşayır. Belə ki, onlar dörd qardaşdırlar və onun atası Yeni Günəşlidə yerləşən mənzilin balaca qardaşına veriləcəyi təqdirdə 12 sot torpaq sahəsinin üç qardaş arasında bölünəcəyini və 4 sot torpaq sahəsinin ona veriləcəyini bildirmişdir. Daha sonra isə atasının onu aldatdığını bilmişdir. Həmin torpaq sahəsinin sənədlərinin qardaşının adına rəsmiləşdirilməsindən onun məlumatı olmamışdır. Hazırda onun yaşaması üçün başqa yaşayış yerinin olmadığını bildirərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

İş materialları.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqları üzrə xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********15 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” haqqında sənədinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki 0,06 ha torpaq sahəsi İddiaçı adınadır.

8. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/9712 nömrəli ekspertiza rəyindən görünür ki, naturada təqdim edilən torpaq sahəsində baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilmiş faktiki döngə nöqtələrinin koordinatları ilə mülki iş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2021 -ci il tarixli, A seriyalı 646943 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar kameral şəraitdə müqayisələndirilən zaman iş üzrə iddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsinin faktiki koordinatları ilə yuxarıda qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların üstüstə düşdüyü müəyyən olunmuşdur.

İşin faktiki halları.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqları üzrə xx.xx.2021-ci il tarixdən İddiaçı adına qeydiyyatdan keçmiş və hal-hazırda da onun mülkiyyətindədir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikilməsə də, Cavabdeh hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsində tikilmiş kiçik bir tikilidə yaşayır. Həmin faktı həm iddiaçı, həmdə cavabdeh tərəf təsdiq edir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9712 nömrəli ekspertiza rəyinə əsasən naturada təqdim edilən torpaq sahəsində baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilmiş faktiki döngə nöqtələrinin koordinatları ilə mülki iş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli, A seriyalı 646943 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar kameral şəraitdə müqayisələndirilən zaman iş üzrə iddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsinin faktiki koordinatları ilə yuxarıda qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların üst-üstə düşdüyü müəyyən olunmuşdur. İş üzrə cavabdeh tərəfin faktiki istifadəsində olan yaşayış evi İddiaçı mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

11. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 135. Əşya hüququnun obyektləri 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4. Torpaq sahəsi

1. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.

Məhkəmənin mövqeyi.

16. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqları üzrə xx.xx.2021-ci il tarixdən İddiaçı adına qeydiyyatdan keçmiş və hal-hazırda da onun mülkiyyətindədir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikilməsə də, Cavabdeh hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsində tikilmiş kiçik bir tikilidə yaşayır. Həmin faktı həm iddiaçı, həm də cavabdeh tərəf məhkəmə iclasında verdikləri izahatları və təqdim olunmuş fotoşəkillər ilə təsdiq edirlər.

17. Göründüyü kimi, həmin torpaq sahəsində fərdi yaşayış evi tikilməmiş və daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evinə dair heç bir qeydiyyat aparılmamışdır. Lakin cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikilmiş kiçik bir tikilidə yaşayır və bu hal məhkəmə araşdırması zamanı mübahisələndirilməmişdir.

18. Torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi məqsədilə məhkəmə-tikinti ekspertizası təyin olunmuş və verilmiş ekspertiza rəyinə əsasən naturada təqdim edilən torpaq sahəsində baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilmiş faktiki döngə nöqtələrinin koordinatları ilə mülki iş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli, A seriyalı 646943 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar kameral şəraitdə müqayisələndirilən zaman iş üzrə iddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsinin faktiki koordinatları ilə yuxarıda qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların üstüstə düşdüyü müəyyən olunmuşdur. İş üzrə cavabdeh tərəfin faktiki istifadəsində olan yaşayış evi İddiaçı mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşir.

19. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

20. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü həm iddiaçı, həm də cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə həmin torpaq sahəsinin onun mülkiyyətində olması barədə müəyyən sənədləri təqdim etmiş, həmçinin aparılmış ekspertiza rəyinə əsasən iddiaçı tərəfin naturada təqdim etdiyi torpaq sahəsinin faktiki koordinatları ilə yuxarıda qeyd olunan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların üst-üstə düşdüyü və iş üzrə cavabdeh tərəfin faktiki istifadəsində olan yaşayış evinin İddiaçı mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur.

21. Bundan əlavə nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)

22. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olmaqla orada fərdi yaşayış evinin tikilməsi ilə bağlı iddiaçının “qanuni gözləntisi” mövcuddur.

23. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı həmin daşınmaz əmlak üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış, həmin torpaq sahəsi üzərində bir sıra hüquq və vəzifələrə malikdir, həmçinin həmin torpaq sahəsində məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisi və həmin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq barədə qanuni gözləntiyə malikdir.

24. Hər bir halda məhkəmə qeyd edir ki, cavabdeh tərəfin torpaq sahəsindən istifadə hüququ cavabdehlə aralarındakı ailə münasibətlərindən yox, mülki münasibətlərdən də (məsələn, tərəflər arasında müqavilə bağlanması) yarana bilərdi. Lakin işin hallarından görünür ki, tərəflər arasında cavabdehə torpaq sahəsindən istifadə hüququ verən hər hansı mülki hüquqi münasibət mövcud olmamışdır.

25. Məhkəmə hesab edir ki, cavabdeh tərəf mübahisəli torpaq sahəsinin digər qardasının adına rəsmiləşdirilməsindən məlumatlı olmamasını, 12 sot torpaq sahəsindən 4 sotun onun mülkiyyətində olmasını qeyd etsə də, bununla bağlı olaraq hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir.

26. Bundan əlavə iddiaçı tərəf mübahisəli torpaq sahəsindən cavabdehin ailə üzvü ilə birlikdə çıxarılması barədə tələb irəli sürmüş və ona iddia tələbinə dəqiqləşmə verməsi təklif olunsa da, hər hansı dəqiqləşmə verməmiş, digər şəxsləri cavabdeh qismində cəlb etməmiş və cavabdehin ailə üzvünün kimləri əhatə etməsi məhkəməyə məlum deyildir. Məhkəmə xərcləri.

27. İddiaçı tərəfindən dövlət rüsumu ödənildiyindən və iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh mübahisəli torpaq sahəsindən çıxarılmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiа qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən çıxarılsın. Ödənilmiş - 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar