Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5018/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 9A saylı evin 77 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildirişlər göndərilmiş, lakin bildirişlər cavabdehlər həmin ünvanda yaşamadığına görə məhkəməyə geri qaytarılmışdır. Cavabdehlərin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildirişlər qeydiyyatda olduğu yer üzrə mənzil-kommunal istismar sahəsinə göndərilmiş, lakin cavabdehlər həmin ünvanda yaşamadığına görə bildirişi təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10.10.2019-cu il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, 9A nömrəli evin 77 saylı mənzilinin tam mülkiyyətçisidir. Sözügedən mənzili o, onunla mənzilin keçmiş mülkiyyətçisi Cavabdeh2 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 07 oktyabr 2019cu il tarixli, 4Ə-1462 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satın almışdır. Onunla satıcı arasında alqı-satqı müqaviləsinin 13-cü bəndində satıcı 06.02.2020-ci il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı, həmin müqavilənin 8-ci bəndində isə satıcı ona üçüncü şəxslərin hüquqlarından daşınmaz əmlak verməyini öz öhdəsinə götürmüşdür. Satıcının ailə üzvləri hesab olunan cavabdehlər ona məxsus ünvanda bu günə qədər pasport qeydiyyatında qalmışdırlar. Cavabdehlər ona məxsus mənzildən 06.11.2019-cu il tarixədək çıxmağı öz öhdəsinə götürsələr də əslində bunu etməmiş, mənzili bir aydır ki, ona təhvil vermişlər. Sözügedən mənzilə dair onunla satıcı arasında alqı-satqı müqaviləsi bağlanan zaman mənzildə qeydiyyatda olan yetkinlik yaşma çatmış şəxslərin hamısı mənzilin satılmasına etiraz etməmiş və müqavilədə göstərilən tarixdə qeydiyyatdan çıxmağı öz üzərlərinə götürmüşdürlər. Hazırda cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun hüquqlarını pozur, qanunla ona məxsus əmlaka dair istifadə, sahiblik və sərəncamvermə hüquqlarını məhdudlaşdırır. Habelə qeyd olunan mənzillə bağlı onu əlavə xərclərə məruz qoyur. Bir mülkiyyətçi kimi o, ona məxsus olan əmlaka dair istədiyi kimi sərəncam verə, əmlakımı özgəninkiləşdirə, onunla bağlı sənədləşmə işləri apara bilmir. Buna görə də iddiaçı məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 07.10.2019cu il tarixli AN-İ seriyalı ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, ev 9A, mənzil 77 ünvanını İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, ev 9A, mənzil 77 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 10.10.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, ev 9A, mənzil 77 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş 4 saylı Bakı “ASAN xidmət” mərkəzi saylı notariat ofisi tərəfindən 07.10.2019-cü il tarixdə 4Ə-1462 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, ev 9A, mənzil 77 ünvanının əvvəlki sahibi Cavabdeh2 olmuşdur. Razılıq ərizələrindən görünür ki, mənzildə qeydiyyatda olub yaşayanlar mənzilin satılmasına heç bir etiraz etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, ev 9A, mənzil 77 ünvanını 07.10.2019-cu il tarixdə almışdır. Qeyd olunan mənzili İddiaçı adına 10.10.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda həmin ünvandakı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Belə ki, alqısatqı müqaviləsi bağlandıqdan sonra cavabdehlər göstərilən ünvandakı fərdi yaşayış evində yaşamasalar da, formal olaraq bu mənzildə bu günə kimi qeydiyyatda qalmışlar. Bununla yanaşı, mülki və mənzil qanunvericiliyi mənzildən istifadə hüququnun itirilməsinin qanuni və müqavilə rejimini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsini, 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsində daimi yaşamaq üçün başqa yaşayış yerinə getdiyi halda icarədar və ailə üzvlərinin keçmiş yaşayış sahəsindən istifadə hüququnun itirilməsini, yeni Mənzil Məcəlləsinin 30.4-cü maddəsində mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda keçmiş ailə üzvünün həmin mənzildən istifadə hüququnun itirilməsi və s. kimi hallar nəzərdə tutulur. Eyni zamanda, Mülki Məcəllənin 386-cı maddəsi öhdəlik tərəfləri arasında bağlanmış müqaviləni öhdəliyin əmələ gəlməsi əsaslarından biri hesab edir. Həmin Məcəllənin 385.1.-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırkı işdə, mülkiyyətçi ilə yanaşı onun ailə üzvləri onun bağladığı alqı-satqı müqaviləsinə hər hansı bir qeyd-şərt (onların həmin mənzildən istifadə hüquqlarının saxlanması şərti və s.) qoymadan, yazılı razılıqlarını bildirdikləri üçün, həmin müqavilənin özləri üçün yaratdığı mülki hüquqi öhdəlikləri, o cümlədən həmin müqavilənin 13-cü bəndinə əsasən “06.02.2020-ci il tarixinədək qeydiyyatdan çıxmaq öhdəliyini” üzərlərinə götürmüş hesab olunurlar. Bununla yanaşı, onlar, satıcının “əmlakı üçüncü şəxslərin hüquqlarından azad şəkildə alıcıya vermək” öhdəliyini nəzərdə tutan müqaviləni dəstəkləməklə, mənzildən istifadə hüquqlarına könüllü və satıcının alqı-satqı müqaviləsində aldığı maddi əvəz müqabilində xitam verilməsinə razı olduqlarını nümayiş etdirmiş olublar. İş materiallarından göründüyü kimi, cavabdehlər üzərinə götürdüyü öhdəliyi nəzərdə tutulmuş müddətdə yerinə yetirmədiyi üçün, iddiaçının bunu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itiriməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, ev 9A, mənzil 77 ünvanında olan istifadə hüquqlarına xitam verilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-5018/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5018/2021
04.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver