Məhkəmə qərarları › İş №2(010)-503/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-503/2022

09.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-503/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı və onunla birgə yaşayan yetkinlik yaşına çatmayan uşağı - X3 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, o cümlədən həmin evə yaşayış sahəsindən istifadə hüquqlarının tanınması ilə yanaşı, hamam, tualet və mətbəxdən ümumi istifadə qaydalarının müəyyən edilməsi. İddia tələbinin dəlliləri İddiaçı uzun müddətdir qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzildə yaşayırdı. 15 sentyabr 2021-ci il tarixdə yaşadığı mənzildə oğlu ilə evdə tək olarkən keçmiş həyat yoldaşı Cavabdeh2 anası Cavabdeh1 tərəfindən mənzilin qapısı balta ilə qırılaraq içəri daxil olmaq yolu ilə zorla yaşadığı evdən çıxarılmışdır. Həmin tarixdən azyaşlı uşağı ilə qeydiyyatda olduğu mənzilə dəfələrlə gedib yaşamağa cəhd etsə də müxtəlif maneələrlə üzləşir və onun qeydiyyatda olduğu həmin mənzildən istifadə etməsi mümkün olmur. Azyaşlı oğlu ilə birgə kirayədə yaşamaq üçün kifayət qədər maddi imkanı mövcud olmadığından onun azyaşlı oğlu ilə birgə qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi zəruridir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, izahatında bildirdi ki, iddiaçı gəlin köçəndən mübahisəli mənzildə yaşamışdır. 2021-ci ilin sentyabr ayında nikah pozulan kimi Cavabdeh1 iddiaçını mübahisəli mənzildən zorla çıxarmış, iddiaçı da məcburən əşyalarını digər mənzilə müvəqqəti olaraq yerləşdirməli olmuşdur. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, oğlu Cavabdeh2 17.03.2013-cü il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikah dövründə bir övladı dünyaya gəlmişdir. Bir ildən sonra oğlu Cavabdeh2 30.12.2014cü il tarixində ünvan 4 ünvanında yerləşən 2 (iki) otaqlı mənzil almışdır. Onun oğlu Cavabdeh2 “N” saylı hərbi hissədə xidməti zamanı ailəsi ilə telefon əlaqəsi saxlamış və səhhəti ilə bağlı ailəsinin yanında olmasının vacibliyini öz həyat yoldaşı İddiaçı bildirmişdir. Lakin İddiaçı isə öz növbəsində həyat yoldaşının, yəni oğlunun xidmət etdiyi yerə getməyəcəyini qəti şəkildə bildirmişdir. İddiaçı 2021-ci ilin iyul ayında oğlu ilə nikahın pozulması üçün Suraxanı rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iddianı 03.09.2021-ci il tarixdə təmin etmiş, azyaşlı övladı anasının himayəsinə vermiş, oğlunun əmək haqqısının dörddə bir hissəsini aliment qismində təyin etmişdir. 2021-ci ilin sentyabr ayında iddiaçının vəkili Vəkil və iddiaçının valideynlərinin iştirakı ilə iddiaçıya aid cehizləri və şəxsi əşyaları həyat yoldaşının tam mülkiyyətində olan ünvan 5 ünvanında olan 2 otaqlı mənzilə köçürülərək 1 ( bir) ən böyük otaqdan, mətbəxdən, hamamdan, dəhlizdən və sanitar qovşaqdan istifadəsinə icazə verilərək iddiaçının və onun övladının yaşamaq hüququ tam təmin olunmuşdur. Nəvəsinin böyüməsi, sağlamlığı və təlim tərbiyəsinin yüksək təşkil olunması üçün ünvan 6 ünvanındakı oğlunun tam mülküyyətində olan ünvandan istifadə edə bilərlər və hal-hazırda da iddiaçıya və onun övladına məxsus cehiz və digər şəxsi əşyalar həmin ünvanda yerləşir. İddiaçı həmin evdə yaşasa onlara heç bir problem yaradılmayacaq, icazə veriləcək. Onun digər oğlu da ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır, hamının bir yerdə yaşaması mümkün deyil. Cavabdeh1 izahatında bildirdi ki, özəlləşdirilmə prosesində iddiaçı vərəsə olmadığından onun razılığı alınmamışdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 17.02.2022-ci ildə məhkəməyə Cavabdeh2 iddiaya qarşı etirazı daxil olmuşdur. O, həmin etiraz ərizəsində göstərmişdir ki, o, kapitan Cavabdeh2 16 ildir ki, Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət edir. Aprel döyüşləri və 2-ci Qarabağ müharibəsində iştirak etmiş və 2-ci Qarabağ müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Hal-hazırda N saylı hərbi hissədə xidmət edir. Onun keçmiş həyat yoldaşı İddiaçı öz şəxsi mülkiyyətində olan evinə, yəni ünvan 4 ünvanına öz anasının və vəkilinin iştirakı ilə köçürtmüş və əmək haqqının və digər xərclərinin dördə bir hissəsi tutularaq aliment ödəyir. Keçmiş həyat yoldaşı sentyabrın 3-də barələrində boşanma qərarı verdikdən sonra dekabr ayında onun xidməti yerindən məzuniyyət götürərək ata evinə, yəni ünvan 7 ünvanına gəlmiş və görmüşdür ki, keçmiş həyat yoldaşı İddiaçı öz anası ilə birlikdə ata evində birgə nikah dövründə onunla birlikdə alındığı ev əşyalarını, məişət əşyalarını və hətta evin atapleni, yəni qızdırıcı sistemini çıxardaraq satmışdır. Hətta o, keçmiş həyat yoldaşını öz şəxsi evində yerləşdirməsinə baxmayaraq o, vəkili ilə əlbir olaraq ata evində də yerləşmək istəyir. Hər bir şəxsin xoşbəxt olmaq haqqıdır. Bəs o, yeni qurduğu ailəsini harada yerləşdirməlidir. Keçmiş həyat yoldaşı onun evində yerləşib ata evində də yerləşmək istəyir. Onun atasının evi qardaşının, anasının və özünün haqqıdır. O, yeni qurduğu ailəsini yerləşdirə bilməsə çıxılmaz vəziyyətdə qalacaqdır. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 16.03.2013-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh2 ilə X4 arasında nikah 16.03.2013-cü il tarixdə bağlanmışdır. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 16.05.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhdətnamədən müəyyən olunur ki, X7 19.04.2014-cü ildə anadan olmuşdur. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 15.10.2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh2 ilə İddiaçı arasında nikaha 03.09.2021-ci il tarixdə xitam verilmişdir. Asan 4 xidmətinin 19.11.2021-ci il tarixli "yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* saylı arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB y/s, ev 48, mənzil 19-da İddiaçı, Cavabdeh1, X7 qeydiyyatdadırlar. RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsi, ev 21, mənzil 23 Cavabdeh2 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2249 nömrəli reyestr kitabının 209290 nömrəli vərəqində qeydiyyata alınmışdır. N nömrəli hərbi hissənin 06.01.2021-ci il tarixli travma haqqında arayışından müəyyən olunur ki, kapitan Cavabdeh2 oğlu 28.12.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Tərtər Ağdərə istiqamətində “Sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli dissosiativ reaksiya. Hər iki gözün zəif dərəcəli miopiyası. Sol diz nahiyəsinin əzilməsi. Posttravmatik stres pozuntusu. Barotravma. Sağ tərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət» xəsarətini almışdır. 089259 saylı 18.02.1989-cu il tarixli dəyişmə orderindən müəyyən olunur ki, X5 Bakı şəhəri, Günəşli qəsəbəsi, A və B yaşayış sahəsi, 119 saylı evin iki otaqlı 1 №-li mənzili N.A.Qasımovanın Bakı şəhəri, Günəşli qəsəbəsi, A və B yaşayış sahəsi, 48 saylı üç otaqlı 19 saylı mənzili ilə dəyişmişdir. X6 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi, ev 48 mənzil 19 Cavabdeh1 adına özəlləşdirilməsinə və vahid çıxarış verilməsinə heç bir etirazı yoxdur, razıdır. Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi, ev 48 mənzil 19 Cavabdeh1 adına özəlləşdirilməsinə və vahid çıxarış verilməsinə heç bir etirazı yoxdur, razıdır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, 089259 saylı 18.02.1989-cu il tarixli dəyişmə orderinə əsasən X5 Bakı şəhəri, Günəşli qəsəbəsi, A və B yaşayış sahəsi, 119 saylı evin iki otaqlı 1 №-li mənzili N.A.Qasımovanın Bakı şəhəri, Günəşli qəsəbəsi, A və B yaşayış sahəsi, 48 saylı üç otaqlı 19 saylı mənzili ilə dəyişmişdir. Həmin mənzilə kirayəçi ilə birlikdə Cavabdeh1, Cavabdeh2 və X1. X5 30.08.2021-ci il tarixində vəfat etmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçı Cavabdeh2lə 2013-cü il tarixində nikaha daxil olduqdan sonra ailə üzvü kimi mübahisəli mənzilə köçürülmüşdür. Bu da o deməkdir ki, iddiaçı mənzilin kirayəçisinin ailə üzvü olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Cavabdehlər etirazlarının dəlili olaraq iddiaçının mübahisəli mənzildən başqa mənzilə, yəni iddiaçı ilə keçmiş həyat yoldaşı Cavabdeh2 birgə nikah dövründə əldə olunan və sonuncunun mülkiyyətində olan mənzilə köçürüldüyünü bildirirlər. Lakin məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, iddiaçı mübahisəli mənzilə köçdüyü vaxtdan daimi əsaslarla həmin mübahisəli mənzildə yaşamış və hal-hazırda orada qeydiyyatdadır. Buna görə də İddiaçı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən özəlləşdirmə nəticəsində yaranan ümumi mülkiyyətdən pay əldə etmək hüququna malik olmuşdur. Lakin iş materiallatından müəyyən olunur ki, həmin evin cavabdeh İddiaçı adına özəlləşdirilməsi üçün müraciət olunsa da, bunun üçün iddiaçının razılığı alınmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 70ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikasi Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasina dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2011-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarı). Bu baxımdan, hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən özəlləşdirmə zamanı mənzildə qeydiyyatda olan bütün şəxslərin razılıqlarının alınması tələbinə riayət olunmasından əmin olmalıdır. Heç kəs hüquqlarının, o cümlədən mülkiyyət hüququnun pozulmasını daimi olaraq gözləməyə və ya istənilən anda onların pozula biləcəyini güman etməyə məcbur edilə bilməz. Həmin Qərardan görünür ki, işə baxan məhkəmələr tərəfindən ərizəçi V.Ozerovun mənzilin kirayəçisinin ailə üzvü olmaqla mübahisəli mənzilin İ.Ozerova tərəfindən özəlləşdirilməsindən əvvəl onunla, birlikdə yaşayış yeri olan mənzildə qeydiyyatda olduğu müəyyən olunduğundan ərizəçi də “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən özəlləşdirmə nəticəsində yaranan ümumi mülkiyyətdən pay əldə etmək hüququna malik olmuşdur. Həmin payın mülkiyyət kimi qiymətləndirilməsi məsələsinə gəldikdə isə, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə müvafiq olaraq ərizəçi mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşma çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 12-ci maddəsinə görə, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşma çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012- ci il tarixli Qərarından görünür ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsinin birinci hissəsindən göründüyü kimi, özəlləşdirilmiş mənzilin mülkiyyətçisi həmin mənzilin mülkiyyətçisi olmayan ailə üzvlərinin razılığını almadan mənzillə bağlı heç bir əqd bağlaya və onu vəsiyyət edə bilməz. Bu məhdudiyyətin məqsədi mülkiyyətçi olmayan və özəlləşdirmə zamanı müvafiq mənzildə faktiki yaşayan mülkiyyətçinin ailə üzvlərinin həmin mənzildə yaşamaq hüququnun müdafiəsinə yönəlmişdir. Həmin məqsədə nail olunması, şübhəsiz ki, bütün cəmiyyətin maraqlarına cavab verir. Konstitusiya Məhkəməsi Plenumunun Həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, mənzilin (evin) mülkiyyətçisi olmayan, lakin özəlləşdirmə zamanı kirayəçi ilə birlikdə faktiki yaşayan onun ailə üzvlərinin özəlləşdirilən mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müdafiə olunmalıdır. X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” vardır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi (hərəkətləri) əsaslıdır və təmin edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı və onunla birgə yaşayan yetkinlik yaşına çatmayan övladı - X3 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB Y/S, ev 48, 19 saylı mənzildən (yardımçı sahələri daxil olmaqla) istifadə hüququ tanınmalı, iddiaçı yetkinlik yaşına çatmayan övladı X7 ilə birlikdə həmin mənzilə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və onunla birgə yaşayan yetkinlik yaşına çatmayan övladı - X3 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, AB Y/S, ev 48, 19 saylı mənzildən (yardımçı sahələri daxil olmaqla) istifadə hüququ tanınsın, iddiaçı yetkinlik yaşına çatmayan övladı X7 ilə birlikdə həmin mənzilə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar