Məhkəmə qərarları › İş №2(010)-5068/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5068/2021

27.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5068/2021 27.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçılar İddiaçı1 və X3 və onların nümayəndələri və vəkili X5, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və X2 Cavabdeha qarşı “istifadə hüququnun olmaması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1 və X3 30 mart 2018-ci il tarixdə Cavabdeha qarşı “istifadə hüququnun itirilməsi” tələbi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilindən istifadə hüquqlarına xitam verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmənin 15 may 2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun olmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 47 saylı əmrinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə dair 3 nəfər ailə üzvü ilə (iddiaçılar və cavabdeh) iddiaçı X2 adına açılmış və onun adına kirayə müqaviləsi bağlanmışdır. Bu müddət ərzində cavabdeh həmin evdə yaşamamış və şəxsi mənzili olduğundan öz evindən istifadə etmişdir. Bu hallar mənzildən istifadə etmək, onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və X3 ayrı-ayrılıqda verdikləri izahatlarda iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişlər ki, cavabdeh heç vaxt mübahisəli mənzidə yaşamamış, həmin evin təsərrüfat işlərində iştirak etməmişdir. Belə olan halda hazırki iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və X2 nümayəndələri qismində izahat vermiş onların vəkili X5 təmsil etdiyi şəxslərin izahatında qeyd olunan xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 47 saylı əmrinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə dair 3 nəfər ailə üzvünün olduğu qeyd edilsə də, Cavabdeh Cəfərovic orada formal olaraq göstərilmiş, çünki sonuncu heç vaxt mübahisəli evdə yaşamamışdır. Hazırda mübahisəli mənzil iddiaçı X4 adına dövlət qeydiyyatına alınmış və mülkiyyət hüququ ilə sonuncuya məxsusdur. Bu isə ona dəlalət edir ki, onun mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, tərəflərin atası olmuş X7 mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən 24 saylı evin 1 saylı mənzilin satışından əldə olunmuş vəsaitdən cavabdeh məhz mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə pul vəsaiti götürmüşdür. Cavabdeh izahatında bildirdi ki, iddiaçılarla birlikdə mübahisəli mənzildə bir müddət yaşamış, sonra isə müxtəlif səbəblərə, o cümlədən həmin evin hansı qaydada və kimin adına özəlləşdirilməsi məsələsi ilə bağlı iddiaçılarla arasında münaqişəli vəziyyət yaranmış və o, müxtəlif yerlərdə qalmağa məcur olmuşdur. Lakin bu onun həmin evdən daimi əsaslarla çıxıb getməsi kimi qiymətləndirilməməlidir. Onun harada qalması iddiaçılara həmişə məlum olmuş, müxtəlif tədbir və mərasimlərdə görüşmüşlər, onun telefonunu bilmişlər, lakin belə olan halda bir dəfə də olsun belə iddiaçılar ona qarşı məhkəmədə iddia tələbi ilə mraciət etmələrini bildirməmişlər. Bunun səbəbi isə evin özəlləşdirilməsini onun iştirakı olmadan həyata keçirilməsi olmuş və iddiaçılar buna nail olmuşlar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qismində izahat vermiş X6 cavabdehin bildirdikləri xüsusatları qeyd edərək iddianın əsassız olduğuna görə edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 47 saylı əmrinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə dair 3 nəfər ailə üzvü ilə (iddiaçılar və cavabdeh) iddiaçı X2 adına açılmış və onun adına kirayə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd olunan normalara əsaslanaraq məhkəmə qeyd edir ki, Cavabdeh Cəfərovic mübahisəli mənzilə iddiaçının ailə üzvü kimi 2011-ci ildə köçərək qeydiyyata alındığı zaman mənzil xüsusi mülkiyyətdə olmamışdır. Həmin mənzil 31.01.2019-cu il tarixdə iddiaçı X2 adına özəlləşdirilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus mənzilə 2011-ci ildə ailə üzvü kimi qeyd edilmiş və mənzil dövlət mənzil fonduna aid olmuş, İddiaçı2 isə həmin mənzilin kirayəçisi olmuşdur. Həmin dövrdə hazırkı mübahisəyə tətbiq edilə biləcək 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi (53 və 54-cü maddələr) qüvvədən düşdüyündən və 01.10.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən tərəflər arasında yaranmış münasibətlər mahiyyət etibarilə sosial kirayə müqaviləsindən irəli gələn münasibətlərə uyğun olduğundan bu mübahisəyə də 01.10.2009-cu ildən qüvvədə olan sosial kirayə müqaviləsinə aid normalar tətbiq edilməsi mümkündür. 01.10.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin oxşar münasibətləri tənzimləyən 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Bu baxımdan iddiaçıların cavabdehin başqa ünvanda yaşaması və mübahisəli mənzildə yalnız formal əsaslarla qeydiyyatda olmasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin izahatları ilə məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli mənzilə dair sosial kirayə müqaviləsi bağlandıqdan sonra tərəflər arasında mübahisəli mənzilin kimin adına özəlləşdirilməsi ilə bağlı münaqişəli vəziyyət olmuşdur. Digər tərəfdən cavabdehin başqa mənzildə hansı vaxtdan yaşaması, cavabdehin mübahisəli mənzili daimi tərk etməsi və daimi yaşamaq üçün başqa yaşayış yerinə getməsi ilə bağlı hər hansı sübut iddiaçılar tərəfindən təqdim edilməmişdir. Bütün bunlar isə ona dəlalət edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olmaması barədə iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Bununla bağlı məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.2.-ci maddəsinə əsasən fiziki şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və X2 Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun olmamasına dair iddia tələbi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar