Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5083/2021 30.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh Bakı şəhəri, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi 29 saylı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi. İddia tələbinin dəlilləri Bakı şəhəri, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi 29 saylı evi, həmin evin əməli sahibi və istifadəçisi Cavabdehlə 05.05.2005-ci ildə sadə yazılı əqd bağlamaq yolu ilə, ona evin dəyəri olaraq 6.000 ABŞ dolları pulu nəğd şəkildə ödəyib, evə ailəsinin digər üzvlərinində pasport qeydiyyatına alınması müqabilində əlavə 1000 ABŞ dolları pulu nəğd şəkildə ödəmişdir. Bu barədə iddiaçı tərəfindən imzalanmış sadə yazılı əqdi şahid qismində imzalamış qonşuları, yəni Quliyev Bədəli, Həsənov Mahmudu və Həsənova Məhruzəni məhkəmədə şahid olmaqla iştiraklarını təmin edəcəkdir. Sözügedən sadə yazılı əqd üzrə öhdəliyini qismən ödəyən Cavabdeh evdəki özünə məxsus əmlakın hamısını yığışdırıb, boş evi onların istifadəsinə verərək yaxın vaxtda pasport qeydiyyatında həll edəciyinə söz verib onlara məlum olmayan ünvana köçmüşdür. Həmin gündən qeyd edilən ev mülki ailə üzvlərinin əməli sahibliyinə və daim istifadəsinə verilmişdir. Cavabdeh evdən özünün qeydiyyatdan silinməsi və onların evinə qeydiyyata alınmasına dair vədi icra etməsi üçün verdiyi vədi yerinə yetirə bilmirdi. Belə ki, o, özünə Binəqədi rayonu, Xocahəsən qəsəbəsində özbaşına tikili olan evi almış, lakin ora qeydiyyata düşməsi mümkün olmurdu və elə bu səbəbdən də evindən qeydiyyatdan silinmirdi. Bu müşkülü həll etmək üçün onunla görüşüb, sadə yazılı əqdlə mənə satdığı sözügedən ev əmlakı üzərində sərəncam verə bilməsini də özündə ehtiva edən etibarnaməsi notariatda könüllü olaraq adına 12.06.2011-ci ildə rəsmiləşdirib ona vermişdir. Hazırda cavabdeh onların evində formal qeydiyyatda olduğu, lakin faktiki yaşamadıqları 16 il müddətində yaşayış sahəsinin idarə olunmasında, kommunal xərclərin ödənilməsində qətiyyən iştirak etməyərək qanuni mənafeyini və mənzil hüquqlarını kobud sürətdə pozur. Cavabdehin mənzil hüququna dair mübahisə 05.05.2005-ci il tarixdən başlandığına görə, eyni hüquq münasibətlərini tənzimləyən həmin zaman qüvvədə olmuş hüquq normaları tətbiq edilməlidir. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbinə görə, yaşayış sahəsindən digər yaşayış sahəsinə köçmüş şəxs 6 aydan çox müddətdə mənzildə yaşamırsa, onun yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Bu normanın imperativ məntiqi ilə hüquq münasibətinə yanaşdıqda, cavabdehin 16 il müddətində evdə yaşamadığı, evdən irəli gələn vəzifələrinin icrasında qətiyyən iştirak etməməklə iddiaçının mənzil hüququnu pozduğuna sözügedən norma ilə hüquqi qiymət verib cavabdehin yaşayış sahəsindəki hüquqlarına xitam verilməlidir. Digər tərəfdən, hazırda ev təsərrüffatını özü idarə edib, sahibliyindəki evin kommunal xərclərini də onlar ödəyir. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Asan 5 xidməti tərəfindən 26.08.2021-ci il tarixli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, ev 29 –da qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər Cavabdeh, X2 və X1r. İltizamdan müəyyən olunur ki, Cavabdeh evini İddiaçı 6000 (altı min) ABŞ dollarına satır və onu qeydiyyata alır və bunu iltizamdakı imzası ilə təsdiq etmişdir. 121285 saylı 12.07.2011-ci il tarixli etibarnamədən müəyyən olunur ki, Cavabdeh həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, özünün bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda üz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdiəri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı və s.hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinın 153.3-cü maddəsinin tələbinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını cidd surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 29 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini tələb edir. Qeyd edilən normaları rəhbər tutmaqla məhkəmə belə bir qənaətə gəlir ki, mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş özbaşına tikili olduğu üçün cavabdehin həmin evə istifadə hüququ ümumiyyətlə yaranmamış və ona görə yaranmayan hüququn itirilməsi tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 29 saylı evdən istifadə hüququna xitam verilməsi” barədə iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddia rədd edildiyindən iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5083/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5083/2021
30.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver