Məhkəmə qərarları › İş №2(010)-4970/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4970/2022

26.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4970/2022 26.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili - Bakı şəhəri 30 saylı Vəkil bürosunun vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "mənzilə köçürmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh mülkiyyətində olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evə köçürülmələri, eləcə də həmin yaşayış binasının köməkçi sahələrindən istifadə qaydalarının müəyyən edilməsi. İddia tələbinin dəlliləri Lənkəran Rayon Məhkəməsinin 2(049)-2117/2012 saylı qətnaməsinə əsasən İddiaçı1 ilə Cavabdeh arasında 02 avqust 2001-ci il tarixdə Lənkəran Rayon VVADQ Şöbəsində bağlanmış 444 saylı nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən cavabdehə münasibətdə aliment də müəyyən edilmişdir. O, sözügedən tarixdə evə köçürmə tələbi barədə məhkəməyə müraciət etməmişdir. Çünki həmin vaxt onun evə ehtiyacı olmamışdır. Lakin hazırda onun və övladlarının həmin evə ehtiyacı var. Belə ki, qızı İddiaçı4, İddiaçı2 və oğlu İddiaçı3 artıq tələbədir və onun Bakı şəhərində qalmağa başqa yeri yoxdur. Bakı şəhərində kirayə müqaviləsi bağlamaq üçün isə iddiaçının maddi imkanı çox aşağıdır. Cavabdeh övladlarına aliment ödəmişdir, uşaqların digər qayğılarını isə iddiaçı çəkmişdir. Hazırda isə cavabdehin Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində 3 otaqlı evi vardır. Belə ki, o, keçmiş hərbçi olduğundan ona dövlət tərəfindən ev bağışlanmışdır. Həmin evdə iddiaçı cavabdehlə birgə nikahda olduqları dövrdə qeydiyyata alınmışdır. Əslində həmin evlə bağlı sənədlərdə iddiaçıların adları qeyd edilmişdir. Bu barədə Müdafiə Nazirliyinə müraciət edərkən, iddiaçıya şifahi qaydada məlumat vermişlər. Onu da qeyd etməlidir ki, o, uzun müddət keçmiş əriylə döyüş bölgələrində 3 uşaqla birlikdə yaşamışdır. Həmin evlə bağlı onun və övladlarının da haqqı vardır. Lakin mövcud qanunvericilik həmin haqqı tələb etməyə mane olur. Belə olan təqdirdə heç olmazsa, iddiaçının və övladlarının istifadə hüququ tanınmalıdır. Həmin evin sənədləri onda olmadığından məhkəməyə təqdim edə bilmir. Övladları ali təhsilini Bakı şəhərində əyani qaydada aldıqlarından sözügedən evə ehtiyacları vardır. Çünki hər ay 400-500 manat məbləğində kirayə ödənişi vermək iqtidarında deyildir. Cavabdehlə razılaşma əldə olunmasından ötrü cavabdehi mediasiyaya dəvət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də X6 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı hazırki iddia ərizəsinə əlavə etmişdir. Hazırda ona məlumdur ki, Bakı şəhərində yerləşən və cavabdehə məxsus olan ev müvafiq aidiyyəti qurumda qeydiyyatdan keçirilmişdir. Lakin o, evin mülkiyyətdə olmasını təsdiq edən sənədi məhkəməyə təqdim edə bilmir. Tərəflərin izahatları İddiaçı1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh hərbçi olub və ona ev verilib. Həmin dövrdə ailəli olublar. Nikah pozulduqdan sonra əmlak payı ala bilməyib. Uşaqlar anayla qalıb və kirayə qalıblar. Uşaqlar yetkinlik yaşına çatıb. İddiaçı1 uşaqlarıyla Lənkəranda yaşayıb, sonra uşaqların təhsiliylə bağlı Bakıya, Xırdalana gəliblər. Afərə işdən mənzil verilmişdir və sənədlər toplananda ailə üzvü kimi iddiaçıların adları da yazılmışdı. Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, onun İddiaçı1 ilə 2012-ci ildə nikahı pozulmuşdur. O, boşandıqdan sonra yenidən ailə qurmuş və hazırda həmin evlilikdən 2 övladı vardır. Ev ona 2020-ci ildə verilmiş və çıxarış təqdim olunmuşdur. Onun evi 69.5 kv.m-dir. Özünün ailəsi və uşaqları vardır. Vaxtilə uşaqlar yetkinlik yaşına çatanadək aliment ödəmişdir. Hətta indi qızı Jalənin təhsil haqqına görə hər ay 150 manat verərək köməklik edir. Ona ev verilərkən indiki ailəsi nəzərə alınaraq 69.5 kv.m sahəli ev verilmişdir. O vaxt əvvəlki ailəsini də nəzərə almalarını söyləmiş, lakin müvafiq qurum bundan imtina etmişdir. İddiaçı1 onun faktiki nikaha daxil olduqdan sonra 1999-cu ildən 2013-cü ilə kimi gəlin köçən evdə yaşamış, boşandıqdan sonra ata evinə getmişdir. Nikah pozulduğu dövrdə o, Ağcabədi rayonunda xidmət edirdi. Yəni iddiaçılardan heç biri onun Hövsan qəsəbəsində olan evində heç vaxt qalmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Masallı Regional “ASAN xidmət” X7 tərəfinən verilmiş 26 avqust 2020-ci il tarixli 05/349-69 saylı ailə vəziyyəti haqqında arayışdan görünür ki, Cavabdeh arvadı xx.xx.1997-ci il təvəllüdlü X9, uşağı – xx.xx.2015-ci il təvəllüdlü X12 və uşağı – xx.xx.2016-cı il təvəllüdlü X10 vardır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 69.50 kv.m ümumi sahəsi olan mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. Cavabdeh əmlak üzərində tam pay üzrə mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Müdafiə Naziliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Cavabdeh müraciətinə cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq Cavabdeh dövlət vəsaiti hesabına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsində yerləşən “Hövsan” yaşayış kompleksində bu ailə üzvləri: həyat yoldaşı - xx.xx.1997-ci il təvəllüdlü X9, uşağı – xx.xx.2015-ci il təvəllüdlü X12 və uşağı – xx.xx.2016-cı il təvəllüdlü X10 nəzərə alınmaqla bina 4, giriş 109, mərtəbə 4, mənzil 2 ünvanında ümumi sahəsi 69.5 kv.m olan 3 (üç) otaqlı yaşayış sahəsi verilmişdir. Lənkəran rayon Məhkəməsinin 2(049)-2117/2012 saylı 06 dekabr 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X4 ilə cavabdeh X13 arasında 02 avqust 2001-ci il tarixdə Lənkəran rayon VVADQ Şöbəsində bağlanmış 444 saylı nikahın pozulması, tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən iddiaçı X2 11 (on bir) manat dövlət rüsumu alınaraq Dövlət nəfinə verilməsi, Cavabdeh isə bu rüsumu ödəməkdən azad edilməsi, Cavabdeh xx.xx.2000-ci il tarixdə anadan olmuş İddiaçı4, xx.xx.2001-ci il tarixdə anadan olmuş İddiaçı2 və xx.xx.2004-cü il tarixdə anadan olmuş İddiaçı3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq iddiaçı X3 verilməsi, alimentin tutulmasına 01 noyabr 2012-ci il tarixdən başlanılması qət edilmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MŞL- 00137 saylı X6 sonra prosesin davam etdirilə bilməməsi barədə Arayışdan görünür ki, İddiaçı1 və Cavabdeh xx.xx.2022-ci il tarixində, 14:20-də keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. X1 və Cavabdeh ilkin mediyasiya sessiyasından sonra evə köçürülmə tələbi üzrə prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İşin faktiki halları İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdehin keçmiş ailə üzvləridir. Belə ki, Cavabdeh İddiaçı1 ilə 02 avqust 2001-ci il tarixdə nikah bağlayaraq ailə həyatı qurmuş, onların əvvəl faktiki və sonra rəsmi birgə nikahı dövründə xx.xx.2000-ci il təvəllüdlü İddiaçı4, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2004-cü il təvəllüdlü İddiaçı3 adlı uşaqları doğulmuşdur. Lənkəran rayon Məhkəməsinin 2(049)-2117/2012 saylı 06 dekabr 2012-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, tərəflərin övladları analarının himayəsində qalmışdır. Sonradan Cavabdeh X9 ilə nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Hazırki iş üzrə mübahisəli mənzil olan ünvan 1 ünvanında yerləşən, 69.50 kv.m ümumi sahəsi olan mənzilə mülkiyyət hüququ Cavabdeh adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı tərəf mənzillə bağlı müraciət edilərkən sənədlər toplananda ailə üzvü kimi iddiaçıların adlarının da qeyd edildiyini və buna görə də mənzildə yaşamaq hüquqlarının olduğunu iddia edir, məhkəmədən mübahisəli mənzilə köçürülmələrini xahiş edir. Cavabdeh isə iddiaçıların mübahisəli mənzildə heç vaxt yaşamadığını, onların həmin mənzilə istifadə hüququnun yaranmadığını, həmin mənzilə hazırki ailəsi ilə birlikdə köçürülməsi barədə qərarın olmasını əsas gətirir və iddia tələbinin rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013cü il tarixli Qərarından) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında deyilir: “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Həmin müddəaların mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Məhkəmə müəyyən edir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən məhdud əşya hüququ notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçılardan İddiaçı1 münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli mənzilə mülkiyyət hüququ Cavabdeh adına rəsmiləşdirildiyi anda İddiaçı1 ilə Cavabdeh arasında ailə münasibətləri mövcud olmamışdır. İddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı3, yəni cavabdehin yetkinlik yaşına çatmış övladlarına münasibətdə isə məhkəmə qeyd edir ki, onların Mənzil Məcəlləsinin yuxarıda sadalanan normalarının dispozisiya şərtləri baxımından cavabdehlə birlikdə mübahisəli yaşayış evindən istifadə etmək hüquqları yaranmamışdır.

Məhkəmənin gəldiyi nəticə. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "mənzilə köçürmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "mənzilə köçürmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar