Məhkəmə qərarları › İş №2(010)-517/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-517/2020

11.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-517/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı «xxxxxxxx» MTK-nin etibarnamə üzrə nümayəndəsi (vəkili) X6, Cavabdeh X1, Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı «xxxxxxxx» Mənzil Tikinti Kooperativinin cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhiyyədin qızına, Cavabdeh5 Məhiyyədin qızına, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “istismara yararsız mənzilin sökülməsi əvəzində kompensasiya ödənilməklə mənzilin boşaldılması mülkiyyət hüququna xitam verilməsi, mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxx» Mənzil Tikinti Kooperativinin cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhiyyədin qızına, Cavabdeh5 Məhiyyədin qızına və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 31 m2 olan iki otaqlı, 5 saylı mənzilin sökülməsi əvəzinə cavabdeh X2 mənzilin hər m2 -i üçün 1100 manat olmaqla, cəmi 34100 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhiyyədin qızının, Cavabdeh5 Məhiyyədin qızının əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh1 mülkiyyət hüququna xitam verilərək adına verilmiş ÖM seriyalı 143371 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və bildirişin verildiyi xx.xx.2019-cu il tarixindən qətnamə qanuni qüvvəsini alaraq cavabdehlərin mənzildən çıxarıldıqları günədək yubanma nəticəsində iddiaçı tərəfindən köçürülmüş 13 mənzilə görə ödənilən aylıq 4100 manat məbləğində pulun hesablanaraq cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxx» MTK-nin etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cu il tarixli 86 nömrəli qərarına əsasən “Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin, istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması, tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilərkən, tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğuna, həmçinin şəhərsalma norma və qaydalarına, tikilən binaların mərtəbəliliyinə və tikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına əməl olunmasına ciddi nəzarət edilməsini, eyni zamanda ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 63 saylı sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 32, Yaşar Əliyev küçəsi 1,3,5,7, Qəzənfər Vəliyev küçəsi, 5,7,9,13 ünvanlarında yerləşən istismara yararsız 2 və 3 mərtəbəli yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "xxxxxxxx” MTK-nın daimi istifadəsinə ayrılmışdır. Qəbul edilmiş qərar və sərəncamlarda sakinlərin mülkiyyət hüquqlarına dair mənafeləri üstün tutulmaqla yaşadıqları istismara yararsız binaların sökülərək yerində inşa ediləcək müasir tələblərə cavab verən yeni yaşayış binalarında onlara tam təmirli və sahəsinə uyğun olaraq əvvəlkindən daha geniş yeni mənzillərin verilməsi və mənzillərin təhvil veriləcəyi müddətədək müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri nəzərdə tutulmuşdur. “xxxxxxxx” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh X3 ilə və digər sakinlərlə mülkiyyətçisi olduqları istismara yararsız mənzillərin sökülməsi qarşılığında müasir tələblərə cavab verən yeni yaşayış binasından onlara müvafiq aktla tam təmirli, yeni, mülkiyyətçilərin əvvəlki mənzillərinin sahələrindən artıq ölçülərdə mənzil veriləcəyi, eləcə də bu müddət ərzində müvəqqəti yaşayış sahəsi ilə təmin olunmaları məqsədi ilə hər təqvim ayı üçün onlara kirayə haqqı və köçürülmə xərcləri üçün maddi vəsait ödəniləcəyi barədə danışıqlar aparılmış və könüllü surətdə evlərinin sökülməsinə razılıq vermələri təklif edilmişdir. Lakin cavabdeh ona mülkiyyətçisi olduğu 31 m2 sahəlik mənzilin əvəzinə yeni tikiləcək binada əvvəlki evlərinin ümumi sahəsindən dahada geniş tam təmirli mənzil təklif edilsə də, təklif onun tərəfindən birmənalı şəkildə rədd edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamlarının icrasına əngəllər yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarından da göründüyü kimi həmin ərazidə tikinti işlərinin aparılmasının əsas məqsədi mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı qəzalı vəziyyətdə olan binaların sökülməsi, onların yerində yeni yaşayış binalarının tikilməsi, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Sakinlərlə aparılan danışıqlar zamanı bu söküntü və tikinti işlərinin aparılmasının ilkin məqsədinin məhz onların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar olması, daha sonra isə onların yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyi onların nəzərinə çatdırılmışdır. Belə ki, yaşadıqları istismara yararsız binada hər an gözlənilməyən qəza hadisələrinin baş verməsi riskinin böyük olması barədə sakinlərə bir çox məlumatlar təqdim edilmişdir. Həmçinin yaşadıqları kiçik sahəli mənzillərin daha genişləri ilə əvəz edilməsinin və həmin mənzillərin tam təmir ediləcəyinin onların yaşadıqları şəraiti xeyli yaxşılaşdıracaqları nəzərlərinə çatdırılmışdır. Sakinlərin əksəriyyəti bu təkliflərin ağlabatan olması ilə razılaşıb təkliflərinə müsbət münasibət bildirsə də, təklifləri ilə azsayda razılaşmayan sakinlərin olması səbəbilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilmişdir. Mübahisəli mənzilin, yerləşdiyi ərazinin boşaldılmamasına görə hal-hazırda tikinti işlərinə əngəllər yaranmaqdadır. Bu da öz növbəsində tikinti işlərinin həyata keçirilməsini kifayət qədər yubatmaqla «xxxxxxxx» MTK-ya həm maddi (yubanma nəticəsində əlavə kirayə haqlarının verilməsi) zərər vurur, həm də şirkətin işgüzar nüfuzuna (tikintinin yubanması insanlarda şirkətə qarşı inamsızlıq yaradır) xələl gətirir. Cavabdehlərin işi uzatmaları səbəbindən tikinti aparılması da yubanmaqdadır və bu hal da iddiaçının köçürülmüş sakinlərə əlavə kirayə haqqı ödənilməsinə və tikiləcək binanın gec tikilib təhvil verilməsinə gətirib çıxarır. Bu səbəbdən də, cavabdehlərdən işi bilərəkdən yubandırdıqlarına görə iddiaçı tərəfindən ödənilən həmin kirayə haqqları da tutulmalıdır. Kirayə haqları isə 13 mənzilə ödənilməklə aylıq 4100 manat məbləğindədir. Yubanma nəticəsində vurulan bu maddi ziyan cavabdehlər mənzildən çıxarılanadək hesablanıb iddiaçıya ödənilməlidir. Bundan başqa o hal-hazırda tərəflə arasında razılıq əldə olunduğunu qeyd edərək iki tərəfli razılaşma barədə sazişin təsdiq olunmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, 3 saylı evin, 5 saylı mənzili onun xüsusi mülkiyyətindədir. İddiaçı onun icazəsi olmadan mülkiyyətində olan mənzili sökülməsi əmrini verə bilməz. Bundan başqa həmin mənzilin sahəsi 31 m2 deyildir. O, mülkiyyətində olan mənzilin sökülməsinə razı deyildir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, 3 saylı evin, 5 saylı mənzilin ümumi sahəsi 58 m2-dir, lakin iddiaçı mənzilin ümumi sahəsi üçün 31 m2 hesablamışdır. O, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, 3 saylı evin, 5 saylı mənzil üçün verəcəyi kompensasiya məbləği ilə razılaşmır. Buna görə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin nümayəndəsi X9 izahat verərək bildirmişdir ki, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, 3 saylı evin, 5 saylı mənzili “xxxxxxxxxx” QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu zaman bankın maraqları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehlərə və üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin kserosurətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, 3 saylı evin, 5 saylı mənzili X1 mülkiyyətindədir və iş materiallarında olan müqavilədən görünür ki, ümumi sahəsi 45.2 kv.m, yaşayış sahəsi isə 31 kv.m təşkil edir. İş materiallarına əlavə edilmiş «xxxxxxxx» MTK tərəfindən X2 ünvanladığı məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, 3 saylı evin, 5 saylı mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzilin tikilməsi üçün iddiaçıya təhvil verilməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli « Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, ev 3 ünvanında yerləşən yaşayış binasına keçirilən texniki baxış haqqında» aktdan görünür ki, göstərilənlərə əsasən yuxarıda qeyd olunan ünvanda yerləşən yaşayış evinin yükdaşıyan konstruksiyalarının dayanıqlığının tikinti norma və qaydalarına və istismar tələblərinə cavab vermədiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 63 saylı sərəncamından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 32 Yaşar Əliyev küçəsi, 1, 3, 5, 7 Qəzənfər Vəliyev küçəsi 5, 7, 9,13 ünvanlarda yerləşən istismara yararsız 2 və 3 mərtəbəli olmaqla ümumilikdə 9 yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi «xxxxxxxx» MTKnın daimi istifadəsinə verilmiş və tikintinin layihələndirilməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş 137 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, 137 saylı MKİS-nin xidməti ərazisində yerləşən Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, 3 saylı evin, 5 saylı mənzilində X3, həyat yoldaşı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhiyyədin qızı və Cavabdeh5 Məhiyyədin qızı qeydiyyatsız yaşayırlar. İş materiallarına əlavə edilmiş «xxxxxxxx» MTK-nın arayışından müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhəri, Suraxanı rayonu, Nəsimi, Xətai, Nərimanov, Nizami, Səbail, Yasamal, Pirallahı, Xəzər rayonlarının Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə "xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev ev 32 və Yaşar Əliyev 1, 3 ünvanda yerləşən istismara yararsız 2 mərtəbəli yaşayış binaları sökülərək yerində çoxmərtəbəli yaşayış binaları inşa ediləcəkdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-517/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı «xxxxxxxx» Mənzil Tikinti Kooperativinin cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhiyyədin qızına, Cavabdeh5 Məhiyyədin qızına və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “istismara yararsız mənzilin sökülməsi əvəzində kompensasiya ödənilməklə mənzilin boşaldılması mülkiyyət hüququna xitam verilməsi, mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair 2(010)- 517/2020 saylı mülki iş rəy verilməsi üçün “xxxxxxxx” MMC-yə göndərilmişdir. “xxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə hesabatından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, 3 saylı evin, 5 saylı mənzilin xx.xx.2020-ci il tarixə bazar dəyəri 48200 manat təşkil edir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X11 Azadlıqların müdafiəsi haqqında X4 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (xx xxxx 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası MM-nin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 63 saylı sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 32, Yaşar Əliyev küçəsi 1,3,5,7, Qəzənfər Vəliyev küçəsi, 5,7,9,13 ünvanlarında yerləşən istismara yararsız 2 və 3 mərtəbəli yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi "xxxxxxxx” MTK-nın daimi istifadəsinə ayrılmışdır. “xxxxxxxx” Mənzil Tikinti Kooperativi tərəfindən cavabdeh X3 ilə və digər sakinlərlə mülkiyyətçisi olduqları istismara yararsız mənzillərin sökülməsi qarşılığında müasir tələblərə cavab verən yeni yaşayış binasından onlara müvafiq aktla tam təmirli, yeni, mülkiyyətçilərin əvvəlki mənzillərinin sahələrindən artıq ölçülərdə mənzil veriləcəyi, eləcə də bu müddət ərzində müvəqqəti yaşayış sahəsi ilə təmin olunmaları məqsədi ilə hər təqvim ayı üçün onlara kirayə haqqı və köçürülmə xərcləri üçün maddi vəsait ödəniləcəyi barədə danışıqlar aparılmış və könüllü surətdə evlərinin sökülməsinə razılıq vermələri təklif edilmişdir. Lakin cavabdehə edilmiş təklif onun tərəfindən birmənalı şəkildə rədd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, 3 saylı evin, 5 saylı mənzili X1 xüsusi mülkiyyətindədir. Məhkəmə hazırkı halda hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, 3 saylı evin, 5 saylı mənzili X1 xüsusi mülkiyyətində olduğundan və həmin mənzillə bağlı razılıq əldə olunmadığından iddiaçının hərəkəti cavabdehin mülkiyyətinə müdaxilə kimi qiymətləndirilməlidir və bu səbəbdən iddiaçının iddiası təmin edilə bilməz. Bundan başqa tərəflər iki tərəfli razılşma təqdim edərək sazişin mətnini aşagıdakı qaydada müəyyən etmişlər: Sazişə əsasən Birinci tərəf İkinci tərəfə qarşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində qaldırdığı 2(010)-6207/2019 mülki iddianı geri götürür və İkinci tərəfin mülkiyyətində olan ünvan 2 mənzil 5 ünvanında yerləşən, ümumi sahəsi 48.2 kv.m olan, 2 otaqlı mənzilin birinci tərəfin aparacağı söküntütikinti işləri ilə əlaqədar sökülməsi müqabilində həmin mənzilin əvəzi olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Əhməd Mehbalıyev 32 və Yaşar Əliyev küçəsi 1 ünvanında inşa edəcəyi bir bloklu, 14 mərtəbəli, 2-ci yaşayış binasında beçinci mərtəbədə yerləşən, 3 otaqlı, oxdan oxa 95.11, çöl sahəsi isə 112.73 kvm olan, 14 saylı mənzili, tam təmirli vəziyyətdə tikib təhvil verməyi, həmin mənzili təhvil verənədək aylıq 350 manat məbləğində kirayə haqqı ödəməyi, bununla bağlı heç bir əlavə mübahisə yaratmayacağmı, ikinci tərəf isə mülkiyyətində və istifadəsində olan mənzildən 1 ay müddətində ailə ilə birlikdə çıxmağı və ona verilən 19.42 kvm əlavə sahəyə görə ev təhvil verilən zaman 15.000 manat məbləğində pulu ödəməyi öhdəsinə götürür və hazırkı mənzilindən birinci tərəfin xeyrinə imtina etdiyini bildirərək gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını qeyd edir. Azərbaycan Respublikası MPM-nin 52.5.-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna ziddir, belə ki, iddiaçı «xxxxxxxx» MTK iddia tələbindən imtina etməli olduğu halda barışıq sazişinin şərtinə uyğun olaraq iddia tələbini geri götürür, bundan əlavə cavabdeh mənzilindən birinci tərəfin xeyrinə imtina etdiyini bildirir. Məhkəmə hesab edir ki, barışıq sazişinin şərtləri bu qaydada müəyyən oluna bilməz, belə ki, tərəflər barışıq sazişi bağlayan zaman iddiaçı tərəf iddiasından imtina etməli və iş üzrə icraata xitam verilməlidir. Cavabdeh tərəfin isə mənzil mülkiyyətində olduğu halda onun mənzildən hansı qaydada və hansı əsasla imtina etməsi qeyri-müəyyəndir. Buna görə də məhkəmə hesab edir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməməli və iddia tələbi rədd olunmalıdır. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən «xxxxxxxx» MTK tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı «xxxxxxxx» Mənzil Tikinti Kooperativinin cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhiyyədin qızına, Cavabdeh5 Məhiyyədin qızına, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “istismara yararsız mənzilin sökülməsi əvəzində kompensasiya ödənilməklə mənzilin boşaldılması mülkiyyət hüququna xitam verilməsi, mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar