Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5076/2021 11.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən uzun illər yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehlər Cavabdeh1 onun keçmiş qayınatası, Cavabdeh2 isə keçmiş həyat yoldaşıdır. O, Cavabdeh2 ilə 10.01.2009cu ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Bu nikahdan iki övladları – 19.07.2011-ci il təvəllüdlü X2 və 27.07.2015-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehlə nikahları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.08.2020-ci il tarixli, 2(010)-2551/2020 saylı qətnaməsinə əsasən pozulmuş və uşaqlar onun himayəsində saxlanılmışdır. Onlar cavabdehlə ailə qurduqları vaxtdan bu günə kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evdə yaşamışlar. Onun bütün cehiz əmlakı həmin evdədir. İyun ayının əvvəllərində cavabdehlər onu iki uşağı ilə birlikdə evdən qovmuş və evə buraxmamışdır. O, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, ona mülki xarakterli iş olduğundan məhkəməyə müraciət etməsi bildirilmiş, bununla bağlı məktub verilmişdir. Hal-hazırda cavabdehlər onu evdə yaşamağa qoymur. Öz haqqı olan evdə o, yaşaya bilmir, küçələrdə qalmışdır. Onun bu evdən başqa yaşayış sahəsi yoxdur. Belə ki, o və övladları cavabdehlə birgə eyni ünvanda yaşamış, onunla həmin ünvanda birgə təsərrüfat aparmışdır. Hansı ki, qeyd edilən yaşayış evi onun daimi yaşayış yeri olmuş, onun da həmin evdən istifadə hüququ olmuşdur. Lakin cavabdeh onu artıq bir neçə vaxtdır ki, evdən qovmuş, evə daxil olmağına icazə verməmişdir. O, maddi və mənəvi əziyyət çəkir, çıxılmaz vəziyyətdədir. Cavabdeh isə onu yaşadıqları evə buraxmır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, 2009-cu ilin yanvar ayında Cavabdeh2 ilə ailə qurmuş, həmin vaxtdan da mübahisəli evə gəlin köçmüşdür. Bu evi qayınatası tikmiş, o köçən vaxt ev üç otaqdan ibarət hazır tikili olmuşdur. Evə köçdükdən sonra qayınatası əlavə bir otaq və zal tikmişdir. Özü heç vaxt işləməsə də keçmiş əri olan iş üzrə Cavabdeh2 ailəli olduqları müddətdə işləmiş, aylıq 700 manata yaxın maaş almışdır. Lakin evin tikintisində nə ərinin, nə də özünün payı olmamış, evi keçmiş qayınatası olan hazırkı iş üzrə Cavabdeh1 tikmişdir. Cavabdehlə olan nikahı bir il bundan əvvəl pozulsa da o, həmin evin iki otağında yaşamağa davam etmiş, bu otaqlar onun və uşaqlarının yaşayışı üçün ayrılmışdır. Lakin dörd ay bundan əvvəl, o, uşaqları ilə birlikdə gəzməyə getmiş, orada bir tanışını görmüş, təxminən axşam saat 10 radələrində parkdan qayıdanda həmin şəxs onu evə ötürdüyünə görə cavabdehlər onunla mübahisə etmiş, həmin adamı nəyə görə evə gətirdiyini soruşmuş, ondan uşaqları ilə birlikdə evdən çıxmasını tələb etmişlər. Onun həqiqətən Xeyrulla adlı şəxslə münasibəti olsa da onunla evlənmək fikri yoxdur və onu evə heç vaxt gətirməmişdir. Həmin şəxsin öz evi var və birlikdə yaşamırlar. Lakin bu hadisədən sonra onun bu evdə yaşaması mümkün olmamış, cavabdehlər uşaqları ilə birlikdə evi tərk etməsini istəmişdir. O, həmin vaxtdan uşaqları ilə birlikdə anasının bir otaqlı evində yaşayır. Hazırda heç bir yerdə işləmədiyindən uşaqlarını aylıq 280 manat aliment hesabına saxlayır. Evdən çıxarıldıqdan sonra uşaqları məktəbə aparmaqda, onları saxlamaqda çətinlik çəkir. Belə ki, cavabdehlərlə birlikdə yaşadıqları dövrdə uşaqların nənə-babası onlarla daim maraqlanmış, nəvələrinə çox bağlı olmuşlar. O, nənə-baba kimi qayınatasından və qayınanasından həmişə razı olmuşdur. Bu səbəbdən evə köçürülməyi eyni zamanda uşaqlarının mənafeyinə uyğundur. Odur ki, qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı və onun oğlu 2009-cu ildə ailə qurmuş, həmin vaxtdan iddiaçı onun tikdiyi evə gəlin kimi köçmüşdür. Bu evin yerləşdiyi torpaq sahəsi öz mülkiyyətində olsa da ev üzərində mülkiyyət hüququnu rəsmiləşdirməmişdir. İddiaçı evə köçən vaxt ev üç otaqlı olmuş, həmin vaxt evin bir otağını iddiaçı və oğlu üçün ayırmışdır. Zaman keçdikcə iddiaçı ilə yola getmədiklərini görüb evin bir otağını artıraraq iki otağı oğlunun ailəsi üçün ayırmışdır. Lakin iddiaçı əri ilə də yola getməmişdir. Keçən il onlar arasında olan nikah pozulmuşdur. Buna baxmayaraq, iddiaçı uşaqları ilə birlikdə ona ayrılmış otaqlarda yaşamağa davam etmişdir. Bir müddət sonra iddiaçının evə başqa bir kişi gətirdiyini görmüşlər. Sonradan onlara məlum olmuşdur ki, bu şəxsin adı Xeyrulladır və onların hələ iddiaçının əri ilə nikahı pozulmazdan əvvəl münasibətləri var. İddiaçıdan bu barədə soruşduqda o, Xeyrulla ilə ərarvad münasibətləri olduğunu bildirmiş, ona heç kimin qarışmamasını tələb etmişdir. Bir müddət sonra onlar iddiaçının həmin şəxsi mütəmadi evə gətirdiyini görmüşlər. Artıq bundan sonra onların bu vəziyyətə dözməsi mümkün olmamış, iddiaçıya əgər o şəxslə yaşayacaqsa, evi tərk etməsini bildirmişlər. İddiaçı da uşaqları ilə birlikdə əşyalarını yığıb getmişdir. Yəni, onlar iddiaçının əri ilə nikahı pozulduqdan sonra da uşaqlarla birlikdə onların evində qalmasına etiraz etməsə də iddiaçının evə başqa kişi gətirməsi, onunla faktiki ər-arvad münasibətində olması onlar üçün qəbuledilməz olduğundan ondan bu münasibəti davam etdirdiyi təqdirdə evdən çıxmasını istəmişlər. İddiaçı özü də həmin şəxsi evə gətirdiyini etiraf etməsə də onunla olan münasibətini inkar etmir. O, bunu inkar edə də bilməz. Çünki, özü bir neçə dəfə həmin şəxsə qarşı şikayət ərizəsi ilə Polis Şöbəsinə müraciət etmiş, münasibətdə olduğu Xeyrulla adlı şəxsin onun alimentini əlindən aldığını bildirmişdir. İddiaçının bu kimi hərəkətləri onların əxlaqına sığmamış, baş verənləri qəbul edə bilməmişlər. O, hazırda da həmin şəxslə münasibətlərini davam etdirir. Bu səbəbdən onun təkrar evə qayıtmasını istəmirlər. Həmçinin, iddiaçının bu ev üzərində heç bir payı da yoxdur, çünki evi nə o, nə də keçmiş əri tikmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının köçürülmək istədiyi ev özbaşına tikilidir. Ev üzərində heç kimin mülkiyyət hüququ rəsmiləşdirilməmişdir. Lakin evin yerləşdiyi torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. Belə ki, bununla bağlı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi mövcuddur. Elə evi də Cavabdeh1 tikmişdir. İddiaçının özünün də qəbul etdiyi kimi evə gəlin köçən vaxt ev üç otaqlı hazır tikili olmuş, sonradan qaynatası evin otaqlarının sayını artmışdır. İddiaçı özü də qəbul edir ki, bu evin nə tikintisində, nə də sonradan hər hansı hissəsinin artırılmasında, yaxud təmirində nə özünün, nə ərinin heç bir maddi dəstəyi olmamışdır. Bu baxımdan o, hazırda həmin evə köçürülməsini tələb edə bilməz. Belə ki, onun buna hüququ yoxdur. Digər tərəfdən, iddiaçının bu evə köçürülməsi cavabdehlər üçün qəbul edilməzdir. Çünki, iddiaçı özü də etiraf edir ki, onun başqa kişi ilə münasibətləri var. O, həmin şəxsi evə gətirmədiyini bildirsə də cavabdehlər Xeyrulla adlı həmin adamı dəfələrlə evdə, onun yanında görmüşlər. Elə bu hadisələrdən sonra da onun evdən çıxmasını istəmişlər. İddiaçı isə həmin şəxslə münasibətinə son qoymaq yerinə, evdən çıxmağı üstün tutmuşdur. Onu heç kim evdən zorla çıxarmamış, o özü bu hadisələrdən sonra evi tərk etmişdir. Bütün bu yuxarıda qeyd edilən səbəblərdən iddiaçıların keçmiş əri və qayınatası olan cavabdehlər haqlı olaraq onun evə köçürülməsinə razı deyil. Eyni zamanda, iddiaçının bu evə köçürülməsi üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla iddianın təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.06.2021-ci il tarixli, 1910 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, S.Qılmanov küçəsi, nömrəsiz evdə valideynləri ilə birlikdə qeydiyyatsız yaşayır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.06.2021-ci il tarixli, 1909 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Kazım oğlu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evdə oğlu Cavabdeh2 ilı birlikdə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 22.06.2021-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, 27.07.2015-ci il təvəllüldü X3 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 22.06.2021-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, 19.07.2011-ci il təvəllüldü X2 ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması və tərəflərin izahatlarının dinlənilməsi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 keçmiş arvadı, digər Cavabdeh1 isə keçmiş gəlini olmuşdur. İddiaçı keçmiş əri olan cavabdehlə 2009-cu ildə rəsmi nikaha daxil olmuş, həmin vaxtdan cavabdehlərlə birlikdə hazırda köçürülmək istədiyi fərdi yaşayış evində yaşamağa başlamışdır. Tərəflər arasında olan nikah münasibətləri 2020-ci ildə məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalması və uşaqların saxlanılması üçün atadan aliment tutulması qət edilmişdir. Buna baxmayaraq, iddiaçı uşaqları ilə birlikdə həmin evdə onlar üçün ayrılmış iki otaqda yaşamağa davam etmişdir. Lakin 2021-ci ildə tərəflər arasında mübahisə yaranmış, bundan sonra iddiaçı uşaqları ilə birlikdə evi tərk etmişdir. Hazırda isə həmin evə köçürülmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk növbədə, qeyd edilməlidir ki, iddiaçının köçürülmək istədiyi bu ev özbaşına tikilidir. Yəni, ev üzərində heç kimin mülkiyyət hüququ rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Lakin nəzərə alınmalıdır ki, müvafiq ev nə iddiaçı, nə də onun keçmiş əri tərəfindən tikilməmiş, evi iddiaçının keçmiş qayınatası olan cavabdeh tikmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı da bunu qəbul etmiş, evi qayınatasınının tikdiyini, özünün də tikilmiş evə gəlin köçdüyünü, sonradan qayınatasının evdə bəzi artırmalar etdiyini bildirmişdir. O, qəbul etmişdir ki, bu evin tikintisində nə özünün, nə də ərinin heç bir payı olmamış, ev onların birgə vəsaiti hesabına tikilməmişdir. Digər tərəfdən, iddiaçının köçürülmək istədiyi ev özbaşına tikili olsa belə evin yerləşdiyi torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Belə ki, evin yerləşdiyi torpaq sahəsinin Abdullayev X1 dair alqı-satqı müqaviləsi mövcuddur. Yəni Cavabdeh1 xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində özünün və ailə üzvlərinin yaşayışını təmin etmək üçün ev tikmişdir. Belə olan halda Cavabdeh1 iddiaçının köçürülmək istədiyi evin gözlənilən mülkiyyətçisidir. Nəzərə alınmalıdır ki, Cavabdeh1 gələcəkdə həmin ev üzərində mülkiyyət hüququnu rəsmiləşdirəcəyi də istisna edilməməlidir. Çünki, onun buna “qanuni gözlənti”si var. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il) Cavabdehin bu imkanı milli qanunvericilikdə də müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun ... Tərəflər arasında mübahisəli hüquq münasibətləri iddiaçının həmin evə gəlin kimi köçdüyü 2009-cu ilin yanvar ayından yarandığından mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (hansı ki, 2009-cu ilin oktyabr ayından qüvvəyə minmişdir) yox, Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi baxımından isə İddiaçı mübahisəli evə hər hansı istifadə hüququ yaranmamışdır. Belə ki, iddiaçının evin gözlənilən mülkiyyətçisi olan qayınatası ilə arasında Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə dair hər hansı istifadə hüququ yaranmadığından onun, eləcə də uşaqlarının bu evə köçürülməsi istisna edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödəniləmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5076/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5076/2021
11.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver