Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5164/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddiaları üzrə mülki işə Suraxanı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi və cavabdehin onun evdə yaşamağına yaratdığı maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ½ hissədə paylara bölünərək, həmin evin ½ hissəsi hazırki iddia ərizəsi üzrə iddiaçının, ½ hissəsi isə cavabdehin mülkiyyətinə verilmişdir. Hal-hazırda həmin ünvanda qeydiyyatdadır. 2022-ci ilin noyabr ayına qədər cavabdehlə birlikdə rəsmi nikahda ər-arvad münasibətində uşaqları ilə birlikdə həmin ünvandakı fərdi yaşayış evində yaşamışdırlar. Bütün bu işləri bitirdikdən sonra cavabdeh onu birlikdə yaşadıqları ünvan 3-də 2022-ci ilin noyabr ayında bütün evlərin və çöl giriş qapılarının açarlarını dəyişərək onu evinə buraxmadı. Bütün olanlardan başqa cavabdehin evlə həyətyanı torpaq sahəsinə ayrı-ayrılıqda Daşınmaz Əmlakın Dövlət Reyestrindən öz adına onun xəbəri olmadan çıxarış almasını aşkarladı. Bundan sonra, o, Suraxanı rayon məhkəməsinə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə və daşınmaz əmlakın üzərində hüquqlarının olmasına dair iddia ərizəsi ilə müraciət etdi. Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 16(010)-76/2022 saylı Qətnaməsi ilə iddia tələbi təmin olunaraq onun qeyd olunan fərdi yaşayış evi üzərində ½ hissədə payı müəyyən edilmiş, icra sənədi icra olunmuşdur. Bu baxımdan onun Bakı şəhəri, ünvan 2 ünvanındakı mənzildə yaşamağı, cavabdehlə ümumi təsərrüfat aparmağı, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşamağı və başqa yerdə yaşayış yerinin olmaması əsası ilə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından onun mənzil hüququna müdaxilə kimi qiymətləndirilməsi və pozulmuş hüquqları bərpa edilməlidir. Cavabdeh onu birlikdə yaşadıqları ünvan 3-də yerləşən fərdi yaşayış evinə, 2022-ci ilin noyabr ayından bütün evlərin və çöl giriş qapılarının açarlarını dəyişərək hal-hazıradək onu evinə buraxmadığına görə fərdi yaşayış evinə köçürülməyi barədə mülki iddia qaldırmaq qərarına gəlmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, o, evinə köçmək istəyir. Suraxanı Rayon Məhkəməsinin və Apellyasiya Məhkəməsinin qərarları ilə həmin mənzilə ½ payı müəyyən olunmuşdur. Hasarı çəkib yaşayacaq. Naturada bölgü ilə bağlı artıq müraciət etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş materialları. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən 77 kv.m fərdi yaşayış evi və 0.03 ha yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət kimi ½ hissə payı olmaqla İddiaçı, ½ hissə payı olmaqla Cavabdeh mülkiyyətindədir. Həmin fərdi yaşayış ev İddiaçı adına xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixli Texniki Pasportundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evin torpaq sahəsinin planı haqqında məlumatlar qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* №-li “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, ünvan 4 ünvanında İddiaçı 12 oktyabr 2024-cü il tarixindən qeydiyyatdadır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4353/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ½ hissədə payının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3593/2024 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4353/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZ-İ seriyalı 393099 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 348 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.... Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 135. Əşya hüququnun obyektləri 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar.... 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.... 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.... Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.... Maddə 153. Mülkiyyət hüququnun subyektləri 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.... Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir..... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. ....8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Hazırkı işdən görünür ki, İddiaçı paylı mülkiyyətçisi olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi və cavabdehin onun evdə yaşamağına yaratdığı maneələrin cavabdehə qadağan edilməsini tələb etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ½ hissə payı olmaqla İddiaçı, ½ hissə payı olmaqla Cavabdeh mülkiyyətindədir. Bu hal iş materiallarında olan müvafiq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı ilə təsdiqlənir. Həmçinin, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4353/2022 saylı qətnaməsi ilə İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ½ hissədə payı müəyyən edilmiş, bu qətnamədən Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin verilən şikayət isə təmin edilməmiş, qətnamə qüvvədə saxlanılmışdır. Belə olan halda, iş materialları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh sözügedən fərdi yaşayış evinə və torpaqlarına paylı mülkiyyətçidirlər. Bildiyimiz kimi, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əmlakın mülkiyyətçi kimi öz sahiblik və istifadə hüquqlarını həyata keçirilməsi üçün cavabdeh tərəfindən yaradılan manealərə son qoyulmalı və onlar aradan qaldırılmalıdır. Belə ki, məhkəmə iclasında cavabdeh qeyd etmişdir ki, iddiaçı ilə münasibətləri münaqişəli olduğundan, evin açarını dəyişmiş və ona vermir. Lakin, nəzərə alınmalıdır ki, iddiaçı sözügedən fərdi yaşayış evin paylı mülkiyyətçisidir, onun əmlakdan sahiblik və istifadə hüquqları digər paylı mülkiyyətçi tərəfindən məhdudlaşdırıla bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, iş üzrə qərar qəbul edildikdən sonra cavabdeh tərəfindən iddiaçının tələbinə etiraz və etirazı əsaslandıran sənədlər məhkəməyə daxil olmuşdur. Belə olan halda, nəzərə alınmalıdır ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır və həmin etiraz və onu əsaslandıran hallar məhkəmə iclasında tədqiq edilmədiyindən nəzərə alına bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli və cavabdehin onun evdə yaşamağına yaratdığı maneələr cavabdehə qadağan edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün və cavabdehin onun evdə yaşamağına yaratdığı maneələr cavabdehə qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-5164/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5164/2024
12.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver