Məhkəmə qərarları › İş №2(010)-5063/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5063/2021

15.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5063/2021 15.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin qadağan edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “maneələrin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində (2a ünvanı) yerləşən 429 m2 torpaq sahəsindən manəsiz istifadəsinin məhdudlaşdırılması ilə bağlı Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, ona və digər şəxslərə sahiblik və istifadə hüquqlarına edilən maneələrin törədilməsinin qadağan edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini əsaslandırmışdır ki: “Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində (2a ünvanı) yerləşən 429 m2 torpaq sahəsi uzun illərdir ki, mənim faktiki sahiblik və istifadəmdədir. Mən uzun müddətdir ki, həmin torpaq sahəsindən təyinatına uyğun istifadə edirəm, orada abadlaşdırma-yaşıllaşdırma və torpaq sahəsinin sərhədlərinin hasarlanması işlərini görmüşəm. Sözügedən torpaq sahəsi mənə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi sakini X1 tərəfindən satılmış, bu haqda aramızda razılıq ərizəsi və şahidlərin iştirakı ilə akt tərtib edilmişdir. Lakin buna baxmayaraq, torpaq sahəsinin əvvəlki sahibi və istifadəçisi ilə aramızda olan münasibətləri qaydasına qoysam da həmin sahəni bələdiyyə torpağı bilib torpaq sahəsinin adıma rəsmiləşdirilməsi məqsədilə Bülbülə bələdiyyəsinə müraciət etmişəm. Bülbülə bələdiyyəsinin 11.10.2006-cı il tarixli icarə müqaviləsinə əsasən sözügedən torpaq sahəsi mənim qanuni istifadə və sərəncamıma verilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, mən qanunvericilikdə nəzərdə tutulmuş sənədləri toplamaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində (2a ünvanı) yerləşən 429 m2 torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və mənim mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tədbirlər görülməkdədir. Həmin ərazidə yerləşən mənə məxsus torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və mülkiyyət hüququmun qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət edilməsi ərəfəsindəyəm. Bildirirəm ki, on beş ildən çoxdur ki, sözügedən torpaq sahəsindən öz əmlakım kimi vicdanla, açıq və fasiləsiz olaraq sahiblik və istifadə edirəm, ərazimizdə, qonşuluğumuzda olan bütün şəxslər bilir ki, həmin sahənin sahibiyəm. Lakin bütün bunlara baxmayaraq, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh və onun havadarları mənə sahiblik və istifadə hüquqlarımı həyata keçirməkdə mane olur, mənim əmlakdan maneəsiz istifadəmi məhdudlaşdırır. Cavabdeh əmlakdan maneəsiz istifadəmin məhdudlaşdırılması ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulmasını dəfələrlə tələb etsəm də cavabdeh sözügedən sahə ilə bağlı marağının olmasını bildirir, bununla bağlı müvafiq instansiyalara müraciət ediləcəyi ilə bağlı bəhanələr gətirir. Hesab edir ki, əmlakdan maneəsiz istifadəmin məhdudlaşdırılması ilə bağlı Cavabdeh hərəkətləri qanunsuz hesab edilməli, ona və digər şəxslərə sahiblik və istifadə hüquqlarıma edilən maneələrin törədilməsi qadağan olunmalıdır”. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, o, 1988-ci ildən Ermənistan SSR-in Göyçə mahalında yaşamış, oradan çıxdıqdan sonra 1995-ci ildə isə Suraxanı rayonuna, əmisinin yanına köçüb orada yaşamışdır. Mübahisəli torpaq sahəsi də elə əmisinin evinin yanında yerləşmış, həmin vaxt qonşuluqda olan Şərqiyyə adlı qadın həmin torpaqdan istifadə etmişdir. Bir müddət sonra o, bu torpağı almaq istəmiş, Şərqiyyə xanım torpağı satmağa razılaşmış, 2006-cı ildə həmin xanımla aralarında müqavilə bağlanmış, 3000 manat müqabilində torpağı Şərqiyyə xanımdan almışdır. Həmin vaxtdan da artıq on beş ildir ki, bu torpaqdan bağ sahəsi kimi istifadə edir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu, Şərqiyyə xanımın icarəçi olduğunu bildikdən sonra bələdiyyə ilə də rəsmi müqavilə bağlamışdır. Lakin cavabdeh tez-tez gələrək torpaq sahəsinin ona məxsus olduğunu bildirib ondan torpaqdan çıxmasını tələb edir. O, iddia edir ki, torpağı Şərqiyyə xanımın istifadəsinə o vermiş, o da əsassız olaraq bu torpağı ona satmışdır. Bu səbəbdən ondan çıxmasını tələb edir. O, cavabdehdən torpağa mülkiyyət hüququna dair hər hansı sənədinin olub-olmadığını soruşduqda isə heç bir sənədi olmadığını bildirir. Belə olan halda cavabdeh hansı əsasla onun on beş ildir sahiblik və istifadə etdiyi torpaq üzərində olan hüquqlarını məhdudlaşdırır? Bəzən olur ki, cavabdeh yanında bir neçə şəxslə gələrək ondan torpaqdan çıxmasını tələb edir. O hətta cavabdehə sırf aralarında barışıq əldə edilməsi üçün halallıq olsun deyə 1000-2000 manat pul da təklif etmiş, lakin cavabdeh barışıq üçün ondan Ramana qəsəbəsində 2-3 sot torpaq istəmişdir. Bunu isə qəbul edə bilməz, çünki onun cavabdehə heç bir torpaq borcu yoxdur. Bu səbəbdən hazırkı mərhələdə aralarında barışıq əldə edilməsi mümkün olmamışdır. Hər bir halda hesab edir ki, cavabdeh bir müddət sonra onun təklifi ilə razılaşacaq. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, iddiaçı mübahisəli torpaq sahəsinə on beş ildən çoxdur ki, qanuni əsaslarla faktiki sahiblik və istifadə edir. Cavabdeh özü də qəbul etmişdir ki, 2006-cı ildən torpaqdan iddiaçı istifadə edir. Lakin cavabdeh iddia edir ki, torpaq sahəsi əvvəldən onun mülkiyyətində olmuş, həmin torpağı Şərqiyyə adlı xanıma müvəqqəti istifadəyə vermişdir. Halbuki, o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı isə uzun illərdir ki, bu torpaq sahəsinə sahiblik və istifadə edir. Onun faktiki sahib və istifadəçi kimi bu torpaq sahəsi üzərində hüququ var və heç bir qanuni əsas olmadan bu hüququn məhdudlaşdırılması yol verilməzdir. Bununla belə iddiaçı cavabdehlə barışığa gəlmək üçün cəhdlər etsə də cavabdeh sanki iddiaçı ona torpaq sahəsi borclu imiş kimi iddiaçıdan Ramana qəsəbəsində torpaq sahəsi tələb etmişdir. Belə bir şərtlə barışığa gedilməsi isə mümkün deyil. Bu səbəbdən hesab edir ki, torpaq sahəsinə qanunsuz müdaxilələrinin qarşısı alınmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, hələ 1996-cı ildən həmin torpaq sahəsini hasara alıb faktiki istifadə etmiş, sonra iddiaçının torpağı aldığı Şərqiyyə xanım ondan torpaq sahəsindən istifadə etmək üçün icazə istəmiş, o da həmin qadının yoldaşının xəstə olmasını, vəziyyətini nəzərə alaraq torpaq sahəsini onun müvəqqəti istifadəsinə vermişdir. 2006-cı ildə öyrənmişdir ki, Şərqiyyə xanım həmin torpağı Vaqif adlı şəxsə satıb. O bu barədə Şərqiyyə xanımdan soruşduqda ona demişdir ki, həmin torpağa gəlib-getmədiyinə, maraqlanmadığına görə torpağı başqasına satmışdır. Bundan sonra o, iddiaçını taparaq ondan torpağından çıxmasını tələb etmiş, iddiaçı ondan torpağa dair sənədinin olub-olmadığını soruşmuş, o da bildirmişdir ki, torpağa dair heç bir sənədi yoxdur. Həmin vaxtdan da təxminən on beş ildir ki, iddiaçı bu torpaq sahəsindən istifadə edir. O isə iddiaçıdan onun mülkiyyətində olan torpaqdan çıxmasını tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Bülbülə qəsəbə bələdiyyəsi və İddiaçı arasında 11.10.2006-cı il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Bələdiyyə tərəfindən bələdiyyə ərazisində yerləşən 429 m2 torpaq sahəsi bağ sahəsi kimi İddiaçı 11.10.2006-ci il tarixdən 31.12.2021-ci il tarixədək müqavilənin hər ili üçün 42.90 manat olmaqla, cəmi 643.50 manata icarəyə verilmişdir. (Müqavilənin əsli məhkəməyə təqdim edilmiş, əsli ilə düzgünlüyü təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində (2a ünvanı) yerləşən 429 m2 torpaq sahəsi 2006-cı ildən etibarən İddiaçı faktiki sahiblik və istifadəsindədir. O, bu torpaq sahəsinin öz icarəsinə verilməsi ilə bağlı bələdiyyə ilə müqavilə bağlamış, həmin tarixdən bu torpaq sahəsinə sahiblik və istifadə etməyə başlamışdır. Cavabdeh isə torpaq sahəsinin mülkiyyətçisi olduğunu iddia edərək iddiaçıdan torpaqdan çıxmasını tələb edir. Buna baxmayaraq, o, qəbul edir ki, iddiaçı artıq on beş ildir ki, bu torpağa faktiki sahiblik və istifadə edir. Eyni zamanda, qəbul edir ki, onun özünün torpaq üzərində mülkiyyət hüquqlarını təsdiq edən heç bir sənədi yoxdur. Bu hallar işin mübahisələndirilməyən hallarıdır, iş materialları və tərəflərin izahatları ilə təsdiq edilir. Beləliklə, İddiaçı mübahisəli torpaq sahəsinə qanuni əsaslarla sahiblik və istifadə etdiyi müəyyəndir. Belə ki, o, torpaq sahəsindən icarə müqaviləsi əsasında 2006-cı ildən etibarən sahiblik və istifadə edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Göründüyü kimi, qanunla yalnız əmlakın mülkiyyətçilərinin deyil, əmlaka qanuni əsaslarla sahiblik edən və istifadə edən şəxslərin də əmlak üzərində olan hüquqlarının müdafiəsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisədən görünür ki, iddiaçının qanuni sahiblik və istifadəsində olan torpaq sahəsi üzərində hüquqları həqiqətən cavabdeh tərəfindən məhdudlaşdırılır. Belə ki, cavabdeh torpağın mülkiyyətçisi və əsl sahibi olduğunu iddia edərək iddiaçını torpaqdan çıxarmağa çalışır. Halbuki, cavabdehin həmin torpaq sahəsi üzərində nəinki mülkiyyət, ümumiyyətlə hər hansı hüququnu təsdiq edən heç bir sənədi yoxdur. Bu baxımdan məhkəmə cavabdehin mülkiyyətçi olması ilə bağlı izahatını sübut edilməmiş hesab edir. Digər tərəfdən, iddiaçının mübahisəli torpaq sahəsindən artıq on beş ildir ki, istifadə etdiyi etdiyi (cavabdeh bunu mübahisələndirmir) halda cavabdehin hazırkı tarixədək öz mülkiyyətində olduğunu hesab etdiyi bu torpaqdan iddiaçının çıxarılmasını məhkəmə qaydasında tələb etməməsi onun izahatının inandırıcılığını şübhə altına alır, onun torpaq sahəsinin mülkiyyətçisi ola bilmə ehtimalını qeyri-real edir. Əksinə, iddiaçının torpaq sahəsinə on beş ildir ki, faktiki sahiblik etməsi və bələdiyyə ilə bağlanmış icarə müqaviləsinə əsasən torpaq sahəsindən qanuni şəkildə istifadə etməsi isə real və müəyyəndir. Üstəlik, torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı bələdiyyə ilə bağladığı müqavilə iddiaçıya bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün “qanuni gözlənti” verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ... Nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, “Saghinadze və başqaları Gürcüstana qarşı”, № 18768/05, § 103, 27 may 2010-cu il) Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli torpaq sahəsinin qanuni sahibi və istifadəçisi, eləcə də bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün “qanuni gözlənti”si olan şəxs kimi onun bu torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını məhdudlaşdıran hərəkətlərin cavabdehə qadağan edilməsini tələb etmək hüququ vardır. Üstəlik, nəzərə alınmalıdır ki, cavabdeh torpaq sahəsi üzərində mülkiyyət hüququ olduğunu bildirərək iddiaçıdan torpaqdan çıxmasını tələb etdiyini, yəni həqiqətən iddiaçının torpaqdan sahiblik və istifadəsinə mane olan hərəkətlər etdiyini qəbul edir. Cavabdehin bunu tələb etməyə heç bir hüququnun olmaması isə yuxarıda əsaslandırılmışdır. Belə olan halda iddia qismən təmin edilməli, İddiaçı qanuni sahiblik və istifadəsində olan mübahisəli torpaq sahəsinə onun sahiblik və istifadə etməsinə Cavabdeh tərəfindən törədilən maneələr cavabdehə qadağan edilməlidir. Lakin iddia ərizəsindən görünür ki, iddia tələbində bu hərəkətlərin cavabdehə və “digər şəxslərə” qadağan edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, məhkəmə qeyri-müəyyən şəxslər dairəsinə hər hansı hərəkətləri etməyi qadağan edə bilməz. Əgər iddiaçı hesab edirsə ki, onun torpaqdan sahiblik və istifadə hüququna başqa şəxslər də müdaxilə edir, bu halda o həmin şəxslərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, ərizəsində məhz həmin şəxsləri cavabdeh kimi qeyd edərək tələbi onlara qarşı yönəltməlidir. Hazırkı halda isə məhkəmə bu hərəkətləri yalnız iddia ərizəsində göstərilmiş konkret cavabdeh olan Cavabdeh qadağan edə bilər. Digər tərəfdən, iddia tələbində “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələb edilsə də nəzərə alınmalıdır ki, cavabdehə həmin hərəkətlərin qadağan edilməsi bu hərəkətlərin məhkəmə araşdırması nəticəsində qanunsuz hesab edilməsinin nəticəsidir. Bu baxımdan həmin hərəkətlərin qanunsuz hesab edilməsinin ayrıca qət edilməsinin başqa heç bir hüquqi nəticəsi olmadığından iddia bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı qanuni sahiblik və istifadəsində olan ünvan 3 ünvanında yerləşən 429 m2 torpaq sahəsinə onun sahiblik və istifadə etməsinə Cavabdeh tərəfindən törədilən maneələr cavabdehə qadağan edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Son olaraq, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı qanuni sahiblik və istifadəsində olan ünvan 3 ünvanında yerləşən 429 m2 torpaq sahəsinə onun sahiblik və istifadə etməsinə Cavabdeh tərəfindən törədilən maneələr cavabdehə qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar