Məhkəmə qərarları › İş №2(010)-507/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-507/2022

18.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-507/2022 18.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Məhəmməd qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd qızına, Cavabdeh2, Cavabdeh3 qızına və Cavabdeh4 qarşı “yaşayış sahəsindən məcburi qaydada çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 Məhəmməd qızına, Cavabdeh2, Cavabdeh3 qızına və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Məhəmməd qızının, Cavabdeh2, Cavabdeh3 qızının və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki,2011-ci ildə anası vəfat etdikdən sonra ona məxsus olan mənzilə hüquqi varisi kimi o və onun qardaşı X3 tanınmışdır. Notariat orqana vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişlər və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 vərəsələri İddiaçı və X3 hesab olunmuş və miras əmlak Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilindən bərabər hissələrdə pay almaları müəyyən olunmuşdur. Həmin dövrdə bu evdə qardaşı öz ailə üzvləri ilə birlikdə yaşamamışdır. Qardaşı ona təklif etmişdir ki, Moskvada biznes qurmaq fikri vardır və bu evdə olan payına görə ona pul versin. O da razılaşaraq 30000 ABŞ dolları məbləğində qardaşına pul vermişdir. Sonradan qardaşı X3 03.03.2015-ci il tarixdə bağışlama müqaviləsi bağlayaraq özünə məxsus hissəni ona bağışlamışdır. Həmin evdə yaşaya bilmədiyindən kirayədə qalmışdır. Bundan sonra qardaşı Moskvadan qayıtmış, lakin evi boşaldacağına söz versə də. evdən çıxmamışlar. Buna görə də qardaşına və onun ailə üzvlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların həmin mənzildən çıxarılması ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxan rayon Məhkəməsinin 2(010)-3965/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq X2 İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11251/2021 saylı 17.12.2021-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Suraxan rayon Məhkəməsinin 2(010)-3965/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsi qismən cavabdehlə birlikdə yaşayan ailə üzvlərinin (həyat yoldaşının, uşaqların) qanunsuz zəbt etdikləri iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilindən çıxarılmaları tələbinin rədd edilməsi hissədə ləğv olunmuş və iddia həmin hissədə baxılmamış saxlanılmışdır. Hazırda o kirayədə yaşayır və başqa yaşayış yeri yoxdur. Buna görə də cavabdehlər ona məxsus mənzildən çıxarılmalıdırlar. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 Məhəmməd qızı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, həmin mənzil 12 avqust 1987-ci ildə qaynatası Cavabdeh2 Camal oğluna orderlə verilmişdir. Sonradan mənzilin kirayə müqaviləsi 2003-cü ildə qaynatası vəfat etdikdən sonra X1nın adına rəsmiləşdirilmiş, ondan sonra isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qaynanası 2009-cu ildə vəfat etdikdən sonra həyat yoldaşı Fəxrəddin Əfəndiyevlə İddiaçı həmin mənzildən miras paylarının olması müəyyən edilmişdir. İddiaçı həmin mənzildən həyat yoldaşı Fəxrəddin Əfəndiyevin xeyrinə imtina etmişdir, belə ki, mənzildə onların ailəsi yaşayırdı. Həmin mənzil Fəxrəddin Əfəndiyevin adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. Bir neçə il bundan əvvəl həyat yoldaşının kredit borcu yarandığından və bankdan ona borcun evə yönəldiləcəyi bildirildiyindən evi bağışlama yolu ilə öz bacısının, hazırki iddiaçının adına keçirtmişdir. Lakin hazırda baldızı İddiaçı bundan sui-istifadə edərək onları evdən çıxartmaq istəyir və iddia ərizəsində göstərir ki, guya evin tam ona keçməsi üçün dəyərinin 50%-ni təşkil edən 30000 ABŞ dollarını qardaşı Fəxrəddinə ödəmişdir. Lakin iddiaçı bununla bağlı olaraq heç bir sübut təqdim etməmişdir. Bundan başqa mənzilin tam dəyəri 30000ABŞ dolları təşkil etdiyi halda iddiaçının onun 1/2 payına görə 30000 ABŞ dolları ödəməsi absurddur. Bundan başqa onun həmin mənzildən istifadə hüququ mövcuddur. Belə ki, o həmin mənzilə 2001-ci ildə gəlin köçmüş və mənzilin əvvəlki kirayəçisi olmuş Cavabdeh2 Camal oğlu tərəfindən yerləşdirilmiş, onunla birlikdə uzun illər təsərrüfat aparmış və onun ailə üzvü olmuşdur. Sonradan mənzilin kirayə müqaviləsi qaynası X4 adına rəsmiləşdirilmiş, ondan sonra isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X1 ilə də 2009-cu ildə vəfat edənə qədər onunla birlikdə ailə üzvü kimi yaşayıb, birgə təsərrüfat idarə etmişdir. Onun hazırda həmin mənzildən başqa yaşayış yerim yoxdur. O həmin mənzilə 2001-cü ildə el adəti ilə toy etməklə gəlin köçdüyünə və bu günə qədər yaşadığına görə mülki mübahisə 2009-cu ilin oktyabr ayına qədər qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddələri qaydasında həll olunmalıdır. Bundan başqa iddiaçı iki uşağını - hazırda 16 yaşı olan oğlu Cavid Baxşıyevi və 21 yaşı olan qızını Günay Baxşıyevanı da onların yanında qoyub getmiş və həmin uşaqlar hal-hazırda onlarla birlikdə qeyd edilən mənzildə yaşayırlar, iddiaçı uşaqları ilə ötən 1 il 6 ay ərzində maraqlanmamış, onlara qayğı göstərməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş üzrə şahid X9 ifadə verərək bildirmişdir ki, İddiaçı onun anasıdır. Mübahisəli mənzil hal-hazırda onun anasının mülkiyyətindədir. Onun dayısı Fəxrəddinin həmin evin ½ hissəsinə mülkiyyət hüququ olmuş, lakin banka borcu olduğundan özünə məxsus ½ hissəni bacısı Kəmaləyə bağışlamışdır. Lakin anası İddiaçı tərəfindən dayısı Fəxrəddinə 30000 ABŞ dolları pul verilməmişdir. Anası daim ona həmin evi satacağını və qardaşını və onun ailə üzvlərini evdən çıxaracağını bildirmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Məhəmməd qızı ilə X3 18.01.2005-ci il tarixdə 08 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əfəndiyeva, ərə Əfəndiyev soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Camal oğlu 12.01.2003-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 08.12.2009-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 18.04.2003-cü il tarixli 230 saylı sərəncamına əsasən mərhum Cavabdeh2 Camal oğlunun adına əvvəlki kirayə müqaviləsinin ləğv edilməsi və X4 adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilinə dair kirayə müqaviləsinin dəyişdirilməsi 104 saylı MKİS-nə tapşırılsın. İş materiallarına əlavə olunmuş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Seriya ÖM 154762 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzili X4 adına 20.06.2003-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 35 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 10.06.2010-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X4 vərəsələri İddiaçı və X3 hesab olunmuş və miras əmlak Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilindən bərabər hissələrdə pay almaları müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 13.07.2010-cu il tarixli çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzili 1/2 hissədə İddiaçı və 1/2 hissədə X2 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş 03.03.2015-ci tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, X3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilinin özünə məxsus 1/2 hissəsini İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 05.03.2015-ci il tarixli çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzili tam olaraq İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxan rayon Məhkəməsinin 2(010)- 3965/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq X2 İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilindən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11251/2021 saylı 08.12.2021-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Suraxan rayon Məhkəməsinin 2(010)-3965/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsi qismən cavabdehlə birlikdə yaşayan ailə üzvlərinin (həyat yoldaşının, uşaqların) qanunsuz zəbt etdikləri iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilindən çıxarılmaları tələbinin rədd edilməsi hissədə ləğv olunmuş və iddia həmin hissədə baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Suraxanı rayon MKTB-yi tərəfindən verilmiş 22.11.2021-ci il tarixli Forma 2 saylı arayışdan müəyyən olunur ki, İddiaçı, X10, X11, X3,Cavabdeh2, Cavabdeh3 qızı və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin maddənin İV bəndinə əsasən heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd edilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qüvvədən düşmüş 1982-ci il Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yəni mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən məcburi qaydada çıxarılması haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Təqdim olunmuş sübutlarla və tərəflərin verdiyi izahatlarla təsdiq olunur ki, Cavabdeh1 Məhəmməd qızı rəsmi olaraq nikaha 2005-ci ildə daxil olsa da, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilinə 2001ci ildə gəlin köçmüş, həmin mənzildə fasiləsiz yaşamaqla ailə üzvü kimi birgə təsərrüfat aparmış və həmin mənzildə azyaşlı uşaqları doğulmuşdur. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 13.07.2010-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzili 1/2 hissədə İddiaçı və 1/2 hissədə X2 mülkiyyətinə keçmişdir. 03.03.2015-ci tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilinin özünə məxsus 1/2 hissəsini İddiaçı bağışlamış və mənzil bütünlüklə iddiaçının mülkiyyətinə keçmişdir. Buna baxmayaraq hazırda həmin mənzildə cavabdehlər və iddiaçının iki övladı yaşayır. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 Məhəmməd qızı və onun övladları iddiaçının ailə üzvləri ilə birgə yaşamaqla, həmin zaman qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə müvafiq olaraq ailə üzvü kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilindən onunla bərabər istifadə etmək hüququnu əldə etmişdir. Bu hüquqa isə qanunverciliyin tələbinə əsasən mülkiyyətçi tərəfindən yalnız kompensasiya verməklə xitam verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə iddiaçı tərəfindən cavabdehlərə məxsus başqa yaşayış yerinin mövcud olması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Odur ki, məhkəmə iddiaçının öz iddiasında gətirdiyi dəlilləri əsassız sayır və iddianın bütövlüklə rədd edilməsi qənaətinə gəlir. İddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 Məhəmməd qızına, Cavabdeh2, Cavabdeh3 qızına və Cavabdeh4 qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məhəllə 14/15, 10 saylı evin 40 saylı mənzilindən məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi təmin olunmasın. İddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar