Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5095/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “doğumun qeyd edilmə faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “doğumun qeyd edilmə faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor (Keşişkənd) rayonunda anadan olması, miliyyəti azərbaycanlı, atasının X3, anasının X7 olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor (Keşişkənd) rayonunda anadan olmuşdur və doğumu barədə qeydlər Ermənistanda alınmışdır. Ermənistan Respublikasında Keşişkənd rayonunda dünyaya gəldiyi üçün doğum haqqında şəhadətnamə oradan alınmışdır. Həmin doğum haqqında şəhadətnaməni isə hazırda itirmişdir. Müəyyən hüquqi sənədləşmə işləri aparmaq üçün doğum haqqında şəhadətnamə lazım olduğundan, o, bu məqsədlə Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi müraciətinə məktubla cavab olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaəqdar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 16-cı bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Qeyd edilənlərə əsasən və akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Həmin Məcəllənin 162.2-ci maddəsinə və həmin qərarın 14-cü bəndinə əsasən, itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir”. Qeyd edir ki, ərizəyə əlavə edilmiş ona məxsus şəxsiyyət vəsiqəsindən və xx.xx.1981-ci il tarixdə qeydə alınmış nikah haqqında şəhadətnamədən görünür ki, o, xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor (Keşişkənd) rayonunda anadan olmuşdur. Əlavə olaraq qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə doğum haqqında şəhadətnaməni almaq üçün ərizə ilə müraciət etmiş, lakin doğum haqqında şəhadətnaməni ala bilməmişdir. Bu səbəbdən də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır.
Ərizənin dəqiqləşdirilməsi.
3. Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor (Keşişkənd) rayonunda anadan olması, miliyyəti azərbaycanlı, atasının X3, anasının X7 qeyd edilməklə doğum akt qeydinin bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə baxış iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Şahid ifadəsi.
5. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, ərizəçini tanıyır. Belə ki, ərizəçi onun əmisi qızıdır. O, Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Ələz kəndində doğulmuş, 1988-ci il tarixinədək həmin kənddə yaşamışdır. X2, əmisi arvadı isə X5r. Əmisi və onun həyat yoldaşı da qaçqın kimi Azərbaycan Respublikasına gəlmiş, elə burada da vəfat etmişlər. Belə ki, X2 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Əmisinin vəfat tarixini dəqiq xatırlasa da, əmisi arvadının hansı tarixdə vəfat etməsi ona dəqiq məlum deyil. Təxmini olaraq qeyd edir ki, əmisi arvadı 14 il bundan əvvəl vəfat etmişdir.
İş materialları.
6. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonunda doğulmuşdur.
7. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, doğumun qeyd edilmə faktının müəyyən edilməsindən imtina edilmiş və hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
8. xx.xx.1981-ci il tarixli, İ-CL seriyalı, 416149 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X8 və Ərizəçi arasında xx.xx.1981-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 10 nömrə ilə qeyd edilmişdir.
İşin faktiki halları.
9. Ərizəçi şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1961-ci il, doğum yeri Ermənistan Respublikası, Yexeqnadzor rayonu kimi göstərilmişdir.
10. Ərizəçi doğumun qeydə alınması faktının müəyyən edilməsi ilə bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciətin təmin olunmasından imtina edilməklə sonuncuya məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
Tətbiq edilən hüquq.
11. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 162. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası. 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”.
İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası.
13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.
14. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi.
15. İşin hallarından görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonunda doğulması barədə aparılmış akt qeydinin bərpa edilməsini xahiş etmişdir.
16. Məhkəmə hesab edir ki, iş materiallarında ərizəçinin həqiqətən göstərilən tarixdə və göstərilən yerdə doğulması barədə qeyd aparılmasına dair kifayət qədər sübut vardır. Belə ki, Ərizəçi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi var. Həmin vəsiqədə olan məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yoxlanılması nəticəsində müəyyən edilmişdir ki, vəsiqədə doğum tarixi xx.xx.1961-ci il, doğum yeri Ermənistan Respublikası, Yexeqnadzor rayonu kimi qeyd edilmişdir.
17. Nəzərə alınmalıdır ki, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən tələb edilən sənədlərdən biri də onun doğum haqqında şəhadətnaməsidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin doğum aktı qeydə alınmış, lakin sonradan bu qeydiyyatı təsdiq edən sənəd özündən asılı olmayan səbəblərdən itirilmişdir.
18. Bundan başqa, iş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda ərizəçinin doğum faktını təsdiq edən müvafiq qeyd yoxdur. Nəzərə alınmalıdır ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”, bənd 1.4). Bu baxımdan müvafiq qeydiyyat orqanlarından birinin ərizəçinin doğumu barədə akt qeydinin aşkar edilmədiyini müəyyən etməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə məlumat aşkar edilmədiyi deməkdir. Bu vəziyyətdə ərizəçinin doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir.
20. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində adı “Firuzə”, soyadı “Rüstəmova”, ata adı “Kərəm”, ata qrafasında “X3”, ana qrafasında “X7”, milliyəti “Azərbaycanlı”, doğum yeri “Ermənistan Respublikası, Yexeqnadzor rayonu”, doğum tarixi “xx.xx.1961-ci il” kimi nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.