Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-630/2025 03.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzillərin sahiblik və istifadəyə verilməsi tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzillərin sahiblik və istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində yerləşən sahəsi 79.69 kvm olan 2 otaqlı, 60 saylı mənzilin və yaşayış kompleksində 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 121.87 kvm olan 3 otaqlı, 66 saylı mənzillərinə sahiblik və istifadə hüququnun tanınması və həmin mənzillərin sahiblik və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı dövründə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində texniki səhv olaraq cavabdehin adı "xxxx" MTK kimi qeyd edilmişdir. Həmin yanlışlıq düzəldilməli, cavabdehin adı Cavabdeh Mənzil Tikinti Kooperativi kimi oxunmalıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK və Alıcı İddiaçı arasında xx.xx.2019-cu il tarixli, AZ/B01/MR08/MN60/TRP/040219 saylı müqavilə əsasında 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində səhəsi 79.69 kv.m olan 2 otaqlı, 60 saylı mənzilini həmin mənzilin dəyəri olan 39.845 manat ödəmişdir. Bu barədə ona xx.xx.2019-cu il tarixdə maliyyə arayışı təqdim edilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli AZ/B01/MR09/MN66/TRP/040219 saylı müqavilə əsasında 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində sahəsi 121.87 kv.m olan 3 otaqlı, 66 saylı mənzilin dəyəri olan 60395 manat ödəmişdir. Bu barədə də ona xx.xx.2019-cu il tarixdə maliyyə arayışı təqdim edilmişdir. Lakin bu günədək cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmiş, yaşayış kompleksində inşa edilən binalar sakinlərin istifadəsində verilsə də, müqavilədə nəzərdə tutulan yaşayış sahələri onun sahiblik və istifadəsinə verilməmişdir. Bununla da cavabdeh onun mülkiyyət hüquqlarını pozur. Cavabdehdən bu hərəkətlərə son qoyulmasını tələb etsə də, cavabdehin hərəkətsizlik nümayiş etdirməsi ona məxsus yaşayış sahələrinə sahiblik və istifadəsinə verilməsini müxtəlif bəhanələrlə uzadır. Odur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 4.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, cavabdehin hesabına mübahisəli yaşayış sahəsinin dəyərini tam ödəmiş, həmin yaşayış sahələrinə onun xx.xx.2019-cu il tarixdən mülkiyyət hüquqları yaranmışdır. Həmin tarixdən yaşayış sahəsi onun sahiblik və istifadəsindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 14.2.1, 16.1, 178.8, 385.1, 386.1 və 452.1-ci maddələrinə əsasən hesab edir ki, iddia təmin edilməlidir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi etirazında göstərilmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarının saxta olması onunla sübut olunur ki, maliyyə arayışının sıra nömrəsi yalnız mənzillərin nömrələri (60 və 66) yazılmaqla guya qeydiyyatdan keçdiyi göstərilmişdir. Faktiki olaraq isə MTK-da sıra nömrəsi 60 və 66 saylı maliyyə arayışları qeydiyyatdan keçməmişdir. Həmin maliyyə arayışlarının hansı yolla əldə olunması onlara da məlum deyildir. Sonradan məlum olmuşdur ki, İddiaçı makler X8 (ş/v:AZE********) ilə razılaşmaqla mənzilin dəyərini onun vasitəsi ilə ödəmək şərti ilə ona 53800 manat pul vermiş və sonuncu isə həmin pulu mənimsəyərək MTK-ya ödəməmişdir. Sonradan həmin xüsusat araşdırılmış, X8 MTK-ya gələrək İddiaçı 53800 manat pulu aldığını etiraf etmiş və həmin pulu xx.xx.2019-cu il tarixə kimi ödəyəcəyinə söz verməklə xx.xx.2019-cu il tarixdə 01 Nömrəli “Borc Razılaşması barədə müqavilə” bağlamışlar. Həmin müqaviləyə X8 və İddiaçı da imza etmişlər. Həmin borc razılaşması müqaviləsindən görünür ki, İddiaçı mənzilin dəyərinin yalnız xx.xx.2019-cu il tarixdə 800 manat, xx.xx.2019-cu il tarixdə 600 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 800 manat, xx.xx.1019-cu il tarixdə 800 manat, xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019-ci ildə isə 900 manat pul ödəmiş və ondan sonra isə mənzilin dəyərini ödəməkdən imtina etmişdir. Dəfələrlə mənzilin dəyərinin ödənilməsi ilə bağlı İddiaçı və X7 şifahi və yazılı olaraq xəbərdarlıqlar edilməsinə baxmayaraq, onlar mənzillərin dəyərinin cədvəl üzrə ödənilməsindən və son nəticədə ümumiyyətlə ödəməkdən imtina etmişlər. Bütün bunları nəzərə alaraq MTK Nizamnaməsinə və onunla bağlanmış müqavilələrin 4.1.3-cü bəndi əsas götürməklə xx.xx.2020-ci il tarixli təsisçilərin ümumi yığıncağının qərarı ilə müqavilələri və mənbəyi məlum olmayan saxta maliyyə arayışları ləğv edilmiş və bu barədə ona rəsmi poçt vasitəsi ilə məlumat verilmişdir. Həmin gündən bu günə qədər 3 il 8 ay keçdikdən sonra isə bu barədə nədənsə məhkəmədə əsassız olaraq iddia qaldırmışdır. İddiaçı MTK-ya sözügedən hər 2 mənzillərin dəyərindən yalnız, cəmi 4200 manat pul ödəmişdir. Həmin 4200 manat pulun MTK-dan götürməsi barədə dəfələrlə ona bildirilsə də həmin pulu da nədənsə bu günə kimi gəlib götürməmişdir. Müqavilə şərtlərinə uyğun olaraq tərəflər arasında müqavilə qanunvericiliyə uyğun olaraq ləğv edildiyindən MTK tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət edilməsi məqsədəuyğun sayılmamışdır. Bundan başqa bildirilir ki, sözügedən müqavilələr xx.xx.2020-ci il tarixdən ləğv edildiyindən həmin mənzillər onun sahiblik və istifadəsinə verilməmiş, onun sahibliyinə verilməsi üçün iddia qaldırmaq müddəti 1 il olmasına baxmayaq, həmin müddətdən 3 il 8 ay keçdiyindən Mülki Məcəllənin 165.2-ci maddəsi tətbiq olunmaqla rədd edilməlidir. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2-ci maddəsinə əsasən, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq 1 il təşkil edir. Həmçinin Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir: “1. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.” Mülki Məcəlləsin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, özlüyündə etibarsız olan əqddir. 337.4cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əlavə olaraq bildirilir ki, sözügedən 66 saylı mənzil hazırda X3, 60 saylı mənzil isə X1 və istifadəsindədir. Eyni zamanda bildiririlir ki, 1-ci binanın 66 saylı və 65 saylı mənzilləri birləşdirilərək X2 və istifadəsində saxlanmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə1 daha sonra ərizə ilə müraciət edərək, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, İddiaçı iddia tələbi üzrə iddia müddətinin tətbiq olunması və iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, mülki iş materiallarını nəzərdən keçirərək, yerində müayinə edərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İddiaçı ilə Cavabdeh MTK-nın satış, marketinq və maliyyə üzrə meneceri V.Atakişiyevin imzaladıqları xx.xx.2019-cu il tarixli AZ/B01/MR08/MN60/TRP/040219 saylı müqavilənin surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 8-ci mərtəbəsindən sahəsi 79.69 kvm olan 2 otaqlı, 60 saylı mənzilin 1 kv.m 500 manat olmaqla dəyəri 39845 manat təşkil edir. -Cavabdeh MTK-nın satış, marketinq və maliyyə üzrə meneceri V.Atakişiyevin imzaladığı xx.xx.2019-ci il tarixli, 60 saylı maliyyə arayışından görünür ki, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsində MTK tərəfindən inşa edilən yaşayış kompleksində xx.xx.2019-cu il tarixli AZ/B01/MR08/MN60/TRP/040219 saylı müqavilə əsasında aldığı bina 1 mərtəbə 08, sahəsi 79.69 kv.m olan 60 saylı mənzilin 39845 manat dəyərini tam ödəmişdir və MTK-ya borcu yoxdur. -“İddiaçı ilə Cavabdeh MTK-nın satış, marketinq və maliyyə üzrə meneceri V.Atakişiyevin imzaladıqları xx.xx.2019-cu il tarixli AZ/B01/MR08/MN60/TRP/040219 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh MTK tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 9-cu mərtəbəsindən sahəsi 121.87 kv.m olan 2 otaqlı, 66 saylı mənzilin 1 kv.m 500 manat olmaqla dəyəri 60935 manat təşkil edir. -Cavabdeh MTK-nın satış, marketinq və maliyyə üzrə meneceri V.Atakişiyevin imzaladığı xx.xx.2019-cu il tarixli 66 saylı maliyyə arayışından görünür ki, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsində MTK tərəfindən inşa edilən yaşayış kompleksində xx.xx.2019-cu il tarixli AZ/B01/MR09/MN66/TRP/040219 saylı müqavilə əsasında aldığı bina 1 mərtəbə 09 sahəsi 121.87 kv.m olan 66 saylı mənzilin 60935 manat dəyərini tam ödəmişdir. -Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, gündəlikdə olan məsələdə MTK ilə alıcı arasında bağlanmış alqı-satqı müqavilə şərtlərinin yerinə yetirilməməsi haqqındadır. Gündəlikdəki 1-ci məsələ ilə əlaqədar MTK-nın sədr müavini V.Atakişiyev qeyd etmişdir ki, İddiaçı satılmış (AZ/B01/MR09/MN66/TRP/040219, B01-MN66 saylı və (AZ/B01/MR02/MN60/BRT/290119, B01-MN60 saylı) mənzillərin müqavilədə qeyd olunmuş ödəmə məbləğləri bu günə kimi MTK-ya ödənilməmişdir. Adları sadalanan şəxslərə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi mənzillərin ödəmə məbləğinin tam dəyəri ödənilməmişdir. Belə ki, yuxarıda göstərilən səkkiz mənzilin hər biri torpaq sahibi ilə bağlanmış müqavilə əsasında müqavilə şərtlərinə uyğun verilmiş olsa da, sonradan həmin mənzillər torpaq sahibi tərəfindən MTK-ya qaytarılmış, pay hüququndan imtina edərək, həmin pay hüququnun və həmin mənzilin satılmasına və digər şəxsin adına keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra həmin mənzillər müqavilə əsasında başqa şəxslərə satılmış və texniki səhv olaraq, yəni satılmış mənzillərin pulunun ödənilməsini ilkin sənədi əsas götürərək Maliyyə arayışı verilmişdir. Beləliklə, mənzil alan şəxslər texniki səhvdən istifadə edərək MTK-ya pul ödəmədikləri halda "xxxx" əldə etməyə nail olmuşdular. Bu günə kimi isə həmin mənzillərin pulu MTK-ya ödənilməmişdir. Bütün bunları və müqavilələrin 2.3. bəndini əsas götürərək yuxarıda göstərilən bağlanmış müqavilələrin birtərəfli qaydada ləğv edilməsini birtərəfli xitam verilməklə, maliyyə arayışı ləğv olunsun və mənzilin yenidən satışa çıxarılması haqqında qərar çıxarılsın. Baş mühasib Nərimanov Alim çıxış edərək bildirdi ki, yuxarıda göstərilən səkkiz mənzillərdən heç biri alqı-satqı müqaviləsinin şərtlərinə əsasən ödəniləsi məbləğ MTK-nın xəzinədarlığına mədaxil olmamışdır. X17 çıxış edərək bildirdi ki, kooperativin fəaliyyəti dövründə alıcılarla bağlanmış alqı-satqı müqavilələrin şərtləri bir çox sakinlər tərəfindən, o cümlədən yuxarıda adları qeyd olunan sakinlər tərəfindən daima pozulmuş, belə ki, müqavilənin 2-ci bəndi “Hesablaşmalar və ödəniş şərtləri” və 5-ci bəndinin “Müqavilənin pozulması” şərtlərinə riayət olunmamış, bu da tikintinin tam başa çatmasına, eyni zamanda podrat və dövlət təşkilatlarına vaxtlı-vaxtında ödənişlərin aparılmasına imkan verməmişdir. Həmin şəxslərə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə əsasında götürdükləri öhdəlikləri yerinə yetirməmişdilər. X6 çıxış edərək Vasif Atakişitev və qeyrilərinin göstərmiş olduqlarını bir daha təsdiq etdi. Yuxarıda göstərilənləri nəzərə alaraq gündəlikdə duran məsələ açıq səs vermə yolu ilə səsə qoyuldu. Təklif yekdilliklə qəbul olundu. Bitərəf qalan və əlehinə səsverən olmadı. -X9 ilə MTK-nın sədri A.İ.Əliyevin imzaladıqları xx.xx.2017-ci il tarixli AZ/B01/MR08/MN60/NGD/221217 saylı müqavilənin surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 8-ci mərtəbəsindən sahəsi 79.69 kvm olan 2 otaqlı, 60 saylı mənzilin 1 kv.m 690.17 manat olmaqla dəyəri 55000 manat təşkil edir. -Cavabdeh MTK-nın sədri A.İ.Əliyevin imzaladığı xx.xx.2017-ci il tarixli 1110 saylı maliyyə arayışından görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində MTK tərəfindən inşa edilən yaşayış kompleksində xx.xx.2017-ci il tarixli AZ/B01/MR08/MN60/NGD/221217 saylı müqavilə əsasında aldığı bina 1 mərtəbə 08, sahəsi 79.69 kv.m olan 60 saylı mənzilin 55000 manat dəyərini tam ödəmişdir. -X10 ilə Cavabdeh MTK-nın sədri A.İ.Əliyevin imzaladıqları xx.xx.2017-ci il tarixli AZ/B01/MR09/MN66/NGD/021117 saylı müqavilənin surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Abşeron rayonu Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 9-cu mərtəbəsindən sahəsi 121.87 kvm olan 3 otaqlı, 66 saylı mənzilin 1 kv.m 600 manat olmaqla dəyəri 73122 manat təşkil edir. -Cavabdeh MTK-nın sədri A.İ.Əliyevin imzaladığı xx.xx.2017-ci il tarixli 144 saylı maliyyə arayışından görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində MTK tərəfindən inşa edilən yaşayış kompleksində xx.xx.2017-ci il tarixli AZ/B01/MR09/MN66/NGD/021117 saylı müqavilə əsasında aldığı bina 1 mərtəbə 09, sahəsi 121.87 kv.m olan 66 saylı mənzilin 73122 manat dəyərini tam ödəmişdir. -Borc verən qismində Ramazanov Anar, borc alan qismində İddiaçı, iştirak edən qismində isə X5 imzaladıqları xx.xx.2019-cu il tarixli, 01 saylı Borc Razılaşması müqaviləsindən görünür ki, İddiaçı (ŞV seriya AZE 0*******) təsdiq edir ki, X5 (ŞV seriya AZE ********) iştirakı ilə Cavabdeh MTK-nın inşa etdiyi B1 saylı binanın 8-ci mərtəbəsindəki 60 saylı, sahəsi 79.69 kv.m olan 2 və B1 saylı binanın 9-cu mərtəbəsindəki 66 saylı, sahəsi 121.87 kv.m olan 3 otaqlı mənzili alarkən X11 80000 manat borclu qalmışdır, 53800 manat ödənilmişdir. X7 və bu borcun 33200 manat məbləği X8 tərəfindən xx.xx.2019-cu il tarixinə kimi ödəyəcəyini və qalan 26200 manat məbləği isə 24 ay (2 il) müddətinə ayda 1091.66 manat ödəməklə qaytaracaqdır. Ödənişləri hər ayın 31-dən gec olmayaraq edəcəkdir. -Həmçinin, xx.xx.2019-cu il tarixli, 01 X12 barədə sənəddən görünür ki, xx.xx.2019cu il tarixdə 800 manat, xx.xx.2019-cu il tarixdə 600 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 800 manat, xx.xx.2019-cu il tarixdə 800 manat, xx.xx.2019cu il tarixdə 100 manat, xx.xx.2019-ci ildə isə 900 manat pul ödəmişdir. Beləliklə də işin araşdırılmış halları ilə müəyyən edilir ki, 1 saylı yaşayış binasının 8ci mərtəbəsində səhəsi 79.69 kv.m olan 2 otaqlı 60 saylı mənzilinə dair Cavabdeh MTK və “Alıcı” İddiaçı arasında xx.xx.2019-cu il tarixli AZ/B01/MR08/MN60/TRP/040219 saylı müqavilə və 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində sahəsi 121.87 kv.m olan 3 otaqlı 66 saylı mənzilinə dair xx.xx.2019-cu il tarixli AZ/B01/MR08/MN60/TRP/040219 saylı müqaviləyə, həmçinin həmin mənzillərin dəyərini ödənilməsi barədə xx.xx.2019-cu il tarixdə maliyyə Arayışlarına istinad edərək həmin mənzillərin ona məxsus olmasını iddia edir. Cavabdeh tərəf isə iddiaya etiraz edir və iddiaçının iddia etdiyi mənzillərə görə MTKya ödənişlər etməməsini, həmçinin ondan əvvəl digər şəxslərin sözügedən mənzillərə münasibətdə 2017-ci ildə müqavilələr bağlamasını və hazırda da həmin mənzillərin onların faktiki istifadələrində olmaqla sahiblik etmələrini bildirir. Mülki Məcəllənin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1.-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin 324.1 və 389.1-ci maddələrinin dispozisiyasından görünür ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, bir-birinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımi formada razılığa gəlmələri tələb edilir. Belə ki, alqı-satqı müqavilələri üzrə satılan əşyalar (alqı-satqı müqavilələrinin predmetləri) fərdi müəyyən əşyalardır. Bu mənada alqı-satqı müqavilələrinin obyektlərinin hər hansı digər əşyadan yalnız özlərinə xas əlamətlərə görə ayrılması və müəyyənləşdirilə bilən olması tələb edilir (MM, maddə 135.7). Müqavilənin bağlanması üçün tərəflərin forma şərtinə əməl etməsi ilə yanaşı həm də müqavilənin predmeti barəsində razılığa gəlmiş olması lazımdır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. (MM, maddə 405.1) Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə daha sonra qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq, məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarı”nda formalaşdırdığı hüquqi mövqeyə görə... qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Yuxarıda qeyd olunan normalardan aydın olduğu kimi bağlanmış müqavilələr tərəflər üçün qarşılıqlı hüquq və vəzifələrin yaranmasına səbəb olmuş hüquqi faktdır. Lakin qanunvericilikdə əksini tapmış imperativ normaya əsasən tərəflər müqavilə öhdəliklərini vaxtında və lazımınca etməli olmalarına baxmayaraq iddiaçı tərəf cavabdeh MTK-nın bu normaların tələblərini pozmasını, müqavilələrdə nəzərdə tutulmuş mənzillərin onun sahibliyinə və istifadəsinə verilməli olmasını iddia edir. Lakin işin araşdırılmış hallarından görünür ki, iddiaçının iddia etdiyi mübahisəli 60 saylı mənzilə dair xx.xx.2017-ci ildə X9 ilə, 66 saylı mənzilə dair isə X10 ilə xx.xx.2017-ci il tarixli müqavilələr bağlanmış və onların müqavilələrini satıcı qismində Cavabdeh MTK-nın sədri A.İ.Əliyev imzalamışdır. Həmçinin də Cavabdeh MTK-nın sədri A.İ.Əliyevin imzası ilə X4 adına xx.xx.2017-ci il tarixli 1110 saylı və X3 adına isə xx.xx.2017-ci il tarixldə 144 saylı maliyyə arayışları da verilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən 1 saylı yaşayış binasının 60 saylı mənzili binanın 8-ci mərtəbəsində yerləşməklə X4 istifadəsindədir. Mənzildə olan X9 izahatında təmir işlərinin aparıldığını və mənzilin 2017-ci ildən onun istifadəsində olmasını bildirmişdir. Mənzildə təmir işlərinin aparılması müşahidə edilir. Həmçinin müəyyən edilmişdir ki, Abşeron rayonu Masazır qəsəbəsində inşa edilən 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində 66 saylı mənzil X3 istifadəsindədir. Binanın 65 saylı mənzili də ona məxsus olmaqla həmin mənzillər birləşdirilmişdir. Mübahisə predmeti olmayan 65 saylı 2 otaqlı mənzil tam təmir olunmuş vəziyyətdədir və təyinatı üzrə istifadə edilir, 3 otaqlı 66 saylı mənzildə isə təmir işləri davam etdirilir. Mənzildə olan X3 izahatına əsasən iki oğlu olduğu üçün 66 saylı və 65 saylı mənzilləri birləşdirilməsini məqsədə müvafiq saymışdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə hər iki mənzillə bağlı müqavilələr xx.xx.2019-cu ildə bağlanaraq xx.xx.2019-cu il tarixdə isə həmin mənzillərin dəyərinin tam ödənilməsinə dair onun adına maliyyə arayışları verilsə də, iddiaçının onun tərəfindən müqavilə öhdəliklərinin tam yerinə yetirilməsi və cavabdeh tərəfin isə öhdəlikləri yerinə yetirilməməklə onun hüquqlarının pozulması kimi dəlilləri işin faktiki araşdırılmış həqiqi halları ilə öz təsdiqini tapmır. Belə ki, təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 01 saylı Borc Razılaşması barədə müqavilədən aydın görünür ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə MTK-ya mənzillərinin dəyəri tam ödənilməmişdir. Müəyyən edilmişdir ki, iddiaçı mənzillərin pullarını X8 adlı şəxsə ödəmiş və həmin şəxsin iddiaçı ilə birlikdə imzası və iştirakı ilə tərtib edilən sözügedən borc müqaviləsinə əsasən sonuncunun həmin pulun xx.xx.2019-cu il tarixə kimi ödəyəcəyinə söz verilmişdir. İddiaçı MTK-ya hər iki sözügedən mənzillərin dəyərindən müxtəlif tarixlərdə cəmi 4200 manat pul ödəmişdir. Cavabdeh tərəfin izahatlarından həmçinin görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışları MTK-da sıra nömrəsi 60 və 66 nömrələri ilə qeydiyyatdan keçməmiş, saxtadır və həmin maliyyə arayışlarının hansı yolla əldə olunması onlara da məlum deyildir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində hər iki müqavilə üzrə öhdəliklərini yerinə yetirməsini iddia etsə də, buna dair mötəbər və tutarlı sübutlar təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. MPM-nin tələblərinə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Həmçinin qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır. Bu halda həmçinin işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə müqavilənin tərəflər arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malik olmasın nəzərə alınmalı olması baxımdan hesab edir ki, təqdim olunmuş rəsmi hüquqi sənədlərdə və yazılı müqavilələrdə əks olunmuş məlumatları təkzib edən tərəfin dəlilləri yalnız həmin dəlillər bir-birinə uyğunluğu, tamlığı, işə aidliyi, mümkünlüyü, obyektivliyi, mötəbərliyi və qanuniliyi xassələrinə malik olduğu və ən əsası, rəsmi sənədlərdə əksini tapmış bu məlumatların həqiqiliyini şübhə altına almaq üçün kifayət etdiyi təqdirdə qəbul oluna bilər. Məhkəmə Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından hesab edir ki, iddiaçı iddiasının əsaslı olması ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə xüsusilə qeyd etməyi də zəruri sayır ki, 60 və 66 saylı mənzillərə dair müqavilələr iddiaçı ilə bağlanmış müqavilələrdən daha əvvəl bağlanmaqla, onların ləğv edilməsi və ya etibarsız hesab edilməsinə dair heç bir sübut növü təqdim edilməmiş, iddiaçı da bu müqavilələrin qanuniliyini mübahisələndirməmişdir. Başqa sözlə, mübahisəli 60 saylı mənzilə dair xx.xx.2017-ci ildə X9 ilə, 66 saylı mənzilə dair isə X10 ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqavilələr hazırki vaxta kimi qüvvədədir. Buna görə də iddiaçı tərəfin adına olan müqavilələrə əsaslanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinin hazırki işə tətbiq edilməsinə dair dəlilini məhkəmə əsaslı saymır. Beləliklə də müəyyən edilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçı ilə bağlanmış Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində səhəsi 79.69 kv.m olan 2 otaqlı 60 saylı mənzilə dair, eləcə də 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində sahəsi 121.87 kv.m olan 3 otaqlı 66 saylı mənzilinə dair xx.xx.2019-cu il tarixli müqavilələr etibarlı müqavilələr olmamaqla tərəflərin iradə ifadəsi əsasında bağlanmış əqdlər olmamışdır. Məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbləri əsassızdır və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzillərin sahiblik və istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-630/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-630/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver