Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-494/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “evdən çıxarılma və evin sahibliyə verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və evin sahibliyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ailəsi ilə birlikdə Cavabdeh və qeyrilərinin çıxarılması, həmin torpaq sahəsi və onun üzərindəki evin iddiaçı X1 verilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən məhrum olunmuşdur. Belə ki, Cavabdeh tərəfindən sözügedən ünvandakı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi iddiaçıya borclu olduğu 87000 manatın qarşılığında verilmişdir. Cavabdeh İddiaçı 2022-ci ilin yay aylarında ona, ailə üzvlərinə və digər tanışlarına pensiya düzəltmək adı ilə müxtəlif vaxtlarda ümumilikdə 87000 manat məbləğində pul almış və daha sonra qaytarmaqdan qərəzli olaraq imtina etmişdir. Onun bu qanunsuz hərəkətləri barədə Nizami RPİ-yə şikayət edilmiş və cavabdehin barəsində AR CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanmışdır. İddiaçı, həmçinin yaxınlarına və tanışlarına görə cavabdehə vermiş olduğu məbləği özünə məxsus digər torpaq sahəsini sataraq yaxınlarına və tanışlarına geri qaytarmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh Nizami RPİ-nin müstəntiqinin yanında iltizam yazaraq iddiaçıya olan borcunu 4 ay müddətində, yəni xx.xx.2024-cü il tarixə kimi qaytaracağına dair Nizami RPİ-də öhdəlik götürmüşdür. Qeyd olunan vaxtda öhdəliyini yerinə yetirmədiyindən cavabdeh pulun əvəzi kimi ona məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsini və onun üzərində olan fərdi yaşayış evini iddiaçıya verməklə razılaşma əldə edilmişdir. Fərdi yaşayış evinin və torpaq sahəsinin çıxarışı olmadığından həmin daşınmaz əmlaklar Bülbülə bələdiyyəsində bələdiyyə sənədinə əsasən torpaq sahəsinin və mülkün istifadəçisi İddiaçı adına rəsmiləşdirilməsi aparılmışdır. Bundan əlavə, cavabdehin anası X5 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən, evin elektrik enerjisi, su, qazın abonentliyini də iddiaçının adına keçirmişdir. Həmin ərazidə hər kəsin daşınmaz əmlakı üzərində yalnız bələdiyyə sənədi mövcuddur. 2024-cü ilin aprel ayından Bülbülə bələdiyyəsi tərəfindən vergi ödəyicisi olan fiziki şəxs kimi İddiaçı uçota alınmış, hal-hazırkı dövrə qədər torpaq və əmlak vergisinin ödənişlərini həyata keçirmişdir. Lakin buna baxmayaraq, cavabdeh və onun ailə üzvləri iddiaçının mənzilindən istifadə etməkdə davam edirlər. Halbuki mənzil ona verildiyi gündən oradan istifadə hüquqlarını itiriblər. Əslində cavabdeh və onun yaxınlarının sözügedən mənzildən istifadələri formal xarakter daşıyır və eyni zamanda da iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla, cavabdeh və onun yaxınlarının əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, cavabdehlərlə heç bir qohumluq əlaqəsi yoxdur ki, onunla birgə əmlakdan istifadə etsinlər. Üçüncüsü isə cavabdeh və onun yaxınlarının mənzildə qalması iddiaçının həmin mənzillə bağlı istifadə etmək, icarəyə vermək və s. hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Dəfələrlə cavabdeh və onun yaxınlarının könüllü olaraq iddiaçının mənzilindən çıxması barədə onlarla danışıqlar aparılmağa çalışılsa da, heç bir nəticə əldə edilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Aynur xanımla aralarındakı pul məsələsi ilə bağlı cinayət işi açılmışdır. Həmin iş üzrə araşdırma gedişində Aynur xanımın tutulma məsələsi olduğundan onlar razılığa gəlmişlər ki, Aynur xanıma qarşı şikayətindən imtina etməsi qarşılığında Aynur xanım ondan aldığı 87000 manat məbləğində pulu beş ay müddətində qaytaracaq, əgər bu müddətdə pulu qaytarmasa, mübahisəli evi onun adına keçirəcək. Aynur xanım bununla bağlı iltizam da yazmışdır. Həmin vaxt evin kommunal sənədləri Aynur xanımın anasının adına olmuşdur. Evi öz adına sənədləşdirmək üçün bələdiyyəyə yaxınlaşmış, bələdiyyənin nümayəndəsi gələrək sənədləri onun adına düzəltmişdir. Evin kommunal sənədlərini isə cavabdehin anası onun (iddiaçının) adına keçirtmişdir. Lakin sonradan cavabdehdən dəfələrlə evi ona təhvil verməsini xahiş etsə də cavabdeh bunu etməmişdir. Hazırda cavabdehlə bağlı araşdırma davam edir. Belə ki, onunla bağlı hər yerdən şikayətlər daxil olmuşdur. Onun Aynur xanımla arasındakı pul mübahisəsinin səbəbi o olmuşdur ki, Aynur xanım ondan və tanışlarından təqaüd məsələsinin həllində köməklik göstərmək adı ilə pul almışdır. Sonradan Aynur xanımın onun tanışlarından aldığı pulu o özü qaytarmalı olmuşdur. Məsələ polisə düşdüksən sonra Aynur xanım şikayətlərin geri götürülməsi qarşılığında evi ona vermişdir. Həmin evdə heç vaxt Kəklik xanımı görməmişdir. O, Kəklik xanım və oğlu ilə Qara Qarayev metrosunun çıxışında görüşmüş, oradan evin sənədlərini həll etməyə birlikdə getmişlər. Hazırda ev ona məxsusdur. Lakin cavabdeh və ailə üzvləri evdən çıxmaq istəmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddia ərizəsində qeyd olunanların hamısı yalandır. Belə ki, Anarla onun arasında pul söhbəti olmuşdur. Lakin bu məsələnin onun anasına heç bir aidiyyəti olmamışdır. Belə ki, iddiaçının hazırda tələb etdiyi ev onun (cavabdehin) anasına məxsusdur. Anasının evini o özü istəsə də iddiaçıya sata bilməzdi. Anasının iddiaçının adına sənəd verməsinə gəldikdə isə onlar bunu ona görə etmişlər ki, həmin evə çıxarış alınsın. Belə ki, anası ilə məsləhətləşmişlər ki, həmin evin sənədləri qaydasına qoyulandan sonra ya evi satıb öz payını götürərək, ya da evi banka qoyub kredit götürərək borcunu ödəsin. Anar ona demişdir ki, onun ev alqısatqısı ilə məşğul olan tanışı var. O, təklif etmişdir ki, həmin tanışı vasitəsilə evi satışa qoysunlar, ev satılsın və hamısının bərabər payları olsun. Nə anası, nə də o, evi Anara verməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
6. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş X5 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli evin sənədi yoxdur. İddiaçı Anar onlara ev üçün çıxarış almağa kömək etməli idi. O, Anarı tanımamış, qızı Aynurun sözünə görə notariusa getmişdir. Notariusda özü qol çəkib ərizə vermişdir. Pulu Aynur götürməli idi. Pulun nə səbəbə götürülməsini bilmir. Bildiyinə görə, Aynurun pul söhbəti var idi. Mübahisəli evi Hövsandakı evinin satışından əldə olunan pulla almışdır. Belə ki, evini satıb üç ev almışdır. Biri balaca qızına, biri Aynura, biri də özünə. Balaca qızı ilə eyni həyətdə qalır. Aynura aldığı ev ilə aralarında isə bir az məsafə var. O, notarisa gedib Anarın adına ərizə versə də altı ay sonra ərizəsindən imtina etmişdir. Həmçinin bələdiyyəyə heç vaxt getməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
7. Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsi tərəfindən verilmiş yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi ünvanında yerləşən 36 nömrəli fərdi yaşayış evi üzrə vergi ödəyəcisi qismində uçota alınmışdır.
8. Bülbülə Bələdiyyəsinin texniki inventarizasiyasının hazırlanması zamanı ailə tərkibinin kartoçkasının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi ünvanında yerləşən 36 nömrəli fərdi yaşayış evi bələdiyyə sənədinə görə İddiaçı istifadəsindədir.
9. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrin surətindən görünür ki, X5 "xxxx" ASC-də ona məxsus və istifadəsində olan **********010 nömrəli abonent kodunun, “Azəriqaz” İB-də ona məxsus və istifadəsində olan **********00000 nömrəli abonent kodunun, "xxxx" ASC-də ona məxsus və istifadəsində olan **********20000 nömrəli abonent kodunun İddiaçı adına dəyişdirilməsinə və sonuncu ilə yenidən müqavilə bağlanmasına etiraz etmədiyini və qeyd edilənlərə dair razılığını öz imzası ilə təsdiq və bəyan etmişdir.
10. Cavabdeh adından xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və imzalanmış iltizamdan görünür ki, Cavabdeh İddiaçı əlilliyin bərpası ilə bağlı 87000 manat məbləğində pul aldığını bildirmiş və həmin məbləği xx.xx.2024-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür.
11. İddiaçı tərəfindən “Azəriqaz” İB-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ona məxsus ünvan 1 ünvanında onun adına qeydə alınmış qaz sayğacının fəaliyyətinin müvəqqəti olaraq, evin kirayəçiləri tərəfindən onun hüquqlarının pozulmasının aradan qaldırılmasınadək dayandırılmasını xahiş etmişdir.
12. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ona məxsus ünvan 1 ünvanında onun adına qeydə alınmış işıq sayğacına verilən xəttin dayandırılmasını xahiş etmişdir.
13. xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə verdiyi ərizələrdən niyyətinin dəyişməsi səbəbindən imtina etmişdir.
Şahid ifadələri.
14. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X11 bildirmişdir ki, o, İddiaçı hərbçi kimi tanımışdır. Özü Anardan qabaq tərxis olunmuşdur. Daha sonra Respublika xəstəxanasında qarşılaşmışlar və söhbət əsnasında Anar ona demişdir ki, tanıdığı bir xanım əlilliyə görə pensiya alınmasına köməklik edir. Daha sonra o, tanış hərbçi yoldaşları ilə 20 yanvar metrostansiyasında görüşmüşdür. Mehman və Çingiz adlı yoldaşları ona 13000 manat pul vermişlər. Sonrasında Anar ona zəng edərək demişdir ki, Aynur xanım işlərini həll edib, hazırda Mehman və Çingiz Sabunçu xəstəxanasında qiyabi olaraq xəstə kimi qeyd edilmişdir. Bir həftə sonra epikrizi götürmüşlər. Həmin sənədi götürüb Anara verməli, Anar da Aynur xanıma verərək pensiya məsələsini həll etməli idi. Daha sonra o, Rafiq adlı şəxsin də pensiya almasına köməklik etmək istəmiş və bu barədə Anara demişdir. Anar Aynur xanımla danışdıqdan sonra Rafiqin də işinin həll olacağını bildirmişdir. Rafiqin işi üçün 11000 manat pul istəmişlər. Onun tanışlığı ilə bir neçə adamın işinin görülməsinə görə Anara 87000 manat pul verilmişdir. İşləri alınmadığına görə həmin şəxslər onu narahat etmişlər, o da Anardan pulları tələb etmişdir. Anarla birlikdə pulun tələb edilməsi üçün Aynur xanımın evinə də getmişlər. Onlar Aynur xanımın evinə gedəndə atası ağlamışdır ki, bu işlər necə olacaq? Onlar Aynur xanımın evinə dəfələrlə getmişlər. Aynur ona demişdir ki, “Pulu vermirəm, yaxşı edirəm, əcəb edirəm”. Daha sonra bir nəfər şəxs pulu qaytarmağa söz verdiyini demişdir. Anar Qalada olan evini onun yanında 43000 manat satmışdır ki, vətəndaşların pulunu qaytarsın. Hazırda iki nəfərdən başqa qalanların pulu qaytarılmışdır. Aynur xanımın evinə bəlkə də 100 dəfəyə yaxın getmişlər. Onun evində Kəklik xanımı görməmişdir. Yalnız oğlu Əli, yoldaşını və balaca oğlu Nihatı, bir dəfə də gəlini görmüşdür. Aynur xanım özü demişdir ki, evin şəkilvideosunu çəkib satışa qoysunlar. O da evin şəkillərini çəkərək satış səhifələrinə qoymuşdur. Daha sonra o, tanışı ilə əlaqə saxlayaraq evin satılmasını xahiş etmiş və bildirmişdir ki, evin sənədi olmadığına görə 300000 manata satıla bilməz.
15. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X12 bildirmişdir ki, o, tərəflərin hər ikisini tanıyır. Lakin o, birinci Əlini tanımışdır. Əli onu tanış etmişdir ki, anası pensiya düzəldir. O, 11000 manat pulunu Aynura pensiya düzəltmək üçün vermişdir. Qeyd olunan pulu üç dəfəyə vermişdir. Tərəflər arasındakı mübahisədən məlumatı var. Anar ona bildirmişdir ki, “Aynurdan şikayətçi olma, pulu sənə mən qaytaracam”. O da şikayətçi olmamışdır. Evlə bağlı bildiyi odur ki, aralarında razılaşma olub ki, beş ay ərzində Aynur Anara pulu qaytarmasa, evi Anara verəcək. O da Anara demişdir ki, Aynur pul verən deyil. Anar bu söhbətdə Aynura zamin durmuşdur ki, pulu qaytaracaq.
16. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X9 bildirmişdir ki, o, müharibə iştirakçısı olmuşdur. İddiaçı pensiya işi ilə bağlı 3000 manat pul vermişdir ki, ona qərar alsın. Daha sonra məlum olmuşdur ki, onun pensiya işi alınmır. Nizami rayon Polis İdarəsində Aynur xanımdan şikayətçi olmuşdur və orada Aynur xanım barəsində araşdırma aparılır. O, Aynur xanımın evinə də getmişdir. Həmin evə gedən zaman Kəklik xanım orada olmamışdır. Həmin vaxt Aynur demişdir ki, pul məsələlərini həll edəcək. Daha sonra onun pulu Anar qaytarmışdır.
İşin faktiki halları.
17. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
18. Ev üzrə kommunal xidmət müqavilələrində istehlakçı kimi X3 adına abonent kodları verilmişdir. Kəklik Allahverdiyeva xx.xx.2024-cü il tarixdə notariat qaydasında ərizələr verərək, öz adına olan abonent kodlarının İddiaçı adına dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra müvafiq abonent kodları İddiaçı adına dəyişdirilmişdir.
19. xx.xx.2025-ci il tarixdə Kəklik Allahverdiyeva notariat qaydasında ərizə verərək, abonent kodlarının İddiaçı adına dəyişdirilməsinə dair əvvəlki ərizələrindən imtina etdiyini bildirmişdir.
20. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində hazırda Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. Aynur X2r.
Tətbiq edilən hüquq.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi. 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 164. Sahibliyin müdafiəsi. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165. Sahibliyin pozulması. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
23. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasındakı mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu baxımdan həmin ev hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. Lakin nəzərə alınmalıdır ki, özbaşına tikiliyə öz əmlakı qismində sahiblik edən şəxsin üçüncü şəxslərdən müdafiə olunmaq hüququ var. Belə ki, Mülki Məcəllənin özbaşına tikinti və onun nəticələrini müəyyən edən 180-ci maddəsinin tələblərinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bununla bərabər, həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Həmin maddənin məzmunundan göründüyü kimi, özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin üçüncü şəxslərdən müdafiə olunan sahiblik hüquqları vardır. Deməli, özbaşına tikiliyə sahiblik hüququ qanunvericiliklə tanınmaqla, özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblik hüququna olan hər cür pozuntu qadağan edilir. Eyni zamanda Mülki Məcəllənin 178-ci maddəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi üsullarından biri kimi təsbit edilmişdir.
24. Azərbaycan Respublikasının Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə özbaşına tikilidən istifadə ilə bağlı mübahisələrdə başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması əsas götürülməlidir. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə və ona sahiblik edirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək həmin şəxsə məxsusdur. Əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) və sahiblik etməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz.
25. Lakin iddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının özünün mübahisəsi gedən özbaşına tikili üzərində sahiblik hüququna malik olub-olmaması müəyyən edilməlidir. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququnun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
26. Hazırkı işin halları belədir ki, İddiaçı iddiasına görə, Cavabdeh ona olan 87000 manat məbləğində borcu qarşılığında öz sahibliyində olan mübahisəli ev üzərində sahiblik hüququndan onun xeyrinə imtina etmişdir. Cavabdeh isə bu iddianı qəbul etməyərək, evin anası Kəklik Allahverdiyaya məxsus olduğunu, həmin evi iddiaçıya vermək səlahiyyətinin özündə olmadığını bildirmişdir. İş materialları əsasında müəyyən edilmişdir ki, həqiqətən də həmin ev üzrə kommunal xidmət müqavilələrində istehlakçı kimi iddiaçıdan əvvəl Kəklik Allahverdiyevanın adı qeyd edilmişdir.
27. Bundan sonra, cavabdehin anası Kəklik Allahverdiyeva müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, məhkəmə iclasında izahatı dinlənilmişdir. Lakin o, izahatında qızı olan Cavabdeh qeyd etdiklərini ən əhəmiyyətli hissədə - evin qızına yox, özünə məxsusluğu hissəsində təsdiq etməmişdir. Belə ki, Kəklik Allahverdiyeva izahatında bildirmişdir ki, o, Hövsandakı evini satıb üç ev almışdır. Bu evlərdən birini kiçik qızına, digərini qızı Cavabdeh, birini isə özünə almışdır. O, əlavə etmişdir ki, o özü kiçik qızı ilə bir həyətdə öz evində yaşayır. Digər qızı Cavabdeh evi isə onlardan kənardadır. (video-audio yazısı aparılan xx.xx.2025-ci il tarixli məhkəmə iclası, dəq. 01:20:00 – 01:21:30). Bununla da Kəklik Allahverdiyeva evin özünə yox, anasına məxsus olması barədə qızı Cavabdeh izahatının ziddinə mövqe bildirmişdir. Məhkəmə, Kəklik Allahverdiyevanın cavabdehin anası olduğunu və məhz cavabdeh tərəfdən üçüncü şəxs qismində işə cəlb edildiyini nəzərə alaraq, qızı olan cavabdehin, eləcə də evin iddia olunan sahibi kimi özünün prosessual maraqlarına uyğun gəlməyən məzmunda verdiyi izahatı səmimi hesab edir və mübahisəli evin Kəklik Allahverdiyeva tərəfindən qızı Cavabdeh alındığı və evin sonuncuya məxsus olduğu nəticəsinə gəlir. Dolayısı ilə məhkəmə cavabdehin anasına məxsus evi istəsə də iddiaçıya verə bilməyəcəyinə dair mövqeyini işin həqiqi hallarına uyğun hesab etmir.
28. Digər tərəfdən, işin bir digər mübahisəsiz halıdır ki, Kəklik Allahverdiyeva xx.xx.2024-cü il tarixdə ASAN Kommunal Mərkəzinə notariat qaydada təsdiq edilmiş ərizələr ünvanlayaraq mübahisəli evin öz adına olan abonent kodlarının İddiaçı adına dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra ev üzrə kommunal xidmətlərə dair abonent kodları İddiaçı adına keçmişdir. Həmçinin iddiaçı həmin ev üzrə yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi kimi qeydə alınmışdır. Lakin xx.xx.2025-ci il tarixdə Kəklik Allahverdiyeva həmin ərizələrdən imtina etməsinə dair ərizə ilə Bakı şəhəri 50 saylı notariat ofisinə müraciət etmişdir.
29. Evin iddiaçının sahibliyinə verilməsini qəti şəkildə inkar edən Cavabdeh anası Kəklik Allahverdiyevanın öz adına olan abonent kodlarının iddiaçının adına keçirilməsinə dair notarial ərizə verməsini onunla izah etmişdir ki, İddiaçıla aralarındakı razılığa əsasən, İddiaçı həmin evə görə çıxarış alınmasına kömək etməli, sonradan onlar ya evi satıb, ya da banka təminat qoyub qarşılığında pul əldə etməli, bununla da borclarını bağlamalı idi. Cavabdeh iddia etmişdir ki, həmin borclar İddiaçı aidiyyəti olmayan, özünün şəxsi borcları olmuşdur. Lakin üçüncü şəxs Kəklik Allahverdiyeva öz adına olan abonent kodlarının iddiaçının adına keçirilməsinə dair xx.xx.2024-cü il tarixdə verdiyi notarial ərizələrdən hazırkı iddia ərizəsinin məhkəmənin icraatına daxil olmasından bir neçə ay sonra – 15 yanvar 2025-ci il tarixdə imtina etmiş, həmin vaxta qədər belə bir müraciəti olmamışdır. Bu baxımdan iddiaçının evin sənədləşməsini təmin etməyi öhdəsinə götürdüyü, lakin bununla bağlı heç bir tədbir görmədiyi halda üçüncü şəxsin müvafiq ərizələrdən imtina etmək üçün iddiaçının hazırkı iddianı qaldırmasını gözləməsi ağlabatan deyil.
30. Cavabdeh tərəfin əksinə, iddiaçı iddia etmişdir ki, Cavabdeh həmin evi ona olan borcu qarşılığında onun sahibliyinə vermişdir. İddiaçının bildirdiyinə görə, Cavabdeh ondan və bir sıra tanışlarından pensiya düzəltməyə köməklik etmək adı ilə 87000 manat pul almış, lakin işlərini düzəltməmiş, pulu da qaytarmamışdır. Bu səbəbdən iddiaçının vasitəsilə cavabdehə pul verən şəxslərin pulunu iddiaçı özü qaytarmış, cavabdeh isə həmin pulu ona beş ay ərzində ödəməyi, bu mümkün olmazsa, evi ona verməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında dindirilən şahidlər İddiaçı və Cavabdeh arasında olan münasibətin pensiya düzəltmək məsələsi ilə bağlı olduğunu, Cavabdeh onlara həmin məsələdə köməklik göstərməyi vəd etdiyini, bunun qarşılığında iddiaçı vasitəsilə pullarının alındığını, lakin işlərinin düzəlmədiyini və pullarının cavabdehdə qaldığını, cavabdehin həmin pulları qaytarmadığını, bu səbəbdən pulların İddiaçı tərəfindən qaytarıldığını bildirmişlər.
31. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər hallar iş üzrə üçüncü şəxsin evin kommunal xidmətləri üzrə abonent kodlarının iddiaçının adına keçirilməsinə dair notarial ərizələr verməsi, iddiaçının yeni abonent, eləcə də həmin ünvan üzrə yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi kimi qeydə alınmış olması, tərəflərin izahatları və şahid ifadələri əsasında sübuta yetirilir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı olan borcu qarşılığında üzərində mülkiyyət hüququnun qeydə alınmadığı, lakin anası tərəfindən ona alınmış və sahibliyində olan fərdi yaşayış evini iddiaçıya olan borcu qarşılığında iddiaçının sahibliyinə vermişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı öz sahibliyinə verilmiş mübahisəli evdən onun keçmiş sahibi və həmin evə heç bir hüququ olmayan digər şəxslərin çıxarılmasını, eləcə evin yerləşdiyi torpaq sahəsi ilə birlikdə onun sahibliyinə verilməsini tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
32. İş materiallarından göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
33. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməli olsa da “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, iş üzrə Cavabdeh Xocalı rayonundan məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Odur ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ailə üzvləri və qeyriləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılmalı, ev və evin yerləşdiyi torpaq sahəsi İddiaçı sahibliyinə verilməlidir.
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh ailə üzvləri və qeyriləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılsın. Ev yerləşdiyi torpaq sahəsi ilə birlikdə İddiaçı sahibliyinə verilsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva