Məhkəmə qərarları › İş №2(010)-5093/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5093/2025

17.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5093/2025 17.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiаçı İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, Qum adası ərazisində inşa edilən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikahda olmuşdur. Birgə nikah münasibətlərindən bir övladları var. Münasibətləri əvvəllər normal olsa da, xasiyyətləri və dünyagörüşləri uyğunlaşmadığı üçün nikahın pozulması məqsədilə Göyçay Rayon Məhkəməsinə müraciət edilmiş və Göyçay Rayon Məhkəməsinin 2006-cı il tarixli qətnaməsinə əsasən, birgə nikahları pozulmuş və nikahdan olan övladı onun himayəsinə verilmişdir. İddia ərizəsində qeyd olunan ünvan, yəni yaşayış evi birgə nikah pozulduqdan sonra onun və valideynlərinin maddi dəstəyi ilə tikilərək inşa edilmişdir. Mənzilə aid kommunal xərclər onun maddi vəsaiti hesabına ödənilir. Cavabdehin mənzildə pasport qeydiyyatı belə yoxdur. Sonradan cavabdehlə aralarında barışıq olduğu üçün təəssüf hissi ilə qeyd edir ki, bunu etmiş, keçmiş həyat yoldaşı onunla ona məxsus evdə yaşamağa başlamışdır. O, dəfələrlə cavabdehdən mənzildən çıxıb getməsini tələb etsə də, cavabdeh mənzili tərk etmək istəmir. Cavabdeh nəinki mənzildən çıxır, ona hədə-qorxu gəlməkdən belə çəkinmir. O, məcbur qalaraq hüququn və haqqın öz yerini tapması üçün məhkəməyə müraciət edir. O, əmindir ki, məhkəmə hərtərəfli və qərəzsiz araşdırma aparaq müsbət nəticəyə gələcəkdir. Tərəflərin izahatı Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və izahatına əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsi qardaşının adına və bacısının vəsaiti hesabına alınmış, daha sonra həmin torpaq sahəsi üzərində qardaşı tərəfindən onun üçün ev tikilmişdir. Həmçinin, evin təmiri ilə bağlı xərclər onun anası tərəfindən çəkilmişdir. Əvvəllər cavabdehlə birlikdə Belarusiya Respublikasında yaşamış, daha sonra Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycan Respublikasına qayıtdıqdan sonra 1 il müddətində cavabdehlə ayrı yaşamışdır. Hazırda cavabdehlə faktiki ailə münasibətləri də pozulduğu üçün cavabdehin ona məxsus evdən çıxarılmağını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə rəsmi nikah münasibətlərinə xitam verməsinin səbəbi xarici dövlətin ərazisində qeydiyyata düşməsi ilə bağlı olmuşdur. Sözügedən torpaq sahəsinin alınması üçün iddiaçının qardaşının toyuna gələn zaman 4000 ABŞ dolları məbləğində pul vəsaitini iddiaçının anasına vermiş, daha sonra ölkə xaricində olan vaxt həmin torpaq sahəsinin hasarlanması üçün 3000 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. Lakin, torpaq sahəsi hasarlanmamışdır. O, 4000 ABŞ dolları məbləğində pul vəsaitini 2004-cü il tarixdə torpaq sahəsinin alınması üçün vermiş, lakin torpaq 2007-ci il tarixdə alınmışdır. Torpaq sahəsi onun şəxsi vəsaiti hesabına alınmışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar “Qum adası” DQİİ-nin müdiriyyətinin, HİK-nin və “Günəşli” bağçılıq təsərrüfatının idarə heyətinin birgə iclasının xx.xx.2005-ci il tarixli, 07 nömrəli protokolundan çıxarışın surətindən müəyyən olunur ki, X6 “Günəşli” bağçılıq təsərrüfatının üzvü kimi təsdiq edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-141 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh X2 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında Göyçay rayon VVAQ şöbəsində xx.xx.1999-cu il tarixdə qeydə alınmış nikahın pozulması, xx.xx.1999-cu il tarixdə doğulmuş X3 cavabdehin himayəsinə verilməsi qət edilmişdir. xx.xx.2007-ci il tarixli, ƏN-İ seriyalı, 094551 nömrəli etibarnamənin surətindən müəyyən olunur ki, X7 ARDNŞ AZNEFT İB QUM ADASİ DQİİ X5 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 07 nömrəli protokola əsasən özünə məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 293A ünvanında yerləşən, ümumi sahəsi 300 m2 olan torpaq sahəsini özəlləşdirməyi, DƏDRXİ-dən çıxarış almağı, gələcəkdə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi X4 xx.xx.2037-ci il tarixinədək etibar etmişdir. xx.xx.2011-ci il tarixli, ƏN-İ seriyalı, 161626 nömrəli etibarnamənin surətindən müəyyən olunur ki, X7 ARDNŞ AZNEFT İB QUM ADASİ DQİİ X5 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 07 nömrəli protokola əsasən özünə məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 293A ünvanında yerləşən torpaq sahəsini özəlləşdirməyi, həmin torpaq sahəsi üzərində ümumi sahəsi 200 m2 tikməyi, DƏDRXİ-dən çıxarış almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi İddiaçı xx.xx.2037-ci il tarixinədək etibar etmişdir. xx.xx.2025-ci il tarixli hesab fakturadan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası ünvanında yerləşən fərdi yaşayış evində su təchizatı xidmətindən istifadə edən abonent iddiaçıdır (abonent kodu: **********140). xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları Tərəflər arasında xx.xx.1999-cu il tarixdə rəsmi nikah bağlanmış, bu nikah Göyçay Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-141 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası ünvanında yerləşən və ümumi sahəsi 300 m2 olan torpaq sahəsi üzərindəki nömrəsiz fərdi yaşayış evi hüquqi statusuna görə özbaşına tikilidir və tikiliyə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud deyil. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehə qarşı qaldırılmış iddia tələbi cavabdehin ona məxsus fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmasından ibarətdir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı Telli Mustafayev və Cavabdeh arasında xx.xx.1999-cu il tarixdə rəsmi nikah bağlanmış, tərəflərin birgə və faktiki nikah münasibətlərindən iki uşaq – xx.xx.1999-cu il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X9 doğulmuşdur. Həmin uşaqların hər ikisi hazırda yetkinlik yaşına çatmışdır. Tərəflər arasında xx.xx.1999-cu il tarixdə bağlanmış rəsmi nikah Göyçay Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-141 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin onun və ailə üzvlərinin birgə vəsaiti və birgə əməyi hesabına əldə edildiyini və fərdi yaşayış evinin onun ayrıca mülkiyyətində olduğunu bildirərək, cavabdehin ona məxsus fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmasını tələb etmişdir. İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə ehtiva olunan subyektiv hüquqa malik olub-olmaması ilə bağlı hissədə məhkəmə diqqətə çatdırır ki, iddiaçının müvafiq iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququnun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etmədiyi, həmin tikintiyə dair sərəncam vermək hüququ olmadığı müəyyən edilmişdir. Yəni, qanun özbaşına tikinti aparmış şəxsin tikinti üzərində sərəncam verməsinə qadağa qoysa da, belə tikintiyə sahiblik etmək və ondan istifadə etməklə bağlı qadağa müəyyənləşdirməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, öz vəsaiti hesabına özbaşına tikili tikmiş (əldə etmiş) şəxsin bu tikilidən onun iradəsi ziddinə istifadə edən şəxslərin tikilidən çıxarılmasını tələb etmək hüququ da olmalıdır. Bunun əksi yanaşma, öz vəsaiti hesabına bu cür tikili tikmiş (əldə etmiş) şəxslərin heç bir halda, hətta tikili üçüncü şəxslər tərəfindən sökülsə, zəbt edilsə belə bu vəziyyətə son qoymağı tələb etməyə subyektiv hüququ olmadığı mənasına gələr ki, bu cür yanaşma hüququn təbiətinə ziddir. Başqa sözlə, şəxsin özbaşına tikinti tikməsi, yaxud əldə etməsi onun bu tikili ilə bağlı istənilən özbaşınalığa qarşı müdafiəsiz olduğu, bütün özbaşınalıqlara dözməli olduğu mənasına gəlmir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə özbaşına tikilidən istifadə ilə bağlı mübahisələrdə başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması əsas götürülməlidir. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə və ona sahiblik edirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək həmin şəxsə məxsusdur. Əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) və sahiblik etməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Məhkəmə barəsində mübahisə edilən özbaşına tikilinin tərəflərin birgə nikahı dövründə əldə edilib-edilməməsi ilə bağlı hissədə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi ilə də aydın olur ki, X7 xx.xx.2007-ci il tarixli, ƏN-İ seriyalı, 094551 nömrəli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən, ARDNŞ AZNEFT İB QUM ADASİ DQİİ X5 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 07 nömrəli protokola əsasən özünə məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 293A ünvanında yerləşən, ümumi sahəsi 300 m2 olan torpaq sahəsini özəlləşdirməyi, DƏDRXİ-dən çıxarış almağı, gələcəkdə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi X4 (iddiaçının qardaşı) xx.xx.2037-ci il tarixinədək etibar etmişdir. Daha sonra xx.xx.2011-ci il tarixli, ƏN-İ seriyalı, 161626 nömrəli etibarnaməyə əsasən, X7 ARDNŞ AZNEFT İB QUM ADASİ DQİİ X5 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 07 nömrəli protokola əsasən özünə məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 293A ünvanında yerləşən torpaq sahəsini özəlləşdirməyi, həmin torpaq sahəsi üzərində ümumi sahəsi 200 m2 tikməyi, DƏDRXİ-dən çıxarış almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi İddiaçı xx.xx.2037-ci il tarixinədək etibar etmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi üzərində müəyyən hərəkətlərin həyata keçirilməsi imkanı əvvəlcə iddiaçının qardaşına, daha sonra isə iddiaçının şəxsən özünə etibar edilmiş və iddiaçı tərəfindən sözügedən ünvanda qanuni əsaslarla fərdi yaşayış evi inşa edilmişdir. Yəni, iddiaçı özbaşına tikiliyə tam mülkiyyət hüququna malik olmasa da, onun həmin tikili üzərində sahiblik və istifadə hüquqları qanuni əsaslara söykənmişdir. Həmçinin, müvafiq notariat hərəkətlərinin aparılması ardıcıllığı və tarixi baxımından aşkar görünür ki, torpaq sahəsinə sahiblik və ondan istifadə edilməsi, eləcə də həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi ilə bağlı əməliyyatlar tərəflərin birgə nikahı dövründə deyil, bu nikahın məhkəmə qaydasında pozulmasından sonra aparılmışdır. Belə olan halda, qeyd edilənlərin əksini təsdiq etmək, yəni sözügedən fərdi yaşayış evinin şəxsi vəsait hesabına əldə edilməsini, həmin evin ərsəyə gəlməsində bu və ya digər şəkildə iştirak etməsini sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Digər tərəfdən, məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddiaya şifahi etiraz edərək bildirmişdir ki, sözügedən torpaq sahəsinin alınması və hasarlanması ilə bağlı ümumilikdə 7000 ABŞ dolları məbləğində pul vəsaiti şəxsən onun tərəfindən verilmişdir və qeyd edilənlərə əsasən, onun torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evində hüquqları vardır. Lakin, cavabdeh tərəfindən iddia tələbinə etirazın əsasını təşkil edən fakt və halların təsdiqi barədə mötəbər və kifayətedici sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, yəni təkzibedilməz sübutlarla “dəstəklənməyən” cavabdehin iddia tələbinə etirazı formal olaraq əsassız hesab edilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsisübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. İddia tələbinin hansı hissədə təmin edilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı mübahisə predmetini təşkil edən fərdi yaşayış evindən cavabdehin şəxsən çıxarılmasını tələb etməklə yanaşı, cavabdehə məxsus əşyaların da həmin evdən çıxarılmasını xahiş etmişdir. Lakin, həmin əşyaların nədən ibarət olması və nədə ehtiva olunması, bir sözlə əşyaların siyahısı məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmamışdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş məbləğdən az həcmdə dövlət rüsumu ödənilmişdir. Belə olan halda, iddia tələbi təmin edildiyindən ödənilmiş 90 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ödənilməmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiа qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar