Məhkəmə qərarları › İş №2(010)-4801/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4801/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4801/2021 28.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi” tələbinə dair iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən onun Cavabdeh1 ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 4A, mənzil 45 (Hövsan qəs., 4-cü mkr., ev 4A, mən.45) ünvanında yerləşən mənzilə dair alğı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi, onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 4A, mənzil 45 (Hövsan qəs., 4-cü mkr., ev 4A, mən.45) ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildə şəxsi mənzilə ehtiyacı olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 4A, mənzil 45 (Hövsan qəs., 4-cü mkr., ev 4A, mən.45) ünvanında yerləşən iki otaqlı evi onun sahibi Cavabdeh1 3000 ABŞ dolları məbləğinə almışdır. Cavabdeh1 Sabunçu rayonu ərazisində yeni mənzil almaq üçün ona təcili pul lazım olduğunu bildirdiyi üçün o, bu məbləğin hamısını bir dəfəyə ona vermişdir. Eyni zamanda, razılığa gəlmişlər ki, qısa müddətdə alğı-satqı müqaviləsi bağlamaq və bu müqaviləni notariat qaydasında təsdiq etmək məqsədilə görüşsünlər. Danışılmış müddətin başa çatmasına baxmayaraq, Cavabdeh1 ona məlum olmayan səbəblərdən notariusa gəlməmişdir. Belə vəziyyət onda narahatlığın yaranmasına səbəb olmuş, ona görə də yaranmış xoşagəlməz vəziyyət barədə atası Sarı Quliyevə məlumat vermək məcburiyyəti qarşısında qalmışdır. Bundan sonra, prosesə müdaxilə edən atası bu mənzili onlara təqdim və təklif edən vasitəçinin köməkliyi ilə bir neçə günlük axtarışdan sonra nəhayət Cavabdeh1 Sabunçu rayonunda tapmış, ondan alqı-satqıya gəlməməsinin səbəbini və məqsədini öyrənmişdir. Cavabdeh1 yalnız vaxt məhdudiyyəti səbəbindən gələ bilmədiyini, başqa bir məqsədinin olmadığını bildirmiş, alqı-satqını başqa vaxta keçirmiş, hətta inandırıcı olsun deyə atasına sözügedən mənzillə bağlı ümumi etibarnamə vermişdir. Yenə də bir müddət keçmiş, lakin Cavabdeh1 xəbər çıxmamışdır. Belə olan təqdirdə atası vasitəçi ilə yenidən onun Sabunçu rayonunda yerləşən mənzilinə getmiş, bu zaman onun evdə olmadığını müəyyən etmişdir. Bu hal dəfələrlə təkrar olunmuş, hətta bir neçə dəfə onun özü də mənzilə gedərək axtarışlarda iştirak etmişdir. Bu proses təxminən dörd ilə yaxın bir müddətdə davam etmiş, verilən etibarnamənin də müddəti başa çatmışdır. Bu müddət ərzində həmin mənzil onun tərəfindən əsaslı təmir olunmuş, mənzilin kommunal xərcləri vaxtı-vaxtında ödənilmiş, öz mənzili kimi burada təsərrüfat aparmışdır. Nəhayət, 2017-ci ildə Cavabdeh1 qızı Natalya Sergeyevnanı tapmağa müvəffəq olmuş, ona bu məsələni təfsilatı ilə çatdırmış və alqısatqı prosedurunda ona yardım göstərməyini ondan xahiş etmişdir. N.Sergeyevna öz növbəsində məsələ barədə məlumatlı olduğunu, lakin atası ilə küsülü yaşadığını və atasının onun dediklərinə əhəmiyyət vermədiyini, eyni zamanda qızının da onu inkar etdiyini, qəbul etmədiyini, onun problemlərinin qızı üçün əhəmiyyətsiz olduğunu diqqətinə çatdırmışdır. O, başqa çıxım yolu olmadığını bilir, lakin bu mənzildə yaşayışını davam etdirirdi. Buna baxmayaraq, bu problemlə bağlı gündəlik narahatçılıqlar, gərginliklər və sıxıntılar onu bir an tərk etmir. Hazırda vəziyyət o həddə gəlib çatıb ki, öz hüquqlarından istifadə edə bilmir, onun və ailə üzvlərinin bu günə qədər qeydiyyatsız yaşaması gündəlik həyatlarında ciddi çətinliklər yaradır. Daha sonra, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh2 işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Odur ki, Cavabdeh2 işə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh1 məxsus mənzili almaq məqsədilə ona 1997-ci ildə 3000 ABŞ dolları məbləğində pul vermişdir. Bu zaman aralarında notariat qaydasında təsdiq edilmiş alqısatqı müqaviləsi bağlanmasa da mənzil faktiki olaraq öz sahibliyinə keçmiş, həmin vaxtdan bu mənzildə yaşamağa başlamış, hazırkı vaxta qədər bununla bağlı heç bir mübahisə olmamışdır. Lakin rəsmi alqı-satqı müqaviləsi bağlanmadığından mənzili öz mülkiyyətinə keçirə bilmir. Cavabdeh1 təxminən 2000-2001-ci illərdə vəfat etmiş, bundan sonra isə ümumiyyətlə rəsmi alqı-satqının reallaşdırılması mümkün olmamışdır. Halbuki, bu mənzilin dəyərini ödəyib almış, bu barədə müvafiq sübutları özündə saxlamışdır. Həmin vaxtdan bu mənzildə yaşayır, lakin mənzili mülkiyyətinə keçirə bilmir. Cavabdeh1 ölsə də onun yeganə vərəsəsi olan Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək iddianı etiraf etdiyini bildirmişdir. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh1 hələ hazırkı iddia ərizəsi məhkəməyə daxil olmazdan uzun müddət əvvəl ölmüşdür. Bu səbəbdən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(010)-4801/2021 saylı qərardadı ilə iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilmişdir. Digər Cavabdeh2 məhkəməyə iddianıın etirafı barədə ərizə ilə müraciət edərək iddiaı etiraf etdiyini, iddianın təmin edilməsinə heç bir etirazı olmadığını bildirib işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən Cavabdeh1 verilmiş 074509 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4-cü mikrorayon küçəsində 4 a nömrəli yaşayış evinin 45 nömrəli mənzili 01.04.1997-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. 02.04.1997-ci il tarixli etibarnamənin təsdiq edilmiş tərcüməsindən görünür ki, bu etibarnamə ilə Cavabdeh1 bütün əmlakını idarə etmək və sərəncam vermək də daxil olmaqla etibarnamədə göstərilən bütün səlahiyyətləri X3 etibar etmişdir. 15.02.1997-ci il tarixli qəbzin təsdiq edilmiş tərcüməsindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən, iki otaqdan ibarət olan mənzili satmışdır. Buna görə 3000 ABŞ dolları almışdır. Məbləğ alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. Məhkəmə iclasında şahid kimi izahat verən X1 bildirdi ki, İddiaçı 1997-ci ildə atası ilə birlikdə ona yaxınlaşaraq ev almaq istədiyini bildirmişdir. Belə ki, o, əvvəllər ev alqı-satqısı üzrə vasitəçi kimi işləmiş, Hövsanda ofisi olmuşdur. İddiaçı də ona müraciət edib ev almaq istədiyini bildirdikdən sonra tanımışdır. Bundan bir müddət sonra Şüşəli bazarın arxasında, iki otaqlı, təmirsiz satılıq mənzil tapmış, bu barədə İddiaçı məlumat vermişdir. Bundan sonra, onlar birlikdə həmin mənzilə baş çəkmiş, mənzilin sahibi Cavabdeh1la İddiaçı arasında mənzilin alqı-satqısı ilə bağlı razılıq əldə olunmuş, İddiaçı Cavabdeh1 3000 ABŞ dolları məbləğində pul vermiş, Cavabdeh1 da öz növbəsində 5-10 günə mənzili tərk edib İddiaçı təhvil verəcəyini bildirmişdir. Pul verilərkən o da buna şahid olmuş, bununla bağlı qəbz yazıldığını görmüşdür. Cavabdeh1 mənzildə olan vaxt mənzildə ondan başqa heç kim olmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 4A, mənzil 45 (Hövsan qəs., 4-cü mkr., ev 4A, mən.45) ünvanında yerləşən mənzili hələ 1997-ci ildə Cavabdeh1 3000 ABŞ dolları qarşılığında almış, bu zaman aralarında notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanılmasa da İddiaçı tərəfindən Cavabdeh1 edilmiş ödənişin qəbzi və Cavabdeh1 tərəfindən bütün əmlakı üzərində idarə etmək və sərəncam vermək səlahiyyəti daxil olmaqla bir sıra səlahiyyətlərin verildiyi etibarnamənin əsli məhkəməyə təqdim edilmişdir. Beləliklə, tərəflər arasında faktiki alqı-satqı baş tutmuş, iddiaçı mənzilə görə razılaşdırılmış məbləği mənzilin sahibinə ödəmiş, mənzil sahibi də həmin mənzili iddiaçının faktiki sahibliyinə vermişdir. Həmin vaxtdan etibarən İddiaçı mənzilə heç bir mübahisə olmadan sahiblik və istifadə etmişdir. Lakin mənzil satıldıqdan bir müddət sonra mənzili satan Cavabdeh1 öldüyündən tərəflər arasında notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinin bağlanılması mümkün olmamışdır. Hazırda isə İddiaçı məhkəmədən məhz həmin alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsini xahiş edir. Cavabdeh1 ölümündən sonra onun vərəsəsi olan və hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmiş qızı Cavabdeh2 isə məhkəməyə iddianın etiraf edilməsinə dair ərizə verərək iddianın təmin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Belə bir vəziyyətdə məhkəmə cavabdehin mərhum atası ilə iddiaçı arasında faktiki alqı-satqı müqaviləsinin bağlanılmasını qəbul etməsini iddianın etirafı kimi qiymətləndirir və hesab edir ki, iddia etiraf olunan hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Hər bir halda məhkəmə cavabdehin iddianı etiraf etməsi ilə kifayətlənmir və etirafın qəbul edilənliyi məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı şəxsin, eləcə də cavabdehin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə ki, mənzil artıq 20 ildən çoxdur ki, iddiaçının faktiki sahibliyindədir. Bu müddət ərzində mənzili ona satan şəxs ölmüş, onun vərəsəsinin isə mənzillə bağlı heç bir mübahisəsi olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddianın etirafı qanuna uyğundur və heç bir tərəfin qanunla qorunan hüquqlarını pozmur. Ona görə də məhkəmə hesab edir ki, etiraf qəbul edilməli və iddia qismən təmin edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, iddia tələbində mənzil üzərində mülkiyyət hüququnun tanınması tələb edilsə də müvafiq alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Bu səbəbdən iddianın həmin hissədə təmin edilməsinə zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı (alıcı) ilə Cavabdeh1 (satıcı) arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 4A, mənzil 45 (Hövsan qəs., 4-cü mkr., ev 4A, mən.45) ünvanında yerləşən mənzilin alqı-satqısına dair 02.04.1997-ci il tarixli alqısatqı müqaviləsi bağlanılmış hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı (alıcı) ilə Cavabdeh1 (satıcı) arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 4A, mənzil 45 (Hövsan qəs., 4-cü mkr., ev 4A, mənzil 45) ünvanında yerləşən mənzilin alqı-satqısına dair 02.04.1997-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 4A, mənzil 45 (Hövsan qəs., 4-cü mkr., ev 4A, mənzil 45) ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar