Məhkəmə qərarları › İş №2(010)-5015/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5015/2025

21.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5015/2025 21.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X4 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs1 iştirakları ilə Ərizəçi (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 maraqlı şəxs qismində cəlb edilməklə) miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi və xahişin əsaslandırıldığı hallar Ərizəçi (bundan sonra - ərizəçi) (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 maraqlı şəxs qismində cəlb edilməklə) vərəsəlik hüququnun tanınması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il tarixdə ölmüş X2ndan miras qalmış Masallı rayon Təzə Alvadi kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış 0.14 ha torpaq sahəsi üzərində qanun üzrə vərəsə kimi hüquqlarının tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum atası X11 ilə mərhum anası X6 faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Faktiki nikahlarından o və mərhum bacısı X14 dünyaya gəlmişdir. X3 1969-cu ildə ölmüşdür. X2 1991-ci ildə ölmüş, vərəsələrdən bacısı X14 isə 2020-ci ildə vəfat etmişdir. Mərhum atasından ona miras kimi Masallı rayon Təzə Alvadi kəndində yerləşən 0.14 ha torpaq sahəsi qalmışdır. Torpaq sahəsinin atasının olması barədə reyestr xidmətindən mərhumun adına arayış da verilmişdir. Mərhum valideynlərinin nikahları olmadığından onun atalığı müəyyən olunmamış, sonradan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən atalığı müəyyən olunmuşdur. Mərhum atasından miras qalmış əmlaka sahiblik etmişdir və həmin əmlakı hal-hazırda da idarə edir. Mərhumun birinci növbə vərəsəsi kimi təkcə o sağ qalmışdır. Mərhum bacısı X9 6 övladı var və onlardan biri ölmüşdür. Mərhum bacısının övladları aşağıdakılardır: Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və X15 (xx.xx.1983-cü ildə ölmüşdür). Maraqlı şəxslərlə arasında heç bir mübahisə yoxdur. Maraqlı şəxslər notariat orqanına gedərək mirasdan imtina edilməsi barədə rəsmi ərizələrini də vermişlər. Masallı regional “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinin notariusu Əlövsət İbrahimov qanunsuzcasına vərəsəlik işindən imtina etmişdir. Onun barəsində Ədliyyə Nazirliyinə şəxsən şikayət etdiyi üçün yoxlama gəlmiş və onu 1500 manat inzibati qaydada cərimə etmişlər. Ədalətsiz notariuslar olduğundan məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Odur ki, mirasın qəbulu ilə faktı ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin dəqiqləşdirilməsi Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il tarixdə ölmüş X2ndan miras qalmış Masallı rayonu, Təzə Alvadi kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış (xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli) 0.14 ha torpaq sahəsinin (miras əmlakın) qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Maraqlı şəxs1 ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə həmin maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar xx.xx.1957-ci il tarixli, İ-İE seriyalı, 352467 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi (X2, anası X3) xx.xx.1941-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuşdur. xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 088090 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X14 xx.xx.2020-ci il tarixdə “Beyinə qansızma” səbəbindən Masallı rayonu, Təzə Alvadı kəndində ölmüşdür. xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 455587 nömrəli ölüm haqqında şəhadətnamədən (təkrar) müəyyən olunur ki, X12 xx.xx.1991-ci il tarixdə “Beyin insultu” səbəbindən Masallı rayonu, Təzə Alvadı kəndində ölmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan müəyyən olunur ki, **********77 reyestr nömrəli, Masallı rayonu, Təzə Alvadı kəndində (Yeni qaydalarla: Masallı rayonu, Təzə Alvadı kəndi, Qaçaq Nəbi küçəsi, giriş 8) yerləşən, ümumi sahəsi 0.14 ha olan torpaq sahəsi X7 mülkiyyətindədir və həmin torpaq sahəsi üzərində sonuncunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli, AZ-İİ seriyalı, 477458 nömrəli ölüm haqqında şəhadətnamədən (təkrar) müəyyən olunur ki, X3 xx.xx.1969-cu il tarixdə “Arteria skleroz” səbəbindən Masallı rayonu, Təzə Alvadı kəndində ölmüşdür. Masallı rayon İcra Hakimiyyəti başçısının Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 167 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi mərhum X2 xx.xx.1991-ci il tarixdə vəfat etmiş, mərhumun daimi yaşayış yeri Masallı rayonu, Təzə Alvadı kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır – Arvadı – X3 (xx.xx.1969-cu ildə vəfat edib), mərhum X2nun ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları aşağıdakılardır – Qızı – X14 (xx.xx.2020-ci ildə vəfat edib), qızı – Ərizəçi. X1 yuxarıda qeyd olunan vərəsələrindən başqa digər vərəsələri yoxdur. Masallı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.1991-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir – X12 (Q.Bağırov öldüyü xx.xx.1991-ci il tarixədək subay olmuşdur). Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 1078 nömrəli cavab məktubundan müəyyən olunur ki, xx.xx.1991-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirilmiş, lakin miras əmlakın faktiki qəbul edilməməsi səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət edilməsi məqsədi ilə ərizəçiyə geri qaytarılmışdır. Maraqlı şəxs5 tərəfindən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən müəyyən olunur ki, mərhum babası – X12 xx.xx.1991-ci il tarixdə ölmüş, tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüş, yəni buraxılmışdır. Mərhumun ölümündən sonra mirasın nədən ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişdir və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil, babasından miras qalmış əmlaka dair heç bir iddiası və tələbi yoxdur. Maraqlı şəxs2 tərəfindən Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən müəyyən olunur ki, xx.xx.1991-ci il tarixdə babası – X12 vəfat etmiş, ondan miras qalmış əmlakdan xx.xx.2020-ci ildə anası – X8 düşən miras əmlakın ona çatası hissəsini faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Maraqlı şəxs1 tərəfindən Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən müəyyən olunur ki, xx.xx.1991-ci il tarixdə babası – X12 vəfat etmiş, ondan miras qalmış əmlakdan xx.xx.2020-ci ildə anası – X8 düşən miras əmlakın ona çatası hissəsini faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Maraqlı şəxs3 tərəfindən Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən müəyyən olunur ki, xx.xx.1991-ci il tarixdə babası – X12 vəfat etmiş, ondan miras qalmış əmlakdan xx.xx.2020-ci ildə anası – X8 düşən miras əmlakın ona çatası hissəsini faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Maraqlı şəxs4 tərəfindən Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən müəyyən olunur ki, xx.xx.1991-ci il tarixdə babası – X12 vəfat etmiş, ondan miras qalmış əmlakdan xx.xx.2020-ci ildə anası – X8 düşən miras əmlakın ona çatası hissəsini faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi hüquqi faktlardan asılıdır. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi də hüquqi əhəmiyyəti olan fakt olduğundan belə işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsi). Əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarı

10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.

Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, xüsusi icraat qaydasında ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə istənilən faktın deyil, məhz hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitamına səbəb olan hüquqi əhəmiyyətli faktları müəyyən edir. Eyni zamanda, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini əsaslandırmalı, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmamalı, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmamalı və hüquq haqqında mübahisə olmamalıdır. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, X12 (ərizəçinin atası) və X3 (ərizəçinin anası) arasında nikah bağlanmış, bu nikahdan iki uşaq – X14 (ərizəçinin bacısı, ata adı rəsmi sənəddə qeyd edildiyi kimi) və Ərizəçi (ərizəçi) anadan olmuşdur. Qulaməli Bağırov xx.xx.1991-ci il tarixdə, Mələknisə Hüseynova xx.xx.1969-cu il tarixdə, Bahar Əsgərova isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmçinin, sübutların tədqiqi nəticəsində aydın olur ki, hazırkı iş üzrə maraqlı şəxs qismində cəlb edilmiş şəxslər - Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Bahar Əsgərovanın, yəni ərizəçinin bacısının uşaqlarıdır. Ərizəçinin atası Qulaməli Bağırovun vəfatından sonra ondan miras əmlak kimi Masallı rayonu, Təzə Alvadı kəndində (Yeni qaydalarla: Masallı rayonu, Təzə Alvadı kəndi, Qaçaq Nəbi küçəsi, giriş 8) yerləşən, ümumi sahəsi 0.14 ha olan torpaq sahəsi qalmışdır. Ərizəçi atasından miras qalmış əmlaka sonuncunun ölümündən sonra faktiki sahiblik və idarəçilik etməsini, bununla da mirası qeyri-formal üsulla qəbul etdiyini şəksiz nümayiş etdirməsini güman etdiyi üçün vərəsəlik hüququnun təsdiqi üçün ərazi üzrə notariat ofisinə müraciət etmiş, lakin notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, miras əmlakın qəbulu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu həmçinin borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edir. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Qanunvericilik miras əmlakın qəbul edilməsinin iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı). İşin faktiki halları ilə müəyyən olunur ki, ərizəçinin babasının vəfatından sonra digər vərəsə - Bahar Əsgərova atasından miras qalmış əmlakı formal və ya qeyri-formal üsulla qəbul etməmişdir. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmçinin, Bahar Əsgərovanın uşaqları – hazırkı iş üzrə maraqlı şəxs qismində cəlb edilmiş şəxslər babalarından miras qalmış əmlakı formal və ya qeyri-formal üsulla qəbul etmədiklərini bildirmiş, bu barədə notariat orqanında ərizə verməklə mirasdan imtinaya dair iradə ifadələrini azad surətdə bəyan etmişlər. Hər bir halda, həmin şəxslərin qanunla müəyyən edilmiş müddət daxilində miras əmlakı qəbul etməyə dair notariat ofisinə müraciət etməmələri, bu müddətin uzadılması barədə tələblərinin olmaması da işin mübahisəsiz halıdır. Məhkəmə iclasında izahat verən maraqlı şəxslər ərizəçi ilə aralarında babalarından miras qalmış əmlaka dair hər hansı mübahisənin olmadığını və həmin əmlakı qəbul etmək niyyətlərinin olmadığını bir daha təsdiq etmişlər. Nəzərə alınmalıdır ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarının 10.1-ci bəndinə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Belə olan halda, baxılan işin hallarına əsasən müəyyən olunur ki, hazırkı iş üzrə tərəflər – miras qoyan Qulaməli Bağırovun qanun üzrə vərəsələri arasında hüquq haqqında mübahisə mövcud deyil. Məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən, qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi məhz notariusun səlahiyyətlərinə aid edilmiş, bu barədə təlimatda nəzərdə tutulan şərtlərin vəhdəti təmin olunduqda, həmin şəhadətnamələrin təqdim edilməsinin mümkünlüyü təsbit edilmişdir. Həmin təlimatda qeyd edilən sübutlar təqdim edilmədiyi üçün notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etməkdə haqlı olmuş, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdən başqa imkanı qalmamışdır. Yuxarıda istinad edilən plenum qərarına istinadən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Beləliklə, təqdim edilmiş sübutların hər birini aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirən məhkəmə **********77 reyestr nömrəli, Masallı rayonu, Təzə Alvadı kəndində (Yeni qaydalarla: Masallı rayonu, Təzə Alvadı kəndi, Qaçaq Nəbi küçəsi, giriş 8) yerləşən, ümumi sahəsi 0.14 ha olan torpaq sahəsinin ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, **********77 reyestr nömrəli, Masallı rayonu, Təzə Alvadı kəndində (Yeni qaydalarla: Masallı rayonu, Təzə Alvadı kəndi, Qaçaq Nəbi küçəsi, giriş 8) yerləşən, ümumi sahəsi 0.14 ha olan torpaq sahəsinin ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. **********77 reyestr nömrəli, Masallı rayonu, Təzə Alvadı kəndində (Yeni qaydalarla: Masallı rayonu, Təzə Alvadı kəndi, Qaçaq Nəbi küçəsi, giriş 8) yerləşən, ümumi sahəsi 0.14 ha olan torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar