Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5132/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “mənzilin boşaldılması və evdən çıxarılma” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilin boşaldılması və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması və cavabdehlər - Cavabdeh1 Qurbanəl qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 21.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzil vərəslik qaydasında anası X1 ona miras qalmışdır. Həmin mənzil müvafiq çıxarışa əsasən İddiaçı mülkiyyətindədir, lakin cavabdehlər həmin mənzildə qeyri-qanuni məskunlaşmışlar və iddiaçının mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə maneə yaradırlar. Hazırda həmin mənzildə iddiaçının xalası və onun ailə üzvləri yaşayır. Onların öz evləri var, həmin evi kirayə veriblər, iddiaçıya məxsus evdə isə yaşayırlar. İddiaçı isə öz ailəsi ilə birlikdə başqa yerdə kirayə yaşamaq məcburiyyətində qalır. Mənzil iddiaçının anasının adına olub, miras açılıb və vərəsəlik qaydasında iddiaçıya keçib. İddiaçının xalası və onun ailə üzvləri qohumluq münasibətləri ilə həmin evdə yaşayıblar. Hazırda isə həmin evi tərk etmək istəmirlər. Cavabdehlərin verdiyi məlumata görə iddiaçının anasının onlara 15 min manat məbləğində borcu olub, həmin borc qarşılığında mənzildə yaşayıblar. Lakin iddiaçı həmin borcun mövcudluğuna belə inanmır və bu səbəbdən evindən çıxarılmasını istəyir. Əgər borcu olsaydı cavabdehlər iddiaçının anasına qarşı məhkəməyə müraciət edə bilərdilər. O, cavabdehlərlə 26.11.2021-ci il tarixdə əlaqə saxlamış, lakin onlar 11 dekabr tarixində evdən çıxa biləcəklərini bildirmişlər. Ümumilikdə götürdükdə, qətnamə qəbul olunsa icra olunanadək evdən çıxa bilərlər və onlar icra mərhələsində ərizə yazaraq qətnamənin icra edilməsindən imtina edə bilərlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 10.11.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək bildirmişdir ki, onlar 5 ildir ki həmin evdə yaşayırlar. 5 il əvvəl onun 15000 manat pulu var idi, qalmağa isə evi yox idi. Bacısı pulunu ona verməyi və əvəzində ticarətlə məşğul olaraq, həmin pulu düzəldib ona ev alacağını bildirmişdir. Bacısı vəfat etməmişdən əvvəl ondan 15000 manat pul almış və qarşılığında həmin evdə yaşamaqlarına icazə vermişdir. Bacısı, yaşadığı müddət ərzində həmin evdə qala biləcəklərini, aldığı pulu isə geri qaytaracağını bildirmişdir. O, özü şəkər xəstəsidir, müalicəsilə, ev alış-verişilə həmişə bacısı maraqlanıb. Bir gün bacısı ilə danışanda o, yuxu dərmanı içdiyini, narahat olduğunu bildirmişdi. Sabahı gün onunla əlaqə saxlamaq istəyəndə bildirmişlər ki, artıq gecə ilə halının pisləşdiyini və bacısı 2 gün ərzində vəfat etmişdir. Bacısı vəfat etdikdən sonra Tural onlara evdən çıxmaqlarını bildirmişdir. Hətta bacısı sağ olan vaxt işlədiyi yerə yer haqqı olaraq 1 aya 950 manat verirdi və bu 5 il ərzində ona ev alacağını bildirmişdir. Bu məbləğ də təxminən 50 min manat pul edir. Bunu digər bacı-qardaşları ona bildirdikdə o, bu məsələni Turala demiş, Tural isə anasının, xəstə olduğu vaxt ona baxdığını bununla əvəzləşdirdi. O, həmin məbləği istəməsə də, heç olmasa verdiyi 15 min manatın geri qaytarılmasını, həmin məbləğlə evə kirayəyə çıxa biləcəyini bildirmişdir. O, Turaldan öz pulunu istədikdə pulu anasına verdiyini, ala bilirsə anasından alacağımı bildirmişdi. O, bu məsələni bacılarına bildirdikdə isə bacıları Turalın onları hədələdiyini, ona tərəf olarlarsa faizlərinizi verməyəcəyini bildirmişdir. Belə ki, Tural bacılarına faizlə pul verir. Həmçinin, bu hadisədən sonra Tural onların yaşadıqları evin işıqlarını sondürtmüş və nəticədə əsəbdən yoldaşı Cavabdeh2 gözü tutulmuşdur. Hazırda ikisi də xəstə insanlardır. Bacısı rəsmi bir sənədlə həmin evi onlara verməyib, sadəcə orada yaşaya biləcəklərini bildirmişdir. 10.11.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərk bildirmişdir ki, mübahisələndirilən mənzildə hazırda onun atası və anası qalır. Anası xalasına 15000 manat pul vermiş və qarşılığında valideynləri ona məxsus evdə yaşayır. Bacı olduqları üçün pulu verəndə heç bir rəsmiləşdirmə işləri aparılmamış, əlbəəl verilmişdir. Daha sonra xalası vəfat etdikdən sonra Tural onların evdən çıxmasını istəmiş, onlar isə iddia tələbini həmin pul məbləğinin geri qaytarılması şərtilə qəbul edəcəklərini bildirmişlər. Həmin ev xalasına məxsus olub, evi onlara sadəcə yaşamaqları üçün vermişdir. Həmin evin Turalın mülkiyyətində olduğunu və valideynlərinin orada yaşaya bilməyəcəklərini qəbul edirlər. Lakin kirayə evə çıxmaq üçün onlara bir ay vaxt lazımdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21.06.2021-ci il tarixdə qeydiyyata alınmışdır. 27.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə prosesində müəyyən olunmuşdur ki, cavabdehlər mübahisəli mənzilə son beş ildə köçərək yaşayırlar. Belə olan halda, cavabdehlərə münasibətdə, onların mübahisəli mənzildən istifadə hüququnun mövcud olub-olmaması ilə bağlı məsələnin həllinə Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ildən qüvvədə olan Mülki Məcəlləsinin 228-ci maddəsi və Azərbaycan Respublikasının 1 oktyabr 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının 1 oktyabr 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 1.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. İş materiallarından göründüyü kimi, cavabdehlərin yuxarıda qeyd edilən Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan birinci dərəcəli ailə üzvlərinin (iddiaçının arvadı (əri), habelə onun uşaqları və valideynləri) siyahısına daxil deyillər. Qeyd etmək vacibdir ki, qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, “Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit edilmiş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.... Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktın qüvvəsinə görə mümkündür” (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 21 oktyabr 2005-ci il tarixli Qanun ilə Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. (14 dekabr 2005-ci il tarixdən qüvvəyə minib) Mülki Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin maddənin mənasına görə, mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideyni və uşaqlarının onun bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdehlər iddiaçının 228.5-ci maddəsinin birinci cümləsində öz əksini tapan ailə üzvlərinin dairəsinə daxil deyildir. Cavabdehlər həmin maddənin üçüncü cümləsinə öz əksini tapan digər ailə üzvləri kateqoriyasına daxildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27.05.2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd edib ki, digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı tələb olunur və bu razılıq dedikdə, istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı müqavilə nəzərdə tutulur. Qeyd edilən normaların mənasından göründüyü kimi, şəxsin yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: Mülkiyyətçi ilə istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı qaydalarını özündə əks etdirən yazılı razılaşmanın (müqavilənin) bağlanması; Həmin razılaşmanın notarial qaydada təsdiq edilməsi; İstifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı işdə cavabdehlər məhkəməyə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün əsas ola biləcək notarial qaydada təsdiq edilən hər hansı müqavilə və digər sübutlar təqdim etməmiş, əksinə məhkəmə iclasında verdikləri izahatlarında sadəcə olaraq qeyd olunan mənzildə özlərinə ev alanadək yaşayacaqları barədə şifahi razılaşdıqlarını bildirmişlər. Buna görə də, məhkəmə belə bir qənaətə gəlir ki, onların mübahisəli mənzildən istifadə hüququ yaranmayıb. Belə olan halda, iddiaçı cavabdehlərin ona məxsus olan mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847-də yerləşən 2 saylı evin 28 saylı mənzilindən əşyaları ilə birgə çıxarılsınlar. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-5132/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5132/2021
29.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver