Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4554/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxxxxxx” MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (3-cü şəxs: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi) qarşı “kompensasiya ödənilməklə mənzilin boşaldılması, mülkiyyət hüququna xitam verilməsi, mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-518/2020 saylı qətnaməsindən iddiaçı “xxxxxxxx” MTK tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxx” Mənzil Tikinti Kooperativi iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68.2 m2 olan 3 otaqlı, 6 saylı mənzilin sökülməsi əvəzində Cavabdeh1 mənzilin hər m2 üçün 1100 manat olmaqla cəmi 75020 (yetmiş beş min iyirmi) manat məbləğində kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh1 mülkiyyət hüququna xitam verilərək adına verilmiş çıxarışın ləğv edilməsi və bildirişin verildiyi xx xxxx 2019-cu il tarixdən qətnamə qanuni qüvvəsini alaraq cavabdehlərin mənzildən çıxarıldıqları günədək yubanma nəticəsində iddiaçı tərəfindən köçürülmüş 13 mənzilə görə ödənilən aylıq 4100 manat məbləğində pulun hesablanaraq cavabdehlərdən tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 518/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 482 №li qərarına istinad edərək iddiaçı ilə cavabdehin razılığa gələ bilmədiyini və iddianın bu səbəblə rədd edilməli olması nəticəsinə gəlmişdir. Halbuki adıçəkilən qərarda bu razılığın məhz torpaq sahələrinin mülkiyyətçiləri ilə əldə edilməsi nəzərdə tutulmuşdur. Yəni bu qərarda mənzil mülkiyyətçilərindən bəhs edilməmişdir. Tərəflər (iddiaçı MTK və mənzilin mülkiyyətçisi olan cavabdeh) də öz aralarında razılığa gələ bilmədikləri üçün qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəni məhkəmədə həll etməyə çalışmışlar. xx xxxxxx 2019-cu il tarixli, 482 №li qərarda 2018-ci il avqustun 1-dək (iddiaçı MTK-nın tikintiyə icazə icraatı və layihələndirilməsi barəsində sərəncam da həmin tarixədək qəbul edilmişdir) yaranmış məsələlərə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıların həyata keçirilməsi qərara alınmışdır. Həmin qərarda 4.1 və 4.2-ci bənddə göstərilənlərdən başqa digər müddəalar həmin tarixdən sonrakı münasibətlərə aid edilmişdir. Yəni həmin o torpaq sahələrinin mülkiyyətçiləri ilə razılığın əldə edilməsi və sair məsələlər 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı və layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş MTK-lara aid edilməmişdir. Yəni həmin məsələlərin mövcud halda işə tətbiq edilməsi qəbuledilməzdir. Kompensasiya məbləğini müəyyən edərkən tərəflərindən cavabdehin mülkiyyətində olan mənzil binanın və binada yerləşən mənzillərin ümumi göstəricilərinə əsasən təftiş edilmiş, cari vəziyyəti və təmirin səviyyəsi, nəzərə alınmışdır. Belə ki, həmin ərazidə eyni vəziyyətli binada yerləşən mənzillərin m2 ***-**** manat olduğu halda onlar hər m2 üçün cavabdehə 1100 manat məbləğində kompensasiya təklif etmişlər. Həmçinin diqqətəlayiq digər hallara məsələn cavabdehin övladının xəstəliyi məsələsinə gəlincə isə onlar bu halı nəzərə alaraq mülkiyyətçiyə yeni mənzillə təmin edilərkən ona təklif edilən eyni ölçülü mənzillər arasından seçim etmək üçün ona özü üçün əlverişli mənzili seçməyi üçün şərait yaratmışlar. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı binanın qəzalı vəziyyətə olmasına dəlalət edən sübutunu yalnız xx xxxxxx 2016-cı il tarixli aktın kserosurəti ilə əsaslandırmış, binanın qəzalı vəziyyətdə olmaqla dərhal sökülməli olmasını sübut edən müvafiq icra hakimiyyəti orqanının (FHN-in) hər hansı bir sənədini təqdim etməmişdir (ictimai maraqlara xidmət etmə). Məhkəmə proseslərinin heç birində məhkəmə tərəfindən bu sənədə (ksero surətə) hər hansı bir etiraz bildirilməmişdir və yalnız qətnamə çıxardıqdan sonra məhkəmənin bu sənədə hansı şəkildə münasibət bəslədiyi aydın olmuşdur. Həmin kserosurət adlanan və məhkəmə tərəfindən rəsmi sənəd kimi qəbul edilməyən akt (təbii ki, əsli) əsasında (həmin binaların qəzalı vəziyyətdə olması təsdiq edildiyindən) A.R. Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli və Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının x xxx 2018-ci il tarixli müvafiq sərəncamı qəbul edilmişdir. Əgər məhkəmə tərəfindən bu akta hər hansı bir şübhə var idisə bunu məhkəmə prosesləri zamanı qabardaraq bu aktın araşdırılması (sorğu və sair əsasında) da mümkün olardı. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin binanın dərhal sökülməli olması ilə bağlı FHN-dən hər hansı bir arayış, sübut təqdim edə bilməmişdir. Məhkəmənin işə bu cür münasibət bəsləməsi isə tamamilə qəbuledilməzdir. Belə ki, əgər binanın qəzalı vəziyyətdə olması təsdiq edilirsə məhz binanın dərhal sökülməli olmasına dair sübutun tələb edilməsi gülüncdür. Belə ki, əgər bir bina qəzalı vəziyyətdədirsə insanların təhlükəsizliyi baxımından binanın sökülməli olması qaçılmazdır. Burada hər hansı dərhal sökülmə ilə bağlı sübutun təqdim edilməsindən söhbət belə gedə bilməz. Əgər qəzalı vəziyyət varsa bu elə binanın dərhal sökülməli olması anlamına gəlir. Məhkəmənin işi uzatması nəticəsində isə həmin binanın aşması və insanların tələf olması ehtimalını reallaşdıra bilər. Belə olan halda buna kim məsuliyyət daşıyacaq?! Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev küçəsində yerləşən 3 saylı bina istismara yararsız və qəzalı vəziyyətdə olduğundan və həmin binadan digər sakinlər köçürüldüyündən iddia tələbi mülkiyyətə müdaxilə kimi qiymətləndirilə bilməz. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin də əsas məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından ibarətdir. Binanın istismara yararsız və qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərin həyat və sağlamlığı üçün təhlükə yaradır, buna görə də binanın sakinlər tərəfindən o cümlədən cavabdeh və onun ailə üzvləri tərəfindən boşaldılması zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdil. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, Seriya MH ******* № li Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Əliyev Yaşar küçəsində istifadədə olan 0.03485 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 3 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 68.2 kv.m ümumi, 47.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 6 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 15033 nömrəli vərəqində qeydiyyata alınmışdır. ünvan 2 ünvanında yerləşən yaşayış binasına keçirilən texniki baxış haqqında xx xxxxxx 2016-cı il tarixli AKT-ın kserosurətinə əsasən komissiyanın rəyi ondan ibarət olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış evinin yükdaşıyan konstruksiyalarının dayanıqlığının tikinti norma və qaydalarına və istismar tələblərinə cavab vermədiyi müəyyən olunmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, İcra Hakimiyyəti başçısının 63 № li, xx.xx.2018-ci il tarixli Sərəncamına əsasən digər ünvanlarla yanaşı, Yaşar Əliyev küçəsi 1,3,5,7 ünvanlarda yerləşən istismara yararsız 2 və 3 mərtəbəli olmaqla, ümumilikdə 9 yaşayış binasının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirmək üçün 1,4 ha torpaq sahəsi “xxxxxxxx” MTK-nın daimi istifadəsinə verilməsi və tikintinin lahiyələşdirilməsinə icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. AİHK-in 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 482 №li Qərarının məzmunundan aydın olur ki, həmin qərarın məqsədi mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Qərarın icra üsulu olaraq isə tikinti işlərini aparacaq subyektlərə qəzalı vəziyyətdə olan və söküləcək tikililərin ərazilərindən istifadə edilməsi və bu zaman hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən subyektlərə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi həvalə edilmişdir. Lakin qeyd edilməlidir ki, mübahisə predmeti olan binanın qəzalı vəziyyətdə olmasına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə elə iddiaçı tərəfindən təqdim edilmiş müxtəlif qurumların əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2016-cı il tarixli Aktda qeyd olunan yaşayış binasının qəzalı vəziyyətdə olması təsdiq olunmamışdır. Bundan başqa, Nazirlər Kabinetinin adı çəkilən qərarında bu cür iddia irəli sürülərkən Suraxanı Rayon İcra Hakimiyyətinə həm də mülki və mənzil qanunvericiliyinin tələblərinə əməl etmək tapşırılmışdır. Belə ki, cavabdehin həmin binada yerləşən xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmış mənzili vardır. Konstitusiyanın 13cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsinin 5.1ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Göründüyü kimi, iddiaçı hazırkı iddianı irəli sürərkən Nazirlər Kabinetinin adı çəkilən Qərarının və qeyd olunan qanunvericiliyin tələblərinə riayət etməmişdir. Çünki, bu cür iddianın irəli sürülməsi dövlət ehtiyacı ilə bağlı olmamışdır. Dövlət ehtiyacının mövcudluğunun istisna olunması işin mübahisəsiz halıdır. Hazırki iş üzrə iddiaçı Nazirlər Kabinetinin qeyd olunan qərarının göstərişlərinə baxmayaraq Cavabdeh1 mülkiyyətində olan mənzilin sökülməsi əvəzinə mənzilin hər kv. metri üçün 1100 (min yüz) manat olmaqla cəmi 75020 (yetmiş beş min iyirmi) manat kompensasiya ödənilməklə cavabdehlərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalarını və digər təmin olunmayan tələblər irəli sürmüşdür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tikinti kooperativi mənzilin mülkiyyətçisi olan cavabdehlə razılığa gələ bilməmiş, kompensasiya məbləği müəyyən edilərkən cavabdehin mülkiyyətində olan mənzil təftiş edilməmiş, cari vəziyyəti və təmirin səviyyəsi, eləcə də diqqətəlayiq digər hallar (məsələn cavabdehin övladının xəstəliyi) nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı “xxxxxxxx” MTK tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 518/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2(103)-4554/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4554/2020
20.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver