Məhkəmə qərarları › İş №2(010)-5028/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5028/2025

16.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5028/2025 16.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi və xahişin əsaslandırıldığı hallar Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 2008-ci il təvəllüdlü X2 Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X3 onun oğludur. Uşaq qeyri-rəsmi nikahdan 2008-ci ilin qış aylarında evdə anadan olmuşdur. Oğlu evdə, qonşuları, anası, ev sahibi, bibisi və digər bir sıra şəxslərin yanında olduğu zaman doğulmuşdur. Təhsili olmadığı üçün və bu sahədə sənədlərlə bağlı məlumatı olmadığından oğluna sənəd alınması ilə bağlı heç bir tədbir görə bilməmişdir (qurumla müraciət etsə də, nəticə əldə edə bilməmişdir). Eləcə də oğlu xəstəxana qeydiyyatına alınmadığı üçün doğum haqqında şəhadətnamə əldə edə bilməmişdir. Hazırda oğlu 17 yaşındadır, doğum haqqında şəhadətnaməsi olmadığı üçün heç bir sənədi əldə edə bilmir, bu səbəbdən nə təhsil, nə də hərbi mükəlləfiyyətlə bağlı proseslərdə iştirak edə bilmir. Oğlunun evdə doğulduğu an yanında olan insanlar hazırda yaşayır və bu faktı təsdiq edə bilərlər. O, dəfələrlə qurumlara bu barədə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verilməmiş, bu barədə məhkəmə tərəfindən doğum faktının qeydə alınması zərurəti yaranmışdır. Ərizənin dəqiqləşdirilməsi Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin doğum haqqında şəhadətnamə verilərkən oğlunun doğum tarixinin “xx.xx.2008-ci il”, doğum yerinin “Bakı şəhəri”, adının “Məhəmmədəli”, soyadının “Əzizov”, ata adının “Əqil”, ana adının “Könül”, milliyyətinin “Azərbaycanlı”, ata qrafasında “X11”, ana qrafasında “Ərizəçi” kimi qeydiyyat aparılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi X5 izahatında bildirdi ki, ərizəçi tərəfindən doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi üçün əvvəlcə qeydiyyat şöbəsinə müraciət edilmiş, lakin müraciətə doğumun tibb müəssisəsindən kənar baş verməsini təsdiq edən hər hansı arayış və ya məhkəmə qətnaməsi əlavə edilməmiş, bu səbəbdən vətəndaşa imtina məktubu verilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşu olmuşlar, bir yerdə qalmışlar. Ərizəçinin oğlu 16 dekabr 2008-ci ildə doğulmuş, doğuş zamanı o da iştirak etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, ərizəçini tanıyır və ərizəçinin oğlu məhz onun evində dünyaya gəlmişdir. Ərizəçi bütün hamiləlik dövrünü onun evində keçirmişdir. Doğum zamanı özü şəxsən evdə olmasa da, xəbər aldıqdan sonra evə gəlmişdir. Ərizəçinin oğlunun doğum tarixi xx.xx.2008-ci ildir. Uşağın atasının adı Əliyev Aqil olmuşdur. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə xx.xx.2024-cü il tarixdə ünvanlanmış cavab məktubundan müəyyən olunur ki, doğum faktını təsdiq edən sənəd təqdim edilmədiyi üçün ərizənin təmin olunmasının mümkün olmadığı bildirilmiş və doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ərizəçiyə xx.xx.2025-ci il tarixdə ünvanlanmış cavab məktubundan müəyyən olunur ki, doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 166. Doğumun qeydə alınması qaydası. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, oğlu X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə vətəndaşlıq vəziyyəti aktı qismində şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda doğulması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, ərizəçinin hazırda doğum faktının müəyyən edilməsini məhkəmədən xahiş etdiyi uşaq tibb müəssisəsindən kənarda, yəni ev şəraitində doğulmuşdur və onun doğuşunu təsdiq edən tibb müəssisəsinin müvafiq arayışı mövcud deyildir. Məhkəmə iclasında iştirak edən ərizəçi məhkəməyə verdiyi izahatında təsdiq etmişdir ki, uşağın hamiləliyi dövründə, eləcə də uşağın doğumundan sonra tibb müəssisəsinə müraciət etməmiş, uşağın doğumunun qeydə alınması üçün səy göstərməmişdir. Məhz belə yanaşma nəticəsində həmin uşağın şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi imkanı istisna edilmiş, uşağın doğumunun qeydə alınmaması onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Hazırda hüquqi əhəmiyyətli faktın, yəni doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi də məhz ərizəçinin oğlunun şəxsi və əmlak hüquqlarının əmələ gəlməsinə əsas olan faktın müəyyən edilməsi zərurətindən irəli gəlir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin doğum faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində adı “Məhəmmədəli”, soyadı “Əzizov” ata adı “Əqil”, ana adı “Könül”, doğulduğu yer “Azərbaycan Respublikası, Bakı şəhəri”, doğum tarixi “xx.xx.2008-ci il”, milliyyəti “Azərbaycanlı”, ata qrafasında “X11”, ana qrafasında “Ərizəçi” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində adı “Məhəmmədəli”, soyadı “Əzizov” ata adı “Əqil”, ana adı “Könül”, doğulduğu yer “Azərbaycan Respublikası, Bakı şəhəri”, doğum tarixi “xx.xx.2008-ci il”, milliyyəti “Azərbaycanlı”, ata qrafasında “X11”, ana qrafasında “Ərizəçi” kimi qeydiyyat aparılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar