Məhkəmə qərarları › İş №2(010)-5060/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5060/2023

28.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5060/2023 28.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə onun arasında 28 sentyabr 1990-cı il tarixində 645 № li akt qeydi ilə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən qeyd edilmiş nikahın etibarsız sayılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1990-cı ildə Bakı şəhərində mənzil almaq istəyirdi. Bu məqsədlə qohumları vasitəsi ilə almaq üçün mənzil axtarırdı. Həmin dövrdə mənzillərini sataraq Rusiya Federasiyasına gedən çoxlu rus əsilli şəxslər vardı. Lakin, həmin dövrdə mənzillər dövlət mülkiyyətində olduğu üçün onlar yalnız nikaha daxil olmaq yolu sata bilirdilər. Belə ki, istədikləri məbləğdə pulu aldıqdan sonra onlar nikaha daxil olur və nikaha daxil olduqdan sonra həmin şəxsi yaşadıqları mənzillərə qeydiyyata salır daha sonra isə köçüb gedirdilər. Cavabdeh isə onun qohumlarına qonşu idi. Qohumları cavabdehin də mənzilini sataraq ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmək istədiyi ona xəbər verdi. Bundan sonra o, cavabdehlə və onun ailəsi ilə görüşərək mənzilin qiyməti barədə razılıq əldə etdilər. Lakin, satış üçün onların nikaha daxil olmağı zəruri idi. Bu məqsədlə cavabdeh əvvəlcə ərindən boşandı sonra isə yuxarıda qeyd edilən məqsədlə saxta nikaha daxil olmaq üçün Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etdilər. 28 sentyabr 1990-cı il tarixində Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi onların nikahları qeydə aldı. Bundan sonra cavabdeh iddiaçını qeyd edilən mənzilə qeydiyyata saldı. Bir neçə gündən sonra isə cavabdeh uşaqları və real əri ilə birlikdə mənzili tərk etdi. Həmin vaxtdan sonra o, nə onu görmüş, nə də onun haqqında məlumat almışdır. Aralarında olan razılaşmaya əsasən cavabdeh ona bildirmişdi ki, onunla olan nikahı pozduqdan sonra Azərbaycanı tərk edəcək. O, da qısa bir müddət sonra evləndi və Azərbaycanı tərk edərək Rusiya Federasiyasına getdi. Həmin vaxtdan orada yaşayıb işləməyə başlayıb. Lakin, bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh hələ də aralarında bağlanmış saxta nikahı pozmamışdır və həmin saxta nikah hələ də qalmaqda davam edir. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh bir gün də olsun onunla birlikdə yaşamamış və birgə təsərrüfat aparmamışdır. Bağlanmış nikahın məqsədi ailə qurmaq deyil həmin vaxt cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 19 nömrəli mənzilə hüquq əldə etmək idi. Buna görə də hesab edir ki, hər ikisinin niyyəti ailə qurmaq olmadığından cavabdeh və onun arasında 28 sentyabr 1990-cı il tarixində 645 № li akt qeydi ilə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən qeyd edilmiş nikah etibarsız sayılmalıdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. 29 avqust 2023-cü il tarixli Bakı şəhər, Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən arayışdan görünür ki, İddiaçı və Cavabdeh 28 sentyabr 1990-cı il tarixdə 645 № akt qeydi ilə nikaha daxil olublar. xx.xx.2023-cü il tarixli 54/2 19258/23 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsindən məktuba cavabdan bildirilir ki, vətandaş Cavabdeh Azərbaycan Respublikasındakı sonuncu yaşayış yeri Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, D massivi ev 17 mənzil 19 olmuşdur. Mediasiya Şurası Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “X2 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında MŞB/3/2023/01014 nömrəli mediasiya işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş X2 İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, X1 isə mediasiya prosesi barədə məlumat göndərilmiş, çatdırılma cəhdi uğursuz olmuş və o, İMS-da iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. 141055 saylı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi təəfindən verilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, Günəşli qəsəbəsi “V” y\s küçəsindəki 9 nömrəli evinin 21-ci mənzili İddiaçı xüsusi mülkiyyət kimi 102 nömrəli reyestr kitabında 15348 səhifədə qeydəalma ilə 30 nömrəli 13355 nömrəli xx.xx.1998ci il tarixdə qeydə alınmışdır. Yor-Muqanlı yığıncağının nümayəndəsi idarəsi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş, X TИ seriyalı, 302211 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası İddiaçı, anası X3) 20/011-1992-ci il tarixdə Gürcüstan, Yor-Muqanlı kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 08 dekabr 1992-ci il tarixdə 358 nömrə ilə qeyd edilmişdir. Yor-Muqanlı yığıncağının nümayəndəsi idarəsi tərəfindən 3.04.1995-ci il tarixdə verilmiş, Xİ TИ seriyalı, 389570 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (atası İddiaçı, anası X3) xx/xx-1994-cü il tarixdə Gürcüstan, Yor-Muqanlı kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 03 aprel 1995-ci il tarixdə 47 nömrə ilə qeyd edilmişdir xx.xx.2023-cü il tarixli, 316 S/7-1384-23/25 nömrəli Baki şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən sorğuya cavabdan görünür ki, Cavabdeh xx.xx.1978-ci il tarixdə 505 saylı aktla Bakı nikah evində xx.xx.1954-cü il təvəllüdlü X4 ilə nikaha daxil olduğu, həmin nikahın isə xx.xx.1990-cı il tarixdə 281 saylı aktla Suraxanı rayon Qeydiyyat Şöbəsində pozulduğu məlum olmuşdur. Eyni zamanda bildirilir ki, Cavabdeh xx.xx.1990-cı il tarixdə 645 saylı aktla Suraxanı rayon qeydiyyat şöbəsində xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ilə nikaha daxil olmuş, nikahın pozulmasına dair isə heç bir məlumat aşkar olunmamışdır. xx.xx.2023-cü tarixli, 18/2-38745/23 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən müraciətə baxılaraq bldirilmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh xx.xx.1989-cu il tarixdən hazırki vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsi (qüvvədən düşmüş). 13-cü maddəsinə əsasən, nikah vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlanır. 17-ci maddəsinə əsasən, ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında, qohumlar (doğma və ögey qardaş və bacılar, övladlığa götürənlər və övladlığa götürülənlər) arasında, ikisindən biri ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanan nikahın bağlanmasına yol verilmir. 48-ci maddəsinə əsasən, nikah bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah) etibarsız sayıla bilər. 51-ci maddəsinin birinci hissəsinə əsasən, bu Məcəllənin 17-ci maddəsində göstərilən hallarda nikah etibarsız hesab edilə bilər. İşə baxılan vaxtadək nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 25. Nikahın etibarsız sayılması 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Maddə 25. Nikahın etibarsız sayılması 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Maddə 28. Nikahın etibarsız sayılmasının nəticələri 28.1. Bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. 28.2. Nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir. 28.3. Bu Məcəllənin 38 və 39-cu maddələrinə əsasən ər və arvad arasında bağlanmış nikah müqaviləsi etibarsız sayılır. 28.4. Nikahın etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın etibarsız sayılması günündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir. 28.5. Nikah etibarsız hesab edilərkən məhkəmə, belə nikahın bağlanması nəticəsində hüquqları pozulmuş ərin (arvadın) saxlanması üçün digər tərəfdən bu Məcəllənin 85—86-cı maddələrinə uyğun olaraq vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı bu Məcəllənin 32-ci, 36—37-ci maddələrində müəyyən edilmiş normaları tətbiq edə, həmçinin nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər. 28.6. Ər (arvadın) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər. 28.7. Nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi soyadı saxlaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, qeydiyyat orqanı tərəfindən verilən arayışdan görünür ki, tərəflər xx.xx.1990-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olsalar da, iddiaçının izahatına görə, bir yerdə yaşamamış, birgə təsərüfat aparmamışdır. Ailə qurmalarına səbəb – 1990-cı ildə iddiaçının Bakı şəhərində rəsmi qeydiyyata düşməsi olmuşdur. İş materiallarından göründüyü kimi, cavabdeh ilk yoldaşından boşandıqdan düz 1 ay sonra iddiaçı ilə ailə qurmuşdur. Həmçinin, iş matareriallarına əlavə olunmuş materiallardan görünür ki, iddiaçı faktiki olaraq başqa şəxslə ailə həyatı qurmuş və onların faktiki nikah münasibətlərdən 2 övladı dünyaya gəlmişdir. 2000-ci ilədək qüvvədə olan Ailə və Nikah Məcəlləsi də (15-ci, 17-ci və 48-ci maddələr) hazırda qüvvədə olan Ailə Məcəlləsinə uyğun olaraq ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda nikah bağlamasını artıq nikahın məhkəmə qaydasında etibarsız sayılması üçün əsas kimi müəyyən etmiş, eyni zamanda məhkəmədə işə baxılan vaxtadək nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda məhkəmə qaydasında həmin halların aradan qalxdığı vaxtdan nikahın etibarlı hesab edilə bilməsi üçün hüquqi əsaslar müəyyən etmişdir. Həmçinin qeyd edilməlidir ki, həm 2000-ci ilədək qüvvədə olmuş Ailə və Nikah Məcəlləsinin 48-ci maddəsində (həmin məcəllənin 15-17-ci maddələrinə də istinadən), həm də hazırda qüvvədə olan Ailə Məcəlləsinin 25.1-ci maddəsində (həmin məcəllənin 10-12-ci və 13.3-cü maddələrinə də istinadən) nikahın etibarsız sayıldığı halların dairəsi müəyyən edilmiş, o cümlədən nikahda olan tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda nikah bir mənalı olaraq etibarsız nikahlar kateqoriyasına aid edilmişdir. Beləliklə, hər iki məcəllənin tələbləri baxımından bu hal onların nikahının etibarsız hesab edilməsi üçün əsas yaradır. Bunları və iddiaçının izahatları nəzərə alaraq, məhkəmə elə qənaətinə gəlir ki, tərəflərdən hər ikisinin ailə qurmaq niyyəti olmadıqdan, onlar arasında bağlanan nikah - saxta nikahdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1990-cı il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində bağlanmış 645 saylı nikah etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.1990-cı il tarixli 645 saylı nikah akt qeydi ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar