Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-500/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşamışlar. Həyat yoldaşı X8 astma xəstəsi idi və həmin xəstəlikdən dünyasını dəyişmişdir. Mübahisəli ev mərhum qaynatası Məlik Əliməmmədova məxsus idi. Onun qaynı Cavabdeh heç bir səbəb olmadan onları evdən qovmuşdur. Onun (iddiaçının) bütün cehiz əmlkakı yaşadığı evdə yerləşdirilmişdir. İş üzrə Cavabdeh onu və övladlarını evə buraxmır və qeydiyyatda olmaqla yaşadıqları evdən onları məhrum etmişdir. Həmin evdə o, həyat yoldaşı və uşaqları ilə birlikdə yaşamışlar. Bütün bu dövrlər ərzində qaynı Cavabdeh öz ailəsi ilə birlikdə həmin yaşayış evində yaşamış, onların necə və harada yaşayacaqları barədə heç düşünmədən həmin ünvanda yaşamağına imkan verməmişdir. Belə ki, yaşayış evindən məhrum olduğuna görə ailəsi də əziyyət çəkir. Bu barədə qaynına müraciət etməyinə baxmayaraq, qaynı onların qeydiyyatda olduğu ünvanda yaşamağa icazə verməmişdir. Cavabdehə qarşı məhkəmədə iddia qaldırmağı qohumluqda ona qarşı ictimai qınağa səbəb olacağından qorxub bunu məhkəmə vasitəsi ilə həyata keçirməmiş, bunun üçün heç bir vaxt məhkəmədə iddia qaldırmamışdır. Ümüd etmişdir ki, danışıqlar yolu ilə cavabdehlər onu qeydiyyatda olduğu yaşayış yerinə köçməyinə icazə verərlər. Lakin cavabdeh onun müraciətinə heç bir vaxt əhəmiyyət verməmiş və qeydiyyatda olduğu yaşayış evində yaşamağına maneçilik törətmişdir. Onun keçmiş həyat yoldaşı miras əmlakın qəbul edilməsi və mirasdan payın natura qaydasında ayrılması tələbi ilə məhkəmyə müraciət etmiş və iddia təmin olunaraq Məlik Əliməmməd oğlundan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evinin 1/10 hissəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Buna baxmayaraq o və qızları da cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaşayış yerindən məhrum olduqları üçün normal şəraitdə yaşaya bilməmişlər. Ona görə də pozulmuş hüquqlarının bərpa edilərək, mübahisəli əvvəllər yaşadıqları ünvanda yaşamaq istəyirlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o uşaqlıqdan valideynləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evində yaşamışdır. O, mübahisəli evdən çıxdıqda onun səkkiz yaşı var idi. Həmin dövrlərdə evdə tez-tez mübahisələr olmuşdur. Hal-hazırda qalmağa yerləri olmadığından iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı3 məhkəmə iclasında iddia ərizəsində olanları təsdiqləyərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, İddiaçı1 ünvan 1 ünvanda yerləşən evə 1991-ci ildə gəlin köçmüş və orada ailəsi ilə birlikdə yaşamışdır. 2004-cü ildə iddiaçı ailə üzvləri ilə birlikdə köçüb getmişdir. Hazırda mübahisəli evdə o yaşayır və cavabdehlərin həmin evə köçürülməsinə etiraz edir. Həmin ev onun tərəfindən tikilmişdir. Atasına məxsus ev isə ayrıdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 15.10.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı1, Cavabdeh, X2, X6, İddiaçı3, İddiaçı2, X7 və X1 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin 30.09.2003-cü il tarixli qiyabi qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Məlik Əliməmməd oğlundan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evinin 1/10 hissəsi üzərində X3 mülkiyyət hüququ tanınması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Osmanova (Əliməmmədova) İradə Balabəy qızı və X8 11.06.1991-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Əliməmmədov”, arvada “Əliməmmədova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26.01.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evi X14 adına 02.08.1967-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda adınadır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 05.12.2019-cu il tarixdə ölmüşdür. Beləliklə, təqdim olunmuş sübutlar və verilmiş izahatlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 X8 ilə 11.06.1991-ci ildə rəsmi olaraq nikaha daxil olmuş və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evində yaşamışlar. Hal-hazırda ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X14 adına 02.08.1967-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda adınadır. İddiaçı1 məxsus əmlaklar hazırda həmin mənzildə qalmışdır. Suraxanı rayon Məhkəməsinin 30.09.2003-cü il tarixli qiyabi qətnaməsi ilə Məlik Əliməmməd oğlundan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evinin 1/10 hissəsi üzərində X3 mülkiyyət hüququ tanınması qət edilmişdir. Cavabdeh tərəfindən iddiaçıların mənzilə daxil olmasına və mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə maneə yaradılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası MM-nin 27.3-cü madddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 1991-ci il tarixdə yarandığından həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa catmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin ücüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından cıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köcürmək ixtiyarına malikdir. Həddi-büluğa catmamış uşaqların öz valideynlərinin yanına köcürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köcmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin tələbinə görə şəxsi yaşayış yeri–tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, mübahisəli Bakı şəhəri, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı evin 1/10 hissəsi üzərində X3 mülkiyyət hüququ tanındığından və iddiaçıların mübahisəli mənzildən istifadə hüquqları yarandığından iddia tələbi təmin edilməli, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsi, 1 saylı fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-500/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-500/2021
19.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver