Məhkəmə qərarları › İş №2(010)-508/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-508/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-508/2021 17.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 (onun yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə) qarşı yaşamaq və istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə 17 fevral 2021-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı yaşamaq və istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onun mülkiyyətində olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, ev 2, mənzil 6-ya yaşamaq və istifadə hüquqlarının itirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və onun himayəsinə verilmiş oğlu Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında qeydiyyatda olsalar da həmin ünvanda yaşamırlar. Cavabdehlər Fransa vətəndaşı olmaqla, Fransa, Jouandin prospekti 2, mənzil 64, Bayonnedə yaşayırlar. Hətta Cavabdeh2 Fransa Respublikasında anadan olub. Cavabdeh1 onun X2 qanuni nikahları 05.02.2020-ci il tarixdə pozulmuş və artıq cavabdeh X7 yaşadığı üçün ona məxsus şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti 16.07.2015-ci ildə bitsə də, Azərbaycana gəlməmiş şəxsiyyət vəsiqəsi dəyişdirilməmişdir. O, MN 004687 saylı çıxarışla Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, ev 2, mənzil 6-nın qanuni mülkiyyətçisidir. X2 ilə Cavabdeh1 nikahları 2020-ci ilin 5 fevral tarixdə Suraxanı rayon məhkəməsində qanuni yolla pozulmuşdur. Cavabdehlərə aid sənədlərin əsli və notariat tərcümə edilib təsdiq edilmiş surətləri Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli mülki işə əlavə edilmişdir. Hal-hazırda həmin sənədlərin əslini və yaxud təsdiq edilmiş surətlərini əldə edə bilmir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Fransada yaşadıqları üçün 05.02.2020-ci il tarixli məhkəmə prosesində iştirak etməmişlər. Həmin sənəd təsdiq edir ki, onlar Fransa vətəndaşıdır. Uzun illərdir ki, cavabdehlər qeyd edilən ünvanda yaşamırlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, onun mülkiyyətində olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, ev 2, mənzil 6-ya yaşamaq və istifadə hüquqlarının itirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X5 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh1, (azyaşlı oğlu ilə Cavabdeh2 ilə birlikdə) onun mülkiyyətində olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, ev 2, mənzil 6-ya istifadə hüququnun olmamasını müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materillarında olan: Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05.02.2020-ci il tarixli qətnaməyə əsasən iddiaçı X6 cavabdeh Hənifəyeva (Allahverdiyeva) Nuranə Nəriman qızına qarşı nikahın pozulmasına dair iddiası təmin edilmiş, X9 ilə Hənifəyeva (Allahverdiyeva) Nuranə Nəriman qızı arasında 22.07.2006-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində 760 nömrə ilə qeydə alınmış nikahın pozulması, X9 ilə Hənifəyeva (Allahverdiyeva) Nuranə Nəriman qızının birgə nikahlarından doğulmuş 03.11.2007-ci il təvəllüdlü Cavabdeh2 boşanmadan sonra anası Hənifəyeva (Allahverdiyeva) Nuranə Nəriman qızının yanında qalması və X4 03.11.2007-ci il təvəllüdlü Cavabdeh2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Hənifəyeva (Allahverdiyeva) Nuranə Nəriman qızına ödənilməsi barədə qətnamə qət edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş MH seriyalı 004687 saylı 27.03.1996-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 2 saylı, 6 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə 172 saylı reyestr kitabında 25420 səhifə qeydə alma 30/7694 sayla 27.03.1996-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bayonne bələdiyisinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 noyabr 2007-ci il tarixli 3186 nömrəli doğum haqqında şəhadətnamədən çıxarışa əsasən, Cavabdeh2 03 noyabr 2017-ci ildə X15 10 prospekti, Bayonne şəhərində anadan olmuşdur. Atanın 6 fevral 2008-ci il tarixli naturalizasiya dekretinə əsasən Fransa vətəndaşıdır. Suraxanı rayon məhkəməsi tərəfindən verilmiş 08 dekabr 2020-ci il tarixli sorğuya əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan 2(010)-4907/2020-ci il tarixli mülki iş ilə bağlı 16 iyun 1980-cı il təvəllüdlü Cavabdeh1 (AZE seriyalı ******** nömrəli, FİN xxxxxxx6 olan şəxsiyyət vəsiqəsi ilə) Azərbaycan Respublikasına girişçıxışları barədə məlumatların Suraxanı rayon Məhkəməsinə göndərilməsindən ötrü göstəriş verilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən 33/123 nömrəli 11.01.2021-ci il tarixli məktuba əsasən, Cavabdeh1 sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında 12.01.2017-ci ildə çıxış İstanbul istiqaməti üzrə məlumatı qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə araşdırılması zamanı məhkəməyə təqdim edilmiş materiallarına əsasən müəyyən edilmişdir ki, mübahisəli ünvan 2 ünvanı İddiaçı tam mülkiyyətindədir. Cavabdeh1 ilə X2 22 iyul 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş və Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05.02.2020-ci il tarixli qətnaməyə əsasən iddiaçı X6 cavabdeh Hənifəyeva (Allahverdiyeva) Nuranə Nəriman qızına qarşı nikahın pozulmasına dair iddiası təmin edilmiş, X9 ilə Hənifəyeva (Allahverdiyeva) Nuranə Nəriman qızı arasında 22.07.2006-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində 760 nömrə ilə qeydə alınmış nikahın pozulması, X9 ilə Hənifəyeva (Allahverdiyeva) Nuranə Nəriman qızının birgə nikahlarından doğulmuş 03.11.2007-ci il təvəllüdlü Cavabdeh2 boşanmadan sonra anası Hənifəyeva (Allahverdiyeva) Nuranə Nəriman qızının yanında qalması və X4 03.11.2007-ci il təvəllüdlü Cavabdeh2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Hənifəyeva (Allahverdiyeva) Nuranə Nəriman qızına ödənilməsi barədə qətnamə qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı hüquqi münasibətlər 2006-cı ildə yaranmışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08.10.2013cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçı ilə rəsmi nikaha daxil olmamışdan əvvəl, yəni 27.03.1996-cı il tarixdən İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdeh iddiaçının keçmiş gəlinidir. 22.07.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq sonuncunun mülkiyyətində olan mənzilə köçdüyü işin mübahisə olunmayan halıdır; bu isə o deməkdir ki, tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər həmin tarixdən sonra yaranmaqla iddia tələbinə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarlardakı hüquqi mövqeyinə uyğun olaraq sorğunun və müraciətin predmeti ilə bağlı mülkiyyət hüququ ilə istifadə hüququ arasında yaranan qarşılıqlı əlaqələrin hüquqi təhlilinin aparılmasını zəruri hesab edir, Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Əgər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edirdisə, 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasi mülki məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan respublikasi konstitusiya məhkəməsi plenumunun qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göründüyü kimi, Cavabdeh1 (yetkinlik yaşına çatmayan uşağı Cavabdeh2 ilə birlikdə) mübahisəsi gedən mənzilin mülkiyyətçisi olmuş İddiaçı X2 arasında nikah münasibətlərinə 05.02.2020-ci il tarixdə xitam verilmiş, mübahisəli mənzildə yaşadığı dövrdə mənzilin mülkiyyətçisi tərəfindən notarial qaydada təsdiq olunmuş razılıq verilməmiş və beləliklə onun mübahisəli mənzi istifadə hüquq yaranmamaqla, daşınmaz əmlakı dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, cavabdehlər ddiaçının mənzilində yaşamasa da mənzildə onun pasport qeydiyyatı kimi formal olaraq saxlanılmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilində qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçının mənzilində uzun müddət yaşamamış, cavabdehin mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququ mənzil qanunvericiliyinin müddəalarına görə xitam verildiyindən cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddələrinə əsasən qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 (yetkinlik yaşına çatmayan uşağı Cavabdeh2 ilə birlikdə) Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, ev 2, 6 saylı mənzilə istifadə hüququ olmaması hesab olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən iddia ərizəsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1 (yetkinlik yaşına çatmayan uşağı Cavabdeh2 ilə birlikdə) ünvan 3 ünvanına dair istifadə hüququ olmaması hesab edilsin. Bu qətnamə Cavabdeh1 (yetkinlik yaşına çatmayan uşağı Cavabdeh2 ilə birlikdə) Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, ev 2, 6 saylı mənzilə olan qeydiyyatının ləğv edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar