Məhkəmə qərarları › İş №2(010)-487/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-487/2025

06.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-487/2025 06.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X4 iştirakları ilə Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fillialı maraqlı şəxs qismində cəlb edilməklə) əmək stajı faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fillialı maraqlı şəxs qismində cəlb edilməklə) əmək stajı faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyi Nərimanov rayonu 1 saylı avtokolonunda sürücü peşəsində işəməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1979-cu ildən başlamışdır. 2023-cü ilin noyabr ayında 65 yaşı olduğuna görə ona yaşa görə müavinət təyin edilmişdir. 30 ilə yaxın əmək stajı olsa da, əmək kitabçasını itirdiyinə görə stajının olduğunu sübut edə bilməmişdir. Müxtəlif sənədlərlə stajının 13 ilini bərpa edə bilmişdir. O, xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi X13 2 nömrəli avtokolonunda sürücü işləmişdir. Çörək daşıyan maşınla mağazalara çörək daşımışdır. İşlədiyi müəssisə əvvəlcə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyi Nərimanov rayonu 1 saylı avtokolonu adlanırdı. Sonradan həmin müəssisə ləğv olunmuş və əvəzində səhmdar cəmiyyəti yaradılmışdır. Hal-hazırda səhmdar cəmiyyəti yoxdur və harada yerləşməsi barədə məlumatı yoxdur. Ona görə də, əmək stajı barədə məlumat əldə edə bilmir. Onun həqiqətən Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyi Nərimanov rayonu 1 saylı avtokolonunda xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi sürücü işləməsini həmin dövrdə onunla bərabər işləmiş şəxslər təsdiq edə bilərlər. Arxiv idarəsinə müraciət etsə də, ona cavab olaraq bildirilmişdir ki, Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyi Nərimanov rayonu 1 saylı avtokolonun sənədləri arxivə verilməmişdir. Ərizəyə etiraz İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fillialı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi iş stajı faktının müəyyən edilməsi tələbinə dair iş üzrə ərizənin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazın əsaslandırıldığı hallar Maraqlı şəxs etirazı onunla əsaslandırmışdır ki, ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Mərkəzi Filiala müraciət etməmişdir. Ərizəçinin tələbi qanunsuz və əsassız olduğundan aşağıda qeyd olunanlara görə təmin edilməməlidir. Belə ki, iş üzrə icraat materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Ərizəçi xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" ASC-nin arxiv arayışına əsasən Ərizəçi xx.xx.1976-cı il tarixdə tornaçı şagirdi peşəsinə qəbul olmuş xx.xx.1977-ci il tarixdə işdən azad olunmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş 2901.2024-cü il tarixli 14-2/2-E-311-1/2024 nömrəli arxiv arayışına əsasən, Ərizəçi xx.xx.1977-ci il tarixdə X6 idarəsinin 3 nömrəli kolonuna avtomobillərin təmiri üzrə 1-ci dərəcəli çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1977-ci tarixdə ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. İş üzrə icraat materiallarında olan əmək müqaviləsi bildirişlərinin surətinə əsasən, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş üzrə icraatı materialları ilə müəyyən edilir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etməmişdir. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq eden lazımi sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən etmişdir. Lakin, ərizəçi tərəfindən ərizəçinin işlədiyini iddia etdiyi dövrlər üzrə (xx.xx.1981-xx.xx.2000) təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallar baş verməmiş və ya bununla bağlı hər hansı bir sənəd, sübut təqdim edilməmişdir. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının hüquqi marağı ona iş stajını təsdiqlədərək yaşa görə əmək pensiyası təyin edilməsi olsa da, iddiaçının ümumi stajı qanunvericiliklə tələb olunan 25 ilə tamamlanmadığından hüquqi nəticə yaratmayacaqdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, ərizədə də qeyd edildiyi kimi 1981-ci il tarixdə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyi Nərimanov rayonu 1 saylı avtokolonunda sürücü vəzifəsinə qəbul edilmiş, həmin vəzifədə 24 yanvar 2000-ci il tarixədək fəaliyyət göstərmişdir. İş materiallarına əlavə edilmiş Cabirov Teymur və Aslanov Mətləbin əmək kitabçalarının surətləri ilə təsdiq olunur ki, həmin şəxslər onunla birlikdə həmin müəssisəsədə əmək fəaliyyəti ilə məşğul olmuşlar. 2000-ci ildə həmin müəssisə dağılmış, əmək kitabçasını əldə etmək üçün yaxınlaşsa da, nə həmin müəssisəni, nə də avtomobillərin yerləşdiyi qarajı tapa bilməmişdir. Qarajın yerləşdiyi ünvanda çoxmərtəbəli binalar tikilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslər onunla birlikdə eyni müəssisədə işləmələrini və onun həqiqətən sürücü vəzifəsində çalışması faktını təsdiq edirlər. Hazırda təsdiq olunmasını məhkəmədən xahiş etdiyi əmək stajı faktı ilə ona əmək pensiyası təyin ediləcəkdir ki, həmin pensiyanın məbləğində də çox olmasa da, müəyyən məbləğ fərqi vardır. Hər bir halda, o, 1981 – 2000-ci il tarixləri arasında sürücü vəzifəsində çalışmışdır və əmək pensiyasının təyin edilməsi zamanı həmin dövrlərdə nəzərə alınmalıdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X8 ərizəyə dair verilmiş etirazı müdafiə edərək, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Şahid ifadələri xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, Ərizəçi onun keçmiş iş yoldaşı olmuşdur. 1 nömrəli çörək zavodunda 1980-ci ilin 16 oktyabr tarixində sürücü kimi əmək fəaliyyətinə başlamış, İkram isə 1981-ci ildə həmin iş yerinə sürücü kimi qəbul edilmişdir. Uzun illər İkramla birlikdə həmin çörək zavodunda sürücü kimi fəaliyyət göstərmişdir. O, gündüz qrafiki üzrə işləsə də, İkram gecə qrafiki üzrə çalışmışdır. O, həmin iş yerində 20 il işləmiş və 2000-ci il tarixdə oradakı işindən ayrılmışdır. Həmin müəssisə ləğv edildikdən sonra idarə etdiyi maşını almış, lakin İkram həmin maşını icarəyə götürdüyü üçün əmək kitabçası idarənin sənədlərlə məşğul olan şəxsində qalmışdır. Həmin şəxs də İkramı aldatmış, maşını icarəyə götürərək idarə etdiyi üçün İkrama əlavə staj yazacağını bildirmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, Ərizəçi 1986-cı il tarixdən tanıyır. Belə ki, İkramla 1986-cı il tarixdən birlikdə maşınla çörək daşımaqla məşğul olmuşlar. O, həmin iş yerindən 1998-ci il tarixdə ayrılmışdır. O, həmin iş yerində işlədiyi 1986 – 1998-ci illəri əhatə edən dövrdə İkram da onunla bərabər sürücü işləmişdir. İş qrafiki dəyişkən olduğu üçün İkramın gecə və ya gündüz qrafiki ilə işlədiyini xatırlamır. Lakin, İkramla qeyd etdiyi tarixlərdə birlikdə sürücü işləmişdir. 1998-ci il tarixdə həmin müəssisə ləğv edilən məqamda oradakı iş yerindən ayrılmış və təxminən 1-2 il müddətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 08/06 nömrəli arxiv arayışından müəyyən olunur ki, "xxxx" ASC-nin (keçmiş Dzerjinski adına zavod) arxiv fondunun məlumatlarına əsasən, 1958-ci il təvəllüdlü Ərizəçi zavoda 347/K nömrəli, xx.xx.1976-cı il tarixli əmrlə 2 nömrəli sexə tornaçı şagirdi peşəsinə qəbul edilmiş, 190/K nömrəli, xx.xx.1977-ci il tarixli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli arxiv arayışından müəyyən olunur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi iş stajı aşağıdakı kimidir: 1) xx.xx.1977-ci ildə (əmr № 110/K, xx.xx.1977-ci il) X6 İdarəsinin 3 nömrəli kolonuna avtomobillərin təmiri üzrə 1-ci dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir. 2) xx.xx.1977-ci ildə (əmr № 202/K, xx.xx.1977-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən, Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. Mərkəzi Arxivdə X6 İdarəsinin 1977-ci ilə dair haqq-hesab cədvəlləri saxlanılmadığından əmək haqqı barədə arxiv arayışının verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyi Nərimanov rayonu 1 saylı avtokolonun sənədlərinin arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən müraciət edən şəxs barəsində məlumat verilməsinin imkan xaricində olması bildirilmişdir. X2 məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, X5 xx.xx.1980-ci ildə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin 1 saylı avtokolonunda 3cü dərəcəli sürücü kimi işə qəbul edilmiş, xx.xx.2000-ci ildə işdən azad edilmişdir. X7 məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, X9 xx.xx.1986-cı ildə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin 1 saylı avtokolonunda 5ci dərəcəli sürücü kimi işə qəbul edilmiş, xx.xx.2000-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi əmək stajı faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.2000ci il tarixədək Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyi Nərimanov rayon 1 saylı avtokolonunda sürücü işləməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsində məqsəd yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı onun əmək stajına xx.xx.1981 – xx.xx.2000-ci il tarixlərini əhatə edən dövrün daxil edilməsi olmuşdur. Belə ki, ərizəçinin həmin dövrlərə aid əmək stajını təsdiq edən əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış mövcud olmadığından hazırkı ərizəyə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılması yolveriləndir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun “Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri” adlanan 7-ci maddəsində qeyd edilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Ərizəçi 1981-2000-ci illərdə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən əmək kitabçasını əldə edə bilməmiş, bununla bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət etsə də, Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyi Nərimanov rayon 1 saylı avtokolonun sənədlərinin dövlət arxiv mühafizəsinə təhvil verilməməsi səbəbindən müraciətin müsbət həlli mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli arxiv arayışından müəyyən olunur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi iş stajı aşağıdakı kimidir: 1) xx.xx.1977-ci ildə (əmr № 110/K, xx.xx.1977ci il) X6 İdarəsinin 3 nömrəli kolonuna avtomobillərin təmiri üzrə 1-ci dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir. 2) xx.xx.1977-ci ildə (əmr № 202/K, xx.xx.1977-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən, Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. Mərkəzi Arxivdə X6 İdarəsinin 1977-ci ilə dair haqq-hesab cədvəlləri saxlanılmadığından əmək haqqı barədə arxiv arayışının verilməsi imkan xaricindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X9 məhkəməyə verdikləri ifadələri ilə ərizəçinin Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyi Nərimanov rayon 1 saylı avtokolonunda sürücü vəzifəsində çalışmasını, ərizəçinin həmin iş yerində çalışdığı dövrdə onların da həmin müəssisədə işləmələrini və ərizəçi ilə iş yoldaşı olmalarını bildirmişlər. Həmçinin iş materiallarına əlavə edilmiş əmək kitabçalarından da müəyyən olunur ki, şahid X5 xx.xx.1980-ci ildə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin 1 saylı avtokolonunda 3-cü dərəcəli sürücü kimi işə qəbul edilmiş, xx.xx.2000-ci ildə işdən azad edilmiş, X9 xx.xx.1986-cı ildə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin 1 saylı avtokolonunda 5-ci dərəcəli sürücü kimi işə qəbul edilmiş, xx.xx.2000-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında müəyyənləşdirirmiş hüquqi mövqeyə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə iş üzrə şahid kimi dindirilən şəxslərin ifadəsinə Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyinə uyğun olaraq sübut növü kimi qiymət verərək qeyd edir ki, hazırda şahidlərin ərizəçi ilə eyni müəssisədə birlikdə işləməsini təsdiq edən zəruri sübutlar, yəni əmək kitabçaları məhkəməyə təqdim edilmiş, həmin şahidlər ərizəçinin Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyi 1 saylı avtokolonunda sürücü kimi işləməsini təsdiq etmişlər.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin 1 saylı avtokolonunda sürücü işləməsi faktı müəyyən edilməli və ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin 1 saylı avtokolonunda sürücü işləməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar