Məhkəmə qərarları › İş №2(010)-5108/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5108/2020

04.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5108/2020 04.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində nikah haqqında akt qeydləri kitabında 864 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahat verərək bildirmişdir ki, onunla Cavabdeh arasında rəsmi nikah xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində nikah aktları qeydləri kitabında 864 nömrə ilə qeydə alınmış və onlara bu barədə müvafiq şəhadətnamə verilmişdir. Formal olaraq aralarında nikah rəsmləşdirilsə də, onların el adətinə uyğun toyları olmamışdır. Onların məqsədi ailə qurmaq olsa da, sonradan münasibətləri alınmamışdır. Lakin onlar ailə münasibətlərinə girməmiş, birlikdə yaşamamış, birgə təsərrüfat aparmamış və heç bir birgə əmlakları olmamışdır. Ümumiyyətlə təkcə kağız üzərində olan formal qeydindən başqa onları bir-birinə bağlayan hər hansı ümumi cəhət yoxdur. Onların gələcəkdə ailə qurmaq fikirləri yoxdur və bu onların hər ikisinin qəti qərarıdır. Ona görə hər ikisi də qərara gəlmişlər ki, aralarında formal olaraq mövcud olan bu nikah qeydi etibarsız hesab edilsin. Cavabdeh da onunla eyni fikirdədir, aralarında bu və ya digər məsələ ilə bağlı hər hansı mübahisə yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Məmmədiyarova Ülviyyə Yusif qızı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə, 864 saylı qeydlə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Rəhimov, arvada Rəhimova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.-ci maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa-nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Məhkəmə iclasında iddiaçının izahatı və iş materiallarında olan sənədlərlə təsdiq edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci ildə 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində nikah qeydə alınmışdır. Tərəflər arasında iddiaçının iddia etdiyi kimi nikah mərasimi təşkil olunmamış, toy mərasimi keçirilməmiş və onlar birlikdə yaşamasalar da, onların nikaha daxil olması ailə qurmaq niyyəti ilə bağlı olmuşdur. Lakin iddiaçı nikahın formal olduğunu və birgə təsərrüfat aparmadıqlarını əsas gətirərək nikahın etibarsız hesab olunmasını xahiş etmişdir. Hal-hazırda iddiaçı cavabdeh ilə aralarındakı olan nikahın formal olduğunu əsas gətirərək Cavabdeh arasında bağlanmış nikahın etibarsız sayılmasını məhkəmədən xahiş etmişdir. Ailə qanunvericiliyinin tələbinə əsasən nikah o halda saxta nikah hesab olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər pozulmalı və tərəflərdən biri və ya hər ikisi nikaha ailə qurmaq niyyəti olmadan daxil olmalıdır. Yəni tərəflərin məqsədi ailə qurmaq deyil, başqa məqsədlərlə(məsələn işə girmək, xaricə ölkəyə getmək vəs.) nikaha daxil olmaqdır. Yəni saxta nikaha daxil olmaqla ailə görünüşü yaratmaqdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəf ailə qurmaq niyyəti olmadan başqa məqsədlərlə nikaha daxil olması barədə sübutlar təqdim edə bilmədiyindən tərəflər arasında bağlanmış nikahın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar