Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4915/2025 24.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiаçı İddiaçı Cavabdeh1 qarşı mənzilə köçürmə və mənzildən istifadəyə maneələr yaradılmasının cavabdehə qadağan olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı mənzilə köçürmə və mənzildən istifadəyə maneələr yaradılmasının cavabdehlərə qadağan olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən 15 nömrəli evin, 44 nömrəli mənzilə köçürülməsi və həmin mənzildən istifadə etməyinə maneələrin yaradılmasının cavabdehlərə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə nikaha daxil olduğu vaxtdan, yəni 2010-cu ilin aprel ayından onun yaşadığı Bakı şəhəri Xətai rayonu Süleyman Vəzirov küçəsində yerləşən 49 nömrəli fərdi yaşayış evinə gəlin köçmüşdür. 2024-ci il may ayında evin söküntüsünə məsul olan Xətai Rayon İcra Hakimiyyəti həmin evin sökülməsi barədə onlara xəbərdarlıq etmədən qızı Cavabdeh1 həmin evin dəyərini, yəni 172 500 manat pulu vermiş, pul verilərkən onların razılığı alınmamışdır. Cavabdeh1 pulu aldıqdan sonra Qaraçuxur qəsəbəsində özünə ev almışdır. Hal-hazırda onlar yaşadıqları evdən məhrum olmuşdur. Başqa mənzil sahələri yoxdur. Onlara evin söküntüsündən çatacaq pul isə başqa adama verilib. O isə həmin pulları öz məqsədləri üçün artıq istifadə edib. Həmin alınan puldan isə onlara hər hansı pul məbləği ödəməyib və bu gün də ödəmək istəmir. Bu isə gələcəkdə onların mənzilsiz qalmağına şərait yaratmışdır. O, gəlin köçən vaxt ev çox kiçik darısqal, yəni 33 kv.m yaşayış sahəsindən ibarət idi. Ona görə də o, məcbur olaraq öz vəsaiti hesabına yaşayış sahəsini genişləndirmişdir. Beləliklə, mübahisəli mənzilə köçdüyü 2010-cu il tarixdən, öz vəsaiti hesabına inşa etdirdiyi fərdi yaşayış evində ev sökülənə qədər, yəni 2024-cü il tarixədək olan müddət ərzində heç bir qeyd-şərt olmadan yaşamışdır. O, uzun müddətdir müəllimə işləyir. Cavabdehlərlə birgə təsərrüfat aparmaqla 14 il müddətində mübahisəli mənzildə yaşamaqla bütün gəlirlərini həmin evin genişlənməsi və təmiri üçün xərcləmişdir. Göründüyü kimi, o, ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən fasiləsiz olaraq maneəsiz istifadə etmişdir. Sonradan ev plana düşərək sökülmüş, söküntüdən alınmış pulla başqa yerdən mənzil alınmış, alınmış mənzili cavabdehlər öz adlarına rəsmiləşdirmiş və bundan sonra onu mübahisəli mənzilə buraxmamışlar. Hazırda cavabdehlərlə aralarında qeyd olunan mənzil ilə bağlı mübahisə yaranmışdır. Belə ki, onlar qeyd olunan mənzilə onu buraxmamaqla, həmin mənzildən istifadə imkanından onu məhrum etmişlər. İddia ərizəsinə etiraz və etirazın əsaslandırıldığı hallar Cavabdeh1 iddia ərizəsinə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdikləri şər və böhtandır. İddia ərizəsində göstərdiyi Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən 49 nömrəli fərdi yaşayış evi mərhum babası Həmzə Rəsulov tərəfindən 1986-cı ildə alınaraq mərhum anası Afaq Rəsulova hədiyyə edilmiş, anası 2005-ci ildə öldükdən sonra həmin ev nənəsi və dayısı tərəfindən o böyük bacı olduğundan adına qeydiyyatını etmişlər. Həmin evdə atası, 2 bacısı və o yaşamışdır. Bir müddət sonra mərhum anası öldükdən sonra atası bu qadın ilə faktiki münasibətə girmiş, bir müddət sonra isə iddiaçını onların evinə onlarla birlikdə yaşamağa gətirmişdir. İddiaçının qeyd elədiyi kimi nə toyu, nə də rəsmi nikahı olmamışdır. O da atasının xətrinə görə onlarla birlikdə qalmağına razılıq vermişdir. Bir evdə yaşasalarda təsərrüfatları ayrı olmuş, iddiaçının qazancı həmişə özündə, onun qazancı isə evin kommunal, bazarlıqlarına, xeyr və şərə xərclənmişdir. Birlikdə qaldıqları müddət ərzində iddiaçı onun adına olan evdə sakit atası ilə yaşamışdır. Xətai rayonunda yerləşən evində nə iddiaçı,nə də digər cavabdeh olan atası Cavabdeh2 qeydiyyatda belə olmamışdır. Həmin ev sökülərkən iddiaçı və bacısı dava salmağa başlamış və həmin evin pulundan iddiaçıya 20 000 manat verilməsini dava etdilər, o da ərtafdan utandı ki, analıqdı cavan qızları biyabır etməsin deyə həmin məbləği vermişdir ki, nədə olmasa atasına faktiki arvadlıq etmişdir. Pulu aldıqdan sonra iddiaçı və bacısı yenə onunla dava edərək alınan evin iddiaçının adına alınmasını tələb etdilər, bunu bilən nənəsi və xalaları anasının olan evi niyə analığının adına almağına haqlı olaraq etiraz etdilər. Ana qohumlarının vasitəsi ilə onlara yaxın evdən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, giriş 53, m7, mənzil 2 nömrəli mənzili almışdır. Həmin mənzil onun xüsusi mülkiyyətindədir. İddiaçı iddiada ona məxsus olan, köçürülmək istədiyi ünvanın hansı ünvan olduğunu heç bilmir, amma köçürülmək və istifadə hüququnun tanınmasını xahiş edir. İddiaçı bir gün belə həmin mənzildə yaşamamışdır. Həmin evdə atası ilə birlikdə yaşamış, atası da xərçəng xəstəsidir, atasında müalicə xərcləri onun üzərindədir və olduqca xərci çoxdur, iddiaçı atasını da öyrədir, qohumlara zəng edir, ona hədə qorxu gəlir ki, həmin evi satıb ona ev almasa onu biyabır edəcək.. Düzdü, zaman var idi biyabır olmaqdan çəkindi və ona haqqı çatmayaraq 20 000 AZN pul verdi, amma indi iddiaçıdan çəkinmir və anasının haqqı olan evi balalarına qalmalıdır. Nə sökülən Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən 49 nömrəli fərdi yaşayış evində, nə də hal-hazırda onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, giriş 53, m7, 2 nömrəli mənzildə iddiaçı və atası qeydiyyatda deyillər. Mülki iş üzrə icraata hissəvi xitam verilməsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)4915/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia tələbinə Cavabdeh2 aid hissədə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Tərəflərin izahatları Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və əlavə olaraq bildirdi ki, o, həmin evə gəlin gəlmiş, evi isə həyat yoldaşı ilə onun əvvəlki arvadı almışlar. O, həmin evə toy edərək gəlib, ancaq rəsmi nikahı olmayıb, çünki Cəbrayıl rayonunda qeydiyyatlıdır və gələcəkdə ona ordan ev verilməsi üçün qeydiyyatdan çıxmamışdır. O, evə gəlin gəldiyi vaxt yoldaşının 2 qızı evdə olmuş, digər qızı isə artıq ailə həyatı quraraq köçüb getmişdir. O da yoldaşının 2 qızı ilə birlikdə həmin evdə yaşamışdır. Həmin ev o gələn vaxt 33 m2 olmuş, sonradan isə o, mənzili genişləndirmiş və 110 m2 etmişdir. İddiaçı sökülən evdə yaşamış, Qaraçuxurda olan evdə yaşamamış, onu ora buraxmamışlar, ünvanı ona deməmişlər, gizli almışlar. Qızı gedib evdən pulu gizlin götürüb, o biri bacısının ərinə saxlamaq üçün verib. Onlara 5 ay vaxt vermişlər, əri xəstəxanada olan vaxt isə evi traktorla sökmüşlər. O da məcbur qalaraq bacı-qardaşının yanına getmişdir, ancaq ərini ora apara bilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək və əlavə olaraq bildirdi ki, Cavabdeh2 əvvəl iddiaçının tərəfindən çıxış edirdi, lakin yaşlı olduğu və xəstə olduğu üçün danışa bilmirmiş. İddiaçı özü satılan evdə artırma və yaxşılaşdırma işləri aparıb, köçmək istədiyi mənzildə payı var. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, İddiaçı onun baldızı, Səfayət isə iddiaçının ögey qızıdır, iddiaçı ilə eyni məktəbdə işləyirlər. Onlar əvvəlki 1 otaqlı evdə əri, özü və 2 ögey qızı yaşamaqla qalırdılar. 1 otaqlı evə yerləşə bilmirdilər. Nərimanovda Natiqənin evi var idi, o evi satıb həmin 1 otaqlı evə 6 otaq artırmışdı. Ancaq torpaq Səfayətin adına olduğu üçün ev söküləndə pulu o alıb. Natiqə həmin evə təxminən 100 000 xərc çəkib, həm öz adına, həm də digər müəllimlərin adına pul götürürdü. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, iddiaçı onun qardaşı Cəlilin arvadıdır, Səfayət isə Cəlilin qızıdır. Natiqə gəlin gəldiyi vaxt ev 1 otaqlı idi, sonradan Nərimanovdakı evini satıb 1 otaqlı evi artırdı, sonra ev söküldü. Ev Səfayətin adına olduğu üçün pulu o aldı. Pul söhbətinə qədər mehriban olublar. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 15, mənzil 44 ünvanında yerləşən ümumi sahəsi 69,53 m2 olan mənzili Cavabdeh1 142 000 manat ödəniş almaq qarşılığında satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, **********75-05101- 093041 reyestr nömrəli, Bakı şəhəri ünvan 1 ünvan: ünvan 2 ümumi sahəsi 69,53 m2 olan mənzil Cavabdeh1 xüsusi mülkiyyətindədir və tam pay olaraq ********** nömrə ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Mediasiya Şurasının Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş MŞB/8/2025-01689 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş mənzilə köçürülmə tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh1) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin halları İddiaçı Cavabdeh2 faktiki nikaha daxil olmuş və daha sonra köçərək Bakı şəhəri, Xətai rayonu Süleyman Vəzirov küçəsində yerləşən 49 nömrəli fərdi yaşayış evində yaşamışdır. Həmin mənzil sökülmüşdür, mənzilin sökülməsi qarşılığında verilən pul məbləği Cavabdeh1 verilmişdir. İddiaçı sökülən mənzildə artırma işləri apararaq mənzili genişləndirdiyini, ona görə də, sökülən evin qarşılığında ödənilən vəsait hesabına əldə edilən və iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən 15 nömrəli evin, 44 nömrəli mənzilə köçürülməni məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir, hazırkı mənzildə iddiaçının heç yaşamadığını, iddiaçının onun mərhum atası Cavabdeh2 ilə rəsmi nikaha girmədiyini bildirir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 500 manat. 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçının köçürülməsini tələb etdiyi mənzil xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən alınmış və onun xüsusi mülkiyyətindədir. İddiaçı hazırda mübahisə predmeti olan mənzildə yaşamamış, sökülən mənzildə artırma işləri apardığını qeyd edərək mübahisə predmeti olan mənzilə köçürülməni məhkəmədən xahiş edir. İddiaçı tərəfin verdiyi izahat və şahid ifadələrinə əsasən müəyyən edildi ki, iddiaçı cavabdehə məxsus olan başqa mənzildə (hazırda sökülmüşdür) cavabdehin atası ilə faktiki nikah münasibətləri çərçivəsində yaşamışdır. Azərbaycan Respublikasının Konstitusiyasında birmənalı və imperativ qaydada heç kəsin yaşadığı mənzildən məhrum edilə bilməməsi təsbit edilmişdir. Başqa sözlə, hüquqi vəziyyətindən asılı olmayaraq bu norma bütün növ təyinatlı yaşayış sahələrinə şamil edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsa idi (evdə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin dispozisiya şərtlərindən görünür ki, müvafiq hüquq normasının aidiyyəti hüquq münasibətlərinə tətbiqi üçün müəyyən kateqoriyadan olan şərtlər eyni anda mövcud olmalı və şərtlərin vəhdəti təmin edildikdə normanın tətbiqi mümkün hesab edilməlidir. Belə ki, mübahisəli fərdi yaşayış evinə köçürülmə tələb edən tərəf həmin evdə yaşamalı, obyektiv səbəblərdən yaşamaq hüququndan məhrum edilməli və bu məhrumetmə qanunsuz olmalıdır. Məhrumetmənin qanunsuz hesab edilməsi dedikdə, məhrum edənin fərdi yaşayış evinə dair mülkiyyət hüququnun, icarə, istifadə və s. hüquqlarının olmaması nəzərdə tutulur. Lakin, iş materiallarında iddiaçının mübahisə predmeti olan mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ və ya qanunla qorunan digər hər hansı hüququnun mövcudluğunu təsdiq edən sənədlər mövcud deyildir. Məhkəmə həmçinin iddiaçının əvvəllər köçüb yaşadığı, sonradan sökülən mənzilə münasibətdə də istifadə hüququnun olmasını araşdırmağı məqsədə uyğun hesab edir. İddiaçı cavabdehin xüsusi mülkiyyətində olmuş, sökülən Bakı şəhəri Xətai rayonu Süleyman Vəzirov küçəsində yerləşən 49 nömrəli fərdi yaşayış evinə 2010-cu ildən cavabdehin atası Cavabdeh2 ilə faktiki nikaha daxil olaraq köçdüyünü qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən cavabdehin digər qohumu hesab edilmir. Odur ki, iddiaçının nə sökülən mənzilə, nə də mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Qanunun normasından göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri malikdirlər. Bu şəxslərdən əlavə digər qohumlar da mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə hüququna malikdirlər. Bu şəxslər isə mülkiyyətçidən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərdir. Hazırda iddiaçı bu kateqoriya şəxslərdən hər hansı birinə aid olmadığı üçün onun cavabdehə məxsus yaşayış sahəsindən istifadə hüququ da mövcud deyildir. Bununla da, iddiaçının mübahisə predmeti olan mənzilə köçürülməsinə haqq qazandıran hər hansı əsas aşkar edilmir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödədiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiаçı İddiaçı Cavabdeh1 qarşı Bakı şəhəri ünvan 1 ünvan: ünvan 2 ümumi sahəsi 69,53 m2 olan mənzilə köçürmə və mənzildən istifadəyə maneələr yaradılmasının cavabdehə qadağan olunması tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-4915/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4915/2025
24.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver