Məhkəmə qərarları › İş №2(010)-5122/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5122/2020

05.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5122/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və cavabdehlə birgə nikahlarından doğulmuş azyaşlı uşaqları X1 cavabdehə məxsus olan Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozunda yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, həmin sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinin tələbinə görə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hazırkı iş üzrə iddia ərizəsi, ona əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh Şərur rayonu, Tumaslı kəndində qeydiyyatdadır, eyni zamanda iddiaçının köçürülməyi tələb etdiyi fərdi yaşayış evi Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozunda yerləşir. Hazırkı ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron rayonu ərazisində yerləşən torpaq sahəsi cavabdehin qanuni, onun üzərində tikilən fərdi yaşayış evi isə özbaşına tikilidir. Deməli, iddia tələbi qanuni istifadədə olan torpaq sahəsinin yerləşdiyi yerə görə verilməlidir. Azərbaycan Respublikası MPM-nin tələblərindən göründüyü kimi iddia cavabdehin rəsmi qeydə alındığı yerin, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerin məhkəməsi üzrə verilir. Hazırkı iddia tələbindən isə görünür ki, hazırkı iddia ərizəsi hər iki tələb üzrə uyğun gəlmir və məhkəmə hesab edir ki, mübahisələndirilən fərdi yaşayış evi Abşeron Rayonu ərazisində olduğundan işə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin məcəllənin MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152; 263-264; 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar