Məhkəmə qərarları › İş №2(103)-3242/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3242/2025

28.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3242/2025 28.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: «evdən çıxarılma” ) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və müstəqil təlb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və evin sahibliyə verilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-494/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə sadə yazılı formada tərtib edilmiş iltizamdan görünür ki, İddiaçı aldığı 87000 manat pulu xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

2. xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrin surətindən görünür ki, üçüncü şəxs X3 "xxxx" ASC-də ona məxsus və istifadəsində olan **********010 nömrəli abonent kodunun, “Azəriqaz” İB-də ona məxsus və istifadəsində olan **********00000 nömrəli abonent kodunun, "xxxx" ASC-də ona məxsus və istifadəsində olan **********20000 nömrəli abonent kodunun İddiaçı adına dəyişdirilməsinə və sonuncu ilə yenidən müqavilə bağlanmasına etiraz etmədiyini bəyan etmişdir.

3. xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə verdiyi ərizələrdən niyyətinin dəyişməsi səbəbindən imtina etmişdir.

4. Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsi tərəfindən verilmiş yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi ünvanında yerləşən 36 nömrəli fərdi yaşayış evi üzrə vergi ödəyəcisi qismində uçota alınmışdır.

5. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun və “Azəriqaz” İB-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında onun adına qeydə alınmış işıq və qaz sayğaclarının fəaliyyətinin (xəttin) dayandırılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “evdən çıxarılma və evin sahibliyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ailəsi ilə birlikdə Cavabdeh və qeyrilərinin çıxarılması, həmin torpaq sahəsinin və onun üzərindəki evin iddiaçı X1 verilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən məhrum olunmuşdur. Belə ki, cavabdeh tərəfindən sözügedən ünvandakı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi iddiaçıya borclu olduğu 87000 manatın qarşılığında verilmişdir. Cavabdeh iddiaçıdan 2022-ci ilin yay aylarında ona, ailə üzvlərinə və digər tanışlarına pensiya düzəltmək adı ilə müxtəlif vaxtlarda ümumilikdə 87000 manat məbləğində pul almış və daha sonra qaytarmaqdan qərəzli olaraq imtina etmişdir. Onun bu qanunsuz hərəkətləri barədə Nizami RPİ-yə şikayət edilmiş və cavabdehin barəsində AR CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanmışdır. İddiaçı, həmçinin yaxınlarına və tanışlarına görə cavabdehə vermiş olduğu məbləği özünə məxsus digər torpaq sahəsini sataraq yaxınlarına və tanışlarına qaytarmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh Nizami RPİ-nin müstəntiqinin yanında iltizam yazaraq iddiaçıya olan borcunu 4 ay müddətində, yəni xx.xx.2024-cü il tarixə kimi qaytaracağına dair öhdəlik götürmüşdür. Qeyd olunan vaxtda öhdəliyini yerinə yetirmədiyindən cavabdeh pulun əvəzi kimi ona məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsini və onun üzərində olan fərdi yaşayış evini iddiaçıya verməklə razılaşma əldə edilmişdir. Fərdi yaşayış evinin və torpaq sahəsinin çıxarışı olmadığından həmin daşınmaz əmlaklar Bülbülə bələdiyyəsində bələdiyyə sənədinə əsasən torpaq sahəsinin və mülkün istifadəçisi iddiaçının adına rəsmiləşdirilməsi aparılmışdır. Bundan əlavə, cavabdehin anası X3 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən, evin elektrik enerjisi, su, qazın abonentliyini də iddiaçının adına keçirmişdir. Həmin ərazidə hər kəsin daşınmaz əmlakı üzərində yalnız bələdiyyə sənədi mövcuddur. 2024-cü ilin aprel ayından Bülbülə bələdiyyəsi tərəfindən vergi ödəyicisi olan fiziki şəxs kimi iddiaçı uçota alınmış, hal-hazırkı dövrə qədər torpaq və əmlak vergisinin ödənişlərini həyata keçirmişdir. Lakin buna baxmayaraq, cavabdeh və onun ailə üzvləri iddiaçının evndən istifadə etməkdə davam edirlər. Halbuki ev ona verildiyi gündən oradan istifadə hüquqlarını itiriblər. Əslində cavabdeh və onun yaxınlarının sözügedən evdən istifadələri formal xarakter daşıyır və eyni zamanda da iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla, cavabdeh və onun yaxınlarının əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, cavabdehlərlə heç bir qohumluq əlaqəsi yoxdur ki, onunla birgə əmlakdan istifadə etsinlər. Üçüncüsü isə cavabdeh və onun yaxınlarının mənzildə qalması iddiaçının həmin mənzillə bağlı istifadə etmək, icarəyə vermək və s. hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Dəfələrlə cavabdeh və onun yaxınlarının könüllü olaraq iddiaçının mənzilindən çıxması barədə onlarla danışıqlar aparılmağa çalışılsa da, heç bir nəticə əldə edilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-494/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddia təmin edilmiş, Cavabdeh ailə üzvləri və qeyriləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılması, evin yerləşdiyi torpaq sahəsi ilə birlikdə İddiaçı sahibliyinə verilməsi qət olunmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, iş üzrə üçüncü şəxsin evin kommunal xidmətləri üzrə abonent kodlarının iddiaçının adına keçirilməsinə dair notarial ərizələr verməsi, iddiaçının yeni abonent, eləcə də həmin ünvan üzrə yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi kimi qeydə alınmış olması, tərəflərin izahatları və şahid ifadələri əsasında sübuta yetirilir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıya olan borcu qarşılığında üzərində mülkiyyət hüququnun qeydə alınmadığı, lakin anası tərəfindən ona alınmış və sahibliyində olan fərdi yaşayış evini borc qarşılığında iddiaçının sahibliyinə vermişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı öz sahibliyinə verilmiş mübahisəli evdən onun keçmiş sahibi və həmin evə heç bir hüququ olmayan digər şəxslərin çıxarılmasını, eləcə evin yerləşdiyi torpaq sahəsi ilə birlikdə onun sahibliyinə verilməsini tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir.

10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 11.1, 152.5, 157.2, 157.4, 157.8, 158, 164.1, 165.1, 165.2, 180.1, 180.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

11. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermiş, şikayətini - məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, obyektiv araşdırmanın aparılmaması, təqdim olunmuş sübutların düzgün qiymətləndirilməməsi, işə baxarkən qərəzli yanaşılması, iddia verilərkən ilkin vaxtlarda Bakı şəhər Nizami rayon Polis İdarəsində cavabdeh barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin aparıldığı, barəsində həbs qətimkan tədbiri seçildiyi, sonradan iddiaçının borcunu qaytaracağı barədə iltizam verdiyi, həmin vaxt 14000 manat iddiaçıya ödədiyi, hazırda borcunun qalmadığı, iddiaçının tələbinin əsassız olması, mübahisəli ünvanda yerləşən evin ona məxsus olmaması, torpaq sahəsinin və onun üzərindəki qanunsuz tikilinin anasına, yəni iş üzrə üçüncü şəxs Kəklik Allahverdiyevaya məxsus olması, ona aidiyyatının olmaması, həmin əmlakları borc qarşılığında iddiaçıya verməməsi, belə bir razılaşmalarının olmamasını, evin dəyərinin qatqat baha olması, onun 87000 manat qarşılığında iddiaçıya verilməsinin heç bir məntiqi əsasının olmaması, komunalların addan-ada keçəməsi üçün anası tərəfindən ərizə verilməsinin səbəbinin bankdan kredit götürülməsinin mümükün olması üçün evə çıxarış alınması zərurətinin olması, iddiaçının tanışları vasitəsilə qanunsuz tikiliyə sənəd alacağını vəd etməsi və s. kimi əsaslandırılmışdır.

12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermiş, şikayətini – məhkəmə tərəfindən işin hallarının obyektiv araşdırlmaması, təqdim olunmuş sübutların düzgün tədqiq edilməməsi, məhkəmə icraatı barədə ona vaxtında məlumat verilməməsi, halbuki ünvan 2 ünvanında yerləşən mübahisəli evin qanunsuz tikili olmaqla, onun sahibliyində olması və onun vəsaiti hesabına əldə olunması, qızı olan cavabdehə aidiyyatının olmaması, evin komunallarının iddiaçının adına keçirilməsi barədə ərizə versə də, bunu cavabdehin iddiaçıya olan borcun əvəzi olaraq verməməsi, borcun ödənilməsi üçün bankdan kredit götürmək lazım olması, ərizələrin yalnız evin sənədlərinin hazırlanması (çıxarışın alınması) üçün verilməsi, evin dəyərinin 400000 manat həddində olması, lakin borc məbləğinin 87000 manat olması, belə olan halda iddiaçının göstərdiklərinin heç bir məntiqə sığmaması, onun iddiaçı qarşısında hər hansı borcunun olmaması, iddiaçının hazırkı tələbinin əsassız olması, daşınmaz əmlaklar üzərində hər hansı hüquqlarının yaranmaması və s. kimi əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı tərəfindən apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim olunmuş, orada qeyd edilmişdir ki, cavabdeh qanunsuz hərəkətlərlə iddiaçı da daxil olmaqla, bir qrup şəxsdən pensiyaya düzətmək adı altında 87000 manat pul almış, onları qaytarmaqdan imtina emiş, iddiaçı da məcbur olub həmin şəxslərin pullarını onlara qaytarmış, cavabdehin əməlləri barədə hüquq mühafizə orqanlarına müraciət olunmuş, araşdırma aparılarkən cavabdeh 4 aya pulları qaytaracağı barədə iltizam vermiş, lakin sonradan qaytarmamışdır. Qeyd olunan vaxtda öhdəliyini yerinə yetirmədiyindən cavabdeh pulun əvəzi kimi ona məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsini və onun üzərində olan fərdi yaşayış evini iddiçıya verməklə razılaşma əldə olunmuşdur. Fərdi yaşayış evinin və torpaq sahəsinin çıxarışı olmadığından həmin daşınmaz əmlaklar Bülbülə Bələdiyyəsində bələdiyyə sənədinə əsasən cavabdehin iştirakı və razılığı ilə torpaq sahəsinin və mülkün istifadəçisi iddiaçının adına rəsmləşdirilməsi aparılmışdır. Bundan sonra, razılaşamaya uyğun olaraq cavabdehin anası komunalların (qaz, işıq, su) abunəliyini də iddiaçının adına keçirilməsinə etirazının olmaması barədə notariat ərizə vermiş, onlar iddiaçının adına keçmiş, iddiaçı bələdiyyə üzrə rüsumları ödəmişlərini etmiş, hazırda da ödənişləri etməkdədir. Bundan başqa, bələdiyyə nümayəndəsinin iştirakı ilə mənzilə baxış keçirilmiş, onun eskiz layihəsi də çəkilmiş, sənədlər məhkəməyə təqdim olunmuşdur. Bütün bunlardan sonra, qarşı tərəf heç bir əsas olmadan əmlakı iddiaçının faktiki sahibliyinə verməkdən imtina etmişdir. Buna görə də, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Həmçinin, üçüncü şəxsin şikayəti də qanunsuz və əsassız olmuşdur. Belə ki, şikayətdə qızına (cavabdehə) təcili pul lazım olduğu, evin rəsmi reyestrdə qeydiyyatdan keçmədiyindən girov qoyulub pul götürülə bilmədiyi, bu səbəbdən cavabdehin bildirməsi əsasında evə iddiaçının pul vəsaiti hesabına və ilkin olaraq iddiaçının adına çıxarış alınması, daha sonra Anarın pulun və zəhmət haqqının ödənildikdən sonra Anarın evi geri qaytaracağını bildirmişdir. Bundan sonra, üçüncü şəxs razılıq verərək, notariusa getdiyini bildirmişdir. Lakin, birinci instansiya məhkəməsində izahat verən üçüncü şəxs evin məhz cavabdehə məxsusluğunu təsdiq etmişdir. Həmçinin, üçüncü şəxs izahatında iddiaçını tanımadığını, qızının təkidi ilə notariusa getdiyini, iddiaçı ilə qızı arasında borcla bağlı məsələyə görə getdiyini bildirərək, əsl niyyətlərinin evin borcun əvəzi olaraq verildiyini təsdiq etmişdir. Bütün bu qeyd olunanlar və işin faktiki halları onu təsdiq edir ki, cavabdeh tiklini borcun əvəzi olaraq, iddiaçıya vermiş, tərəflər bu barədə razılıq əldə etmiş, razılığın nəticəsi olaraq bələdiyyədə müvafiq rəsmiləşmə aparılmış, iddiaçı tərəfindən müvafiq bələdiyyə ödənişləri edilməkdədir, bundan başqa komunnal xətlər iddiaçının adına keçirilmişdir. Bütün bu qeyd olunan hallar onu təsdiq edir ki, iddiaçı özbaşına tikili üzərində sahiblik hüquq əldə etmiş, lakin qarşı tərəf iddiaçının hüquqlarını pozmaqdadır. Həmçinin, nəzərə alınmalıdır ki, tikili özbaşına olsa da, Ali Məhkəmənin çoxsaylı oxşar işlərlə bağlı qərarları, Avropa Məhkəməsinin qanunsuz tikilərlə bağlı mövqeyi nəzərə alındığında, iddiaçının mülkiyyət hüququna qəsd olunmuş, bu pozuntu hazırda da davam edir. Halbuki, iddiaçının qeyd olunan pozuntulara qarşı müdafiə hüququ və pzountuya son qoyulmasını tələb etmək hüquq vardır. Bu səbəbdən, apellyasiya şikayətləri əsassız olduğundan təmin olunmaması xahiş olunmuşdur.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndəsi (vəkili) apellyasiya şikayətlərini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddia tələbi əsassızdır, çünki iddiaçı ilə cavabdeh arasında digər şəxslərin də iştirakı ilə pensiyaya düzəltməklə bağlı borc münasibətləri olmuş, bununla bağlı polisdə araşdırma gedişində iddiaçıya olan borc ödənilmişdir. Buna baxmayaraq, iddiaçı heç bir əsas olmadan ona olan uydurma borcun əvəzi kimi guya mübahisəli ünvanda yerləşən özbaşına tikili evin ona verilməsi barədə hazırkı iddia qaldırmışdır. İlkin olaraq qeyd olunmalıdır ki, ev cavabdehə yox, məhz üçüncü şəxsə məxsusdur. Borc münasibətləri isə iddiaçı ilə cavabdeh arasında olmuşdur. Belə olan halda, cavabdehin heç bir səlahiyyəti yoxdur ki, üçüncü şəxsin razılığı olmadan onun evini kiməsə bağışlasın. Həmin evin kommunal xətləri (qaz, su, işıq) üçüncü şəxsin adına olmuş, sonradan iddiaçının adına keçirilməsinin səbəbi isə, həmin evə çıxarış almaq olmuşdur. Belə ki, cavabdehin pula ehtiyacı olduğundan bankdan borc pul götürmək istəmiş, lakin evin sənədləri qaydasında olmamışdır. Bu zaman isə evin sənədlərini düzəltmək üçün müxtəlif şəxslərlə, eləcə də iddiaçı ilə danışıqlar olmuş, iddiaçı ilkin olaraq 15000 manat, sonradan isə xidmət haqqı kimi 10000 manat lazım olacağını bildirmişdir. Məhz bu məqsədlə, üçüncü şəxs öz adına olan komunalların iddiaçının adına keçirilməsinə dair notarial qaydada ərizə vermişdir. Lakin, sonradan üçüncü şəxs bunu başa düşən kimi əvvəl verdiyi ərizələri ləğv etdirmişdir. Qeyd olunanlarla bağlı, sübut (səs yazısı) məhkəməyə təqdim olunmuşdur. Səs yazısından açıq-aşkar görünür ki, tərəflər arasında evin borc əvəzi iddiaçıya verilməsi ilə bağlı hər hansı razılaşma olmamış, əksinə orada evin sənədləşdirilməsi və bunun üçün müəyyən pul vəsaitinin lazım olması barədə danışıqlar aparılmışdır. Həmin sübutun apellyasiya baxışında təqdim olunmasının səbəbi isə, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin hazırlıq iclaslarında iştirakının təmin olunmaması, sonuncunun müəyyən müddət həbsdə olması, yalnız 26 dekabr 2024-cü ildə həbsdən azad olması, üçüncü şəxsin isə yalnız məhkəmə baxışı zamanı prosesə cəlb olunması, prosesdə vəkilsiz iştirak etmələri, nəticədə prosessual hüquqlarının məhdudlaşdırılması olmuşdur. Belə olan halda, cavabdeh tərəf sübutlarını vaxtında məhkəməyə təqdim edə bilməmişdir. Lakin, cavabdeh məhkəmə baxışında dəfələrlə bildirmişdir ki, iddiaçı aralarında evin borc əvəzi verilməsi ilə bağlı hər hansı razılaşma olmamış, iddiaçı qanunsuz olaraq bələdiyyə vasitəsilə müəyyən sənədləri öz adına keçirtdirmişdir. Bundan başqa, iddiaçı cavabdehdən 87000 manat pul tələb etsə də, mübahisələndirilən evin dəyəri borc məbləğindən dəfələrlə çoxdur. Bunu məhkəməyə təqdim olunmuş mütəxəssis rəyi, eləcə də apellyasiya baxışı zamanı məhkəmə tərəfindən əldə edilmiş mütəxəssis rəyi təsdiq edir. Belə olan halda, borc məbləğindən bir neçə dəfə dəyəri çox olan evin iddiaçıya verilməsinin heç bir normal məntiqi əsaslandırması ola bilməz. Qeyd olunanlara əsasən, apellyasiya şikayətlərinin təmin olunması və qətnamənin ləğv olunması, iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

15. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, tərəflər arasında borcla bağlı yazılı iltizam olsa da, borcun qaytarılmadığı təqdirdə mübahisəli daşınmaz əmlakın iddiaçıya verilməsi ilə bağlı yazılı razılaşma bağlanmamışdır. Bütün bu məsələr tərəflər arasında şifahi formada razılaşdırılmışdır. Məhz buna görə də cavabdehin anası evə dair kommunalların iddiaçının adına keçirilməsi ilə yazılı ərizələr vermişdir. Səs yazısında olan danışıqlar həqiqətən tərəflər arasında aparılmışdır. Belə ki, cavabdehə məxsus mübahisəli evin sənədləri olmadığından onun sənədləşdirilməsi üçün tərəfindən cəhdlər edilmiş, danışıqlar da bununla bağlı aparılmışdır. Mübahisəli evə dair kommunal xidmətlərə görə müqavilələr və bələdiyyə sənədləri iddiaçının adına qeydə alınsa da, ev iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilməmişdir. Cavabdeh tərəf evi boşaldaraq iddiaçıya təhvil verməkdən imtina etmiş, razılaşmanı pozmuşdur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edirlər ki,birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edirlər.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

18. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

19. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.

20. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir.

21. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir. Maddə 152.2 Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 529.8. Tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər. Maddə 653. Əşyaya sahiblik səlahiyyəti verən hüququn satıldığı halda satıcı alıcıya qüsurlardan, habelə üçüncü şəxslərin hüquqlarından və iddialarından azad əşya göndərməyə borcludur.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

26. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-494/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv olunaraq, iddia təmin olunmamalıdır.

27. Belə ki, iddiaçının tələbinə görə - cavabdeh ona olan 87000 manat borcunun əvəzində, qarşılıqlı razılıq əsasında mübahisəli daşınmaz əmlakı (Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi ünvanında yerləşən 36 nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi) onun mülkiyyətinə vermiş, bu məqsədlə cavabdehin anası olan üçüncü şəxs notariat qaydasında təsdiq olunmuş ərizələrlə evə dair kommunal xidmətlərə dair müqavilələrin iddiaçının adına keçirilməsinə dair razılıq ifadə etmiş, həmçinin qeyd edilən əmlak üzrə yerli bələdiyyə tərəfindən vergi ödəyəcisi qismində uçota alınmış, lakin cavabdeh tərəf sonradan əmlakı boşaldaraq ona təhvil verməmişdir.

28. Cavabdeh (eləcə də, eyni mövqedən çıxış edən üçüncü şəxs) iddiaya etiraz edərək, aralarında mübahisəli daşınmaz əmlakın borc əvəzinə iddiaçıya verilməsinə dair hər hansı razılaşmanın olmamasını, iddiaçı tərəfindən bu istiqamətdə məhkəməyə mötəbər sübutların təqdim olunmamasını, daşınmaz əmlakın iddiaçının faktiki sahibliyinə verilməməsini, ümumiyyətlə daşınmaz əmlakın cavabdehə məxsus olmamasını, üçüncü şəxsin isə iddiaçı qarşısında hər hansı öhdəliyinin olmamasını, üçüncü şəxsin əmlakın sənədləşdirilməsi (çıxarış alınması) məqsədilə kommunal xidmətlərin iddiaçının adına keçirilməsinə razılıq verməsi, bu barədə tərəflər arasında danışıqlarla bağlı müvafiq səs yazılarının olmasını, eyni zamanda əmlakların dəyərinin borc məbləğindən dəfələrlə yüksək olmasını, bu cür əvəzləşdirmənin heç bir məntiqi əsasının olmamasını və s. göstərmişlər.

29. İddiaçı cavabdehin ona 87000 manat pul ödəməli olmasına dair məhkəməyə sadə yazılı formada iltizam təqdim etsə də, sonradan həmin pul vəsaitinin əvəzinə müvafiq daşınmaz əmlakın təqdim olunmasına dair yazılı razılaşmanın mövcudluğu ilə bağlı sübut təqdim edə bilməmiş, razılaşmanın şifahi bağlanmasını qeyd etmişdir.

30. Qeyd olunmalıdır ki, mülki qanunvericlik tərəflər arasında razılıq əsasında öhdəliyin icrası əvəzinə müəyyən əşyanın verilməsi və s. əvəzləmə üsulları ilə öhdəliyə xitam verilməsi imkanını müəyyən etmişdir (MM, 450.1, 527.1). 31.Lakin belə razılaşma qanunvericiliyin tələblərinə uyğun formada bağlanmaqla, etibarlılıq şərtlərinə cavab verməlidir.

32. Bu hal xüsusilə, daşınmaz əmlakların müqəddaratını həll edən müvafiq əqdlərin (razılaşmanın) bağlanması zamanı gözlənilməlidir.

33. Qanunvericliyə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqların əmələ gəlməsi, başqasına keçməsi və xitamı üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmçinin, daşınmaz əmlak barəsində həmin əmlaka barəsində sahiblik və istifadə hüququna dair bağlanmış müqavilələrin notariat qaydasında təsdiq edilməli və yalnız bundan sonra həmin müqavilələrin hüquqi qüvvəsi yarandığı nəzərə alınmalıdır (MM, 139.1, 144.1, 146.1).

34. İşdən görünür ki, mübahisəli yaşayış sahəsi özbaşına tikli olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda onun barəsində şəxsin sərəncam hüququ (onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ) da yarana bilməz (MM, 180.2).

35. Həmçinin, yuxarıda da qeyd edildiyi kimi müvafiq razılaşma ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut (sadə yazılı müqavilə və s.) təqdim olunmamış, eləcə də iş materialları ilə bu hal öz təsdiqini tapmamışdır.

36. Eyni zamanda, evə dair kommunal xidmətlərə dair müqavilələrin iddiaçının adına rəsmiləşdirilməsinə dair üçüncü şəxs tərəfindən ərizələr verilməsi və iddiaçının adına müvafiq sənədləşmələrin (yerli vergi uçotu və s.) aparılması halları da vəziyyəti dəyişdirməməklə, sonuncunun müvafiq daşınmaz əmlak üzərində hər hansı əşya hüquqlarının yaranmasını ehtiva etməmişdir.

37. Bununla yanaşı, Bülbülə bələdiyyəsinin sədri tərəfindən mübahisəli yaşayış sahəsinin sahibi kimi iddiaçının adına müvafiq arayış (kartoçka) tərtib etməsi və arayışda bunun əsası kimi “bələdiyyə sənədi” qeyd etməsi qanunvericiliyin tələblərinə uyğun olmamaqla, etibarsızdır (arayışda bələdiyyə sənədinin nədən ibarət olması açıqlanmamışdır).

38. İddiaçı məhkəməyə müvafiq torpaq sahəsinin bələdiyyə tərəfindən ona ayrılmasına (satılması, istifadəyə verilməsi və s.) dair hər hansı qərar təqdim etməmişdir. Daşınmaz əşyalar üzərində hüquqların yaranması isə qanunvericiliklə dəqiq müəyyən olunmuşdur və qanuni əsas olmadan hər hansı bələdiyyə tərəfindən daşınmaz əmlakın (xüsusilə yaşayış sahəsinin) kimə məxsus olması barədə belə arayışların verilməsi heç bir hüquqi nəticə doğurmamaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır.

39. Göründüyü kimi, iddiaçının təqdim etdiyi qeyd edilən sübutlar daşınmaz əmlak üzərində əmlak (əşya) hüquqlarının yaranmasına qanuni əsas təşkil edə bilməz.

40. Həmçinin, mübahisəli yaşayış sahəsi sonradan faktiki olaraq da iddiaçının sahibliyinə verilməmişdir (qarşı tərəf bu halı mübahisələndirməmişdir).

41. Əksinə, tərəflər arasında olan qarşılıqlı danışıqlarla bağlı səs yazılarında (səs yazışı apellyasiya baxışı zamanı tərəflərin iştirakı ilə tədqiq olunmuşdur) cavabdeh mübahisəli əmlaka çıxarış almaq üçün bələdiyyə qərarı və s. sənədlərin lazım olduğunu, başqa şəxsin daha “ucuz” qiymətə sənədləşməyə kömək edəcə biləcəyini bildirir, iddiaçı isə öz növbəsində razılıq istəyərək, sənədləşmə ilə bağlı məsələlərin onun tərəfindən həll ediləcəyini, bunun üçün müəyyən pul vəsaitinin tələb olunmasını və s. bildirmişlər.

42. Tərəflər həmin danışıqların məhz üçüncü şəxs tərəfindən kommunal xidmətlərə görə ərizə verildiyi ərəfədə aparlıdığını da təsdiq etmişlər.

43. Lakin həmin danışıqlarda mübahisəli əmlakın borcun əvəzinə iddiaçıya verilməsi, yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməli olması və s. bu istiqamətində hər hansı fikir bildirilməmiş, həmçinin danışıqların ümumi məzmunundan da belə qənaətə gəlmək mümkün olmamışdır.

44. İşdən görünür ki, mülki işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh hazırlıq icraatında iştirak etməmiş, göndərilən poçt göndərişləri müxtəlif qeydlərlə (ünvan düzgün deyil, yaşamır) məhkəməyə qaytarılmış, məhkəmə isə həmin şəxsin iştirakının təmin olunması istiqamətində zəruri prosessual hərəkətləri yerinə yetirmədən, işin məhkəmədə baxılmasına təyin olunması barədə qərardad qəbul etmişdir. Üçüncü şəxs isə yalnız məhkəmə baxışı zamanı icraata cəlb edilmiş, cəmi bir iclasda iştirak etmiş və həmin iclasda də yekun məhkəmə aktı qəbul edilmişdir.

45. Göründüyü kimi, həmin şəxslərin birinci instansiya məhkəməsində dinlənilmə hüquqları məhdudlaşmış, sübutlarını təqdim emək üçün kifayət qədər imkanları olmamışdır.

46. Halbuki, istər cavabdeh, istərsə də üçüncü şəxs şifahi məhkəmə baxışı zamanı mübahisəli əmlakı borc əvəzinə iddiaçıya verməmələrini, aralarında belə bir razılaşmanın olmamasını, kommunal xidmətlərə dair müvafiq razılığın başqa məqsədlə (evin sənədləşdirilməsi) verilməsini, bu barədə aralarında danışıqların olmasını, bələdiyyə tərəfindən iddiaçının adına verilmiş sənədlərdən isə ümumiyyətlə məlumatlı olmamalarını və s. bu kimi izahatları vermiş, məhkəmə isə cavabdehin hazırlıq iclaslarında iştirak etməməsinə, üçüncü şəxsin isə məhkəmə baxışı zamanı icraata cəlb olunmasını nəzərə almamış, onlara zəruri sübutlarını təqdim etməyi təklif etməmiş, yalnız iddiaçının təqdim etdiyi birtərəfli sübutlara əsaslanmaqla yekun məhkəmə aktı qəbul etmiş, nəticədə ədalətli məhkəmə araşdırması hüququ (prinsipi) pozulmuşdur.

47. Məhkəmə kollegiyası qeyd edilənləri və MPM-nin 372-ci maddəsinin tələblərini nəzərə alaraq apellyasiya baxışı zamanı tam və obyektiv araşdırmanın təmin olunması üçün bəzi sübutların (səs yazısı, mütəxəssis rəyi və s.) qəbul edilməsini mümkün hesab etmiş, həmin sübutlar çəkişmə prinsipinə əsasən tərəflərin iştirakı ilə tədqiq olunmuşdur.

48. Bununla yanaşı, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrindən də tərəflər arasında müvafiq razılığın olması nəticəsinə gəlmək mümkün deyildir (bəzi şahidlər bu halı təsdiq etməmiş, bəziləri isə bunu məhz iddiaçıdan eşitdiklərini bildirmişlər).

49. Əksinə, şahidlərin ifadələrindən mübahisəli əmlakın gələcəkdə cavabdeh tərəfindən baha qiymətə satılaraq borcların bağlanması kimi danışıqların olması müəyyən edilir.

50. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İŞ-də aparılan cinayət təqibi üzrə təqdim olunmuş bəzi materialların surətlərindən də tərəflər arasında müvafiq razılaşmanın olması görünmür. Əksinə, vurulmuş ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, cavabdehin oğlu tərəfindən iddiaçıya 14000 manat pul vəsaiti ödənilmiş, sonuncu cavabdehdən şikayətinin və tələbinin olmaması barədə notarita qaydasında təsdiq olunmuş ərizə təqdim etmişdir.

51. Bununla yanaşı, işdə olan sübutlardan mübahisəli əmlakın məhz cavabdehə məxsus olması ilə bağlı da hər hansı sübut mövcud deyildir. Əksinə, işin hallarından görünür ki, yaşayış sahəsinə dair kommunal xidmətlərə dair müqavilələr üçüncü şəxsin adına olmuşdur.

52. Birinci instansiya məhkəməsi isə mübahisəli ünvanda yerləşən evin üçüncü şəxsə deyil, cavabdehə məxsus olması qənaətinə gəlsə də, tərəflərin izahatında bu hal konkret olaraq öz təsdiqini tapmamışdır. Əksinə, üçüncü şəxs əvvəl ona məxsus olan evin satılaraq, yeni 3 ev alındığını bildirmişdir (evlərdən birini kiçik qızına, digərini qızı Cavabdeh, birini isə özünə almışdır. O, əlavə etmişdir ki, o özü kiçik qızı ilə bir həyətdə öz evində yaşayır. Digər qızı Cavabdeh evi isə onlardan kənardadır). Lakin, mübahisəli ünvandakı evin konkret cavabdehə məxsus olmasını təsdiq etməmişdir. İddiaçı da öz növbəsində bu halı təsdiq edən sübutlar təqdim etməmişdir.

53. Lakin yuxarıda qeyd edilənlər nəzərə alınmaqla hətta həmin daşınmaz əmlakın faktiki sahibinin cavabdeh olması nəzərə alınsa belə, yenə də iddiaçının tələblərinin qanuni və hüquqi əsasları mövcud deyildir.

54. Bundan başqa, cavabdeh tərəfin (həmçinin, üçüncü şəxsin) iddiaya qarşı etirazının digər dəlili evin dəyərinin borc məbləğindən dəfələrlə çox olması, belə olan halda isə əvəzləşəmənin ağlabatan olmaması ilə bağlı olmuşdur.

55. Cavabdehin nümayəndəsi apellyasiya baxışı zamanı qiymətləndirici rəyini ("xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyi) təqdim edərək, mübahisəli daşınmaz əmlakın bazar dəyərinin 311400 manat olmasını iddia etmiş, iddiaçı tərəf isə həmin qiymətin dəfələrlə şişirdilmiş olmasını, əmlakın sənədlərinin olmamasını, özbaşına tikili olmasını, şəhərdən kənarda yerləşməsini, cavabdehin həmin evi 110000 manata satışa çıxarmasını və s. bildirmişdir.

56. Məhkəmə kollegiyası etirazın bu dəlilini tam, hərtərəfli və obyektiv araşdırmaq üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, müvafiq rəy alınmışdır.

57. “X4” MMC-nin xx.xx.2025-ci il tarixli ETM-061/Q/25 saylı qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanındakı 0,045 ha torpaq sahəsi üzərində yerləşən 200 kv.m sahəsi olan fərdi yaşayış evinin hazırkı tarixə Respublika daxili orta bazar qiymətlərinə uyğun ümumi dəyəri (daşınmaz əmlakın özbaşına tikili olması, torpaq sahəsinə dair isə hər hansı hüquq müəyyənedici sənədinin olmaması nəzərə alınmaqla) təqribən 176000,0 (yüz yetmiş altı min) manat (200,0 kv.m x 1100,0 man – 20%) məbləğində müəyyən edilmişdir.

58. Göründüyü kimi, mütəxəssis rəylərinə əsasən də, mübahisəli əmlakın dəyəri tərəflər arasındakı borc məbləğindən ən azı iki dəfə çoxdur.

59. Belə olan halda isə, tərəflərin borc məbləği qarşılığında (87000 manat) mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin normal şərtlər əsasında qeyd olunan borc məbləğinə münasibətdə əvəzləşdirilməsi normal məntiqə də sığmır.

60. İddia tələbinin digər hüquqi əsasları barədə aşağıdakıları qeyd etmək olar.

61. Əşyanın qaytarılması və ya pozuntuya son qoyulması barədə iddialar aşağıdakı növlərdə ola bilər: a) hüquq haqqında mübahisələr – vindikasiya iddiası (MM, m.157.2), neqator iddia (MM, m.157.4) və sair; b) sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddialar – geri qaytarma tələbi (MM, m.164.2) və pozuntuya son qoyulması tələbi (MM, m. 165.1).

62. Göründüyü kimi, iddia növləri mahiyyəti və təyinatı etibarilə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər.

63. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia).

64. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir.

65. Vindikasiya iddiasının irəli sürülməsi üçün (uğurlu olması üçün) - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır.

66. Qeyd edilən şərtlər birlikdə, məcmu halda mövcud olmalıdır. Əks halda iddia təmin oluna bilməz.

67. Beləliklə, qanunvericiliyin qeyd edilən tələblərinin hazırki mübahisəyə tətbiq edilməsi nəticəsində iddianın uğurlu olması üçün aşağıdakı hallar müəyyən edilməlidir.

68. İddiaçı tələbinin əsası kimi istinad etdiyi daşınmaz əmlakın mülkiyyətçisi (qanuni sahibi) olmalı, həmin əmlak cavabdeh tərəfin sahibliyində olmalı, lakin onların sahiblik hüququ olmamalı, nəticədə iddiaçı öz əmlakı üzərində sahiblikdən (mülkiyyətdən) məhrum olmalıdır.

69. Bununla yanaşı, iddiaçının iddia etdiyi tikili naturada mövcud olmalı, onun sərhədləri dəqiq müəyyən edilməli (yerquruluşu işləri tamamlanmalı), mübahisə doğurmamalıdır.

70. Lakin, hazırkı halda iddiaçının mübahisəli daşınmaz əmlak (həm torpaq sahəsi, həm də onun üzərində inşa edilmiş fərdi yaşayış evi) üzərində mülkiyyət (digər əşya) hüququnu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, əksinə tikilinin özbaşına tikili olması mübahisə doğurmamışdır.

71. Belə olan halda, iddiaçının iddia ərizəsində istinad etdiyi, mülkiyyətin müdafiəsinə yönələn MM-nin 152, 157 və s. bu kimi normaların dispozitiv şərtləri mövcud deyildir.

72. Bununla belə, yuxarıda qeyd olunduğu kimi sahibliyin müdafiəsi məqsədilə qaldırılan iddialar mülki qanunvericiliyimizdə hüquq haqqında mübahisə kimi yox, özbaşınalığın qarşısının alınmasını təmin edən tələblər kimi nəzərdə tutulmuşdur.

73. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir (MM, m.159-162).

74. Sahiblik (possessio) hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.

75. Sahiblik, bir şəxsin əşya üzərində faktiki hakimiyyəti özünün iradəsi ilə ilkin olaraq qazanması (məsələn, sahibsiz daşınar əşyanın mənimsənilməsi - MM, m.184), yaxud başqası tərəfindən sahibliyin ona verilməsi (MM,m.181.1) və ya vərəsəlik yolu ilə əldə edilə bilər (MM,m.1255).

76. Sahiblik institutu mülki hüquq münasibətlərində bir neçə əhəmiyyətli funksiyanı yerinə yetirir. Onlar aşağıdakılardır: - əşya üzərindəki hüquqları üçüncü şəxslərə göstərən - açıqlığı təmin edən funksiya (MM, m.166); - əşya hüquqlarının bir şəxsdən digərinə verilməsini və ya qazanılmasını təmin edən funksiya (MM, m.181.1); - cəmiyyətdəki nizamı və sosial sülhü qoruma funksiyası (MM,m.164,165).

77. Heç kəsə icazə verilmir ki, (hətta əşya üzərində hüquq sahibi olsa belə) cəmiyyətdəki hüquq qaydasını və nizamı pozaraq, başqasının hakimiyyəti altında olan bir əşyanı özbaşına qəsb etsin, yaxud sahibliyə maneə törətsin. Başqa sözlə, heç kəs əşyanı sahibliyində saxlayan şəxsin əslində buna haqqı olmadığını irəli sürərək, özbaşına şəkildə onun əlindən ala və ya sahibliyini poza bilməz. Əks halda cəmiyyətdə qarşısıalınmaz bir özbaşınalıq vəziyyəti meydana gələr.

78. MM-nin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

79. Normanın mahiyyətini və məqsədini nəzərə alsaq qeyd etmək olar ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür.

80. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir.

81. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür.

82. Beləliklə, qanunverici, cəmiyyətdəki nizam və sosial sülhü qorumaq məqsədilə, əşya üzərində hüquq sahibi olsun və ya olmasın, hər bir şəxsə özbaşınalıqdan operativ şəkildə müdafiə olunmaq imkanı tanıyır. Hətta qanunsuz sahibin özünün belə əşya üzərindəki sahibliyi özbaşınalıqdan qorunur. Bu baxımdan,qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək hüququnun kimlərə aid olduğunu göstərən MM-in 164.2-ci maddəsində “hər bir sahib” ifadəsindən istifadə edilməsi təsadüfi deyil.

83. Sahibliyin müdafiəsi ilə bağlı iddianın dərhal, uzağı məhrumetmə və ya pozuntu anından başlayaraq bir il ərzində qaldırılması ilə bağlı qayda (MM,m.165.2) da özbaşınalığın qarşısının təxirəsalınmadan alınmasına yönəlmişdir. Göstərilən müddətlər keçdikdən sonra yaranan sahiblik vəziyyəti yeni bir status-kvo kimi qəbul edilir və bu səbəbdən sahibliyin müdafiəsi iddiaları istisna olunur.

84. Sahiblik iddialarının təyinatı özbaşınalığın qarşısını almaq olduğu üçün belə tələblərə baxılarkən hüquq haqqında mübahisəli halların, o cümlədən əşyaya sahiblik hüququ verən əsasların sübut edilməsinə, yaxud cavabdehin əşyaya daha üstün bir hüquqa malik olması barədə etirazların dinlənilməsinə və bu dəlillərin araşdırılmasına gərək yoxdur. Çünki, əşya üzərindəki mülki hüquqlar sahiblik iddiasının predmeti xaricində qalmaqla mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. Yəni, sahiblik iddiasını həll etmiş məhkəmə aktı mübahisənin obyekti üzərində tərəflərdən hansınınsa hüququnu tanımış və ya təkzib etmiş olmur. Bu qərar yalnız özbaşınalıqla pozulmuş sahiblik vəziyyətini bərpa edir, onu ilkin vəziyyətə qaytarır.

85. Ona görə də, sahibliyin müdafiəsinə dair iddianın həllindən (nəticəsindən) asılı olmayaraq, hər bir tərəfin həmin əşya barəsində ayrıca icraatda hüquq haqqında mübahisə açmaq imkanı var. Məsələn, MM-in 164.2-ci maddəsində nəzərdə tutulan geriqaytarma tələbi rədd edilən şəxs, sonradan mülkiyyətçi kimi əşyanın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi barədə vindikasiya iddiası qaldıra bilər (MM, m.157.2). Yaxud, əksinə - şəxs özbaşınalıqla qəsb etdiyi əşyanı MM-in 164.2-ci maddəsi çərçivəsində qaytardıqdan sonra mülkiyyət hüququna söykənərək eyni əşyanı vindikasiya qaydasında geri istəyə bilər (MM, m.157.2).

86. Qeyd edilməlidir ki, hazırki iddianın uğurlu olması üçün; 1) İddiaçı əvvəlki və ya mövcud sahib olmalıdır (əvvəlki sahib dedikdə, əşya üzərindəki faktiki hakimiyyətdən tamamilə məhrum edilmiş, mövcud sahib dedikdə isə sahibliyini itirməsə də, əşyadan istifadəsinə maneçilik törədilən şəxs nəzərdə tutulur). 2) İddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməlidir (özbaşınalıq əməli, sahibin iradəsi xaricində, qanunvericiliyə zidd şəkildə, insan tərəfindən edilən bir davranışdır. Başqa sözlə, sahiblikdən məhrum olmaq və ya sahibliyin pozulması sahibin iradəsi daxilində, qanuna uyğun şəkildə baş verdikdə özbaşınalıqdan söhbət gedə bilməz) 3) Cavabdehin hazırkı sahibliyi və ya təcavüzü qanunsuz olmalıdır (əgər cavabdehin əşya üzərindəki sahibliyi qazanması və ya ona müdaxiləsi keçərli bir hüquqi əsasa söykənmirsə, özbaşınalıq onun tərəfindən edilmişdirsə, qanunsuz sayılır) 4) Sahiblik iddiasının təmin edilməsini istisna edən hallar olmamalıdır (bu şərt MM-in 164.2-ci və 165.1-ci maddələrinin ikinci cümləsində və 165.2-ci maddəsindəki qaydaları özündə ehtiva edir)

87. Sahibliyin müdafiəsi barədə iddialar yuxarıda göstərilən şərtlər əsasında və ardıcılıqla yoxlanılmaqla həll edilir. Bu şərtlərin hər biri aşkar edildikdə iddia əsaslı sayılaraq təmin olunur. Onlardan hər hansı birinin müəyyən edilməməsi sahibliyin müdafiəsi çərçivəsində iddianın rədd edilməsinə əsas verir və sonrakı şərt(lər)in yoxlanılmasına gərək qalmır.

88. Hazırkı halda, yuxarıda qeyd olunduğu kimi iddiaçı mülkiyyət hüququna əsaslana bilmədiyindən, onun sahiblikdən faktiki məhrum olması (özbaşınalıqdan müdafiə) halı da yoxlanılmalıdır.

89. Lakin, işin mübahisəsiz halıdır ki, iddiaçı heç bir zaman mübahisəli daşınmaz əmlakın faktiki sahibi olmamış, əmlak üzərində sahibliyi və qanuni istifadəni həyata keçirməmişdir.

90. Beləliklə, işin faktiki hallarından və qanunvericilyin qeyd edilən normalından göründüyü kimi, cavabdeh tərəfin mübahisəli yaşayış sahəsindən istifadə etməsi (yaşaması) və ona sahibliyi həyata keçirməsi iddiaçıya münasibətdə qanunsuz olmamış, iddiaçının isə ümumiyyətlə sahiblik hüququ yaranmamışdır.

91. Yuxarıda da qeyd edildiyi kimi, kommunal xidmətlərin və yerli bələdiyyə vergisinin iddiaçının adına olması halı da vəziyyəti dəyişdirmir.

92. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddianın hazırki vəziyyətdə müvafiq tələb (subyektiv) hüquqlarının mövcudluğu müəyyən edilmir.

93. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

94. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

95. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilənləri nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz.

96. Bununla yanaşı, məhkəmə dairəsi qeyri müəyyən olan şəxslərin də mübahisəli yaşayış sahəsindən çıxarılmalı olması nəticəsinə gəlməklə prosessual hüquq normalarının tələblərini kobud pozmuş, işə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə toxuna bilən qətnamə qəbul etmişdir.

97. Qeyd edilənlər MPM-in 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır.

98. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın təmin olunmamalıdır.

99. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

100. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

101. İşdən görünür ki, hazırki apellyasiya baxışı zamanı 300 (üç yüz) manat məbləğində aparılmış qiymətləndirmənin dəyəri (məhkəmə xərci) mövcud olmuşdur. Məhkəmə kollegiyası iddianın əsassız olması nəticəsinə gəldiyindən hesab edir ki, həmin məhkəmə xərci iddiaçıya aid edilməlidir.

102. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və evin sahibliyə verilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-494/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-494/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Məhkəmə xərci İddiaçı aid edilsin. İddiaçıdan apellyasiya icraatı zamanı aparılmış qiymətləndirmənin dəyəri kimi 300 (üç yüz) manat tutularaq “X4” MMC-nin hesabına (müafiq bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – VÖEN **********, Bank rekvizitləri – Azər-Türk Bank ASC, AZ1022 Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85, 192/193, VÖEN **********, KOD 507699, Müxbir hesab AZ02NABZ********************, SWİFT AZRTAZ22, H/h AZ69AZRT********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar