Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-140/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zəbt edilmiş torpaq sahəsindən və evdən çıxarılma) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, e- 2(012)-97/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən və evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Fatmayı kəndində, nömrəsiz ünvanda yerləşən 0,045 ha torpaq sahəsindən və həmin torpaq üzərində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,045 ha torpaq sahəsini və torpaq üzərində olan fərdi yaşayış evini X1 almışdır. Bununla bağlı xx.xx.2019-cu il tarixdə **********20- 10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın reyestri xidmətindən xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Lakin həmin evdə keçmiş mülkiyyətçi X2 mülkiyyətində olduğu vaxtdan kirayə qalan Cavabdeh ailə üzvləri ilə birlikdə xüsusi mülkiyyətində olan torpaq sahəsindən və həmin torpağın üzərində olan fərdi evdən çıxmırlar. Cavabdeh əsassız olaraq alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddialarla Abşeron və Bakı şəhəri Yasamal rayon Məhkəmələrinə müraciət etmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. 20.09.2019-cu il tarixli AN-№ ******* nömrəli Daşınmaz Əmlaın Alqı-satqı Müqaviləsininin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 Abşeron rayonu, Fatmayı kəndində yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsinin 0,055 ha hissəsini öz mülkiyyətində saxlamaqla, torpaq sahəsinin 0,045 ha hissəsini İddiaçı satmışdır.
5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.0450 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 146.90 kv.m olan evi İddiaçı xüsusi mülkiyyətindədir.
6. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu ildə İddiaçı məxsus olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən inventar nömrəsi 2265, reyestr nömrəsi **********20-10301 olan fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1587/2024 saylı qərarına əsasən iddiaçı Bayramov Mənsur Həsən oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2018/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Həmin qətnamənin məzmunundan görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinə qarşı mübahisəli ev və torpaqla bağlı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiaçı Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 1976/2023 saylı qətnaməsi ilə rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2018/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, e-2(012)-97/2024 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,045 ha torpaq sahəsindən və həmin torpaq üzərində olan fərdi yaşayış evindən çıxarılması, Cavabdeh 100 (yüz) manat dövlət rüsumuna görə pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1 və 2-ci bəndləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 139.1 və 139.3-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 119.2, 14.2, 217.4, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2(105)-140/2025 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər X6, X8, X14, İddiaçı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair e-2(012)-5289/2024 nömrəli mülki iş üzrə çıxarılacaq yekun qərar qüvvəyə minənədək hazırkı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
12. Abşeron Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, e-2(012)-508/2025 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər X5, İddiaçı, Bakı şəhəri 50 saylı Notariat Ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 4 saylı Abşeron Ərazi İdarəsi, Abşeron rayonu 1 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayəti və onun dəlilləri
13. Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, e-2(012)-97/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməni aldadaraq onun həmin evdə kirayəçi kimi yaşamasını göstərmişdir. Halbuki, onların arasında mülki mübahisələr və hazırkı mübahisəli evi ondan pulu ilə alması barədə cinayət işi olmuşdur. Belə ki, iddiaçının aldığı 0,45 sot torpaq sahəsini X4 Cavabdeh özünə məxsus 0,10 sot torpaq sahəsindən 0,55 sot satmışdır və qarşılıqlı razılaşma əsasında qalan 0.45 sot torpaq sahəsi ona yenidən alqı-satqı müqaviləsi ilə geri qaytarılmalı idi. Lakin M.Seyidzadə heç bir xəbərdarlıq etmədən, razılaşmadan torpağı ucuz qiymətə hazırkı iddiaçıya satmışdır. Hazırda Abşeron Rayon Məhkəməsində o, cavabdehlər X4, İddiaçı, 50 saylı Dövlət Notariat Ofisinə və digərlərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmış, mülki iş məhkəmənin icraatındadır. Bu səbəbdən hazırkı mülki işə baxılması dayandırlmalıdır (iş № 2(012)- 5258/2024). Məhkəmə onun özünü, nümayəndəsi və vəkilini dəvət etmədən iddaiçının xeyrinə qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında˝ Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
23. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixdən iddiaçının mülkiyyət hüququ qeydə alınmaqla, hazırda da mülkiyyətindədir. Cavabdehin həmin evə və evin yerləşdiyi torpaq sahəsinə hər hansı əmlak hüququ müəyyən edilmir. Cavabdeh həmin əmlakdan qanunsuz istifadə etməklə mülkiyyətçinin əmlak mənafelərini, mülkiyyət hüququnu pozur. Mükiyyətçi – iddiaçı, mülkiyyət hüquqlarının qorunmasına dair araşdırılan iddia tələbi ilə məhkəməyə müracit etmişdir.
24. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir.
25. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyət hüququ toxunulmaz olduğundan, cavabdehin həmin evdən çıxmaması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia əsaslıdır və iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh Abşeron rayonu, Fatmayı kəndində, nömrəsiz ünvanda yerləşən 0,045 ha torpaq sahəsindən və həmin torpaq üzərində olan fərdi yaşayış evindən çıxarılmalıdır.
26. Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, e-2(012)-97/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.0450 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 146.90 kv.m olan evi İddiaçı xüsusi mülkiyyətindədir.
29. Araşdırılan iddia tələbindən də göründüyü kimi mübahisə mülkiyyət hüququnun qorunması ilə bağlıdır.
30. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
31. Kollegiya hesab edir ki, cavabdehin mübahisə predmeti olan yaşayış sahəsini tərk etməməsi iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə hüququna zidd olmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Halbuki qanunla nəzərdə tutumuş əsaslar istisna olmaqla mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilmir. Bu baxımdan araşıdırlan işin halları cavabdehin əmlakdan sahiblik və istifadəsinin iddiaçının əmlak üzərində mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilməsinə əsas verir.
32. Apellyatorun şikayətində göstərdiyi məhkəmə iclasından xəbərsiz olması ilə bağlı dəlilini də kollegiya qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehə məhkəmə iclasları barədə rəsmi bildirişlər və SMS xəbərdarlıq göndərilmiş, cavabdeh məhkəmə iclasları barədə məlumatlı olmuşdur (i/v81).
33. Kollegiyanın qənaətincə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, e-2(012)-97/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.