Məhkəmə qərarları › İş №2(010)-4901/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4901/2022

28.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4901/2022 28.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X7 iclas katibliyi, İddiaçı, Cavabdeh və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh övladları və ona məxsus əşyaları ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayıram. Cavabdeh mənim keçmiş gəlinimdir. Cavabdeh İddiaçı 13 noyabr 2012-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, nikahları Nəsimi rayon qeydiyyat şöbəsində həmin tarixdə 970 №-li akt qeydi ilə qeydə alınmışdır. Onların birgə nikahlarından 13 sentyabr 2013-cü il təvəllüdlü X12, 01 noyabr 2014-cü il təvəllüdlü X15 və 06 yanvar 2020-ci il təvəllüdlü X16 adlı üç övladları dünyaya gəlmişdir. X1 ilə hazırkı iş üzrə cavabdeh (keçmiş gəlinim) Cavabdeh ilk əvvəllər mehriban yaşasalar da, sonradan münasibətləri kəskin şəkildə pisləşmiş və aralarında teztez mübahisələr baş vermişdir. 2018-ci ildə oğlumla cavabdeh İddiaçı arasında olan münasibətlərə son qoyulması, onların barışaraq yenidən bir ailə kimi mehriban yaşamaları üçün onların övladları ilə birlikdə mənə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evinə köçərək yaşamalarına icazə vermişəm. Məlumat üçün bildirirəm ki, Cavabdeh həmin ünvana köçərkən cehiz əşyalarını da həmin fərdi yaşayış evinə aparmışdır. Lakin onlar bizdən ayrıldıqdan sonra da mehriban yaşamamış, aralarında tez-tez mübahisələr baş vermiş və bu səbəbdən də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3308/2021 saylı, 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə X1 ilə hazırkı iş üzrə Cavabdeh arasında Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində 13 noyabr 2012-ci il tarixdə 970 №-li akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş 13 sentyabr 2013-cü il təvəllüdlü X12, 01 noyabr 2014-cü il təvəllüdlü X15 və 06 yanvar 2020-ci il təvəllüdlü X8 anaları Cavabdeh yanında qalmaları və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin X1ndan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evinə münasibətdə məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, sözügedən fərdi yaşayış evi mənim şəxsi vəsaitim hesabına tikilmişdir. Tərəfimdən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evinə dair “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi”nə dair icazə verilməsi üçün Azərbaycan Respublikası “Bakı Torpaq” Layihə Smeta Bürosuna müraciət olunmuş və 20 iyun 2016-cı il tarixdə verilmiş (lisenziya №089566, qeydiyyat №İN/L-1479/2016) lisenziya əsasında fərdi yaşayış evinin layihəsi hazırlanmışdır. Eyni zamanda, SOCAR “Azəriqaz” İB-yə müraciət olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması xahiş olunmuş, "xxxx" QSC tərəfindən 2018-ci ildə həmin fərdi yaşayış evi qazla təmin edilmişdir. 16 yanvar 2019-cu il tarixdə isə mənimlə “Azəriqaz” İB arasında qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Eyni zamanda xüsusilə vurğulamaq istəyirəm ki, həmin ünvana dair kommunal ödənişlərlə bağlı sənədlər mənim adımadır. Beləliklə, 2016-cı ildən həmin ev mənim faktiki sahibliyimdə və istifadəmdə olduğundan, evin saxlanması ilə bağlı bütün xərclər, o cümlədən kommunal xərclər tərəfimdən ödənildiyindən həmin evə dair mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaq hüququ da mənə məxsusdur. Mülkiyyət hüququmu rəsmiləşdirmək istəsəm də, cavabdeh evi zəbt etdiyindən bunu həyata keçirə bilmirəm. Hazırda oğlumla cavabdeh arasında ailə münasibətlərinə xitam verilsə də, cavabdeh mənə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evindən öz əşyaları ilə birlikdə çıxmaqdan imtina edir. Dəfələrlə cavabdehə könüllü olaraq bu barədə müraciət etsəm də, heç bir müsbət nəticə əldə edilməmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh X9 ona özünə məxsus fərdi yaşayış evinə girməyə icazə vermədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, həmin evi mərhum əri tikdirmişdir. Mərhum əri neft daşlarında işləmiş və əmək haqqı 2200 manat təşkil etmişdir. Buna görə də ev tikdirmək üçün kifayət qədər vəsaiti olmuşdur. O, 15 gün evdə, 15 gün dənizdə işləmişdir. Bundan əlavə, evdə olan divan, kreslo, xalça, mətbəx mebeli və yataq dəstini də onlar alıb evə qoymuşlar. Lakin ərinin ölümündən sonra o, Ağsu rayonunun Dilman kəndinə onun qəbir daşını düzəltdirməyə getmiş, qayıtdıqdan sonra evin qapısının dəmir zəncirlə bağlandığını görmüşdür. Cavabdeh qapını bağlamış, “məni döyərsən” deyərək onu evə buraxmamışdır. Bundan sonra o, polisə müraciət etmiş, lakin polis əməkdaşı ona mübahisəni məhkəmə yolu ilə həll etməli olduğunu bildirmişdir. O, 2018-ci ildən bəri həyat yoldaşı, uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. Hətta evdə həm özünün, həm də mərhum ərinin aldığı ona məxsus əşyalar da mövcuddur. O, özü həmin evdə yaşayan vaxt evə xalça və divan, mətbəx mebeli almış, aldığı divanda özü yatmışdır. Uşaqların otağında onun da çarpayısı olmuş və orada yatmışdır. Təxminən iki il əvvəl cavabdeh oğlundan boşanıb evdən çıxıb getmişdir. Lakin bir müddət sonra geri qayıtmış, evdə yaşamaq istədiyini demişdir. Mərhum həyat yoldaşı xəstə olduğu üçün son vaxtlarında nəvələrini görsün deyə cavabdehə bir söz deyə bilməmişdir. Əri 2022-ci ilin may ayında vəfat etmişdir. Lakin cavabdeh evi artıq zəbt etmişdir və ona evə daxil olmağa icazə vermir. Onun isə özünə məxsus başqa evi olmadığından qızının, bacılarının və Lökbatanda qardaşlarının evində yaşayır. Əslində bir müddət cavabdeh alimentdən imtina etmiş və barışaraq onlarla birlikdə yaşamağa başlamışdır. Lakin uzun müddətdir ki, onlar faktiki olaraq da ayrıdırlar. Buna baxmayaraq, cavabdeh onun evindən çıxmır. Hesab edir ki, cavabdeh onun evindən çıxmalıdır, çünki evi cavabdehin atası tikməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının izahatından göründüyü kimi fikirləri ziddiyyət təşkil edir. Həmin fərdi yaşayış evi 2018-ci ildə tikilmiş və onun tikilməsi onun atasının vəsaiti hesabına baş tutmuşdur. O, 2012-ci ildə iddiaçının oğlu ilə ailə həyatı qurmuşdur. Həmin vaxtdan ona əri ilə birlikdə yaşaması üçün ayrıca ev alınacağı deyilmiş, lakin sonradan ev alan olmamışdır. O, yeddi il baldızı, qayınana və qayınatası ilə birlikdə üç otaqlı mənzildə yaşamışdır. Həmin evdə onun başına olmazın işlər gətirilmiş, onu özünü öldürmək həddinə çatdırmışlar. Evdə onun heç bir söz haqqı olmamış, ancaq iddiaçının sözü keçmişdir. Keçmiş həyat yoldaşı isə ailəsinə laqeyd davranmışdır. Dörd il ərzində həyat yoldaşı ilə ayrılmış, lakin hər dəfəsində atası onları barışdırmışdır. Həyat yoldaşı tərəfindən psixoloji, iddiaçı tərəfindən isə fiziki şiddətə məruz qalmışdır. Sonra küsüb atası evinə getmiş və atasına demişdir ki, evə qayıda bilməz, əgər qayıtsa gərək özünü öldürə. Atası onun ailəsinin dağılmasına razı olmadığı üçün Ayaza (keçmiş həyat yoldaşı, iddiaçının oğlu) ilk öncə 33000 manat məbləğində pul vermiş və ona ayrıca ev tikdirməyi tapşırmışdır. Atası sonradan hissə-hissə ödənişlər etmiş və həmin evə təxminən 50000 manat xərci çıxmışdır. Ev tikildikdən sonra həyat yoldaşı və uşaqları ilə birlikdə o evə köçmüş və orada birlikdə yaşamağa başlamışlar. Hətta bunu qonşular da gəlib təsdiq edə bilərlər. 2020-ci ildə doqquz aylıq hamilə olarkən həyat yoldaşı onu beşbarmaqla döymüşdür. Ümumiyyətlə, həyat yoldaşı evə bazarlıq etməmiş, uşaqlara baxmamışdır. Həmin vaxta kimi onu atası saxlamışdır. Bütün bunlara görə doğuma on gün qalmış atası evinə getmiş, doğum vaxtı xəstəxanada həkim uşağın atasına xəbər vermək üçün zəng vurmuş, lakin keçmiş həyat yoldaşı “həmin qadını”, yəni onu artıq tanımadığını bildirmişdir. Bununla belə atası iddiaçıya zəng vurmuş, gəlib xəstəxanada onun qayğısına qalmaq üçün çağırmış, lakin heç kim gəlib ona baxmamışdır. Nə qayınatası, nə də qayınanası onlara ev tikməmişdir. Qayınatası yalnız baldızının oğluna pul yığıb ev almışdır. Qayınanası isə heç vaxt onlarla birlikdə yaşamamış, özünə məxsus olan evdə yaşamışdır. Hal-hazırda da həmin evdə yaşayır. Mübahisəyə səbəb olan evin tikilməsində nə qaynanası, nə qaynatası, nə də keçmiş əri Ayaz vəsait xərcləməmişdir. Həmin evi onun atasının pulu hesabına “makler” (vasitəçi) tikib təhvil vermişdir. İddiaçının hazırda evi ondan tələb etməsinin səbəbini hələ də başa düşmür. İddiaçı izahatında deyir ki, evə girməyə qoymadığı üçün onu polisə şikayət etmişdir, lakin tam əksi olmuş, iddiaçı ona hədə-qorxu gəldiyi üçün o özü polisə müraciət etmişdir. Oğlu ilə ailəli olduğu dövrdə iddiaçı həmin evə gəlib-getmiş, lakin heç vaxt orada yatmamışdır. Evin əşyalarına gəldikdə isə o, gəlin köçəndə atası ona 1000 manat pul vermiş və gəlin köçdüyü evdə cehiz kimi mətbəx mebeli yığdırmışdır. Sonra yeni evə köçəndə atası pulu olmadığını və cehiz verdiyi mətbəx mebelini söküb yeni evə quraşdırmalarını bildirmişdir. Köhnə evdəki mebeli sökmədikləri üçün keçmiş əri Ayaz özü pul verib yenisini quraşdırmışdır. İddiaçının onu evdən çıxarmağa heç bir hüququ yoxdur. Çünki evin üzərində onun heç bir haqqı olmamışdır. Evin tikilməsi üçün lazım olan pul vəsaitini atası vermiş, Ayaz da ona sənəd təqdim edərək hesabat vermişdir. Lakin atası yalnız evin tikilməsi ilə maraqlandığından, kommunal xidmətlərlə bağlı müqavilənin kimin adına olmasına əhəmiyyət verməmişdir. Bundan başqa, həmin evdəki əşyalar da onun bina evinə gəlin köçərkən cehiz kimi gətirdikləridir. Lakin qayınatası divanı evdən çıxarmağa qoymamış və yeni ev üçün divanı onlara özü almışdır. Uşaqların yataq otağı dəstini və mətbəx mebelini onlar almışlar. Onun üç azyaşlı uşağı var və buna görə də o evdən çıxa bilməz. Evdə qalmağa mənəvi və maddi haqqı vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı izahatında bildirir ki, o gah bacısı, gah qardaşları, gah da qızının evində yaşayır. Lakin özünün imzası ilə təsdiq etdiyi iddia ərizəsinin ilk cümləsində qeyd edilmişdir ki, o özünə məxsus olan, əvvəllər cavabdehin də onlarla birlikdə yaşadığı mənzildə yaşayır. Məhkəməyə sübut kimi evdə görülən işlərin siyahısını təqdim etmişdir. Bundan əlavə, məhkəmə iclasında dinlənilən şahid Sahil Abdullayev ifadəsində ödənişlərin hissə-hissə olunduğunu bildirmişdir. Lakin sifarişçi Bədəlov Ayaz ilə aralarında tərtib edilmiş xx.xx.2018-ci il tarixli “evdə görülən işlərin siyahısı”ndan görünür ki, həmin tarixdə evin tikintisi üçün 33000 manat məbləğində ödəniş edilmişdir. Belə olduğu halda şahid ifadəsi ilə həmin siyahı arasında ziddiyyət yaranır. Hesab edir ki, iddia əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 3308/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh və cavabdeh X4 arasında Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsində xx.xx.2012-ci il tarixdə 970 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X8 iddiaçı Cavabdeh yanında qalmaları müəyyən edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən hesablanmaqla cavabdeh X2 tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.

7. xx.xx.2019-cu il tarixli, 96758 saylı Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Paylayıcı (“Azəriqaz” İB) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını (İddiaçı) Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanı üzrə keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

8. “Azəriqaz” İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi üzrə istehlakçı İddiaçıdır.

9. "xxxx" QSC tərəfindən tərtib edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evinin qazlaşdırılmasına dair izahat və cizgilərdən görünür ki, sənəd İddiaçı adına tərtib edilmişdir.

10. “Bakı Torpaq” Layihə smeta bürosu tərəfindən tərtib edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evinin layihəsindən görünür ki, layihə İddiaçı adına tərtib edilmişdir.

11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır.

12. "xxxx" ASC tərəfindən verilmiş abonentin saldosundan görünür ki, ünvan 3 ünvanı üzrə abonent İddiaçıdır.

13. "xxxx" ASC tərəfindən tərtib edilmiş istehlakçının su təchizatı şəbələsinə qoşulması üçün xx.xx.2022-ci il tarixli texniki şərtdən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzrə yaşayış sahəsinin su təchizatı və tullantı sularının axıldılması məqsədilə texniki şərtlərin verilməsi üçün müraciət edən Cavabdeh olmuşdur.

14. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, 3003 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən ünvan 5 ünvanında yaşayır, ailə tərkibi dörd nəfərdən ibarətdir. Ev hal-hazırda vətəndaşın istifadəsindədir və özünə məxsusdur.

15. xx.xx.2022-ci il tarixli, AKX-04705xx/xx-2022 nömrəli Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Paylayıcı (“Azəriqaz” İB) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını (Cavabdeh) Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanı üzrə keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

16. 104 saylı Mənzil Kommunasl İstismarı Sahəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 801 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ev 21V mənzil 33 ünvanında qeydiyyatdadır. Gəlini Cavabdeh xx.xx.2013-cü il tarixdə göstərilən mənzilə qeydiyyat düşmüşdür. xx.xx.2022-ci ildə göstərilən mənzildən qeydiyyatdan çıxmışdır.

17. Hövsan bələdiyyəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tədiyə bildirişindən görünür ki, vergi ödəyicisi Cavabdeh 22.4 manat əmlak vergisi və 1.2 manat torpaq vergisi ödəməlidir.

18. xx.xx.2022-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, ödəyici Cavabdeh Pərviz qızı bələdiyyə əmlak vergisi üçün 23.14 manat məbləğində ödəniş etmişdir.

19. xx.xx.2022-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, ödəyici Cavabdeh Pərviz bələdiyyə torpaq vergisi üçün 1.24 manat məbləğində ödəniş etmişdir.

Şahid ifadələri.

20. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, İddiaçı ilə əvvəlcədən tanışlıqları olmuşdur. O özü ev tikməklə məşğuldur. Ağaxan adlı şəxs 2018-ci ildə öz torpaq sahəsindən 2 sot 20 m2 torpaq sahəsini iddiaçının mərhum ərinə satmışdır. Ödənişləri çox vaxt Ayaz özü hissə-hissə gətirib ona vermişdir. Torpaq üçün ödənilən vəsaitdən əlavə 33000-34000 manat ödəniş etmişlər. O, həmin evdə “prorab” (iş ustası) kimi işləmiş və evi tamamilə başdan - tikintisindən təmirinə kimi hazırlayıb təhvil vermişdir. Evin tikintisi təxminən 2-3 ay çəkmişdir. Ayaz əvvəlcə torpaq üçün 8000-10000 manat məbləğində pul vermiş, tikinti üçün 15000 manat ilkin ödəniş etmiş və qalan pulu hissəhissə ödəmişdir. Ayazla əvvəlcədən tanışlığı olduğu üçün torpağı onunla birlikdə almışlar, daha sonra tikintidə iştirak etmişdir. Evin tikiliş xərci 44000 manat təşkil etmişdir. Ayaz hissə-hissə 1000-2000 manat olmaqla ödənişlər etmişdir.

21. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 bildirmişdir ki, iddiaçı Gülsarə xanımla 35 il qonşu olmuşdur. O, 2011-ci ildən köçsə də, iddiaçı hələ də orada yaşayır. Hələ orada yaşayan vaxtlar Gülsarə xanımın oğlu Ayaz torpaq almaq üçün ona yaxınlaşmışdır. Əvvəlcə torpaq sahibi Ağaxan ilə Gülsarə xanımın yoldaşı aralarında razılaşmış və 8000-8500 manata torpağı almışlar. Torpağı aldıqdan sonra Sahil müəllimlə iddiaçının mərhum əri və oğlu razılığa gəlmiş, evin tikintisi başlanmışdır. O, evin tikilməsində fəhlə kimi işləmişdir. Əmək haqqını ona Sahil müəllim təqdim etmişdir.

22. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, cavabdeh onun qızıdır. İddiaçının ailəsi onun qızına elçi gəlmiş və söz vermişlər ki, onun üçün ev alacaqlar. O, qarşı tərəfin ailə tərkibi geniş olduğu üçün qızının onlarla birlikdə deyil, əri ilə birlikdə ayrı yaşamasını istəmişdir. Lakin onlar sözlərinə əməl etməmiş, əksinə qızına çox zülm vermiş, hətta onu intihar dərəcəsinə çatdırmışlar. Bu səbəbdən də qızı Gülnar ona həmin evdən çıxmasa, özünü öldürəcəyini bildirmişdir. O, Ayazdan dəfələrlə nə üçün hələ də ev almadığını soruşmuş, Ayaz da həll edəcəyini demiş, lakin verdiyi sözə əməl etməmişdir. 2018-ci ilin iyun ayında Ayazı çağırmış və ev tapmağını tapşırmışdır. Ayaz torpaq tapdığını bildirmiş, o da həmin torpağı alıb ev tikmək üçün ona 33000 manat pul vermişdir. Maddi vəziyyəti yol vermədiyi üçün bina evi ala bilməmişdir. Sonra 10-15 gün ərzində 5000 manat, daha sonra isə 6000 manat pulu ona təqdim etmişdir. Özü kiçik sahibkarlıqla məşğuldur. Torpağın da pulu onun Ayaza verdiyi 33000 manata daxil olmuşdur. Həmin evdən uzaqda yaşadığı üçün Ayazla telefonla əlaqə saxlayaraq hesabat almışdır. Evdə pulu Ayaza verərkən təsadüfən yanında qardaşı Əbülfət və sürücüsü Baxşeyiş də olmuşdur. Ayaz onun ad günündə evdə görülən işlərin siyahısını göstərərək: “Dayı, bax gör evə nə qədər pul xərclənib” demişdir.

23. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, Gülsarə xanım Gülnarın qayınanası, Gülnar isə Pərviz əminin qızıdır. 1995-ci ildən Gülnarın atasını tanıyır, ailəvi dostdurlar. Pərviz müəllim mərhum atasının dostu olmuşdur. Gülnara elçi gələndə Pərviz əmi şərt qoymuşdur ki, qızının ailəsi ilə birlikdə ayrı yaşaması üçün ev alınacaq və onlar ayrı yaşayacaqlar. Həmin vaxt Ayazgil yeni ev alacaqlarına söz vermiş, lakin sözlərinə əməl etməmişlər. Əslində isə onların maddi vəziyyətləri yaxşı olmuşdur. Birlikdə yaşamaları səbəbindən Gülnarın ailəsində çox münaqişələr baş vermişdir. O özü də dəfələrlə onları barışdırmağa çalışmışdır. Qızının evində davamlı söz-söhbət baş verdiyindən Pərviz əmi özü qızına ev almaq qərarına gəlmiş, lakin bina evi almağa imkanı çatmamışdır. 2018-ci ilin yay aylarında Pərviz əminin evində stulda əyləşdiyi vaxt Pərviz əmi ev tikdirmək üçün 33000 manat pulu sayıb Ayaza vermişdir. Həmin vaxtın yay ayı olduğunu ona görə xatırlayır ki, kondisioner işləmədiyindən ev çox isti olmuşdur. Sonra o, Ayazı gördükdə Ayaz ona ev tikdirdiklərini, hazır olandan sonra Gülnarla birlikdə köçəcəklərini demişdir. Gülnarın atası ayda bir dəfə gedib tikintiyə baş çəkmiş, həmin vaxt digər şahid Sahili orada görsə də, heç vaxt iddiaçını orada görməmişdir.

İşin faktiki halları.

24. Cavabdeh İddiaçı keçmiş gəlinidir. İddiaçı iddia edir ki, Cavabdeh hazırda yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, O.Şabanov küçəsində yerləşən fərdi yaşayış evi onun mərhum ərinin vəsaiti hesabına tikilmişdir, lakin keçmiş gəlini olan cavabdeh hazırda onu həmin evə girməyə qoymur. Bu səbəbdən o, cavabdehin uşaqları ilə birlikdə yaşadıqları evdən çıxarılmasını tələb etmişdir. Cavabdeh isə iddia edir ki, hazırda uşaqları ilə birlikdə yaşadığı ev onun atasının vəsaiti hesabına tikilmiş, bu evin tikintisində nə keçmiş qayınana-qayınatası, nə də keçmiş əri heç bir pul xərcləməmişdir. Cavabdehə görə iddiaçının hazırkı iddianı qaldırmağa heç bir hüququ yoxdur. Bu səbəbdən o, iddianı qəbul etməmişdir.

Tətbiq edilən hüquq.

25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya.

Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ.

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

28. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasındakı əsas mübahisə hazırda cavabdehin uşaqları ilə birlikdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, O.Şabanov küçəsində yerləşən və özbaşına tikili olan fərdi yaşayış evinin kimin vəsaiti hesabına tikilməsi ilə bağlıdır. Belə ki, iddiaçı evin mərhum ərinin, cavabdeh isə öz atasının vəsaiti hesabına tikildiyini iddia etmişdir.

29. Hər iki tərəf məhkəməyə öz mövqelərini dəstəkləmək üçün müxtəlif sübutlar təqdim etsə də, nəzərə alınmalıdır ki, cavabdehin evdən çıxarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı olduğundan ilk növbədə o sübut etməlidir ki, həmin ev onun mərhum ərinin vəsaiti hesabına tikilmişdir. İddiaçının bunu sübut etməsi ən əsası ona görə vacibdir ki, ev özbaşına tikili olduğundan iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması evin kimin vəsaiti hesabına tikilməsinin müəyyən edilməsindən birbaşa asılıdır.

30. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı).

31. Məhkəmə iclasında həm iddiaçı, həm də cavabdeh tərəfin vəsatətləri üzrə şahid ifadələrinin dinlənilməsi təmin edilmişdir. Lakin bu şahidlərin heç biri evin nə iddiaçı, nə də onun mərhum ərinin vəsaiti hesabına tikildiyini təsdiq etməmişdir. Hətta iddiaçı tərəfin vəsatəti üzrə dinlənilmiş şahidlər belə, evin tikintisi üçün pulu nə iddiaçıdan, nə də onun mərhum ərindən aldıqlarını təsdiqləməmiş, əksinə, şahidlərdən biri evin tikintisi zamanı pulu iddiaçının oğlu (cavabdehin keçmiş əri) Ayaz Bədəlovun ödədiyini, digəri isə evin tikintisində fəhlə kimi işlədiyini və pulu iş ustası olan digər şahidin verdiyini bildirmişdir. Bu şahidlərin heç biri nə iddiaçının, nə də onun mərhum ərinin evin tikintisi üçün hansısa məbləğdə pul xərcləməsinə, yaxud valideynlərinin ev tikmək üçün oğulları Ayaza hansısa məbləğdə pul verməsinə şahid olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum ərinin evin tikintisi üçün pulu oğlu Ayaza verməsi və tikintinin atasının verdiyi pul hesabına Ayaz Bədəlov tərəfindən həyata keçirilməsi ümumən istisna edilmir, bununla belə əgər iddiaçı məhz bu hala istinad edirsə, bununla bağlı mövqeyini təsdiq edəcək mötəbər sübutları da məhkəməyə təqdim etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir.

32. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, Cavabdeh evin tikintisi üçün ustalara, materiallara və s. bilavasitə pul ödəyənin keçmiş əri Ayaz Bədəlov olmasını inkar etmir. O, sadəcə olaraq, bu pulun mənbəyinin nə keçmiş əri, nə də onun valideynləri yox, öz atası olduğunu iddia edir. Məhkəmə iclasında cavabdehin vəsatəti üzrə dinlənilmiş şahidlər bu halı təsdiq etsə də, bu şahidlərdən biri cavabdehin atası olduğundan məhkəmə yalnız bu ifadələr əsasında evin məhz cavabdehin atasının vəsaiti hesabına tikildiyi nəticəsinə gələ bilməz.

33. Bununla belə, məhkəmə təkrar xatırladır ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün birinci növbədə müəyyən edilməli olan məsələ evin iddiaçının, yaxud onun mərhum ərinin vəsaiti hesabına tikilməsidir. Ona görə ki, yalnız bunun müəyyən edilməsi iddiaçıya hazırkı iddianı qaldırmağa subyektiv hüquq verə, cavabdehi isə öz mövqeyini dəstəkləyəcək mötəbər dəlilləri məhkəməyə təqdim etmək zərurəti qarşısında qoya bilər. Odur ki, iddiaçının subyektiv hüququnun olması müəyyən edilmədən (iddiaçı bunu sübut etmədən) cavabdehdən evin məhz atasının vəsaiti hesabına tikildiyini sübut etməsi tələb edilə bilməz. Hər bir halda cavabdeh təqdim etdiyi mötəbər sübutlarla evin məhz atasının vəsaiti hesabına tikildiyini sübuta yetirə, bununla da iddiaçının bu evlə bağlı subyektiv hüququnun olmasını ən başından istisna edə bilər. Lakin bu, cavabdehin vəzifəsi deyil. Bu evlə bağlı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olduğunu sübut etmək isə istənilən halda iddiaçının vəzifəsidir. Bu baxımdan hazırkı mərhələdə cavabdehdən evin məhz atasının vəsaiti hesabına tikilmiş olmasını sübut etmək gözlənilmir. Məhkəmə hesab edir ki, iddiaçı hətta evin cavabdehin atasının vəsaiti hesabına tikilməmiş olduğunu mötəbər sübutlarla sübuta yetirsə idi belə, bu, iddiaçıya müvafiq subyektiv hüququ verməzdi. Ona görə ki, iddiaçının bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olması evin cavabdehin atasının vəsaiti hesabına tikilməmiş olmasından yox, evin məhz iddiaçının, yaxud mərhum ərinin (birgə nikah dövründə əldə edilmiş əmlakın ümumiliyi və mərhum ərinin birinci növbə vərəsəsi olması baxımından) vəsaiti hesabına tikilmiş olmasının sübut edilməsindən asılıdır.

34. Hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar isə ən yaxşı halda evin iddiaçının oğlu, cavabdehin isə keçmiş əri olan Ayaz Bədəlov tərəfindən tikildiyini təsdiq edə bilərdi ki, bu halda belə, cavabdeh keçmiş əri ilə birgə nikahı dövründə tikilmiş olan bu evə xərclənmiş vəsait üzərində keçmiş əri ilə bərabər paya malik olacağından iddiaçı onun evdən çıxarılmasını tələb edə bilməzdi.

35. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər sübutlar evə kommunal xidmətlərin göstərilməsinə dair sənədlərdə istehlakçı kimi iddiaçının adının qeyd edilməsi ilə bağlıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə təbii qaz verilməsi ilə bağlı qaz paylayıcısı ilə iş üzrə iddiaçı arasında müqavilə bağlanmışdır. Eyni zamanda, sözügedən ünvana qaz sayğacının quraşdırılmasına dair aktda, eləcə də ünvan üzrə elektrik enerjisi sərfiyyatını göstərən saldoda istehlakçı (abonent) kimi iddiaçının adı qeyd edilmişdir. Lakin yalnız bu sənədlər əsasında məhkəmə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olduğu nəticəsinə gələ bilməz. İlk növbədə ona görə ki, başqa mötəbər sübutların yoxluğunda bu sənədlərin heç biri evin məhz iddiaçı tərəfindən tikildiyini təsdiq etmək üçün kifayət deyil. Ən azından ona görə ki, bu sənədlər heç də hər bir halda evin mülkiyyətçisi adına verilmir. Hətta mübahisəli evin cavabdehin atasının vəsaiti hesabına tikildiyi halda belə, həmin ünvana kommunal xidmətlərin göstərilməsinə dair sənədlər iddiaçı, onun mərhum əri, yaxud oğlu adına tərtib edilə bilərdi. Elə məhkəmə iclasında bu mövzuda mövqeyi öyrənilən cavabdeh də bildirmişdir ki, onun atası yalnız evin tikintisi üçün pul vermiş, evə kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin kimlə bağlanması ilə maraqlanmamışdır. Cavabdehin atasının bu evin tikilməsi üçün pulu qızı və ərinin uşaqları ilə birlikdə yaşaması üçün verdiyi qəbul edilsə, cavabdehin bununla bağlı mövqeyi inandırıcı olmaya bilməzdi.

36. Bundan başqa, iş materiallarından görünür ki, sözügedən ünvana təbii qazın verilişi ilə bağlı iş üzrə cavabdeh və qaz paylayıcısı arasında da müqavilə bağlanmışdır. Həmçinin, iş materiallarında məhz cavabdehin sözügedən ünvan üzrə müxtəlif vergilər ödədiyini təsdiq edən sənədlər də mövcuddur. Məhkəmə hesab edir ki, başqa heç bir mötəbər sübutun yoxluğunda, yalnız bu sənədlər əsasında evin məhz cavabdehin vəsaiti hesabına tikilmiş olması nəticəsinə gəlmək mümkün olmadığı kimi, iddiaçı tərəfindən təqdim edilmiş yalnız yuxarıda qeyd edilmiş sənədlər əsasında da evin məhz iddiaçının, yaxud mərhum ərinin vəsaiti hesabına tikilmiş olması nəticəsinə gəlmək mümkün deyil.

37. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh çıxartmaq istədiyi özbaşına tikili olan evin öz vəsaiti, yaxud mərhum ərinin vəsaiti hesabına tikildiyini sübuta yetirə bilmədiyindən iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır.

38. Göründüyü kimi məhkəmə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığı nəticəsinə gəldiyindən iddianın təmin edilməsi istisna edilir. Bununla belə məhkəmə işin hallarını nəzərə alaraq, aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

39. Nəzərə alınmalıdır ki, evin kimin vəsaiti hesabına tikilmiş olması tərəflər arasında hər nə qədər mübahisəli olsa da, hər iki tərəf qəbul edir ki, cavabdeh uzun müddətdir ki, uşaqları ilə birlikdə bu evdə yaşayır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin uşaqları ilə birlikdə bu evdən çıxarılması sözsüz ki, onun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınmış mənzilinə hörmət hüququna müdaxilə təşkil edəcəkdir. Həmin maddəyə əsasən: 1. Hər kəs ... mənzilinə ... hörmət hüququna malikdir; 2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

40. Hansı ki, 8-ci maddənin mənası baxımından “mənzil” anlayışı təkcə hüquqa uyğun əldə edilmiş, yaxud tikilmiş əmlakla məhdudlaşmır. Bu milli qanunvericilikdəki təsnifatdan asılı olmayan müstəqil anlayışdır. Ayrı-ayrı əmlakların 8-ci maddə ilə təminat altına alınan “ev” anlayışını təşkil edib-etməməsi faktiki şəraitdən, yəni xüsusi bir yerlə yetərli və davamlı bağın mövcudluğundan asılı olacaqdır. (Yevgeniy Zakharov v. Russia, no. 66610/10, § 30, 14 Mart 2017).

41. Məhkəmə qeyd edir ki, cavabdeh ən azından 2018-ci ildən bəri (iddiaçı cavabdehin bu evə yerləşmə tarixi kimi məhz 2018-ci ili qeyd etmişdir) ailəsi ilə birlikdə bu evdə yaşamışdır. Odur ki, məhkəmə mübahisəli evi Konvensiyanın 8-ci maddəsinin mənası baxımından ev kimi qəbul edir və cavabdehin bu evdən çıxarılmasının qət edilməsi ilə onun evinə hörmət hüququna müdaxilə edilməsinin labüd olduğu nəticəsinə gəlir.

42. Avropa İnsan Hüquqları Məhkəməsinin bu mübahisələrlə bağlı formalaşmış presedent hüququna əsasən şəxsin evini itirməsi evə hörmət hüququna ən kəskin müdaxilə olduğuna görə bu risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa daxil olub-olmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsi ilə müəyyən edilmiş prinsiplər fonunda müstəqil məhkəmə tərəfindən görülən tədbirlərin mütənasibliyinin araşdırılmasına nail olmalıdır.

43. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mütənasibliyin araşdırılması hər iki tərəfin bu evə nə məqsədlə ehtiyac duyması ilə ayrılmaz bağlıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı bu evə yaşayışını təmin etmək üçün heç bir ehtiyacı yoxdur. Belə ki, elə iddia ərizəsinin ilk cümləsində iddiaçı qeyd edir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşayır. Yəni, iddiaçının bu evə yaşayışını təmin etmək baxımından ehtiyacı yoxdur. Görünür, elə buna görə də evə köçürülməyini yox, evdə yaşayanların evdən çıxarılmasını tələb etmişdir.

44. İddiaçının əksinə, cavabdehin isə uşaqları ilə birlikdə yaşayışını təmin edəcək başqa bir evinin olduğu müəyyən edilməmiş, iddiaçı özü də belə bir halın mövcudluğunu iddia etməmişdir. Belə görünür ki, bu ev əri ilə arasında olan nikah pozulduqdan sonra üç uşağına tək baxan, onların qayğısına tək qalan (atanın aliment ödəməsi, yaxud uşaqlarla mütəmadi ünsiyyəti bu faktı dəyişmir) cavabdehin uşaqları ilə birlikdə, onların əvvəlki təminatına uyğun yaşayışlarını təmin edə biləcək yeganə evdir. Bu vəziyyətdə cavabdehin uşaqları ilə birlikdə illərdir yaşadıqları evdən çıxarılmasının cavabdehi və xüsusən maraqları hamıdan üstün olan uşaqları hədsiz məhrumiyyətlə üzləşdirəcəyi mübahisəsizdir.

45. Cavabdehin uşaqları ilə birlikdə bu evdən çıxarılmaması, onların bu evdə yaşamağa davam etməsi isə başqa daimi yaşayış yeri olan, mübahisəli evə yaşayış yeri kimi heç bir ehtiyacı olmayan iddiaçının həmin evi tikdirdiyi sübut edilsə idi belə, sadəcə qanuni gözləntisi olduğu ev üzərində potensial mülkiyyət hüquqlarını məhdudlaşdıracaqdı.

46. Yuxarıda qeyd edilmiş pozulması labüd maraqları qarşılıqlı şəkildə müqayisə edən məhkəmə hesab edir ki, iddiaçının daha çox “Oğlumdan boşanan gəlinim evimdən çıxmalıdır” istəyindən qaynaqlanan tələbi bu evə uşaqları ilə birlikdə yeganə yaşayış yeri kimi ehtiyacı olan cavabdehin evdən çıxarsa üzləşəcəyi məhrumiyyətə qətiyyən mütənasib deyil.

47. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi məhz Azərbaycanla bağlı son dövrlərdə baxılmış xx.xx.2021-ci il tarixli “Əhmədova Azərbaycana qarşı” iş üzrə qərarında bu kateqoriya işlər üzrə mütənasiblik məsələsi araşdırılmadan, bir-birinə zidd maraqlar ölçülmədən qərar qəbul edilməsini yerli məhkəmələrin yol verdiyi kobud nöqsan kimi qiymətləndirmiş, yekunda bu cür araşdırma aparılmadan evdən çıxarma qərarının məcburi icra edilməsinin Konvensiyanın 8-ci maddəsinin pozuntusu olması nəticəsinə gəlmişdir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, yerli məhkəmələr evin sökülməsini və ərizəçinin evi boşaltmasını qərara alarkən yalnız o fakta əsaslanmışdır ki, ev dövlət mülkiyyətində olan torpaqda özbaşına tikilmişdir. Ərizəçinin şikayətlərində sözügedən evin onun və qızının yeganə yaşayış yeri olmasını və əgər evdən çıxarılsalar evsiz qalacaqlarını, çünki onların başqa ev almaq üçün heç bir vəsaitləri olmamasını mübahisələndirməsinə baxmayaraq, yerli məhkəmələr bu arqumentə tamamilə əhəmiyyət verməmiş və bir-birinə zidd maraqları ölçə bilməmişdir.

48. Məhkəmə yuxarıda qeyd edilənləri hazırkı işə tətbiq edərək və tərəflərin bir-birinə zidd maraqlarını ölçərək belə nəticəyə gəlir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olsa idi belə, onun yalnız qanuni gözləntisi olan əmlak üzərində gələcəkdə əldə etməsi ehtimal olunan mülkiyyət hüququnu qorumaq üçün cavabdehin üç uşağı ilə birlikdə illərdir yaşadığı yeganə yaşayış yerindən məhrum edilməsi ədalətli olmazdı.

49. Bu cür nəticəyə gələrkən məhkəmə nəzərə alır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970ci il tarixli qərarı, “Riersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı, “X18rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

50. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh hazırda uşaqları ilə birlikdə yaşadığı evin özünün, yaxud mərhum ərinin vəsaiti hesabına tikildiyini sübuta yetirə bilmədiyindən onun hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Eləcə də iddiaçının bu evə ehtiyacı cavabdehin uşaqları ilə birlikdə yaşayış yeri kimi bu evə olan ehtiyacına mütənasib deyil. Odur ki, iddia təmin edilməməlidir. Məhkəmə xərcləri.

51. İş materiallarından görünür ki, iddiaçı qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

52. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar