Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4814/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzidən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, mənzil 11 ünvanından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 11.03.2020-ci il tarixdə qonşuluqda yaşayan Cavabdeh ilə AN – İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamaqla onun yaşadığı evi 12000 (on iki min) manata satın almışdır. Alqısatqı müqaviləsi onun adından etibarnamə üzrə nümayəndəsi və anası Nümayəndə tərəfindən bağlanılmışdır. Onlar aralarındakı razılaşmaya əsasən, mənzilin pulundan 6000 manat hissəsini ödədikdən sonra digər 6000 manat pulun ödənilməsinə dair elə həmin tarixdə kredit müqaviləsi bağlamışlar. Eyni zamanda, onlar cavabdehin bir müddət həmin evdə qalacağına da razılaşmışlar. Kredit müqaviləsi üzrə olan borcdan 3000 manat artıq cavabdehə qaytarılmışdır. Bu barədə müvafiq qəbzlər ərizəyə qoşma olaraq əlavə edilmişdir. Cavabdeh son dövrlərdə onlarla əsassız şəkildə mübahisələr aparmağa başlamış, evdən çıxmayacağını bildirmişdir. Onlar isə cavabdehə olan cəmi 3000 manat pulu qaytarmağa hazır olduqlarını, lakin onun da həmin pulu alıb evdən çıxmasını bildirdikdə o, razılıq verməmiş, mübahisələr səngiməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Aralarında bağlanmış müqavilədən sonra o, həmin mənzilə çıxarış da almışdır. Həmin ünvanda əvvəllər mənzil olmamışdır. Lakin sonradan ünvanlarda dəyişikliklər edilmiş və sözügedən mənzil Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89-dan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, mənzil 11-ə dəyişdirilmişdir. Yəni, həmin ünvanlara mənzillər əlavə edilmişdir. Mənzilə aldığı çıxarışda da ünvan ünvan 1i göstərilmişdir. Yəni həmin mənzilin mülkiyyətçisi odur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, oğlu - iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh öz mənzilini 12000 manata iddiaçıya satmışdır. Həmin vaxt cavabdeh mənzili satıb Rusiyaya qohumlarının yanına gedəcəyini, hazırda bunun üçün sənəd hazırladığını bildirmiş, sənədləşmə işləri qurataranadək mənzildə qalmaq üçün onlardan müəyyən vaxt istəmişdir. Onlar da bu müddət ərzində mənzilin qalıq borcunu hissə-hissə ödəmək üçün cavabdehlə müqavilə bağlamışlar. Lakin sonradan cavabdeh mənzillə bağlı müxtəlif problemlər yaratmağa başlamışdır. Belə ki, mənzilin damının axdığını, təmirə ehtiyacı olduğunu bildirmiş, onlar da mənzilin damının təmirinə 2000 manat xərc çəkmişlər. Bundan başqa, müxtəlif bəhanələr yaradaraq mənzildən çıxmaq istəməmişdir. Halbuki, onlar mənzilə görə qalan borclarının yarısını ödəmiş, qalan hissəsini də ödəməkdən imtina etməmişdir. Qalıq borcdan hazırda çox az bir hissə qalmışdır ki, onu da istənilən vaxt ödəyə bilərlər. Lakin cavabdeh mənzildən çıxmaq istəmir. Ümumiyyətlə, cavabdeh bu mənzillə bağlı bir neçə dəfə vəsiyyətnamə vermiş, sonra vəsiyyətnaməni ləğv etmiş, daha sonra mənzili başqasına satmaq istəmiş, sonra satmaqdan imtina etmiş, beləliklə, mənzili həm özündə saxlamağa, həm də mənzili satıb pul əldə etməyə çalışmışdır. İddiaçı ehtiyat edir ki, cavabdeh bu mənzildən heç vaxt çıxmayacaq. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, hazırda həmin mənzilin kommunal xərcləri iddiaçının adına olduğundan kommunal xərcləri də o ödəyir. Beləliklə, mənzilin qanuni mülkiyyətçisi iddiaçı olsa da cavabdeh mənzildən çıxmır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, mənzili iddiaçıya satarkən o şərtlə razılığa gəlmişlər ki, o, üç il bu mənzildən çıxmasın. Belə ki, aralarında əldə olunmuş razılığa əsasən iddiaçı həmin üç il ərzində alqı-satqı müqaviləsi üzrə qalıq 6000 manat məbləğində borcu hissə-hissə ödəməli idi. O isə öz növbəsində üç il ərzində bu mənzildə qalmalı idi. Bu məbləğin 3000 manatı hazırda ödənilmişdir. Lakin iddiaçı onu vaxtından əvvəl mənzildən çıxarmaq istəyir. Hesab edir ki, onun bu iddiası qansuzdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, mənzil 11 ünvanında yerləşən mənzil 22.04.2020-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Cavabdeh və İddiaçı arasında bağlanılmış 11.03.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, bu müqaviləyə əsasən satıcı Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, mənzil 11 ünvanında yerləşən mənzili alıcı İddiaçı 12000 (on iki min) manata satmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 04.08.2021-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, mənzil 11 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, mənzil 11 ünvanında yerləşən mənzili İddiaçı satmış, bununla bağlı tərəflər arasında 11.03.2020ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə ilə mənzilin 12000 manata satılması müəyyən edilmişdir. Müvafiq məbləğin ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilmiş, onlar elə alqı-satqı müqaviləsinin bağlandığı gün notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi bağlamışlar. Bu müqaviləyə əsasən müqavilə üzrə borc alan Nümayəndə borc verən Cavabdeh 11.03.2023-cü il tarixədək 6000 manat məbləğində pul qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında izahat verən tərəflərin hər ikisi qəbul etmişdir ki, kredit müqaviləsi üzrə verilən borc kimi göstərilən 6000 manat əslində alqı-satqı müqaviləsi üzrə qalıq borc məbləği olmuş, tərəflər həmin qalıq məbləğin üç il ərzində hissə-hissə ödənilməsi barədə razılığa gəlmiş, bununla bağlı kredit müqaviləsi bağlamışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh isə iddianı qəbul etməmiş, mənzil satılarkən üç il bu mənzildə yaşaması barədə iddiaçı ilə razılaşdığını, bu səbəbdən mənzildən çıxarılmasının qanunsuz olduğunu bildirib, iddianın təmin edilməməsini xahiş etmişdir. Göründüyü kimi, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanılmış və bu müqavilə üzrə onlar arasında öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanılmış müqavilə alqı-satqı müqaviləsi olduğundan onların hər biri digərinə münasibətdə vəzifə daşıyır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu baxımdan, onların hər biri digərinə münasibətdə həm borclu, həm də kreditordur. Belə ki, Mülki Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Bu Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yəni, əgər tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanıbsa, satıcı satış predmeti olan daşınmaz əmlakı alıcının mülkiyyətinə verməyə borcludur. Alıcının isə bu borcun icrasını tələb etməyə kreditor kimi hüququ var. Belə ki, Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Göründüyü kimi, alqı-satqı müqaviləsi üzrə satıcı Cavabdeh müqavilə üzrə satış predmeti olan mənzili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Hazırkı işin mübahisəsiz hallarından biri də odur ki, tərəflər arasında daşınmaz əmlakın notariat qaydasında təsdiq edilmiş alqı-satqısı müqaviləsi bağlandıqdan sonra müvafiq mənzil alıcının mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alımışdır. Həmin tarixdən etibarən iş üzrə iddiaçı bu mənzilin mülkiyyətçisidir. Belə ki, Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Lakin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması həmin əmlak üzərində mülkiyyət hüququnun tam təmin edildiyi mənasına gəlmir. Bunun üçün əmlakın yeni mülkiyyətçisinin əmlak üzərində sahiblik və istifadə hüququ da tam təmin edilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Hazırkı işdə də tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanıldığından və bu müqavilə notariat qaydasında təsdiq edildiyindən müqavilə təsdiq edildiyi andan etibarən iş üzrə iddiaçı daşınmaz əmlaka sahiblik və istifadə hüququ əldə etmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Lakin iddiaçı mülkiyyətində olan həmin daşınmaz əmlak – mənzil üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Çünki, mənzilin əvvəlki mülkiyyətçisi olan cavabdeh mənzili tərk etmir. Bu səbəbdən iddiaçı onun mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 161-ci maddəsinə əsasən Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Eləcə də “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Deməli, əmlakın tamhüquqlu mülkiyyətçisi olan iddiaçı mülkiyyətində olan mənzildən qanunsuz istifadə edən cavabdehin bu mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Buna baxmayaraq, iş üzrə cavabdeh mənzildən çıxmamaqla bağlı mövqeyini onunla əsaslandırır ki, mənzilin satışından üç il sonra onun mənzildən çıxması ilə bağlı aralarında razılıq olmuşdur. Bu razılığa əsasən həmin üç il ərzində iddiaçı mənzilin qalıq pulunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, həqiqətən də tərəflər arasında alqı-satqı müqaviləsi ilə eyni tarixdə kredit müqaviləsi (bu müqavilənin əsli yox, surəti məhkəməyə təqdim edilsə də tərəflər müqavilənin həqiqiliyini mübahisələndirməmişdir) bağlanılmışdır. Bu müqaviləyə əsasən iş üzrə iddiaçının nümayəndəsi (eyni zamanda alqı-satqı müqaviləsini iddiaçının adından bağlayan nümayəndə) cavabdehdən aldığı 6000 manat məbləğində borcu üç il ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bu kredit müqaviləsinin bağlanılması o demək deyil ki, həmin kredit müqaviləsi üzrə borc tam ödənilənədək cavabdeh mənzildən çıxmamalıdır. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanılmış nə alqı-satqı, nə də kredit müqaviləsində bununla bağlı şərt nəzərə tutulmamışdır. Halbuki, tərəflər aralarında bağlanmış müqavilələrdə bu şərti nəzərdə tuta bilərdilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Digər tərəfdən, müqavilədə öhdəliyin icrası müddəti də nəzərdə tutulmamış, mənzilin müqavilə üzrə alıcının mülkiyyətinə verilməsi üçün hər hansı xüsusi müddət müəyyən edilməmişdir. Belə olan halda müqavilə üzrə alıcı – kreditor, satıcı – borcludan mənzildən dərhal çıxmasını tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.4-ci maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Bu Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Yəni, müqavilə üzrə satıcı müvafiq mənzili alıcının mülkiyyətinə dərhal verməyə borcludur və o, bundan birtərəfli qaydada imtina edə bilməz. Belə ki, Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Göründüyü kimi, Cavabdeh İddiaçı mülkiyyətində olan mənzildən çıxmamaqla aralarında bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərini pozmuş, bununla da mənzilin mülkiyyətçisinin mənzil üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Mənzilin dəyərinin bir hissəsinin hissə-hissə ödənilməsi üçün tərəflər arasında kredit müqaviləsi bağlanılması bu məhdudlaşdırmanın hüquqi əsası ola bilməz. Çünki alqı-satqı müqaviləsində bununla bağlı heç bir şərt nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə iclasında verilmiş izahatlardan və məhkəməyə təqdim edilmiş qəbzlərin surətlərindən müəyyən edilmişdir ki, müvafiq borcun böyük hissəsi hazırda ödənilmiş, yalnız xırda bir hissəsi qalmışdır ki, iddiaçı bunu istənilən vaxt tam ödəyə biləcəyini qeyd edir. Belə olan halda mənzilin mülkiyyətçisi olan iddiaçı onun mənzil üzərində mülkiyyət hüquqlarını məhdudlaşdıran cavabdehin mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia əsaslıdır və təmin edilməlidir. Son olaraq o da qeyd edilməlidir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, mənzil 11 ünvanında yerləşən mənzildən çıxarılmalı, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 89, mənzil 11 ünvanında yerləşən mənzildən çıxarılsın. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4814/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4814/2021
04.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver