Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5070/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh Rzayeva (Kərimova) İranə Rahim qızının iştirakları ilə, İddiaçı cavabdeh Rzayeva (Kərimova) İranə Rahim qızına qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, 4042/60 məhəllə 6 saylı evin 69 saylı mənzilindən cavabdeh Rzayeva (Kərimova) İranə Rahim qızının istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında bildirmişdir ki, İddiaçı 30.01.1990-cı il tarixli 019386 saylı orderə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllə 6 saylı evin 69 saylı mənzilinin sahibidir. Həmin mənzildə iddiaçı ilə yanaşı həyat yoldaşı X2, oğlu özü (X6) və gəlini Gülnarə Kərimova və üç nəvəsi yaşayır. Gəlini Gülnarədən başqa bütün ailə üzvləri həmin m ə n z i l d ə qeydiyyatdadırlar. İddiaçının qızı X3 07.08.2016-cı il tarixdə ailə quraraq öz həyat yoldaşı Ramal Rzayevə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, 7075, 4 saylı evin 477 saylı mənzilində iki azyaşlı uşağı ilə birlikdə yaşayır. Rzayeva (Kərimova) İranə Rahim qızının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məhəllə 6 saylı evin 69 saylı mənzilində qeydiyyatı qalsa da, bu formal xarakter daşıyır. Cavabdeh artıq özünün ailəsi vardır və mənzildə yaşamaq hüququndan istifadə etmir. Cavabdeh Rzayeva (Kərimova) İranə Rahim qızı iddiaçıya məxsus evdə qeydiyyatda qalmasına görə, o, əlavə kommunal xərclər ödəməli olur. Məhz buna görə də mülkiyyətində olan evdə cavabdehin pasport qeydiyyatında qalmasına heç bir hüquqi əsas yoxdur. Bu səbəbdən iddiaçının mülkiyyətində olan evinin yaşayış sahəsindən cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehə qarşı irəli sürdüyü iddia tələbi qanuni və əsaslı olduğundan iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Rzayeva (Kərimova) İranə Rahim qızı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul edir. Belə ki, İddiaçı onun atasıdır. O atasına məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, 4042/60 məhəllə 6 saylı evin 69 saylı mənzilində yaşamış, lakin 2016-cı il tarixdə ailə quraraq həmin mənzildən köçmüşdür. Hal-hazırda həyat yoldaşı ilə birlikdə Hövsan qəsəbəsində yerləşən evdə yaşayır. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 30.01.1990-cı il tarixli, 019386 saylı Orderə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, 4042/60 məhəllə 6 saylı evin 69 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri, İcra Hakimiyyəti MKTD Suraxanı rayon MKTB 63 saylı Mənzil Kommunal İstismar Sahəsinin 25.08.2021-ci il tarixli Forma 2 arayışından müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, 4042/60 məhəllə 6 saylı evin 69 saylı mənzilində İddiaçı, X2, X6, Rzayeva (Kərimova) İranə Rahim qızı, X4 və X7 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 24.05.2017-ci il tarixli Asan 2 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rzayeva (Kərimova) İranə Rahim qızı Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, 4042/60 məhəllə 6 saylı evin 69 saylı mənzilində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 28.03.2018-ci il tarixli Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, 4042/60 məhəllə 6 saylı evin 69 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2001-ci ildə yarandığından həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin ücüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından cıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin tələbinə görə şəxsi yaşayış yeri–tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bu Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddia tələbinə etiraz etməyərək Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, 4042/60 məhəllə 6 saylı evin 69 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbini etiraf etdiyindən və bu hal məhkəmə tərəfindən qəbul edildiyindən iddia təmin olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Rzayeva (Kərimova) İranə Rahim qızının Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, 4042/60 məhəllə 6 saylı evin 69 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Rzayeva (Kərimova) İranə Rahim qızının Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, 4042/60 məhəllə 6 saylı evin 69 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-5070/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5070/2021
06.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver