Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4895/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh Mövsümova Mələk Eldar qızının iştirakı ilə, İddiaçı Balağa qızının cavabdeh Mövsümova Mələk Eldar qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Balağa qızı cavabdeh Mövsümova Mələk Eldar qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1 ünvanındakı mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qızı Mövsümova Mələk Eldar qızı 2018-ci ildə ailə quraraq həyat yoldaşının evinə köçmüşdür və hazırda Suraxanı rayon, Şuşa qəsəbəsində ərinin mənzilində yaşayır. Lakin ailə qurulmasından iki il keçməsinə baxmayaraq ona məxsus evdə qeydiyatda qalmaqdadır. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Ona görə də mənzilindən maneəsiz istifadə etməsi üçün cavabdehin istifadə hüququna xitam verilməsini məqsədə uyğun hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmunua uyğun izahat verib tələbi müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında cavabdeh Mövsümova Mələk Eldar qızı iddia ərizəsinə etirazını bildirərək onun daimi yaşayış yerinin olmadığını, əri ilə hazırda kirayədə yaşadığını, şəxsi mənzillərinin olmadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov küçəsi, ev 16 3/4 hissə və 1/4 hissədən 1 otaq İddiaçı Balağa qızına məxsusdur. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, mübahisə predmetini təşkil edən evin bir hissəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının qızıdır, iddiaçı hesab edir ki, cavabdeh ailə həyatı qurduğuna və həyat yoldaşı ilə başqa yerdə yaşadığına görə cavabdehin onun mülkiyyətində olan evə istifadə hüququna xitam verilməlidir. Cavabdehin etirazı ondan ibarətdir ki, o, ailə qurub həyat yoldaşı ilə başqa ərazidə yaşasa da, onun və ya ərinin şəxsi yaşayış yeri yoxdur, onlar kirayədə qalırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Bu tələbin əsaslı olması üçün iddiaçının mübahisəli mənzilə etibarlı mülkiyyət hüquqları, cavabdehin isə istifadə hüquqları mövcud olmalıdır. Həmin istifadə hüququnun itirilməsi üçün isə hüququn mövcudluğuna səbəb olan hallar aradan qalxmalıdır. Məsələn, hüquq sahibinin həmin yaşayış sahəsini birdəfəlik tərk edib getməsi və ya digər şəkildə həmin hüququndan faktiki imtina etməsi halı (Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Plenum qərarında formalaşdırdığı hüquqi mövqe). Lakin, hazırkı işdə bu hallar mövcud deyildir. Belə ki, işin halları ilə cavabdehin digər daimi yaşayış yerinin olması sübuta yetirilmir, eləcə də, cavabdeh tərəfin izahatından müəyyən edilir ki, onun mübahisəli yaşayış sahəsindən istifadə etmək zərurəti mövcuddur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu əsaslarla təmin edilə bilməz. Məhkəmə toplanmış sübutlara yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, hazırkı işdə cavabdehin istifadə hüquqlarına qeyd edilən səbəblər üzrə xitam verilməsi üçün əsaslar mövcud deyildir, ona görə də iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, iddiaçı tərəfin təqdim etdiyi sübutlarla cavabdeh tərəfin mənzilə istifadə hüququnun olması təsdiq edilmədiyinə görə istifadə hüququnun itirilmiş esab edilməsi barədə iddia tələbi də təmin edilə bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Mövsümova Mələk Eldar qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4895/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4895/2020
25.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver