Məhkəmə qərarları › İş №2(010)-5094/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5094/2023

25.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5094/2023 25.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onunla Cavabdeh arasında olan xx.xx.2023-cü il tarixdə 19 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, və həmçinin Cavabdeh ailə qurmaq niyyətləri olmadan sırf məcburiyyət qarşılığında qalaraq nikaha giriblər. Belə ki, ailələrinin onların üstündə olan təziqi nəticəsində o, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə 19 nömrə ilə qeydə alınmış heç bir mənası olmayan, formal xarakter daşıyan və ailə qurmağa niyyətləri olmadan nikaha giriblər. Nikah bağlandıqdan sonra o, Cavabdeh ilə heç vaxt bir yerdə yaşamamış, heç bir münasibətləri olmayıb və onunla onun arasında olan nikah formal xarakter daşımaqla, onlar üçün bir məna kəsb etmir. Bu səbəbdən hesab edir ki, cavabdehlə aralarında olan nikah etibarsız sayılmalıdır. Həmçinin onu da bildirir ki, bununla əlaqədar olaraq keçirilmiş mediasiya sesiyasına dəvət olunmuş cavbdeh Cavabdeh da onunla olan nikahının formal xarakter daşıdığını, ailə qurmaq niyyəti ilə bağlanmadığını və sırf ailəsinin təyziqləri səbəbindən məcburiyyət qarşısında qaldığı üçün nikaha girdiyini bildirdi və bu barədə xx.xx.2023-cü il tarixdə mediatorun vasitəçiliyi ilə barışıq sazişi bağlandı. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etdiyini bildirdi. İş materialları. Bakı 6 saylı Mediasiya Təşkilatının X1 vasitəsilə İddiaçı və Cavabdeh arasında aşağıdakı məzmunda xx.xx.2023-cü il tarixli MŞB/6-0644 nömrəli Barışıq Sazişi bağlanmışdır: “Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: 1.Tərəflər xx.xx.2023-cü il tarixdə №19 nömrə qeydə alınmış nikahın formal xarakter daşıdığını bəyan edir və qeyd edirlər ki, 1-ci tərəf kimi çıxış edən İddiaçı “nikahın etibarsız hesab olunması” barədə tələbini 2-ci tərəf kimi çıxış edən Cavabdeh qəbul edir. Hər iki tərəf “nikahın etibarsız hesab olunması” tələbini qəbul edir. Hər iki tərəf aralarında münasibətlərinin yaranmadığını və mövcud olmadığını bildirirlər.” Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ 559051 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 19 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər ...2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır... 2.5. Ailənin başqa üzvlərinin və digər vətəndaşların mənəviyyatının, sağlamlığının, hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədi ilə vətəndaşların ailədəki hüquqları yalnız qanun əsasında məhdudlaşdırıla bilər. Maddə 6. Ailə hüquqlarının həyata keçirilməsi və ailə vəzifələrinin yerinə yetirilməsi 6.1. Vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər. 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Maddə 7. Ailə hüquqlarının müdafiəsi Ailə hüquqları məhkəmələr, bu məcəllədə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti və digər dövlət orqanları tərəfindən qanunvericilikdə müəyyən olunmuş qayda müdafiə olunur. Maddə 7-1. Ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 25. Nikahın etibarsız sayılması 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Maddə 26. Nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslər 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:... 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad);... Maddə 27. Nikahın etibarsız sayılmasını aradan qaldıran hallar 27.1. Nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər... 27.3. Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Maddə 28. Nikahın etibarsız sayılmasının nəticələri 28.1. Bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. 28.2. Nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir. 28.3. Bu Məcəllənin 38 və 39-cu maddələrinə əsasən ər və arvad arasında bağlanmış nikah müqaviləsi etibarsız sayılır. 28.4. Nikahın etibarsız sayılması bu nikahdan doğulan və ya nikahın etibarsız sayılması günündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir. 28.5. Nikah etibarsız hesab edilərkən məhkəmə, belə nikahın bağlanması nəticəsində hüquqları pozulmuş ərin (arvadın) saxlanması üçün digər tərəfdən bu Məcəllənin 85—86-cı maddələrinə uyğun olaraq vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı bu Məcəllənin 32-ci, 36—37-ci maddələrində müəyyən edilmiş normaları tətbiq edə, həmçinin nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər. 28.6. Ər (arvadın) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər. 28.7. Nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi soyadı saxlaya bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi ...52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər... Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər... 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri ...9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir... “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36. Mediasiya xərcləri 36.1. Mediasiya prosesinə dair xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. 36.2. Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36.3. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər..... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.... “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği: 1. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir: 1. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər xx.xx.2023-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olsalar da, tərəflərin izahatı və aralarında bağlanmış mediasiya barışığında tərəflərin hər ikisi “nikahın etibarsız hesab olunması” barədə tələbini qəbul edir. Hər iki tərəf aralarında münasibətlərinin yaranmadığını və mövcud olmadığını bildirirlər. Belə ki, iddiaçı bildirmişdir ki, onlar ailələrinin təkidi ilə nikaha daxil olmuşlar, sonradan isə nə onun, nə də cavabdehin ailə kimi bir yerdə yaşamaq, birgə təsərrüfat aparmaq fikri olmamışdır. Cavabdeh iddiaçının dediklərini təsdiq etmişdir. Nikahın formal olması barədə tərəflər arasında mübahisə yoxdur. Eyni zamanda, cavabdeh tərəf iddia tələbini etiraf edir. İşin hallarına əsasən, cavabdehin etirafı maddi və prosessual hüquq normalarının tələblərinə zidd deyildir, ona görə də, məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə tərəflər arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində bağlanmış 19 saylı nikah etibarsız hesab edilməlidir. Məhkəmə xərcləri. İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunu müəyyən hissədə ödəməkdən azad edilmiş iddiaçı 31 manat dövlət rüsumu ödəmişdir. Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə - 100 manat dövlət rüsumu ödənilməli olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilməmiş 69 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixli, 19 saylı nikah akt qeydi ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Ödənilməmiş 69 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar