Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4914/2021 28.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X12 iclas katibliyi, Ərizəçi və Ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 29.03.1971-ci il təvəllüldü X9 04.09.1961-ci il təvəllüdlü X16 ilə birgə nikahından xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikasının Neftçala rayonunun Xoltəzəkənd kəndində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikasının Neftçala rayonunun Xoltəzəkənd kəndində dünyaya gəlmişdir. 2007-ci ildə Bakı şəhəri C.Rəhimov adına 146 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 2018-ci ildə həmin məktəbin on birinci sinfini bitirmişdir. Daha sonra təhsilini davam etdirməmişdir. X2 29.03.1971-ci il tarixdə Neftçala rayonunun Xoltəzəkənd kəndində anadan olmuşdur. Anası Azərbaycan Respublikasının vətəndaşıdır, Neftçala rayonu, Xoltəzəkənd kəndində qeydiyyatdadır. X3 04.09.1961-ci il tarixdə Neftçala rayonunun Xolqarabucaq kəndində anadan olmuşdur. Atası hazırda heç bir ölkənin vətəndaşı deyil. Valideynləri 30.05.1989-cu il tarixdə nikaha daxil olmuşlar. Bu barədə onlara Neftçala rayon Xolqarabucaq kənd soveti tərəfindən 30.05.1989-cu il tarixdə 250021 saylı nikah haqqında şəhadətnamə verilmişdir. O, tibb müəssisəsindən kənarda doğulduğu üçün və doğularkən anasına kömək edən həkim olmadığından, hətta doğuşdan sonra onun doğulması barədə sənəd almaq üçün heç bir həkimə müraciət etmədiklərindən onun doğum faktının qeydiyyata alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi bu vaxta qədər mümkün olmamışdır. Belə ki, onun doğumuna Afaq adlı qadın kömək etmişdir. Afaq xanımın hər hansı tibb təhsili olmamış, sadəcə o, Xoltəzəkənd kəndində tibb müəssisəsindən kənarda baş verən doğuşlarda iştirak etdiyi üçün nənəsi X4 onu doğuşa kömək etmək məqsədilə dəvət etmişdir. Afaq xanım həkim olmadığı üçün anasına onun doğulması barədə hər hansı bir sənəd də verə bilməmişdir. Rayonda yaşayan qohumlarından aldığı məlumata görə Afaq xanım çoxdan vəfat edib. Ancaq dəqiq hansı tarixdə vəfat etdiyini bilmir. Bundan başqa, onun doğumu zamanı anasının yanında dayısı arvadı X5, xalası X6 və digər xalası X7 da olmuşdur. Hazırda onun 21 yaşı var. Lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ilə təmin oluna bilmir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək əlavə etdi ki, onun anası Azərbaycan Respublikası vətəndaşı, atası isə əslən azərbaycanlı olsa da vətəndaşlığı olmayan şəxsdir. Onlar ailə qurduqdan sonra müharibəyə qədər Rusiya Federasiyası Çeçenistan Respublikası Qrozni şəhərində yaşayıblar. Lakin orada müharibədən sonra onlar əvvəl Sumqayıta, sonra isə Bakıya köçüblər. Lakin maddi imkanları olmadığından burada qala bilməmiş, anasının doğulduğu və qohumlarının olduğu Neftçala rayonuna qayıtmışlar. O da həmin vaxt orada doğulmuşdur. 2003-cü ildə isə yenidən Bakıya köçmüş, həmin vaxtdan da burada kirayə yaşamışlar. Neftçala rayonunda doğumu zamanı ailəsinin maddi imkanı olmadığından doğuş ev şəraitində baş tutmuş, səhlənkarlıq ucbatından sonra da doğumu təsdiq edən heç bir sənəd alınmamışdır. Bu səbəbdən vətəndaşlıq da əldə edə bilməmişdir. Vətəndaşsızlıq vəziyyəti ilə əlaqədar ona BMT QAKın Azərbaycandakı nümayəndəliyi tərəfindən vəsiqə verilmiş, o da bu vəsiqə əsasında orta məkətəbə daxil olub məzun ola bilmişdir. Sonradan işləməyə başlasa da heç bir sənədi olmadığından işi rəsmiləşdirilə bilməmişdir. Hazırkı ərizə ilə də məhz bu məqsədlə əvvəlcə doğum haqqında şəhadətnamə almaq, daha sonra da bu şəhadətnamə əsasında vətəndaşlıq almaq üçün məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin və vəkilinin izahatlarını, eləcə də şahidlərin ifadələrini dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08.07.2021-ci il tarixli, 673-05/75 nömrəli məktubdan görünür ki, müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi doğumun qeydiyyata alınması üçün sənədlər təqdim edilmədiyindən Ərizəçi ona doğum haqqında şəhadətnamə verilməsinə dair müraciətindən imtina edilmiş, ona məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsi tərəfindən verilmiş 24.05.2021-ci il tarixli, 15/166 nömrəli arayışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan Ərizəçi Dövlət Miqrasiya Xidməti tərəfindən 06.05.2021-ci il tarixindən 31 may 2025-ci il tarixinədək Bakı şəhəri, ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. 15.07.2016-cı il tarixdə verilmiş, A 608167 nömrəli ümumi orta təhsil haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 2016-cı ildə Bakı şəhəri, C.Rəhimov adına 146 nömrəli tam orta məktəbi bitirmişdir. Azərbaycan SSR Neftçala rayonu Xol Qarabucaq kənd sovetliyi tərəfindən 30.05.1989-cu il tarixdə verilmiş C-JQ 250021 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş tərcüməsindən görünür ki, X16 və X8 30.05.1989-cu il tarixdə nikaha daxil olmuş, bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. AZE seriyalı, 18603134 nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X17 29.03.1971-ci il tarixdə Neftçala rayonu, Xoltəzəkənd kəndində doğulmuş, Neftçala rayonu, Xoltəzəkənd kəndində qeydiyyatdadır. Məhkəmə iclasında izahat verən ərizəçinin X2 qeyd etmişdir ki, Ərizəçi onun oğludur. Onun Emilin X3 ilə 1989-cu ilin fevral ayının 18-də toyu olmuş, may ayında rəsmi nikaha daxil olduqdan bir neçə ay sonra Rusiya Federasiyası Çeçenistan Respublikasına köçmüş, 10 il orada yaşamışlar. Yoldaşı Hacı mühəndis olmuş, hələ 1983-cü ildən təyinatı üzrə orada işləməyə başlamışdır. Lakin 1999-cu ildə Çeçenistanda baş verən müharibədə onların da evi bombardman edilmiş, bundan sonra Azərbaycana qayıtmış, bir müddət Sumqayıt və Bakıda yaşamış, lakin maddi çətinliklər ucbatından doğulduqları rayona – Neftçala rayonuna qayıtmışlar. Belə ki, həm o, həm də yoldaşı X1 rayonunda doğulmuşdur. Onlar Neftçalada bir müddət qayınanası, bir müddət də anasıgildə qalmış, Emil də həmin vaxt – xx.xx.2000-ci il tarixdə Neftçalada doğulmuşdur. Maddi imkanları olmadığından doğuş ev şəraitində baş tutmuş, bu vaxt doğuşa rayondan olan Afaq adlı bir xanım köməklik göstərmişdir. Emil doğulandan bir neçə ay sonra BMT QAK-dan himayə vəsiqəsi ala bilmişlər. Uşaq da elə bu sənəd əsasında məktəbə gedə bilmişdir. (Şahid qismində dindirilməsə də ərizəçinin anası olduğundan izahatı dinlənilmişdir) Məhkəmə iclasında şahid kimi ifadə vermiş X6 qeyd etmişdir ki, Ərizəçi onun bacısının oğludur. Bacısı Yaqut ailə qurduqdan sonra Çeçenistana köçmüş, müharibədən sonra ailəsi ilə birlikdə qaçqın kimi geri qayıtmışdır. Onlar bir müddət anasının yanında qalmış, uşaq da həmin vaxt – il dəqiq yadında qalmasa da sentyabrın 1-i doğulmuşdur. Həmin doğuş ev şəraitində baş tutmuş, atası kənddən Afaq adlı yaşlı bir qadını doğuşa kömək üçün gətirmişdir. O evə gələndə görmüşdür ki, bacısının bir oğlu doğulmuşdur. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X7 qeyd etmişdir ki, Ərizəçi onun bacısı Yaqutun oğludur. O, Emil doğulan gün atasıgilə qonaq getmiş, həmin hamilə bacısının qəfil sancısı tutmuş, bu vaxt həm maddi imkansızlıqdan, həm də xəstəxanaya çatdırmağa vaxt olmadığından atası Afaq adlı yaşlı bir qadını doğuşa kömək üçün gətirmiş, həmin xanımın köməyi ilə də doğuş baş tutmuş, bacısının bir oğlu olmuş, uşağın adını Emil qoymuşlar. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi X17 və X10 birgə nikahından xx.xx.2000-ci il tarixdə Neftçala rayonunda doğulmuşdur. Onun doğumu ev şəraitində baş tutmuş, doğuşun baş tutması heç bir həkim tərəfindən təsdiq edilməmiş, hazırkı tarixədək ərizəçinin doğum faktını təsdiq edən heç bir sənəd əldə edilə bilməmişdir. Doğum haqqında şəhadətnaməsi olmadığından ərizəçinin vətəndaşlıq əldə etməsi də mümkün olmamışdır. Bu səbəbdən ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilərək doğum faktının təsdiq edilməsi xahiş edilmişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin: 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 166.1-ci maddəsinə əsasən, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. 166.2-ci maddəsinə əsasən, doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İşdən görünür ki, Ərizəçi məhkəmədən xx.xx.2000-ci ildə Neftçala rayonunda doğulması faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, ərizəçinin doğulması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Bu Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında qeyd edilmişdir ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2000-ci il tarixdə Neftçala rayonu, Xoltəzəkənd kəndində X17 və X10 birgə nikahından doğulması faktı iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2000-ci il tarixdə Neftçala rayonunun Xoltəzəkənd kəndində X17 və X10 birgə nikahından doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-4914/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4914/2021
28.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver